Məhkəmə qərarları › İş №2(104)-429/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-429/2023

01.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-429/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X16, Cavabdeh1, X13 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras mülkdən payın müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X7 nümayəndəsi (arvadı) X8 iştirakı ilə, İddiaçı cavabdehlər X16, Cavabdeh1, X13 və Cavabdeh2 qarşı miras mülkdən payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Tovuz Regional ASAN xidmət Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 2264 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaka dair 13 iyun 2022-ci il tarixli V-410 nömərli vərəsəlik işi açılıb lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

2. Tovuz Rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

3. Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1165 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yaşayış yeri üzrə daimi qeydiyyatdadır.

4. Nikahın pozulması haqqında AZ-İ seriyalı 043679 nömrəli şəhadətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, X25 və X18 arasındakı nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1997-ci ilin 01-ci ayının 30cu günündə qeyd edilmişdir.

5. 16.09.2019-cu il tarixli AR-İ seriyalı, 851592 nömrəli etibarnamədən görünür ki, İddiaçı bir il müddətinə X21 etibarnamədə göstərilən səlahiyyətləri etibar etmişdir.

6. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi arayışlardan görünür ki, X10 övladları X18, X13, X16, Cavabdeh2 və Cavabdeh1 ibarətdir.

7. İşdə olan Tovuz rayon İHB-nın Əlibəyli kənd inzibati ərazi dairəsinin nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı Tovuz rayonu Əlibəyli kəndində yerləşən anasının evinin kənarına həyətyanı sahəsi açiq vəziyyətdə olduğu üçün öz hesabına evin 50 metr uzunluğda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir.

8. İşdə olan Tovuz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(062)-573/2021 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki,...mirasın 4/5 hissəsi üzərində X4 payı müəyyən edilmiş, İddiaçı Mədəd qızının 1/5 hissədə payı açıq saxlanılmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Tovuz rayonu Əlibəyli kəndində yerləşən 0.187 ha torpaq sahəsi və ümumi sahəsi 79.9 kv.m fərdi yaşayış evi 4/5 hissə, 4/5 hissə torpaq sahəsi X15 və fərdi yaşayış evi 1/5 hissə, 1/5 hissə torpaq sahəsi X10 adına qeydiyyata alınmaqla xüsusi mülkiyyət hüququ ilə X11 məxsusdur.

10. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 33/629 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 2018-2022-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar: xx.xx.2017-çıxış, xx.xx.2018-giriş, xx.xx.2018-çıxış, xx.xx.2018-giriş, xx.xx.2018-çıxış, xx.xx.2019-giriş, xx.xx.2019-çıxış, xx.xx.2019-giriş, xx.xx.2019-çıxış, xx.xx.2019-giriş, xx.xx.2019-çıxış, xx.xx.2022-giriş, xx.xx.2022-çıxış, xx.xx.2022-giriş, xx.xx.2022-çıxış, xx.xx.2022-giriş, xx.xx.2022-çıxış.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər X16, Cavabdeh1, X13 və Cavabdeh2 qarşı miras mülkdən payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X5 miras qalmış Tovuz rayonu Əlibəyli kəndində yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X10 mülkiyyətində Tovuz rayonu Əlibəyli kəndində 0.06 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsində inşa olunmuş iki otaq, bir zal və yardımçı sahələrdən ibarət fərdi yaşayış evi vardır. Həmin yaşayış evi və torpaq sahəsi X1nın adına qeydə alınmış və o, özü də həmin evdə yaşayaraq boya-başa çatmışdır. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra dəfn və yas mərasimlərində iştirak etmiş, faktiki olaraq mirası qəbul etmişdir. Hətta anasının qəbrinin üstünü də o, götürmüşdür. Anasının vəfatından sonra digər cavabdehlər olan qardaş və bacıları miras mülkün könüllü olaraq bərabər şəkildə bölünməsinə razı olmamışlar və ona miras qalmış əmlakdan pay verilməmişdir.

13. Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, qəbir daşının hazırladılması və ehsan verilməsi iddiaçının övladlıq borcu olmuş, həmin borcun yerinə yetirilməsi birmənalı olaraq mirasın qəbulu anlamına gəlmir. Bundan başqa, iddiaçının özünün də deməsinə görə 1997-ci ildə nikahı pozulmuş və həmin vaxtdan etibarən keçmiş ərinin uşaqlarına verdiyi evdə yaşamışdır. Bu iş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1165 nömrəli arayışı ilə müəyyən edilir. Həmin arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu ilə mirası qəbul etməsinə dair sübutlar təqdim edə bilməmişdir. Məhkəmə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbulu ilə bağlı ərizə vermək yolu iə mirasın qəbul edilməsinə münasibətdə onu qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətlərdə belə bir ərizə ilə notariat orqanına müraciət etməmişdir. O bunu İsa adlı vəkilə etibarnamə verərək onun adından notariusa ərizə verilməsini tapşırmağı ilə əlaqələndirsə də göründüyü kimi onun tərəfindən də belə bir ərizə verilməmişdir. Bundan başqa, göründüyü kimi etibarnamə 16 sentyabr 2019-cu ildə bir illik müddətə verilmişdir. Etibarnamənin müddəti bitdikdən sonra da belə iddiaçı tərəfindən notariat orqanına mirasın qəbulu ilə bağlı müraciətlər edilməmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, göründüyü kimi iddiaçı mirasın qəbulu ilə bağlı hərəkətlərin yerinə yetirilməsi üçün etibarnaməni mərhum anasının ölümündən beş ay 10 gündən sonra vermişdir. Halbuki MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

15. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Mülki Məcəllənin 1243, 1246 və 1255-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mirası faktiki qəbul etməsini, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini kifayət qədər sübut etməsinə baxmayaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mirası faktiki qəbul etməmişdir. Belə ki, mərhumun yas mərasimi iddiaçı tərəfindən verilmiş, qəbir daşı iddiaçı tərəfindən götürülmüşdür. Həmçinin anasının ölümü barədə xx.xx.2019-cu il tarixdə iddiaçıya kənd icra nümayəndəliyi tərəfindən 399 nömrəli arayış verilmişdir. Bütün bu halların hamısı iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirir. İddiaçı anasının ölümündən sonra ona bildirdiyi vəsiyyətə əsasən mübahisəli evin hasarını da yeniləmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh1 və Cavabdeh2 iddiaçının anasından qalan mirası faktiki qəbul etməsini təsdiq etmələrini, eyni zamanda iddianı qəbul etmələrini bildirsələr də məhkəmə bu hala da heç bir qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı mirası faktiki qəbul etmişdir. Belə ki, onun X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı bütün xərcləri çəkməklə yas mərasimində iştirak etmiş, anasından qalan mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İşdə kifayət qədər sübutlar olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Əslində isə, mərhumun yas mərasimi iddiaçı tərəfindən verilmiş, qəbir daşı 15 may 2019-cu ildə iddiaçı tərəfindən qoyulmuşdur. Həmçinin anasının ölümü barədə xx.xx.2019-cu il tarixdə iddiaçıya kənd icra nümayəndəliyi tərəfindən 399 nömrəli arayış verilmişdir. Bundan başqa iddiaçı anasının ölümündən sonra mübahisəli evin həyətyanı sahəsinin açiq vəziyyətdə olduğunu görüb, öz hesabına evin kənarına 50 metr uzunluğda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir. Bütün bu halların hamısı iddiaçının mirası faktiki qəbul etdiyini sübut etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş cavabdehlər iddiaçının anasından qalan mirası faktiki qəbul etməsini təsdiq etmişlər, eyni zamanda iddianı qəbul etmişlər. Məhkəmə bu hala da heç bir qiymət verməmişdir. Eyni zamanda mərhum A.Abbasovanın vərəsəsi kimi mirasdan 1/5 hissə payı olan İddiaçı Mədəd qızınin həmin payı Tovuz rayon məhkəməsi tərəfindən açıq saxlanılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın mirasdan 1/5 hissə payı olan İddiaçı Mədəd qızına verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Yaşar Məmmədov onun həyat yoldaşıdır. İddiaçı mərhumun yas mərasimində iştirak etmiş, anasının ölümündən sonra mübahisəli evin həyətyanı sahəsi açiq vəziyyətdə olduğu üçün iddiaçı öz hesabına evin kənarına 50 metr uzunluğda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir. İddiaçı orada yaşamamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. İş üzrə İddiaçı, cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2 və X6, eləcə də üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, bununla belə, iddiaçı nümayəndəsi və vəkili ilə, cavabdeh Yaşar Məmmədov isə nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

24. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

28. Kollegiya əvvəla onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli və tam araşdırmadan qətnamə qəbul etmişdir. İşin halları ondan ibarətdir ki, X17 xx.xx.2019-cu ildə vəfat etmiş, onun vəfatından sonra İddiaçı, X13, X16, Cavabdeh2 və Cavabdeh1 ibarət övladları qalmışdır. İddiaçı X18 mirası qəbul etdiyini bildirərək onunla əsaslandırmışdır ki, anasının yas mərasimində iştirak etmiş, qəbir daşı qoydurmuş, evin kənarında daş hasar tikdirmiş və faktiki olaraq mirası qəbul etmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, qəbir daşının hazırladılması və ehsan verilməsi iddiaçının övladlıq borcu olmuş, həmin borcun yerinə yetirilməsi birmənalı olaraq mirasın qəbulu anlamına gəlmir. iddiaçının özünün də deməsinə görə 1997-ci ildə nikahın pozulmuş və həmin vaxtdan etibarən keçmiş ərinin uşaqlarına verdiyi evdə yaşamışdır. Bu iş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1165 nömrəli arayışı ilə müəyyən edilir. Həmin arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu ilə mirası qəbul etməsinə dair sübutlar təqdim edə bilməmişdir. Məhkəmə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbulu ilə bağlı ərizə vermək yolu iə mirasın qəbul edilməsinə münasibətdə onu qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətlərdə belə bir ərizə ilə notariat orqanına müraciət etməmişdir. O bunu İsa adlı vəkilə etibarnamə verərək onun adından notariusa ərizə verilməsini tapşırmağı ilə əlaqələndirsə də göründüyü kimi onun tərəfindən də belə bir ərizə verilməmişdir. Bundan başqa, etibarnamə 16 sentyabr 2019-cu ildə bir illik müddətə verilmişdir. Etibarnamənin müddəti bitdikdən sonra da belə iddiaçı tərəfindən notariat orqanına mirasın qəbulu ilə bağlı müraciətlər edilməmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, göründüyü kimi iddiaçı mirasın qəbulu ilə bağlı hərəkətlərin yerinə yetirilməsi üçün etibarnaməni mərhum anasının ölümündən beş ay 10 gündən sonra vermişdir. Halbuki MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işdə olan sənədlərdən və izahatlardan görünür ki, iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, onun X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra İddiaçı anasının yas mərasimində iştirak etmiş, ona başdaşı qoydurmuş, anasının ölümündən sonra mübahisəli evin həyətyanı sahəsi açiq vəziyyətdə olduğu üçün iddiaçı öz hesabına həyətyanı torpaq sahəsində evin kənarına 50 metr uzunluğunda və 2 metr hündürlükdə daş hasar çəkdirmişdir. Bundan başqa sorğu əsasında alınmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkətləri barədə - xx.xx.2019-giriş, xx.xx.2019-çıxış, xx.xx.2019-giriş, xx.xx.2019-çıxış, xx.xx.2019-giriş, xx.xx.2019-çıxış - məlumatlar vardır. Yəni İddiaçı anasının yas mərasimində iştirak etmək üçün gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi X19 da iddiaçınin mərhumun yas mərasimində iştirak etməsini və anasının ölümündən sonra öz hesabına evin kənarına daş hasar çəkdirməsini izahatında bildirmişdir. Göründüyü kimi, bununlada iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Bu işin mübahisəsiz halıdır. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(062)-573/2021 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X13, Cavabdeh2, X20 və Cavabdeh1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə müəyyən edilmişdir ki, “... mərhumun miras əmlakı qanun üzrə vərəsələr arasında bölünməlidir. Mərhum A.Abbasovanın birinci növbəli 5 vərəsəsi var və hər bir vərəsənin mirasdan 1/5 hissə payları var. İş üzrə cavabdeh İddiaçı Mədəd qızı öz payını rəsmi qaydada tələb etmədiyinə həmçinin məhkəmə iclasına gələ bilmədiyinə görə onun mirasdan payı açıq saxlanılmalıdır.... İş üzrə cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh1 iddiaçı X4 xeyrinə imtina etmişlər. Ona görə də onların payı iddiaçının payı ilə birləşdirilməlidir. Həmin qətnamə ilə iddia qismən təmin olunmuş, Tovuz rayon Əlibəyli kəndində yerləşən X5 miras qalmış ümumi sahəsi 80,04 kvm fərdi yaşayış evinin iddiaçı X15 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, həmin miras mülkün 4/5 hissəsi üzərində X4 mülkiyyət hüququ tanınmışdır”.

30. Beləliklə, baxılan iş üzrə Tovuz rayonu Əlibəyli kəndində yerləşən miras kütləsinə daxil olan miras əmlak - fərdi yaşayış evi mərhumun vərəsəsi olan 5 övladı tərəfindən faktiki olaraq qəbul edilmiş, Tovuz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(062)- 573/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə mirasın 4/5 hissəsi üzərində X4 payı müəyyən edilmiş, İddiaçı Mədəd qızının 1/5 hissədə payı açıq saxlanılmışdır. Mülki qanunvericiliyin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, mirasdan açıq saxlanılan 1/5 hissəsi üzərində İddiaçı çatası payı müəyyən edilməlidir.

31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən fərdi yaşayış evinə aid hissədə əsaslıdır. Qalan - torpaq sahəsinə aid hissədə isə əsaslı deyildir. Çünki torpaq sahəsi mirasın kütləsinə daxil deyildir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(062)-1687/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X2 miras qalmış Tovuz rayonu Əlibəyli kəndində yerləşən fərdi yaşayış evinin mirasdan açıq saxlanılan 1/5 hissəsi üzərində İddiaçı payı müəyyən edilsin. İddia qalan torpaq sahəsinə aid hissədə təmin edilməsin. Ödənlmiş dövlət rusumu iddiaşıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar