Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-435/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10, X7 və İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tovuz rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Qətnaməsi Açar söz: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Qətnamə hüquqlarına toxunan üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı, Tovuz Rayon Məhkəməsinin 2(062)-222/2019 saylı mülki iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan nikahın bağlanması haqqında çıxarışdan görünür ki, X8 ilə X11 02 oktyabr 1957-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir.
2. İş materiallarından müəyyən olunur ki, X8 22 noyabr 1999-cu il tarixdə ölmüşdür.
3. İşdə olan Tovuz rayon İHB-nın Qovlar şəhər İƏD üzrə nümayəndəliyinin 22 oktyabr 2018-ci il tarixli 2625 saylı arayışından görünür ki, 22 noyabr 1999-cu il tarixdə vəfat etmiş X4 ölümündən sonra arvadı Cavabdeh2, qızları İddiaçı1, İddiaçı2, X9, İddiaçı5, X10, oğlanları İddiaçı4, Cavabdeh1, X7 və İddiaçı8 olmaqla ailə üzvləri qalmışdır.
4. İşdə olan Tovuz rayon Notariat Kontoru tərəfindən verilmiş 21 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mərhum X4 vərəsələri hesab edilmişlər və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlakın X3 miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 dekabr 2012-ci il tarixdə verilmiş 2375 saylı arayışa əsasən ünvan 1 ünvanında mülkiyyətində olan 0.27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 105.2 kv.m, yaşayış sahəsi 54.3 kv.m, yardımçı sahəsi 49.2 kv.m, olan “A” yaşayış evindən, 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 253.69 kv.m, yaşayış sahəsi 98.99 kv.m, yardımçı sahəsi 154.7 kv.m olan “A-1” yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət olması göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10, X7 və İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tovuz rayon Notariat Kontoruna qarşı məhkəmədə iddia qaldıraraq, Tovuz rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş 21 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş 21 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və Cavabdeh2 mərhum X4 vərəsələri hesab edilmişlər və şəhadətnamə verilən miras əmlak X3 miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 dekabr 2012ci il tarixdə verilmiş 2375 saylı arayışa əsasən ünvan 1 ünvanında mülkiyyətində olan 0.27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 105.2 kv.m, yaşayış sahəsi 54.3 kv.m, yardımçı sahəsi 49.2 kv.m, olan A yaşayış evindən, 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 253.69 kv.m, yaşayış sahəsi 98.99 kv.m, yardımçı sahəsi 154.7 kv.m olan A-1 yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət olması göstərilmişdir. Onlar bacı və qardaş olmaqla mərhum X4 övladları və eyni zamanda birinci dərəcəli vərəsələridirlər. Onlar miras əmlakdan bərabər pay almalı olduqları halda, həmin miras əmlaka dair şəhadətnamə verilərkən nəzərə alınmamış və bununla da onların qanunla qorunan vərəsəlik hüquqları pozulmuşdur.
7. Tovuz Rayon Məhkəməsinin 2(062)-222/2019 saylı mülki iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia tələbi təmin edilmiş, Tovuz rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş 21 dekabr 2012-ci il tarixli (reyestr nömrəsi 2V-4-2665, vərərsəlik işinin nömrəsi V-2592) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar miras əmlakı faktiki qəbul etsələr də, qanunla nəzərdə tutulmuş müddətdə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi ilə bağlı Tovuz rayon Notariat Kontoruna müraciət etməmişlər. Tərərflər arasında mübahisə olmasına və qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə baxmayaraq, Tovuz rayon Notariat Kontorunu tərəfindən vərəsələrin dairəsi müəyyən olunmadan, digər vərəsələr nəzərə alınmadan vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamə hüquqlarına toxunan üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-222/2019 saylı mülki iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, "xxxx" KB ASC-də ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Tovuz rayonu, Qovlar qəsəbəsi, K.A.Məmmədov küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və onun üzərində olan 21 saylı fərdi yaşayış evi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilən xx.xx.2017-ci il tarixli 59/01 saylı hərracın yekunları barədə protokola və xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC-nin mülkiyyətinə verilmişdir. İş üzrə mübahisəni suni şəkildə uzatmaq niyyəti olan cavabdeh tərəf, yəni X2 ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə banka qarşı iddia qaldırmış və həmin tarixli qərardad ilə sözügedən əmlakın üzərinə həbs qoyularaq, əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin mülki iş sonradan baxılmamış saxlanılmışdır. Bundan sonra, Bankı bilərəkdən işə cəlb etmədən qaldırılan hazırki iddia tələbi üzrə mülki işə baxan hakim də maraqlarına toxunan şəxs kimi onları işə cəlb etməmiş, formal olaraq iddianı təmin etmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmişdirsə, həmin hüququ itirir. İddiaçı1 və qeyrilərinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsindən irəli gələrək nə mirasın açıldığı yer üzrə, nə də notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməsi, nə də miras əmlaka faktiki sahiblik etmələri, onu faktiki idarə etmələri və bununla da mirasın qəbul edildiyini nümayiş etdirmələri heç bir halda sübut olunmur. Həmçinin, məhkəmə iddia tələbini təmin edərkən, müddət ilə bağlı münasibətləri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirovun şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, “Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də, maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.” Göründüyü kimi, 22 noyabr 1999-cu il tarixdə vəfat etmiş X4 ölümündən sonra iddiaçılar təxminən 18 il müddətdə həmin ünvanda yaşamamış, əmlaka faktiki sahiblik etməmişlər. Məhkəmə qeyd edilən halları nəzərə almadan iddianı təmin etmişdir. Apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" KB ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilm iş üzrə iddiaçılar və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməli hüquq
28 dekabr 1999-cu il tarixədək qüvvədə olan (əvvəlki) Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
14. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur.
15. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
16. Maddə 530. Qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər:
17. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
18. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.
19. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
20. Maddə 554. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
21. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.
22. Maddə 562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: -385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; -385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; -385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
Apellyasiya baxışının hədləri
30. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Artıq yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar miras əmlakı faktiki qəbul etsələr də, qanunla nəzərdə tutulmuş müddətdə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi ilə bağlı Tovuz rayon Notariat Kontoruna müraciət etməmişlər. Tərərflər arasında mübahisə olmasına və qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə baxmayaraq, Tovuz rayon Notariat Kontorunu tərəfindən vərəsələrin dairəsi müəyyən olunmadan, digər vərəsələr nəzərə alınmadan vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin olunmalıdır.
34. Məhkəmə kollegiyası işin faktiki hallarıa istinad etməklə hesab edir ki, birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.
35. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
36. Kollegiya göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir. X8 22 noyabr 1999-cu il tarixdə öldüyündən mübahisənin mirasın qəbulu ilə bağlı hissədə həllinə 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan (əvvəlki) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və 2012-ci ildə verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin etibarsızlığı ilə bağlı hissədə isə hazirda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsi tətbiq edilməlidir
37. 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan (əvvəlki) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
38. Kollegiya göstərir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qanunla müəyyən edilmiş müddətlər ərzində qəbul etmiş olsun.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir
40. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
41. İşə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, Tovuz rayon Notariat Kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilmiş miras əmlak ünvan 1 ünvanında mülkiyyətində olan 0.27 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 105.2 kv.m, yaşayış sahəsi 54.3 kv.m, yardımçı sahəsi 49.2 kv.m, olan A yaşayış evindən, 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 253.69 kv.m, yaşayış sahəsi 98.99 kv.m, yardımçı sahəsi 154.7 kv.m olan A-1 yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət olmuşdur. Həmin əmlak Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Qeyd edilən mülk Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh1 məxsus olan Tovuz rayonu, Qovlar qəsəbəsi, K.A.Məmmədov küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və onun üzərində olan 21 saylı fərdi yaşayış evi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilən xx.xx.2017-ci il tarixli 59/01 saylı Hərracın yekunları barədə protokola və xx.xx.2017-ci il tarixli Hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC-nin mülkiyyətinə verilmişdir.
42. İddiaçıların isə mirası qanunla müəyyən edilmiş müddətlər ərzində qəbul etmələri barədə iş materiallarıda mötəbər sübutlar yoxdur.
43. Bundan əlavə, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
44. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1272ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
45. Lakin, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsində də həmin müddətin ötürülməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. İddiaçılar yalnız vərəsə kimi mirası faktiki qəbul etdiklərini bildirmişlər.
46. Məhkəmə kollegiyası hazırki iddia tələbi üzrə aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, iddiaçıların mirası faktiki qəbul etmələrini mötəbər sübutlarla əsaslandırmamış, bundan əlavə, mübahisənin düzgün həlli üçün iddiaçıların Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsi üzrə heç bir araşdıma aparmamış, iddiaçıların Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürülmələrinin səbəbləri barədə heç bir əsasa istinad etmədiklərinə və bu müddəti ötürmələrinin üzrlü səbəblərdən baş verməsini təsdiq edə bilən heç bir sübutun olmadığına hüquqi qiymət verməmiş, mübahisənin düzgün həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və nəticə etibarı ilə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
47. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının MPM-in 385.1-ci maddəsinin tələblərinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
48. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-222/2019 saylı mülki iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-222/2019 saylı mülki iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.