Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-443/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5097/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5097/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli müqavilə üzrə 4189,74 manat ödənilməmiş məbləğ, 68,26 manat cərimə, xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli müqavilə üzrə 1391,52 manat ödənilməmiş məbləğ, 45,48 manat cərimə olmaqla, cəmi 5695 (beş min altı yüz doxsan beş) manat pul və dövlət rüsumunun əvəzi olaraq 76,95 manatın alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5097/2024 saylı iş üzrə qətnaməsinin xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqaviləyə münasibətə təmin edilməyən hissədə ləğv edərək, xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqaviləyə münasibətə 1232.93 (min iki yüz otuz iki manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 218.07 (iki yüz on səkkiz manat yeddi qəpik) dəbbə və ödənilmiş dövlət rüsumunan çıxılmış 21.51 manat tələbin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə İphone 14 markalı telefon üçün 1391,52 manat ödənilməmiş məbləğ, 145,48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Bosch markalı qabyuyan, Bosch markalı aspirator, Bosch markalı paltaryuyan, Bosch markalı plitə və Bosch markalı soba üçün 4189,74 manat ödənilməmiş məbləğ, 668,26 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İphone 11 markalı telefon və Apple markalı adapter üçün 1232,93 manat ödənilməmiş məbləğ, 218,07 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 7846 manat borcun və 98,46 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 2189,88 manat olan İphone 11 markalı telefon və Apple markalı adapteri 18 ay müddətinə hər ay 121,66 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 7022,40 manat olan Bosch markalı qabyuyan, aspirator, paltaryuyan, plitə və sobanı 18 ay müddətinə hər ay 371,80 manat ödəmək şərti ilə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1474,02 manat olan İphone 14 markalı telefonu 18 ay müddətinə hər ay 81,89 manat ödəmək şərti ilə almışdır. Məhsullar hər biri zəmanətlə satılmışdır. Daha sonra cavabdehə satılmış İphone 11 markalı telefon geri qaytarılmış, əvəzində İphone 14 markalı telefon təqdim edilmiş, həmin telefonun qiyməti 2700 manat olmuş, 1250 manat yeni məhsuldan çıxılmışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1391,52 manat ödənilməmiş məbləğ, 145,48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4189,74 manat ödənilməmiş məbləğ, 668,26 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1232,93 manat ödənilməmiş məbləğ, 218,07 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 7846 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı “ Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddianın xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqavilənin tələblərini əsasız olaraq təmin etməmişdir. Qeyd edilməlidir ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, İPHONE 11 128GB –BLACK markalı telefonu, cavabdeh tərəfindən və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində müəyyən etmişdir ki , iddiaçı İphone 11 markalı telefonu özündə saxladığı halda, yəni onu cavabdehə qaytarmadığı halda həmin telefonun dəyərini də cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi işi tam, ətraflı araşdırmdan, iş üçün əhəmiyyətli olan halları müəyyən etmədən, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəfələrlə bildirmişdir ki, cavabdeh sözügedən İphone 11 markalı telefonla bağlı servisə 2 dəfə müraciət etmişdir. Cavabdehin ilk müraciəti xx.xx.2023-cü il tarixində olub, bildirdiyi qüsur: sözügedən telefonun arxa qapağı və kamera şüşəsi sınıb, arxa hissəsi şişib. Servis tərəfindən Qızıl zəmanət ultra şərtlərinə əsasən, sözügedən telefonun korpus şüşəsi, arxa kamera, kamera şüşəsi dəyişdirilmiş və plata bərpa olunmuşdur. Həmin telefon tam bərpa olunduqdan sonra cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə təhvil alınıb. Cavabdehin ikinci müraciəti xx.xx.2023-cü il tarixində olub, bildirdiyi qüsur: sözügedən telefonun ekranı, karkası sınıb. Servis tərəfindən həmin telefon diaqnostika olunub nəticədə müəyyən olunub ki, cihaz tamamilə yararsızdır. Hər iki qüsur istehlakçının günahı ucbatından (mexaniki təsir) yaranmışdır. Cihaz yararsız olduğuna görə Qızıl zəmanət ultra şərtlərinə əsasən, cavabdehəyə köhnə təmir xərci çıxılmaqla 100% kompensassiya təklif olunub. Yəni cavabdeh təqdim etdiyi cihazın nağd qiymətindən əvvəlki təmir xərci çıxılmaqla qalan məbləğ miqdarında növbəti əldə edəcəyi cihaza endirim edilə bilər. Cavabdeh bu şərtlərlə razılaşıb, qaydalara əssasən xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqavilədən qalan 1232.93 (min iki yüz otuz iki manat doxsan üç qəpik) manat borcu ödəmək şərtilə. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunverciliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə və sübutlara istinad etməklə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün hesab etmirlər. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini təmin etmir. Tərəflərin apellyasiya şikayəti üzrə izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianı təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki. o. həmin telefonu Qızıl zəmanətlə yox, Ultra zəmanətlə əldə etmiş, ona izah edilmişdir ki. telefon bu və ya digər səbəbdən yararsız vəziyyətə düşdüyü halda həmin telefon aparatı yenisi ilə əvəz olunacaqdır. Bu səbəbdən də Ultra zəmanətə görə əlavə haqq ödəmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5097/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Bosch markalı qabyuyan, Bosch markalı aspirator, Bosch markalı soba, Bosch markalı paltaryuyan və Bosch markalı plitənin 18 ay müddətinə hər ay 371,8 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1809 manat dəyərində İphone 11 markalı telefon və 68,9 manat dəyərində Apple markalı adapterin 2 il müddətinə ultra zəmanətlə, 312 manat ultra zəmanət (sığorta) daxil olmaqla cəmi 2189,94 manat pulun 18 ay müddətinə hər ay 121,66 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İphone 14 markalı telefonun 2 il müddətinə ultra zəmanətlə, 430 manat ultra zəmanət daxil olmaqla cəmi 1474 manat pulun 18 ay müddətinə hər ay 81,89 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 82,5 manat ödənilmiş, 1391,52 manat ödənilməmiş borcu qalmış, 145,48 manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2832,66 manat ödənilmiş, 4189,74 manat ödənilməmiş borcu qalmış, 668,26 manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 956,95 manat ödənilmiş, 1232,93 manat ödənilməmiş borcu qalmış, 218,07 manat cərimə hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqısatqı qiyməti 2189,88 manat olan İphone 11 markalı telefon və Apple markalı adapteri 18 ay müddətinə hər ay 121,66 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 7022,40 manat olan Bosch markalı qabyuyan, aspirator, paltaryuyan, plitə və sobanı 18 ay müddətinə hər ay 371,80 manat ödəmək şərti iləalmışdır. Məhsullar hər biri zəmanətlə satılmışdır. Daha sonra cavabdehə satılmış İphone 11 markalı telefon geri qaytarılmış, onunla bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əvəzində İphone 14 markalı telefon təqdim edilmiş, həmin telefonun qiyməti 2700 manat olmuş, 1250 manat yeni məhsuldan çıxılmışdır. Cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1474,02 manat olan İphone 14 markalı telefonu 18 ay müddətinə hər ay 81,89 manat ödəmək şərti ilə almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında malların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmış, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehə zəmanətlə satdığı İphone 11 markalı telefon zədələndiyi üçün cavabdeh həmin telefonu geri qaytararaq, iddiaçı tərəfindən İphone 14 markalı başqa bir telefonla əvəz olunmuşdur. Cavabdeh zədələnmiş İphone 11 markalı telefona görə 956,95 manat ödəniş etmişdir. İddiaçı İphone 11 markalı telefonu özündə saxladığı halda, yəni onu cavabdehə qaytarmadığı halda həmin telefonun dəyərini də cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tutulmalı olan 668,26 manat cərimə məbləği azaldılaraq 68,26 manat həddində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 145,48 manat cərimə məbləği azaldılaraq 45,48 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli müqavilə üzrə 4189,74 manat ödənilməmiş məbləğ, 68,26 manat cərimə, xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli müqavilə üzrə 1391,52 manat ödənilməmiş məbləğ, 45,48 manat cərimə olmaqla, cəmi 5695 manat pul cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış müqavilələrin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək xx.xx.2024-cü il tarixli müqavilə üzrə İphone 14 markalı telefon, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Bosch markalı qabyuyan, Bosch markalı aspirator, Bosch markalı paltaryuyan, Bosch markalı plitə və Bosch markalı sobanı cavabdehə vermiş, sonuncu isə həmin borcunu müqavilə ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Apellyasiya şikayətinin məhkəmənin araşdırma aparmadan cəriməni azaltması dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hesablanmış cərimənin tənasübsüz surətdə yüksək olduğu müəyyən edildiyi halda məhkəmə həmin cəriməni azalda bilir. Hazırki iş üzrə tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə də qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli müqavilə üzrə İphone 11 markalı telefon və Apple markalı adapter üçün tələb olunan məbləğlə bağlı bildirir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehə zəmanətlə satdığı İphone 11 markalı telefon zədələndiyi üçün cavabdeh həmin telefonu qaytardığından və telefon iddiaçıda qaldığından, həmçinin cavabdeh həmin telefonun dəyərindən 956,95 manat ödəniş etdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5097/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-443/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-443/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver