Məhkəmə qərarları › İş №2(104)-453/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-453/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-453/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia qaldıraraq onunla X1 arasında Göygöl şəhəri 0,06 ha torpaq sahəsində yerləşən və torpağın mülkiyyətə verilməsinə dair 1101A nömrəli şəhadətnamə ilə müəyyən edilən 0,06 kvm torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilib həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə X2 arasında torpağın mülkiyyətə verilməsinə dair 1101A nömrəli şəhadətnamədə qeyd edilən və ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüqununun tanınması qət edilmişdir. İş üzrə qətnamədən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş Göygöl Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3070/2023 saylı mülki iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlamılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3070/2023 saylı mülki iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinə baxılması qeyri-mümkün sayılmalıdır. Belə ki, apellyasiya instansiyasında işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi Vəkil1 Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Lakin, işə baxan məhkəmə qeyd edilən ərizəyə münasibət bildirmədən apellyasiya şikayətinə baxılması üçün işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərini qiymətləndirən məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2 (066)- 97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının mümkün hesab edildiyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3070/2023 saylı mülki iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəyə baxılması üçün iş materialları Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.6 və 402- 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3070/2023 saylı mülki iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin, iş apellyasiya baxışından çıxarılsın və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş materialları Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Bu qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qərardaddan kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar