Məhkəmə qərarları › İş №2(104)-419/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-419/2025

09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-419/2025 09.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4186/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi İdarəsinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-13F/2-A-145 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 2(076)-4186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Həmin iş üzrə Ərizəçi xx.xx.2024-cü il tarixdə şikayət verməklə yanaşı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2024cü il tarixli qərardadı ilə onun ərizəsi geri qaytarılmışdır. Ərizənin qaytarılmasının əsası kimi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şəmkir filialı tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, 3-48-13F/2-A-145 saylı arxiv arayışının hüquq müəyyənedici sənəd olmadığı, hüquq müəyyənedici sənəd qismində arayışın verilməsi üçün əsas olan və ərizədə adı keçən Dövlət Arxiv İdarəsinin Şəmkir filialında saxlanılan 41 nömrəli sərəncam olmalı olduğunu qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şəmkir filialında saxlanılan Şəmkir rayonu Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair təsərrüfat başına kitabında həmin torpaq sahəsinin 41 nömrəli sərəncamla X1 adından onun adına keçirilməsi qeyd olunmuşdur. Həmin sərəncam əsasında onun adına torpaq sahəsinin keçirilməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şəmkir filialı tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli, 3-48-13F/2-A-145 saylı arxiv arayışında qeyd edildiyindən hesab edir ki, həmin sənədin ona məxsus olması barədə ərizə məhkəmə icraatına qəbul edilməli və yekun məhkəmə aktı çıxarılmalıdır. Məhkəmə tərəfindən 18 aprel 2024-cü il tarixli, 3-48- 13F/2-A-145 saylı arxiv arayışının hüquq müəyyənedici sənəd olmadığından ərizənin geri qaytarılmasını əsassız hesab etmişdir. Belə ki, o sənədi başqa qaydada əldə edə bilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(070)-4186/2024 nömrəli qərardadı ilə şikayət vermə müddəti bərpa edilmiş, lakin şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir rayon Məhkəməsinin 2(076)-4186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Dövlət Arxivi İdarəsinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-13F/2-A-145 nömrəli arayış hüquq müəyyənedici sənəd deyil. Hüquq müəyyənedici sənəd qismində arayışın verilməsi üçün əsas olan və ərizədə adı keçən Dövlət Arxivi İdarəsinin Şəmkir filialında saxlanılan 41 nömrəli sərəncam ola bilər. Hazırda isə iş materiallarına həmin sərəncamın əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. Dövlət Arxivi İdarəsinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-13F/2-A-145 nömrəli arxiv arayışı isə hüquq müəyyənedici sənəd olmadığından həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən: ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda məhkəmə haqlı olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-4186/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

QƏRARAALDİ:

Şəmkir Rayon Məhkəməsinin 2(076)-4186/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4186/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar