Məhkəmə qərarları › İş №2(104)-412/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-412/2024

30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-412/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-782/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun birinci qrup əlil olmuş mərhum atası X3 2000-ci ildən ölən günə kimi, yəni 08 noyabr 2021-ci il tarixədək qulluq etməyi və mərhum atasının həmin dövrlərdə onun öhdəsində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-782/2023 nömrəli (hakim Zamiq Rəsulov) qətnaməsi ilə ərizənin təmin edilməməsi; Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 Vətən Müharibəsinin iştirakçısı və birinci qrup əlil olmuşdur. Qulluğa ehtiyacı olduğu üçün 2000-ci ildən ölən günədək ona qulluq etmişdir. Hal-hazırda mərhum atasının onun öhdəsində olmağını məhkəmə qərarı olmadan sübut etmək mümkün deyil. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Mərhum atası X2 qulluğa ehtiyacı olduğu üçün ərizəçi ona 2000-ci ildən ölən günə kimi, yəni xx.xx.2021 -ci il tarixədək qulluq etmişdir və ona qulluq etməyinə görə 2019-cu ildən 2021-ci il tarixədək Prezident təqaüdü almışdır. Lakin, atasının onun öhdəsində olması və ona qulluq etməyinə dair müvafiq sənədləri olmadığından ona sosial müavinətin təyin edilməsi zamanı həmin illər nəzərə alınmamışdır. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 noyabr 2021-ci il tarixdə ölmüşdür; Ağstafa rayonu Göyçəli kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Ərizəçi mərhum atası X3 2000-ci ildən ölən günə kimi qulluq etmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X13 Filialının Ağstafa Rayon Qəbul Şöbəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Ərizəçi mərhum atası X3 2019-cu ildən 2021-ci ilədək qulluğa görə Prezident təqaüdü alıb. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə maraqlı şəxsin təqdim etdiyi arayışa əsasən onun mərhum atasına baxmağı öz təsdiqini tapır. Bundan başqa, Ağstafa rayon Göycəli kənd icra nümayəndəliyinin arayışı da bu faktı təsdiq edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, pensiyaya çıxmaq üçün 5 ay əmək stajı çatmamışdır. Mərhum atasının xəstəliyi ilə əlaqədar ona baxmış və əziyyətlərini çəkmişdir. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmçinin bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Ərizəçi özünün öhdədə olma faktını deyil, mərhum atasının onun öhdəsində olma faktının müəyyən olunması xahiş edir ki, bu faktın xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ərizəçi mərhum atası X4 X7 iştirakçısı və birinci qrup əlil olduğunu, qulluğa ehtiyacı olduğu üçün 2000-ci ildən ölən günədək mərhum atasına qulluq etdiyini, ona qulluq etməyinə görə 2019-cu ildən 2021-ci il tarixədək Prezident təqaüdü aldığını, lakin atasının onun öhdəsində olması və ona qulluq etməyinə dair müvafiq sənədləri olmadığından ona sosial müavinətin təyin edilərkən həmin illərin nəzərə alınmadığını əsas gətirərək mərhum atasının onun öhdəsində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksini tapmış şəxsin öhdədə olması faktının müəyyən edilməsindən ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.-ci və 307.2.2-ci maddələrinə görə, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə uyğun olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Belə ki, işdən göründüyü kimi Ərizəçi MPM-nin 307.2.2-ci maddəsi əsasında mərhum atası X3 2000-ci ildən ölən günə kimi, yəni 08 noyabr 2021-ci il tarixədək qulluq etməyi və mərhum atasının həmin dövrlərdə onun öhdəsində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş edir. Yəni, ərizəçi özünün öhdədə olma faktının deyil, mərhum atasının sağlığında onun öhdəsində olması faktının müəyyən olunmasını xahiş edir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında xüsusilə vurğulanmışdır ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq etməklə ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(015)-782/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar