Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-466/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2(125)-3239/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00610 nömrəli abonent kodu üzrə hesablanmış 4423.4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(125)-3239/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən **********00610 nömrəli abonent kodu üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 4423 (dörd min dörd yüz iyirmi üç) manat 40 (qırx) qəpik borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli 2(125)- 3239/2024 saylı qətnamə elektron imzanın olmaması səbəbindən X3 İstismarı İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilməsi qərara alınmışdır. Ona görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 3239/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi barədə ərizə qəbul edilməklə buraxılmış müddət bərpa edilə bilər. Gəncə Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2(125)-3239/2024 nömrəli qərardadı ilə (hakim Xədicə Səfərli) Gəncə Şəhər Məhkəməsinin 2(125)-3239/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfdən verilmiş ərizənin təmin edilməməsi; Gəncə Şəhər Məhkəməsinin 2(125)-3239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddianın təmin edilməsi barədə qətnamədən borcun silinməsinə dair icra vərəqəsi X3 İstismarı İdarəsinə daxil olduqdan sonra məlumatı olmuş, bununla bağlı, yəni qətnamənin sürətinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət olunmuşdur. Bundan sonra nümayəndə qismində “Elektron Məhkəmə” X2 Emin Aydın oğlunun adına qeydiyyata alınmış elektron kabinet əlavə edildikdən sonra tanış olmaq imkanıları yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(125)-3239/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(125)-3239/2024 nömrəli qətnaməsinin surəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra cavabdeh təşkilat qətnamədən xx.xx.2024-cü il tarixdə, apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh təşkilat apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Diqqətə alınmalıdır ki, X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas deyildir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2(125)-3239/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-466/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-466/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver