Məhkəmə qərarları › İş №2(104)-406/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-406/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-406/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış 03522822 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan 801 manat dəyərində “Hoffman LED” markalı televizoru almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 44,5 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 02 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin qiyməti 801 manat olan “Hoffman LED” markalı televizor üçün 501 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla ümumilikdə 551 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən “Hoffman LED” markalı televizor üçün 501 manat, ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, ümumilikdə 551 (beş yüz əlli bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən cavabdehin tələb olunan məbləğdə borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etirazının onunla əsaslandırmışdır ki, 30 noyabr 2022-ci il tarixli akt əsasında “Hofmann” markalı televizor ona təhvil verilmişdir. Ancaq alınan vaxtdan televizor qaralmış və göstərməmişdir. O dərhal bu barədə iddaçı iddiaçıya müraciət etmiş, ancaq iddaçının əməkdaşları nə televizoru təmir etmiş, nə də yenisi ilə əvəz etmişlər. İddaçı MMC-nin əmkdaşları müvafiq akt əsasında həmin televizoru qəbul etmişlər. Hal-hazırda televizor iddiaçıdadır. Ona görə də hesab edir ki, iddia təmin edilməməlidir. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(066)- 901/2024 nömrəli iş üzrə qəbul etdiyi 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının satmış olduğu televizor qüsurlu olmuşdur. İddiaçı ilə bağlanmış 30 noyabr 2022-ci il tarixli, 03522822 nömrəli müqavilənin şərtlərində isə belə hallada cavabdehin pul ödəməsi nəzərdə tutulmamışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh sözügedən əşyanı istifadə etdikdən 7 ay sonra əşyada qüsur olması barədə məlumat vermişdir. Servis tərəfindən televizorda diaqnostika keçirilmiş və nəticədə qüsur aşkarlanmamışdır. Bu barədə cavabdehə məlumat verilmişdir. Servis əməkdaşları cavabdehlə əlaqə saxlayıb ona izah etmişlər ki, əşyanı geri təhvil ala bilər. Lakin cavabdeh əşyadan imtina etmiş və yeni bir televizor tələb etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.10-cu bəndinə əsasən alıcının satıcının razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal satıcının özü və və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtətərəfli qaydada qiymətləndirirlir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “müştərinin” ümumi borcundan çıxılır. Sözügedən məhsul müqavilənin 3.10-cu bəndinə əsasən 300 manat qiymətləndirilib və cavabdehin borcundan silinmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazının dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 30 noyabr 2022-ci il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satılması nəzərdə tutulmuş televizor cavabdehə təhvil verilmişdir. Televizor işlək vəziyyətdə olmadığından cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, malın qüsurlu olması müəyyən edilməsə də, mal yenidən qiymətləndirilmiş və malın dəyərindən 300 manat məbləğ azaldılmışdır. Lakin mal cavabdeh tərəfindən yenidən qəbul edilməmişdir. Məhkəmə iddiaçının dəlili ilə bağlı bildirir ki, iddiaçı müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutlarını Məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı malda qüsur olmadığını bildirsə də, malın qiymətində hansı səbəbdən azalma etdiyini əsaslandıra bilməmişdir. Apellyasiya baxışını məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, televizoru aldığı vaxtdan 25 gün ərzində televirzorda 3 dəfə nasazlıq baş vermiş, hər dəfə iddiaçının əməkdaşları gəlib yoxlama aparmış, sonuncu dəfə isə televizoru götürüb getmişlər. Əgər televizorda qüsur yox idisə, iddiaçının əməkdaşları nə üçün malı geri qaytarmışdırlar?! Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı cavabdehə qüsurlu mal satdığından sonuncu müqavilənin icrasından imtina etməkdə haqlı olmuşdur. İddiaçı televizorun 7 ay sonra qaytarıldığını bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göygöl Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar