Məhkəmə qərarları › İş №2(104)-41/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-41/2023

05.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-41/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: avtomobil yolunun açılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni hərəkətlərə son qoyulması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(013)-995/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN-168A KOD60913038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 18 dekbar 1999-cu il traixli 22 nömrəli qərarı ilə Cavabdeh2, X7, X8, X3, Cavabdeh1, X2 və X1 Ağdam rayonu Çullu kəndində yerləşən 0,53 ha torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 təşkili üzrə Dövlət Agentliyinin 17 iyun 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və digərlərinin iştirakı ilə CPS vaisitəsi ilə ölçmə işləri aparılan zaman 0,064 ha torpaq sahəsinin zəbt olunması faktı müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni hərəkətlərə son qoyulması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması tələbi ilə Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin qonşuluq hüququnun pozmalarına və qeyri-qanuni hərəkətlərinə son qoyulması, eləcədə qanunsuz tikilin sökülməsi və zəbt edilmiş kəndlərarası yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiai tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə qonşuluqda yaşayırlar. Yaşadıqları küçədə kənd arası yol mövcud olmuşdur. Cavabdehlər birgə yaşayış qaydalarını pozaraq yolun bir hissəsini zəbt eedərək çəpərləmişlər. X13 evinin arxa tərəfindən çəpər 4 metr yola tərəf çəkilmiş və yol daradılmışdır. Kəndin ümumi istifadəsində olan yolun sağ tərəfindən 6 metr yola tərəf 75 metr uzunluğunda dəmir tor çəkilmiş və yol 6 metr daralmışdır. Həyət darvazalarından yola tərəf 4,5 metr enində 18 metr uzunluğunda tövlə tikilmiş və yol 4,5 metr hissədə zəbt olunmuşdur. Cavabdehlər 15 noyabr 2019-cu il tarixdə yenidən həyət darvazasını tövlənin bərabərliyində quraşdıraraq, hasar çəkməklə bir daha yolu daraltmışlar. Dəfələrlə cavabdehlərdən maneənin aradan qaldırılmasını xahiş etsələrdə, sonuncular heç bir məhəl qoymamışlar və öz hərəkətlərinə davam etdirmişlər.

5. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, əvvəlki su arxının bərpa olunması, eləcədə tikilmiş mal-töləsi, çəkilmiş barı və setka, qoyulmuş darvazanın sökülməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Ağdam Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(013)-995/2020 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin qonşuluq hüququnun pozmalarına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına, su arxının bərpa olunması, tikilmiş mal tövləsi, çəkilmiş barı, çəkilmiş setka, qoyulmuş darvazanın sökülərək əvvəlki yerinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməsi; İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid olunması qət edilmişdir. `

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmiş, eləcədə şahidlər dindirilməmiş, əraziyə baxış keçirilməmiş və iş üzrə ekspertiza təyin etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində yoldan və su arxından istifadə edə bilmirlər. Cavabdehlər uzun müddət istifadə etdikləri su arxını doldurmuş, ona görə də məcbur olub başqa istiqamətdən arx çəkmişlər. İddiaçı5 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və İddiaçı1 da İddiaçı5 ilə eyni məzmunlu izahat vermişlər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı4 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

19. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

20. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

21. Maddə 175 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

22. Maddə 18.2 Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

23. Maddə 20 Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

24. Maddə 47 Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

25. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 2 Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

36. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(013)-995/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmalıdır.

41. İşin halları ondan ibarətdir ki, iddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Ağdam rayonu Çullu kəndində ümumi istifadədə olan yolu zəbt etdiklərini və zəbt edilmiş yolda cavabdehlər tərəfindən tövlə və həzar çəkilməsini, eləcədə su arxının doldurulmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

42. Bu qətnamənin 39-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısında Ağdam rayonu Çullu kəndində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 inşa etdirdikləri mal-töləsi, çəkilmiş barı, tor setkanın ümumi istifadədə olan yolda inşaa edilib-edilməməsi, eləcədə ümumi istifadədə olan su arxının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tutulub-tutulmaması barədə sual qoyulmuşdur.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 08 may 2023-cü il tarixli 10/2085 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 23 fevral 2023-cü il tarixli 2-21- 46/2-819/2023 nömrəli mütəxəssis rəyinə əsasən Ağdam rayonu Çullu kəndi ərazisində yerləşən mübahisəli ərazinin sərhədləri GPS vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir. Ağdam rayonu Çullu kəndində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 inşa etdikləri mal-tövləsinin 2,5 kv.m hissəsi, barı və setkanın isə 132 kv.m hissəsinin ümumi istifadədə olan yolda inşa edildiyi müəyyən edilmişdir.

44. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi istifadədə olan yolun bir hissəsini zəbt etmişlər. Sonunculkarın inşaa etdiyi mal-tövləsinin 2,5 kv.m hissəsi, barı və setkanın isə 132 kv.m hissəsi ümumi istifadədə olan yolda inşa edilmişdir. Həmçinin müəyyən olunur ki, ümumu isytifadədə olan su arxı da cavabdehlər tərəfindən doldurulmuşdur.

45. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(013)-995/2020 nömrəli qətnaməsi iəğv edilməli, iddia tələbi təmin olunmalı və ümumi istifadədə olan yola və su arxına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılmalı, cavabdehlərin ümui istifadədə olan yolda inşaa etdikləri mal-tövləsinin 2,5 kv.m hissəsi, 132 kv.m barı və setka onların vəsaiti hesabına sökülməli, elacədə ümumi istifadədə olan su arxı onların vəsaiti hesabına bərpa olunmalıdır.

46. Eləcədə işdən müəyyən olunur ki, İddiaçı1 mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına 95 manat ödəniş etmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 08 may 2023-cü il tarixli 10/2085 nömrəli bildirşdən isə görünür ki, aparılmış tətqiqatın dəyəri 100 manat təşkil edir.

48. Kollegiya hesab edir ki, mütəxəssis rəyinin alınması üçüç İddiaçı1 tərəfindən ödənilmiş 95 manatın əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilməli, eləcədə ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X10, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(013)-995/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni hərəkətlərə son qoyulması, tikililərin sökülməsi və zəbt edilmiş yolun açılması tələbinə dair iddia qismən təmin edilsin. Ümumi istifadədə olan yola və su arxına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ümui istifadədə olan yolda inşaa etdikləri mal-tövləsinin 2,5 kv.m hissəsi, 132 kv.m barı və tor setka onların vəsaiti hesabına sökülsün. Elacədə ümumi istifadədə olan su arxı Cavabdeh2 və Cavabdeh1 vəsaiti hesabına bərpa olunsun. Mütəxəssis rəyinin alınması üçüç İddiaçı1 tərəfindən ödənilmiş 95 manatın əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilsin. Eləcədə ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X10, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar