Məhkəmə qərarları › İş №2(105)-1564/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1564/2024

30.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1564/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-3863/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim M.Abbasova) ərazi aidiyyəti ilə bağlı Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2(012)- 3863/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyesterinin ******* seriyalı çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin iddia ərizəsi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinadla işin aidiyyət üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin heç bir əlaqəsi yoxdur, çünki iddiaçının iddia etdiyi torpaq sahəsi onun təqdim etdiyi çıxarışa əsasən Abşeron rayonunun Məmmədli kəndində yerləşirsə, ona məxsus torpaq sahəsi isə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. İddiaçı isə guya onun torpağını zəbt etdiyini bildirir. Belə olduğu təqdirdə işə Abşeron Rayon Məhkəməsində deyil, ərazi aidiyyəti üzrə Bakı səhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, sözügedən qərardad tamamilə əsassızdır və ona görə də ləğv edilməlidir. İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin heç bir əlaqəsi yoxdur. Çünki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun təqdim etdiyi çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşirsə, ona məxsus torpaq sahəsi isə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşir. İddiaçı isə onun onun torpağını zəbt etdiyini bildirir. Onun isə torpağı yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşir. Ona məxsus şəxsiyyət vəsiqəsində də Kürdəxanı qəsəbəsində qeydiyyatda olduğu öz əksini tapır. Belə olduğu təqdirdə işə Abşeron Rayon Məhkəməsində deyil, ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, işin gedişatında ərazi üzrə yaşadığı torpaq sahəsinə baxışın və ekspertizanın keçirilməsi zərurəti yaranacaqdır. İşə ərazi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması isə həmin rayonda yerləşən ərazi üzrə zəruri hərəkətlərin vaxtında və effektiv həyata keçirilməsinə şərait yaradacaq. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli və onunla bağlı 05 sentyabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini İddiaçı mülkiyyət hüququnun bərpa edilməsini xahiş etdiyi torpaq sahəsinin Abşeron rayonu Məmmədli kəndində yerləşdiyindən, onun torpaq sahəsinin olduğu yer üzrə iddia vermək hüququnun olması və belə olan halda mülki işə Abşeron Rayon Məhkəməsində baxıla bilməsi, cavabdehin torpaq sahəsinin başqa rayonda yerləşməsi barədə dəlilinin əsassız olması, hazırki mübahisənin predmetinin onun deyil, iddiaçının torpaq sahəsi təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyesterinin ******* seriyalı çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək, ona məxsus torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşdiyini nəzərə alaraq, mülki işin aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 39.1. maddəsi). Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi hazırkı tələb MPM-nin 39-cu maddəsində qeyd edilən bəzi kateqoriyalı işlər üzrə müstəsna aidiyyat qaydaları ilə baxılmalı olan işlərin siyahısına daxildir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonu, Məmmədli kəndində yerləşir. Mülki Prosessual Məcəllənin 45.1. maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli və onunla bağlı 05 sentyabr 2024cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli və onunla bağlı 05 sentyabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar