Məhkəmə qərarları › İş №2(105)-1643/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1643/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1643/2024 17.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Hacıyeva (Kamilova) Gülnarə Qəhrəman qızına qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina, məhkəmə aidiyyəti) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Hacıyeva (Kamilova) Gülnarə Qəhrəman qızına qarşı "torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneçiliklərin aradan qaldırılması, çıxarışların ləğv edilməsi, mülkiyyət sənədinin əvvəlki vəziyyətinə qaytarılması və mülkiyyəti təsdiq edən sənədin verilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Seyidlər kəndində yerləşən JN:0026 saylı, kodu 30212028 olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.89 ha torpaq sahəsindən ayrılmış paylara dair verilmiş çıxarışların ləğv edilərək, mülkiyyət sənədinin əvvəlki vəziyyətinə qaytarılması, Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən JN:0026 saylı, kodu 30212028 olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.89 ha torpaq sahəsindən ona məxsus alqı-satqı müqaviləsi ilə ona satılmış 1 ha torpaq sahəsinin naturada ayrılaraq ona təhvil verilməsi, Xaçmaz rayonu Notariat kontorunun AN-İ ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılmış 1 ha torpaq sahəsinin onun adına Dövlət Qeydiyyatına alınması, ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilən 325 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(067)- 2800/2024 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Hacıyeva (Kamilova) Gülnarə Qəhrəman qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneçiliklərin aradan qaldırılması, çıxarışların ləğv edilməsi, mülkiyyət sənədinin əvvəlki vəziyyətinə qaytarılması və mülkiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinə imtina edilmişdir.

3. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(067)-2800/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir.

4. Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(067)- 2800/2024 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024- cü il tarixli, 2(067)-2800/2024 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin göstərilən qərardadına əsasən onun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iddiası geri qaytarılmışdır. Belə ki, məhkəmə qərardadda göstərmişdir ki, guya onun tələbi inzibati hüquq münasibətlərinə aid mübahisə ilə əlaqədardır. Onun iddia tələbi mülki hüquq münasibətlərinə aid mübahisədir. Onun hüquqlarının pozulmasına və məhkəməyə müraciət etməsinə səbəb inzibati orqanın hərəkət və hərəkətsizliyi deyil, cavabdehlərin qanunsuz hərəkətləridir. Cavabdehlərlə aralarında hazırda mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi mövcuddur. Yəni, göründüyü kimi onun iddia tələbi mülki hüquq münasibətlərinə aiddir və iddiası Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iddia tələbinin mülki hüquq münasibətlərinə aid olmasına baxmayaraq. əsassız qərardad qəbul etmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş və əsassız qərardad qəbul etmişdir.

7. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, onların hüquqları inzibati orqan tərəfindən deyil, fiziki şəxs tərəfindən pozulmuşdur. Göstərilən iddianın inzibati məhkəmədə, daha sonra yerli məhkəmədə ayrı iddia qaldırılması məhkəmə süründürməçiliyi ilə nəticələnəcək. Buna görə də iddia ərizəsi yerli məhkəmədə baxılmalı, Xaçmaz Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə qərardadı ləğv edilməlidir. Göstərilənlərin nəzərə alınması xahiş olunur.

Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024cü il tarixli, e-2(067)-2800/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e- 2(067)-2800/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli və bununla bağlı 16 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli qərardadları ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi inzibati hüquq münasibətlərinə aid mübahisədir. İddia ərizəsi məhkəmə aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsində baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq iddianın aidiyyət qaydalarına riayət edilməklə verildiyini, onun hüquqlarının pozulmasına və məhkəməyə müraciət etməsinə səbəb inzibati orqanın hərəkət və hərəkətsizliyi deyil, cavabdehlərin qanunsuz hərəkətləri olduğunu, cavabdehlərlə aralarında hazırda mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin mövcud olduğunu və iddiasına Xaçmaz Rayon Məhkəməsində baxılmalı olduğunu göstərmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Kollegiya qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Göründüyü kimi, hazırkı məhkəmə mübahisəsi üzrə iddiaçı üç tələblə çıxış etmişdir ki, bunlar:

1. Xaçmaz rayon Seyidlər kəndində yerləşən JN:0026 saylı, kodu 30212028 olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.89 ha torpaq sahəsindən ayrılmış paylara dair verilmiş çıxarışların ləğv edilərək, mülkiyyət sənədinin əvvəlki vəziyyətinə qaytarılması;

2. Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən JN:0026 saylı, kodu 30212028 olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 3.89 ha torpaq sahəsindən ona məxsus alqı-satqı müqaviləsi ilə ona satılmış 1 ha torpaq sahəsinin naturada ayrılaraq ona təhvil verilməsi;

3. Xaçmaz rayonu Notariat kontorunun AN-İ ******* saylı, xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən ona satılmış 1 ha torpaq sahəsinin onun adına Dövlət Qeydiyyatına alınmasından ibarətdir. Kollegiya iddia tələblərini araşdıraraq qeyd edir ki, iddia tələblərinin bir hissədə ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyi müəyyən edilsə də, bir hissə də xüsusi hüquq münasibətlərinə aid olduğu aşkardır. Kollegya hesab edir ki, məhkəmə bütövlükdə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad qəbul etməklə prossesual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyasının qənaətincə iddia ərizəsindəki bütün tələblərin inzibati mübahisə olması və bu əsasla iddia ərizəsinin qəbulundan imtina edilməsi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, göründüyü kim iddiaçının tələblərindən biri alqı-satqı müqaviləsindən irləi gələn mübahisə ilə bağlıdır. İddia tələbi həmin hissədə mülki hüquqi əqdə əsaslanmaqla mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin Plenum qərarlarından formalaşdırdığı hüquqi mövqeyə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası işin hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamış, qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsaslı olmayan qərardad qəbul edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli və bununla bağlı 16 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli qərardadları ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli və bununla bağlı 16 sentyabr 2024-cü il tarixli, e-2(067)-2800/2024 nömrəli qərardadları ləğv olunsun. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Hacıyeva (Kamilova) Gülnarə Qəhrəman qızına qarşı "torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneçiliklərin aradan qaldırılması, çıxarışların ləğv edilməsi, mülkiyyət sənədinin əvvəlki vəziyyətinə qaytarılması və mülkiyyəti təsdiq edən sənədin verilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar