Məhkəmə qərarları › İş №2(104)-469/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-469/2023

03.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-469/2023 03.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız olaraq yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız olaraq yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin qanunsuz qaydada onu əsassız olaraq yüklədiyi və yazmış olduğu 549,80 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu Düzqışlaq kəndində yaşayır. Hər bir təsərrüfat kimi o, da bütün növdən olan kommunal təsərrüfatlardan istifadə edir, istifadə etdiyi kommunal xidmətlərini vaxtlı-vaxtında ödəyir. Bunlardan biridə təbii qazdan istifadədir ki, onlarıda qaydasında həyata keçirir. O və onun ailə üzvlərinin xəbəri olmadan 2021-ci ilin iyun ayında onların yaşayış evinə məxsus sayğac "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən dəyişdirilərək yenilənmişdir. 2021-ci ilin noyabr ayında qazdan istifadə etdikləri üçün hər ay olduğu kimi Ağstafa rayonu Pirili poçt məntəqəsində borclarını ödəmək istəmişlər. Poçt əməkdaşı borclarının birdən-birə 549,80 manat olduğunu bildirmişdir. O, bunun mümkünsüzlüyünü bildirmiş və məcburiyyət qarşısında qalıb "Azəriqaz" İB-nin Ağstafa rayon şöbəsinə gəlmişdir. Orda qanunsuz cərimə yazıldığının şahidi olmuşdur. Ona bildirilmişdir ki, cərimənin yalnız məhkəmə qaydasında silinməsi mümkündür. Sayğac götürülərkən hətta bu barədə akt və protokol tərtib olunmamışdır. Saldodan göründüyü kimi o, istifadə etdiyi qazın pulunu hər ay ödəyir. Bu artıq iş üzrə cavabdehin dəbdə olan maxinasiyasıdır ki, bunların qurbanlarından biridə o, olmuşdur. Heç bir laborator yoxlama aparılmadan, mütəxxəsis rəyi alınmadan, yalnız şablon göstəricilər əsasında tətbiq edilən zərərin ödənilməsini tələb edirlər. Özü yaşlı insandır, təqaüdlüdür, maddi durumu olduqca aşağıdır. Tək gəliri onun pensiya təminatıdır. Bu yandan da haqsız tələb onun bu yaşlı vaxtında pis duruma salmağa nail olmuşdur. Onun müdaxilə edə biləcək bir bacarığı da, anlayışı da yoxdur. Artıq bu hadisədən sonra səhhətində də tez-tez narahatçılıqlar yaranır. Bu da yeni ideologiyadır özləri qurur, özləri də vururlar. Haqsız şəkildə vətəndaşların cibinə girirlər, onların dövlət idarələrinə olan inam və etibarlarını söndürürlər. O, istehlakçıdır və pozulmuş hüquqların bərpasını tələb edir. Ona görə də cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin qanunsuz qaydada onu əsassız olaraq yüklədiyi və yazmış olduğu 549,80 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdi. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, "Azəriqaz" İB tərəfindən abonent kodu **********00119 olan İddiaçı yazılmış 549,80 manat borcun silinməsi və "Azəriqaz" İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 iyun 2021-ci il tarixli akta əsasən İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli ******* nömrəli G-4 markalı qaz sayğacı yeni Zenner tipli qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacının üzərində olan son göstərici 9954 kubmetr olmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” 30 noyabr 2021-ci il tarixli, 29/1710-04854- 1 nömrəli rəyə əsasən iddiaçıya məxsus ******* nömrəli G-4 markalı qaz sayğacı laborator müayinədən keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarının əzik-cızıq izləri aşkar edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2021-ci il tarixli ******* saylı aktla və 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, 30 noyabr 2021ci il tarixli, 29/1710-04854-1 nömrəli rəyə əsasən müəyyən edilmiş sayğacda müəyyən edilmiş qüsura əsasən dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınaraq, 4320 kubmetr qaz itkisinin olması müəyyən edilmiş və həmin qaz itkisinə əssən iddiaçının abonent hesabına 2021-ci ilin noyabr ayına 432 manat zərər məbləği işlənmişdir. İddiaçı cavadbeh təşkilatın hesablanmış zərər məbləğini əsassız hesab edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2021-ci ilin noyabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkarlanmaqla müdaxilə olunmuşdur. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara münasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. Qeyd edilənlərdən aydın görünür ki, məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2021-ci il tarixdə qazdan istifadə qayadalarının pozulması haqqında ******* saylı akt əsasında 432,00 manat itirlmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması "Azəriqaz" İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2021ci ilin noyabr ayında müəyyən edilmiş 432,00 manat dəymiş ziyan məbləğinin tam olaraq silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin yanvar ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İştirakçılıaqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 iyun 2021-ci il tarixli akta əsasən iddiaçıya məxsus qaz sayğacı cavabdehin öz təşəbbüsü ilə yeni qaz sayğacı ilə əvəz edilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının yoxlanılması haqqında” 30 noyabr 2021-ci il tarixli, 29/1710-04854-1 nömrəli rəyə əsasən sayğaca müdaxilə edilməsi və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri müəyyən edilmişdir ki, bununla da cavabdheh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 30 noyabr 2021-ci il tarixli tələbnaməyə əsasən 432 manat zərər məbləği hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir. 25 iyun 2021-ci il tarixdə yeni qaz sayğacı quraşdırıldıqdan sonrakı aylarda isə istifadə edilmiş qazın həcmi əvvəlki sayğacla istifadə edilmiş qazın həcmi ilə demək olar ki, eynilik təşkil etmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi və ya düzgün qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi tam təmin edilərək, 549,80 manat borc məbləği silinmişdir ki, iş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən göründüyü kimi artıq silinmiş (549,8-432=117,8) 117,8 manat iddiaçının istifadə etdiyi qaza görə sayğac göstəricilərinə əsasən yaranmış borc məbləği olmuşdur ki, bununla da birinci instansiya məhkəməsi 432 manat hesablanmış zərər məbləğindən artıq olan 117,8 manat borc məbləğini silməklə güzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilərək, **********00119 saylı abonent kodu üzrə İddiaçı yazılmış 432 manat zərər məbləğinin silinməli, iddia tələbi qalan hisddədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-732/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. **********00119 saylı abonent kodu üzrə İddiaçı yazılmış 432 (dörd yüz otuz iki) manat zərər məbləği onun hesabından silinsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu "Azəriqaz" İstehsalat Birliyindən tutulub dövlət büdcəsinə köçürülsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar