Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-41/2024 26.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsızlığı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 518/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 iyul 2014-cü il tarixli, 4Ə-217 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha torpaq sahəsini və ümumi sahəsi 95,1 kv.m olan bağ evini Cavabdeh1 23.000 manata satmışdır.
2. Aslanova Hicran Yaqub qızının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən bağ evinin satılmasını razılıq vermişdir.
3. ünvan 1 ünvanlanmış 2014-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 notariat qaydada təsdiq ediləcək müqavilə üzrə 23000 manat məbləğində pulun depozit hesabına qəbul olunması xahiş olunmuşdur.
4. xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 23000 manat Cavabdeh1 tərəfindən depozit hesaba köçürülmüşdür.
5. İddiaçı1 şikayəti üzrə Gəncə şəhər BPİ tərəfindən təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialda olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən bağ evi Azərbaycan Respublikası rayonlararası istehsalat təmit tikinti birliyi Gəncə şəhəri 3 nömrəli təmir tikinti istehsalat idarəsinin xx.xx.1988-ci il tarixli, 3 nömrəli iclas protokolu, xx.xx.1988-ci il tarixli 186 saylı arayışı, layihəsi ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2014-cü il tarixli TŞ-14- 74 saylı rəyi və xx.xx.2014-cü il tarixli A № 511210 saylı torpaq sahəsinin planı və ölçüsü, Gəncə şəhər baş memarının 2014-cü il tarixli razılaşdırılmış eskiz-layihəsi, Gəncə rayon İcra Hakimiyyətində yaradılmış kommisiyanın xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin qəbul aktı və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 770 saylı sərəncamına əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX №0430636 seriya nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2014-cü il tarixli, 4Ə-217 saylı alqısatqı müqaviləsinə əsasən bu əmlak Cavabdeh2 tərəfindən X1 və alıcıya xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialda olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 05 aprel 2019-cu il tarixli, 313-1256-1219 nömrəli məktubundan görünür ki, İddiaçı1 məxsus Mercedes Benz E200 markalı, 20DC554 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2014-cü il tarixdə Gəncə şəhər 6 saylı notariat kontorunun 7E-3287 reyestrinə əsasən X5 verilmiş etibarnamə əsasında xx.xx.2014-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
7. xx.xx.2014-cü il tarixli, 1-1-477 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasında yerləşən bütün əmlakını idarə etməyə, sərəncam verməyə dair Cavabdeh1 etibar etmişdir.
8. xx.xx.2012-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 Zöhrab Qəzənfər oğluna məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinə dair etibar edilmişi etibar etmə qaydasında Cavabdeh2 etibar etmişdir.
9. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)- 2858/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1, X6 və X7 iddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında torpaq sahəsinə və fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, “Mercedes-Benz E200” markalı, 20DC554 qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2012-ci il tarixli, xx.xx.2014-cü il tarixli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, qohumu Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evini və ona məxsus olan Mercedes markalı **-DC-*** qeydiyyat nömrə nişanlı avtomobilini onunla olan qohumluq münasibətlərindən sui-istifadə etməklə aldadaraq, həmin əmlakları adına rəsmiləşdirməklə dələduzluq yolu ilə aldatmaqla mənimsəmiş və həmin əmlaklara dair digər Cavabdeh2la birlikdə evinə və torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışlar. Həmçinin mərhum qardaşı X4 adına olan avtomobili saxta etibarnamə əsasında rəsmiləşdirməklə alqı-satqı müqavilələri bağlamışdır. Bununla bağlı qeyd olunan faktlarla bağlı tərəfindən Gəncə şəhər Baş Polis idarəsinə müraciət etmişdir və Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılmış və onun adından etibarnamə vermədiyi etibarnamənin tapşırıq əsasında Rusiyadan alınması ilə bağlı əməlin mülki xarakterli olması faktı əsasında cinayət işinin başlanması təmin edilməmişdir. Qeyd olunan faktla bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə müraciət etsə də ilkin halda şikayəti təmin edilməmiş və bütün faktlar araşdırılmadan cinayət işinin başlanmasının rədd olunması barədə eyni motivli 17 sentyabr 2019-cu il tarixdə qərar qəbul edilmişdir. Cavabdeh1 ona qarşı dələduzluq etməklə aldatmaqla yanaşı həmçinin ona aid olmayan Moskva şəhərində etibarnamə verilmədiyi təqdirdə saxta etibarnamə əsasında həmin əmlakları mənimsəmişdir, hazırda bu halların hamısı araşdırılma mərhələsindədir. Həmin saxta sənədin əldə edilməsi üçün Rusiyadan notariat orqanından arayış alınmışdır. Belə ki, Cavabdeh1, Cavabdeh2 torpaq sahəsini ona satdıqdan sonra Yaşar Xəilov onu aldadaraq 4 sot torpağı, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini Cavabdeh2 aldatmaqla və **-DC-*** qeydiyyat nişanlı avtomobili saxta etibarnamə ilə adına rəsmiləşdirmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir.
12. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 518/2022 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-518/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə üzərində gözlənilən mülkiyyət hüququ olmuş 37.500 ABŞ dolları verib aldığı evə dair aparılmış alqı-satqı əməliyyatını qüvvədə saxlamaqla MM-nin 157.2-ci maddəsinin tələbinə zidd qətnamə qət etmişdir. Bundan əlavə, Cavabdeh1 hüquqdan sui-istifadə edib aldığı evi dəyərindən qat-qat aşağı məbləğə satıb pulunu mənimsəməsinə düzgün hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə onun Cavabdeh1 borcunun olub-olmamasına, onun cavabdehə evini satmaqla bağlı heç bir etibarnamə verməməyini, torpağın ilkin sahibi Ceyhunun alqı-satqıda heç bir yerə imza etməməyini, onların yəni yoldaşı ilə onun 01 aprel 2014-cü ildə cavabdehə etibarnamə verməmələrini araşdırmadan iddialarını rədd etmişdir. Bu da bir daha onu sübut edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktki hallar aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə İddiaçı1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
29. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı
30. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
31. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
32. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:
33. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.
34. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
35. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
36. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-518/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən 0.0385 ha torpaq sahəsini və ümumi sahəsi 95,1 kv.m olan bağ evini Cavabdeh1 23.000 manata satmışdır. Daha sonra İddiaçı1 məxsus “Mercedes-Benz E200” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə Gəncə şəhər 6 saylı notariat kontorunun 7E-3287 reyestrinə əsasən X5 verilmiş etibarnamə əsasında xx.xx.2014-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hazırda isə İddiaçı1 Cavabdeh1 tərəfindən ona məxsus olan Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin, eyni zamanda ona məxsus olan “Mercedes-Benz E200” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili onunla olan qohumluq münasibətlərindən sui-istifadə etməklə aldadaraq, həmin əmlakları adına keçirdiyini bildirir.
56. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddianın mübahisəli bağ evinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə iddia verməkdə subyektiv hüquqa malik deyildir.
57. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
58. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür... İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
59. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması; mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, 3 saylı təmir tikinti trestinin bağçılıq təsərrüfatında yerləşən bağ evinin ona məxsus olmasına dair hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi bağ evi mülkiyyət hüququ üzrə əvvəl Cavabdeh2 məxsus olmuş daha sonra isə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən hazırki Cavabdeh1 mülkiyyətinə keçmişdir və həmin bağ evinin üzərində sərəncam verilərkən alğı-satqı müqaviləsinin tərəfi Cavabdeh2 və Cavabdeh1 olmuşdur. Həmin bağ evinə dair alğı-satqı müqaviləsi etibarsız hesab edilsə belə hazırki iddiaçı hər hansı hüquq əldə etmir.
61. Lakin, iddiaçı mübahisəli ərazini 37.500 ABŞ dolları pul məbləğində aldığını, həmin əmlaka gözlənilən mülkiyyətinin olduğunu və cavabdehlər tərəfindən ona məxsus olmuş bağ evinin qanunsuz olaraq alğı-satqı edilərək özgəninkiləşdirildiyi bildirmişdir. Belə olan halda isə sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
63. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
64. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
65. Göründüyü kimi, idiaçının mübahisələndirdiyi bağ evinə dair mülkiyyət hüququnun və ya gözlənilən hüququnun olması barədə mötəbər sübutlar təqdim edilməmiş, yuxarıda qeyd olunun huquqlarından hər hansı birinin mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır (58, 59&).
66. Digər tərəfdən, iddia tələbinin “Mercedes-Benz E200” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmək hüququ müddət keçdiyi üçün birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.
67. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən və əhəmiyyətsiz əqdlərdir.
68. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
69. Beləliklə, mübahisələndirmə dedikdə - əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.
70. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.
71. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
72. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
73. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
74. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır.
75. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
76. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
77. Bununla yanaşı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mübahsə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur (32-35 &).
78. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
79. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
80. Belə ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 04 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, araşdırma zamanı fəaliyyət qabiliyyəti olmayan, ruhiəsəb xəstəsi hesab edilən Cavabdeh1 Məcid oğlunun barəsində psixiatrik ekspertizanın keçirilməsi, dindirilməsi, izahatlar arasındakı ziddiyətlər aydınlaşdırmaq üçün, üzləşdirmə, müvafiq sənədlərin götürülməsi, eyni zamanda Rusiya Federasiyasının Moskva şəhərində yerləşən notariat kontoruna sorğu və istintaq hərəkətlərinin keçirilməsi tapşırığının verilməsi istintaq hərəkətləri zərurəti yarandığından material aidiyyatı üzrə araşdırmanın davam etdirilməsi üçün İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır.
81. Həmin qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər BPİ-dən Nizami RPl-yə daxil olmuş materialda Gəncə şəhəri Şahsevənlər küçəsi ev 91-də yaşayan İddiaçı1 qohumu Cavabdeh1 İddiaçı1 məxsus Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evini şəxsləri aldatma yolu ilə öz adına rəsmiləşdirməsi və İddiaçı1 məxsus “Mercedes-Benz” markalı **-DC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxta sənəd əsasında öz adına rəsmiləşdirərək sonuncuya qarşı dələduzluq etməsi göstərilmişdir.
82. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi avtomobilə dair alğı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar xx.xx.2019-cu ildə polis orqanına müraciət etmiş və əqdin etibarsız sayılmasına əsas verən hallar barədə həmin vaxtdan məlumatı olduğu halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə əqdin etibarsızlığına dair mübahisə açmaq hüququnu itirmişdir.
83. Bununla da hazırki işdə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır.
84. Həmçinin, iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmələrdə onun adına verilmiş xx.xx.2014-cü il tarixli 1d-404 reyestrlə qeydə alınmış ** AB ***3062 nömrəli və xx.xx.2014-cü il tarixli 1-1-477 reyestrlə qeydə alınmış ** AB ***3806 nömrəli hər iki etibarnamənin saxta olduğunu və ümumiyyətlə həmin etibarnamələrin mövcud olmadığını bildirmişdir.
85. Məhkəmə kollegiyası göstərilən halların araşdırılması, nəticənin tam və obyektiv olması üçün Rusiya Federasiyası, Moskva şəhəri, Moskva Notariat Palatasına məhkəmə tapşırığı göndərilərək, Rusiya Federasiyası Moskva şəhər notariusu X9 tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası vətəndaşı İddiaçı1 verilmiş xx.xx.2014-cü il tarixli 1d- 404 reyestrlə qeydə alınmış ** AB ***3062 nömrəli və xx.xx.2014-cü il tarixli 1-1-477 reyestrlə qeydə alınmış ** AB ***3806 nömrəli hər iki etibarnamənin əsli, onlara aid qeydiyyat kitabı və bununla bağlı təqdim olunan sənədlər (və ya onların təsdiqlənmiş fotosurətləri) Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.
86. Belə ki, Rusiya Federasiyası, Moskva şəhəri, Moskva Notariat Palatasınının xx.xx.2023-cü il tarixli, 539 nömrəli gödəriş məktubundan görünür ki, Moskva şəhərinin notariusu X10, 13-648 saylı sorğunuza cavab olaraq, 1 aprel 2014-cü il tarixli 101-477 saylı notariat etibarnamələrinin qeydiyyatı üçün reyestrlərdən reyestr qeydlərinin surətlərini sizə təqdim edir. İddiaçı1 tərəfindən verilmiş, Azərbaycan Respublikasının vətəndaşı, 1964-cü il avqustun 1-də anadan olmuşdur. Etibarnamənin əsli bir nüsxədə verilir, etibarnamənin ikinci nüsxəsi verilmir və notariusun arxivində saxlanmır. Notariat hərəkətlərinin qeydiyyatı üçün reyestrlər X19 Aleksandrovna şəhərinin işlərində yerləşir. Notariat hərəkətlərinin qeydiyyatı üçün reyestrlərdən qeydlərin surətləri əlavə olunur.
87. Həmin məktuba əlavə edilmiş notariat işinə (hərəkətlərinə) dair sənədlərdən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasında yerləşən bütün əmlakını idarə etməyə, sərəncam verməyə dair Cavabdeh1 etibar etmişdir.
88. Göründüyü kimi, iddiaçı tərəfindən etibarnamələrində mövcud olmadığı bildirilsə də, notariat işi ilə etibarnamələrin verildiyi və özünün imzasıyla da təsdiqləndirildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir.
89. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
90. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
93. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
95. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 518/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.