Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-417/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(125)-5753/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə G-6 markalı, 1805AZ**********54 nömrəli qaz sayğacı üzrə hesablanmış 5184 manat borc məbləğinin silinməsi və qaz sayğacının yararsız vəziyyətə salındığı üçün Cavabdehnə ödənilmiş 410,13 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı heç-bir əsaslı səbəb olmadan sökülmüş və sonradan sayğacın çıxış plastmas borusunun deşilmiş olduğu müəyyən edilmiş və həmin akt əsasında Cavabdehnə 5184 manat məbləğində ziyan dəydiyi hesablanmışdır.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, guya istehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Lakin qeyd olunan akt tərtib olunduğu gün o ölkə xaricində olmuşdur. Bundan əlavə qaz sayğacı sökülən və akt tərtib edilən zaman həmin ünvanda yaşayan şəxsin və ya qonşuluqda yaşayan şəxslərdən heç birinin iştirakı təmin edilməmiş, ancaq Cavabdeh əməkdaşlarının iştirakı ilə qaz sayğacı sökülmüş və qaz sayğacının çıxış plastmas borusu deşildiyi aşkar edilmişdir. Bununla da sayğacın çıxış plastmas borusunun nə vaxt, hansı şəraitdə deşilməsi şübhə altında qalır. Ümumiyyətlə, Cavabdeh əməkdaşları tərəfindən əvvəlki sayğacın hansı səbəbdən sökülməsi də aydın deyildir. Ancaq yeni sayğacla əvəz edildikdən sonra köhnə sayğacın çıxış plastmas borusunun deşildiyi üçün ona əlavə borc hesablandığını və yeni qoyulmuş sayğacın pulunun onun tərəfindən ödənilməli olduğunu bilmişdir. Bundan əlavə qaz sayğacı həyətdən kənarda ümumi istifadədə olan yolda (küçədə) yerləşdirilib, ev sahibi olaraq həmin sayğacın təhlükəsizliyini təmin etmək faktiki olaraq mümkün deyildir. Odur ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və bunun əsasında hesablanmış borc tam olaraq qanunsuz və əsassızdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş akta diqqət yetirdikdə, G-6 markalı 05AZ**********54 nömrəli qaz sayğacına vurulmuş plombun zədələnib-zədələnməməsi barədə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən olunub-olunmadığı barədə heç-bir qeyd yoxdur, yəni sayğac və plomb olduğu kimi yerində salamat olmuşdur. Belə olan halda istehlakçı tərəfindən həmin sayğacın daxilində olan mexanizmlərin sıradan çıxarılması mümkün deyildir. Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(125)-5753/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 5184,0 (beş min yüz səksən dörd) manat pulun silinməsi, Cavabdehndən dövlət rüsumu hesabına 71,84 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. İddiaçı məxsus pasportun surətindən görünür ki, o xx.xx.2023-cü il tarixdə ölkə hüdudlarından kənara getmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçıya hesabat müddəti 180 gün qəbul edilməklə 43200 m3 itirilmiş qaz sərfiyatı müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(125)-5753/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(125)-5753/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz sayğacında çıxış plastmas borusunun deşici alətlə deşildiyi aşkarlanmış, bundan sonra müvafiq qaydada sənədləşmə aparılaraq ******* saylı, xx.xx.2023-cü il tarixli qazdan istifadə Qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, G-6 markalı qaz sayğacına iddiaçının nümayəndəsi İbrahim İbrahimovun iştirakı ilə əvəzlənərkən sayğacın çıxış plastmas borusunun deşici alətlə deşildiyi yerində aşkarlanmış, bununla bağlı iddiaçının nümayəndəsinin iştirakı və imzası ilə ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra müvafiq qaydada sənədləşmə aparılaraq ünvan üzrə 5184 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan müəyyənləşdiridilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin may ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Bundan əlavə İddiaçı ölkə xaricində olduğunu bildirsə də, həmin ünvanda daimi yaşayış olmuş, təbii qazdan istifadə edilmişdir. Abonent saldosundan da göründüyü kimi xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixlərdə ünvana quraşdırılmış qaz sayğacları vasitəsilə təbii qazdan mütəmadi istifadə edilmiş, aylar üzrə hesabat aparılmışdır. Lakin, məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2023-cü il tarixdə şəbəkədən iddiaçının nümayəndəsi İbrahim İbrahimovun iştirakı ilə açıldığını, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşildiyi yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın çıxış plastmas deşildiyi təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 43200 m itirilmiş qazın bərpası üçün 5184.00 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-ci ilin may ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin may ayında hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qaz sayğacı smart tipli sayğac olmuş və sayğac sökülənə kimi əvvəlcədən karta yüklənmiş pul məbləğində qazdan istifadə etmişlər. Həmin vaxta kimi isə sayğacda hə hansı bir nöqsan aşkarlanmamışdır. Lakin, cavabdehin nümayəndələri qaz sayğacını yenisi ilə əvəz etmək adı ilə sökmüş və sonradan onlara məlum olmuşdur ki, guya sökülmüş qaz sayğacında qüsur olmuşdur. Sayğac çıxarılarkən onların iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə tərtib edilmiş aktda guya istehlakçı İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Halbuki məhkəməyə təqdim edilmiş pasportda iddiaçının həmin gün ölkə hüdudlarından kənara çıxdığı görünməkdədir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.3. Qaz sayğacları xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, sayğacda olan qüsurun abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa aktda abonentin iştirak etdiyi qeyd edilərək akta imza etməsindən imtina etməsi qeyd olunsa da həmin günü iddiaçının ölkə hüdudlarından xaricə çıxması müəyyən olunmuşdur. Göründüyü kimi akt tərtib olunarkən cavabdehin nümayəndələrindən başqa kənar şəxs iştirak etməmiş, nəinki iddiaçının sayğaca müdaxilə etməsi, ümumiyyətlə sayğacda aktda göstərilən qüsurun həqiqətən mövcud olmasına belə şübhə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylarda iddiaçı tərəfindən qaz sayğacına müxtəlif məbləğlərdə pul məbləği yüklənməklə qazdan istifadə edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi halı istisna olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qüsur aşkarlanmış qaz sayğacının xətdən çıxarılması ilə bağlı müvafiq akt məhkəməyə təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində sayğacın xx.xx.2023-cü il tarixdə şəbəkədən iddiaçının nümayəndəsinin iştirakı ilə açıldığını, iddiaçının nümayəndəsinin iştirakı və imzası ilə ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edildiyini iddia etsə də həmin aktı məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdehin bu dəlili anlaşılan da olmamışdır. Belə ki, məntiqi olaraq ilk öncə qaz sayğacında qüsur aşkarlanmaqla qaz sayğacı şəbəkədən ayrılmalı, yalnız bundan sonra istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə faktı müəyyən olunarsa itirilmiş qaz həcmi müəyyən edilməlidir. Lakin, hazırkı cavabdehin dəlili bunun əksini ifadə etməkdədir. Belə ki, cavabdeh dolayısı ilə sayğacdakı qüsurun 30 may 2023-cü il tarixdə aşkar olunduğunu iddia etməkdədir. Hərçənd ki, həmin tarixdən 4 gün əvvələ, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında müvafiq akt tərtib olunmuşdur. Həmçinin, qüsur aşkarlanmış qaz sayğacının müvafiq yoxlamadan keçirilməsi ilə bağlı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut sübut olunmamışdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(125)-5753/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(125)-5753/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.