Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-469/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(042)-1218/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu **********7 olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən “X9 Mərkəzi” obyektində quraşdırılmış elektrik sayğacına görə tərtib olunmuş 058308 nömrəli akt əsasında yazılmış 4861 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində “X9 Mərkəzi” adlı obyekti var. Həmin obyektə işıq sayğacı mövcuddur. X3 satış üzrə rəisi Mansırlı Vüqar və yanında tanımadığı 4 nəfər şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə onun mülkiyyətində olan “X9 mərkəzi”nə gələrək obyektə fəaliyyət göstərən **********7 qeyri-əhali kodu altında fəaliyyət göstərən 05170650 nömrəli ekektirik sayğacına baxış keçirmişlər. O, etiraz etməmiş və V.Mansırlı video çəkliş apararaq elektirik sayğacına kənardan əlavə xətt daxil olduğunu ona bildirmiş və bu barədə akt tərtib olunacağını ona bildirmişdir. V.Mansırlının tərtib edəcəyi aktı yerində yazaraq bir nüsxəsini ona verməli olduğu halda verməmiş, ona yaxınlaşıb X1 götürə biləcəyini bildirmişdir. O, V.Mansırlıya iradını bildirmişdir. Belə ki, video çəklişə başlayanda ayın tarixi və yeri qeyd olunmalıdır. Video çəkliş zamanı elektirik sayğacına baxış keçrən şəxslərin hər birinin adları və soyadları və tutduqları vəzifələri qeyd olunmalıdır. Kənar xətt aşkar olnubsa həmin kənar xəttə ampermaşa taxılmalı, axan yük uca səslə deyilməli və neçə amper yükün axdığı video kadra aydın şəkildə düşməlidir. Tərtib olunacaq akt abonentin iştirakı yerində tərtib olunmalı, abonentin akta imza atmalı və yaxud imza atmadığı təqdirdə abonent imza atmaqdan imtinası qeyd edilməklə imzalanmalı və tərtib olunmuş aktın bir sürəti abonentə təqdim olunmalı və yaxud rəsmi qaydada göndərilməlidir. Lakin satış rəisi V.Mansırlı isə onun haqlı iradlarına məhəl qoymadan yanındakı şəxslərlə çıxıb getdilər. xx.xx.2024-cü il tarixdə ərazidə xidmət aparan mantyorlar Faiq və Məzahir adlı əməkdaşlar gəlib obyektin işığının kəsilməsini, onlara rəhbərlik tərəfindən tapşırıq verildiyini bildirmiş və obyekə gələn işıq xəttini işıq dirəyindən kəsmişlər. O, X5 satış rəisi Vüqar Mansırlının iş otağına gəlmiş və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt ona təqdim edilmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixdə 058308 nömrəli tərtib olunmuş aktda bir sıra kobud qüsurlar olması tərəfindən aşkar olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində tərtib olunan akta, xx.xx.2024-cü il tarixində 4861 manat hesabat verilərək cərimə məbləği koda yerləşdirilməsinə baxmayaraq, həmin aktın üzərində X3 rəisinin vəzifəsini müvəqqəti icra edən Məhəmməd Qurbanovun adı və soyadı yoxdur və onun imzası ilə təstiqlənməmiş, abonentlə müqavilə bağlanmamışdır. Sayğacın məlumatlarının qeyd olunduğu bölmədə sayğacın dövlət möhrü və alt qapaq möhrü bölməsində “var” sözü yazılmışdır. Hansı ki, sayğacın dövlət və alt qapaq möhürləri var və akt yerində tərtib olunduğu halda həmin möhürlərin nömrələri akta yazılmalı idi. Amma akta “var” sözü yazılmışdır ki, bu da həmin aktın yerində tərtib olunmamasının əyani sübutudur. Elektirik sayğacına baxış keçrilən zamanı tərtib edilmiş akta elektirik xəttindən axan yükün ampermaşa vasitəsi ilə ölçülməsi və neçə amper yük axması barədə heç bir məlumat qeyd ounmamışdır. Tərtib olunmuş aktda qeyd olunmuşdur ki, “sayğacın beyni oxunsun”, lakin sayğac yerindədir və beynin oxunması üçün heç bir tədbir görülməyib, lakin məlum cərimə hesablanaraq sistemə yerləşdirilmişdir. Tələb bölməsində qeyd olunur ki, “sayğac sərhəd nöqtəsinə quraşdırılsın və labaratorya şəraitində açılıb yoxlanılaraq rəy verilsin”. Ancaq sayğac açılıb sərhəd nöqtəsində quraşdırılmamış, sayğac lobaratoriya şəraitində açılıb yoxlanılmayıb rəy verilməmişdir. Lakin V.Mansırlı tərəfindən qərəzli 4861 manat hesabat verilərək cərimə yazılmışdır. Bu isə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Eyni zamanda onun barəsində 058308 nömrəli saxta akt tərtib edərək bazaya daxil edilmiş və qanunsuz hesabat verilərək onun barəsində 4861 manat cərimə hesablanmışdır. Gədəbəy Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(042)-1218/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 yanvar 2024-cü il tarixli, 058308 saylı akt üzrə İddiaçı hesablanmış 4861 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə toplanmış sənədlərdən görünür ki, 2024-cü ilin yanvar ayının 10-də "xxxx" ASC-nin əməkdaşları tərəfindən "xxxx" ASC-nin ORACLE informasiya məlumat satış bazasında “qeyri-əhali” istehlakçı qrupu üzrə **********7 saylı istehlakçı kodu ilə qeydə alınmış İddiaçı məxsus, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən “X9 Mərkəzi” obyektinə quraşdırılmış sayğac uçot dəstinə onun özünün iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı “sayğacın giriş xəttiini zədələyərək xətdən birbaşa uzaqdan idarə etmə pultu quraşdırılıb sayğacı dövriyyədən kənarlaşdırmışdır” qüsuru faktı aşkar olunmuşdur. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən abonent İddiaçı haqqında “X2 Qaydaları”-nın (bundan sonra “EEİQ”) tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarixli AKT R 058308 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akt əsasında abonent İddiaçı barəsində X11 Təchizatı və Satışı İdarəsinin (bundan sonra Qərb RETSİ) nəzdində fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən dəyəri 4862 manat təşkil edən 365 gün üçün 44200 kvt.s miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş istehlakçının sərf etdiyi aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyə cədvəlindən görünür ki, abonent iddiaçı haqqında “EEİQ”-nın tələbinə uyğun tərtib olunmuş AKT R № 058308 nömrəli akt və akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış məbləğ istehlakçının abonent koduna işlənmişdir. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus obyektə quraşdırılmış sayğac uçot dəstinə əməkdaşları tərəfindən baxış keçirilən zaman mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. İş materiallarına əlavə edilmiş X6 rəhbərliyinin Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 405 saylı xidməti məlumatdan görünür ki, İddiaçı adlı şəxs "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında **********7 saylı istehlakçı kodu ilə “qeyri-əhali” istehlakçı qrupuna daxil olan abonent kimi qeydiyyatdadır. Həmin şəxslə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır.Tərəflər arasında enerjinin alqı-satqısına dair müqavilə bağlandığından tərəflər arasında öhdəlik hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki,qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya məxsus obyekt enerji təchizatı müəssisəsi tərəfindən elektrik hesablama sayğacı ilə təchiz edilmişdir. Bütün bu yuxarıda göstərdikləri birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmaqla zəruri sənədlər məhkəməyə təqdim olunmuşdur.Eyni zamanda iddiaçının "xxxx" ASC-nin ORACLE məlumat satəş bazasında “qeyri-əhali” istehlakçı qrupuna daxil olan abonent kimi qeydiyyatda olması, məhz bu səbəbdən enerji pozuntuları ilə bağlı “EEİQ”-nın tələbinə uyğun olaraq tərtib olunmuş akt əsasında Aktlar üzrə komissiya tərəfindən ona itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılan zaman enerjinin hər kvts -nın dəyərinin Tarif şurasının qərarına əsasən 0,11 kvt.s hesabı ilə hesablanıldığı, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrınin İcra Vərəqində bu barədə qeyd olunduğu, iddiaçının sahibkarliq fəaliyyəti ilə məşğul olması və s. işə baxan birinci instansiyası məhkəməsinin diqqətinə çatdırılmışdır. Bundan başqa, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin kommersiya mübahisələri üzrə işlər mülki icraat qaydasında kommersiya məhkəmələrinə aiddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 912.3 kv.m əmlak kompleksi kimi müəssisə İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır; “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatları əsasında müəyyən olunmuşdur ki, İddiaçı adına xx.xx.2015-ci il tarixdən ********** nömrəli aktiv VÖEN mövcuddur. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, işə məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 24.1 və 24.2-ci maddələri). Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində aidiyyətlə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Belə ki, iddiaçı Əliyeva X7 rayonu Novosaratovka kəndində yerləşən əmlak kompleksi kimi mülkiyyətində olan müəssisədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. Yəni, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, cavabdeh də hüquqi şəxs olmuş, aralarında olan mübahisə isə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı daxil oluqları kommersiya xarakterli münasibətlərdən yaranmışdır. Qeyd edilməlidir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Çünki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsində deyilir ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. İddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının istehlakçı hüquq münasibətlərindən qaynaqlanmışdır. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxılmışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş materialları aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 263-264, 384.0.4, 385.1.1, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(042)-1218/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-469/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-469/2025
18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver