Məhkəmə qərarları › İş №2(104)-471/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-471/2025

11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-471/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: miras kütləsi; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası; Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(042)-917/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 20580/2024 nömrəli arayışdan görünür ki, X5 ailə tərkibi arvadı X6 və uşaqları X16, İddiaçı və X14 ibarətdir;

2. AZ № 493648 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ata qrafası boş saxlanılmış, anası qrafasında X17 qeyd edilmişdir;

3. xx.xx.1979-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 öldüyü günədək adına olan evini, ev əşyalarını və pulunu İddiaçı vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir;

4. Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi X3 bürosu tərəfindən verilmiş arayışın surətindən görünür ki, Gədəbəy rayonu Söyüdlü kəndində 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1978-ci ildə tikilmiş ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 40 kv.m olan iki otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi X8 adına qeyd edilmişdir;

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon notariat ofisinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, X8 adına 391 inventar nömrəli qovluqda texniki pasport tərtib edilmişdir;

6. Fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Gədəbəy rayonu Söyüdlü kəndində X8 adına fərdi yaşayış evi qeyd edilmişdir;

7. Ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.1987-ci il tarixdə ölmüşdür;

8. AZ-İİ 312117 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən və ölüm haqqında arayışdan görünür ki, X16 xx.xx.2023-cü il tarixdə ölmüşdür;

9. Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 852 nömrəli məktubdan görünür ki, vərəsələr arasında mübahisə olduğuna və vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə İddiaçı məhkəməyə müraciət etməsi izah edilmişdir;

10. xx.xx.2024-cü il tarixli, 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu Söyüdlü kəndi Qoqar Əhmədli küçəsi ev 24 nvanında yerləşən fərdi yaşayış evindən və 0.22 ha torpaq sahəsindən X10 düşən hissə miras qalmış və həmin mirasdan Cavabdeh ½ hissə pay almışdır. Digər ½ hissə X11 payı olaraq açıq saxlanılmışdır;

11. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissə, 0.22 ha torpaq sahəsi ¾ hissə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış, evin digər ½ hissəsi və torpaq sahəsinin ¼ hissəsi açıq saxlanılmışdır;

12. **********45-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu Cavabdeh adına tərtib edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4ndan miras qalmış Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 2340 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka vəsiyyətnamə üzrə vərəsə olaraq tam payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə X4nın birgə nikahından, o, X16 və X20 adında 3 övladı olmuşdur. X2 2016-cı ildə, X4 xx.xx.1987-ci ildə, bacısı X16 xx.xx.2023-cü ildə, qardaşı X20 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. Anası X1, yəni xx.xx.1979-cu ildə onun adına vəsiyyətnamə qoyaraq öldüyü günədək adına olan evini, ev əşyalarını, pulunu ona vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Anasının ölümündən sonra Gədəbəy rayonu, Söyüdlü kəndində 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Bu barədə əlində olan yeganə sənəd Azərbaycan SSR Mənzil- Kommunal Təsərrüfatı Nazirliyi Mərkəzi Texniki-inventarlaşdırma bürosu tərəfindən verilmiş arayışdır. Həmin arayışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində X4nın adına 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1978-ci ildə tikilmiş, ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 40 kv.m olan iki otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi qeyd edilmişdir. Həmçinin, fərdi yaşayış evinin texniki pasportunun mövcud olması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Gədəbəy rayon Notariat ofisinə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, həmin məktubda X8 adına 391 iventar nömrəli qovluqda texniki pasport tərtib edildiyi göstərilmişdir. Odur ki, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi anasından qalmış miras kütləsinə daxil edilməlidir. Anasının ölümündən sonra ondan qalmış miras əmlak olan həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini faktiki olaraq o qəbul etmişdir. Buna baxmayaraq mərhum bacısı X9 övladı, hazırda cavabdeh olan Cavabdeh onu evə buraxmamış, hər dəfə onunla dalaşmış, bir sözlə anasından qalmış mirası idarə etməyə imkan verməmişdir. Bu günədək də Toyxanım onu anasından qalmış evə buraxmır. O, anasından qalmış mirası vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında qəbul etmək üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi xx.xx.2024-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Odur ki, mirasın qəbul edilməsi ilə bağlı mübahisə yarandığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

15. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı iddiasında söhbət vaxtilə nənəsi X13 məxsus olan yaşayış evindən gedir. Nənəsi Dursunun həqiqətən 3 uşağı olmuş, onlardan biri anası X18, digəri X20, üçüncüsü isə iddiaçıdır. O, düzgün deyir ki, nənəsi xx.xx.1979-cu ildə evini ona vəsiyyət etmişdir. Lakin nənəsi xx.xx.1987-ci ildə öləndə onun meyitinə dayısı Arif yox, anası Nəzirə sahib çıxmışdır. Həmin gündən nənəsinin evi anası Nəzirənin ixtiyarında, anasının xx.xx.2023-cü ildə baş vermiş ölümündən sonra isə onun ixtiyarındadır. xx.xx.2024-cü ildə aldığı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ev onun mülkiyyətinə keçmiş, ona xx.xx.2024-cü il tarixli ********** dövlət qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Vərəsəlik, istər qanun üzrə, istərsə vəsiyyət üzrə olsun, dövlətin müəyyən etdiyi vaxt ərzində və qaydada qəbul edilməlidir. Nənəsinin evi ölən gündən anası Nəzirənin sahibliyində olduğundan, iddiaçı dayısı Arif isə Şəmkir rayonunun Könüllü kəndində yaşayıb, mirasa maraq göstərmədiyindən anası yuxarıda qeyd edilən hüquq normaları əsasında mirası adına keçirmiş, öldükdən sonra isə miras ona qalmışdır. Nənəsinin ölümündən sonra anası miras evə çox əlavələr etmiş, onu sənədləşdirib, hüquqi mənada daşınmaz əmlak vəziyyətinə gətirmişdir. Belə ki, cəmi 1 otaq olan sənədsiz evə anası 3 yaşayış otağı, əl damı, tövlə əlavə etmişdir. Bütün bunları dayısı Arif hərdən onların kəndinə gələndə, bütün bunları görmüş, təbii hal kimi qəbul etdiyindən susmuşdur. Dayısı ilə anasının münasibəti yüksək səviyyədə olmuş, anasının öz evi olmadığından, başlıcası, anası nənəsinin qulluğunda durduğundan vərəsəliyin anası tərəfindən qəbul edilməsini məqbul saymışdır. Dayısı ilə onun münasibəti anasının ölümündən sonra bəzi məsələlərə görə, qısası, ona az ehtiram göstərməsini düşündüyünə görə pozulmuş, ondan qisas almaq üçün nə vaxtsa nənəsindən aldığı vəsiyyətnamə ilə üstünə gəlmişdir. Dayısı Arif ötən 37 ildə mirası heç bir formada qəbul etməmişdir. Qəbul etsəydi, anası geri durar, külli miqdarda xərc çəkib, başqasına məxsus olan evə böyük xərc tələb edən əlavələr etməz, həyətə barı çəkdirməz, mülkiyyət hüququnu təsdiq edən çıxarış almazdı. Mülki mübahisələr sübutlar əsasında həll olunur. İddiaçı dayısı Arif əlində olan vəsiyyətnaməyə güvənib, iddia qaldırmışdır. Dayısının təqdim etdiyi vəsiyyətnamə öz- özlüyündə heç nəyi həll edə bilməz, mirası qəbul etməyin şərtləri var. Bu vəsiyyətnamənin həyata keçməsi üçün ilk növbədə dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak olmalıdır. Nənəsinin sağlığında miras mülkdə yalnız bir otaq olmuşdur. Anası Nazirə mirası faktik qəbul etməsini əməlləri ilə sübut etmişdir. Dayısı Arif cavanlıqdan həyatını Şəmkir rayonunun Könüllü kəndi ilə bağlamış, anasının o zaman birotaqlı olan, hətta normal hasarı olmayan evi ilə maraqlanmamışdır. Nənəsinin evinin həqiqi mənada evə bənzəməsi anası Nəzirənin xidməti və zəhmətidir

16. Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(042)-917/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum X4nın adına Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport mövcuddur. Həmin texniki pasport kifayət edir ki, sözügedən ev və onun yerləşdiyi həyətyanı torpaq sahəsi anası Dursun Rzayevadan qalmış miras hesab edilsin. Məhkəmə özü də qətnaməsində həmin texniki pasporta sübut olaraq istinad etmiş, buna baxmayaraq həmin sübuta qiymət verməmişdir. Eləcə də mərhum anası X15 rayonu Söyüdlü kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmasını təsdiq edən Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Mərkəzi Texniki-inventarlaşdırma bürosu tərəfindən verilmiş arayış vardır ki, həmin arayışı məhkəməyə təqdim etmişdir. Qətnamədə həmin arayışa sübut olaraq istinad edilsə də, heç bir səbəb göstərilmədən ona da sübut kimi qiymət verilməmişdir. Həmçinin, məhkəmə iddianı rədd edərkən, cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarış olduğunu qeyd etmiş, lakin həmin şəhadətnamə və çıxarışın hansı əmlaka aid olduğunu həmin əmlakın məhz anasından miras qalmış Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 2340 kv.m torpaq torpaq sahəsindən ibarət əmlakla eyni əmlak olub-olmamasını aydınlaşdırmamış, bunun üçün texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb etməmiş, öz mülahizəsinə əsasən həmin əmlakları eyniləşdirərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə onu da nəzərə almamışdır ki, əgər anası Dursun Rzayevanın adına tərtib edilmiş texnki pasportda göstərilmiş ev və 2340 kv.m torpaq sahəsi cavabdehin adına çıxarışla qeydə alınmış əmlakla eyni olsa belə, sözügedən əmlaka dair anasından ona vəsiyyətnamə qoyulmuşdur. Həmin vəsiyyətnaməyə məhkəmə qətnaməsində istinad etmiş, lakin yenə də həmin vəsiyyətnaməyə sübut olaraq qiymət verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən mübahisəli əmlaka dair X8 adına heç bir sənədin olmamasına, bu səbəbdən də Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha həyətyanı torpaq sahəsinin miras kütləsinə daxil olmadığına əsaslanmışdır. Lakin, məhkəmənin bu mövqeyi ilə mən razılaşmır. Ona görə ki, mərhum X4nın adına Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport mövcuddur. Həmin texniki pasport kifayət edir ki, sözügedən ev və onun yerləşdiyi həyətyanı torpaq sahəsi anası Dursun Rzayevadan qalmış miras hesab edilsin. Eləcə də mərhum anası X15 rayonu Söyüdlü kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmasını təsdiq edən Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Mərkəzi Texnikiinventarlaşdırma bürosu tərəfindən verilmiş arayış vardır ki, həmin arayışı məhkəməyə təqdim etmişdir. Qətnamədə həmin arayışa sübut olaraq istinad edilsə də, heç bir səbəb göstərilmədən ona sübut kimi qiymət verilməmişdir. Həmçinin, məhkəmə iddianı rədd edərkən, cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarış olduğunu qeyd etmiş, lakin həmin şəhadətnamə və çıxarışın hansı əmlaka aid olduğunu, həmin əmlakın məhz anasından miras qalmış Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 2340 kv.m torpaq sahəsindən ibarət əmlakla eyni əmlak olub-olmamasını aydınlaşdırmamış, bunun üçün texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb etməmiş, öz mülahizəsinə əsasən həmin əmlakları eyniləşdirərək əsassız qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə onu da nəzərə almamışdır ki, əgər anası Dursun Rzayevanın adına tərtib edilmiş texniki pasportda göstərilmiş ev və 2340 kv.m torpaq sahəsi cavabdehin adına çıxarışla qeydə alınmış əmlakla eyni olsa belə, sözügedən əmlaka dair anasından ona vəsiyyətnamə qoyulmuşdur. Həmin vəsiyyətnaməyə məhkəmə qətnaməsində istinad etmiş, lakin yenə də həmin vəsiyyətnaməyə sübut olaraq qiymət verməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia üzrə mülki işə baxarkən yuxarıda qeyd etdiyi hallara düzgün qiymət verməmiş, bununla da iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə çıxartmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, miras əmlakda bacısı Nazilə yaşamışdır. Belə ki, o, boşandıqdan sonra həmin evə qayıtmışdır. Həmçinin Akif adlı qardaşı da ölməmişdən əvvəl həmin evdə yaşamışdır. Anası ona 0.20 ha torpaq və 4 otaqlı evə dair vəsiyyətnamə vermişdir. O, isə 1989-cu ildə birinci dəfə, daha sonra isə 1996-cı ildə iddia qaldırmışdır. Bacısın burada heç bir rolu olmayıb. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, nənəsinin 4 övladı olmuşdur. Birinci övladı əvvəlki ərindən olub. Ümumilikdə nənəsinin Əli, Arif, Akif və Nazilə adlı 4 uşağı olub. Daha sonra nənəsi ilə babası boşanıblar və 2 uşaq babasının himayəsinə verilmiş, nənəsi həmin uşaqlardan, yəni Arif və Akifdən imtina etmişdir. Mübahisəli evi anasının adına olan sənəd əsasında vərəsəlik qaydasında əldə etmişdir. Evin anasının adına hansı qaydada keçməsindən məlumatı yoxdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, mübahisəli evə dair adına çıxarış verilmişdir. Evin hansı əsasla anasının adına keçdiyini bilmir. Anasından ona keçən evlə iddiaçının iddia etdiyi ev eyni evdir. Nənəsi 1987-ci ildə ölüb, 1989-cu ildə isə vəsiyyətnamə verilib. Ölmüş şəxs necə vəsiyyətnamə yaza bilərdi. Yaxud da, əgər vəsiyyətnamə var idisə niyə indiyə qədər heç bir iddia qaldırılmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

26. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X12 ilə X17 ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən X16, İddiaçı və X20 adlı uşaqları dünyaya gəlmişdir. X17 xx.xx.1987-ci il tarixdə ölmüşdür. İddiaçı Gədəbəy rayonu Söyüdlü kəndində 2340 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1978-ci ildə tikilmiş ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 40 kv.m olan iki otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evinin mərhum X4nın mülkiyyətində olduğunu və sonuncunun xx.xx.1979-ci il tarixli vəsiyyətnamə ilə həmin əmlakı ona vəsiyyət etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş heç bir sənədlə mərhum X8 mübahisəli əmlaklara mülkiyyət hüququnun olması təsdiq edilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha həyətyanı torpaq sahəsi X6 deyil, X7 miras qalmış və həmin mirasa dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına ½ hissədə qeydiyyata alınmışdır. Qalan ½ hissəsi isə açıq saxlanılmışdır. Belə olan halda, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha həyətyanı torpaq sahəsi miras kütləsinə daxil edilə bilməz. Miras kütləsinə daxil olan əmlak olmadığından və mübahisələndirilən əmlaklara münasibətdə vərəsəlik hüquq münasibətləri yaranmadığından iddiaçının iddia tələbi də təmin edilməməlidir. Həmçinin, X17 tərəfindən qoyulmuş sözügedən vəsiyyətnamə aydın deyildir. Belə ki, vəsiyyətnamədə vəsiyyət edilən əmlakların nədən ibarət olması aydın qeyd edilməmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

42. İddiaçı iddiasında mübahisəli əmlakın mərhum X4ndan miras qalmış əmlak kimi onun tərəfindən qəbul edildiyini iddia etsə də, lakin iş materiallarındakı sənədlərdən göründüyü kimi həmin əmlak iddiaçının mərhum bacısı X7 miras qalmış əmlak kimi onun qanun üzrə birinci növbəli vərəsəsi olan qızı Cavabdeh tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. Bu səbəbdən də hazırkı vəziyyətdə mübahisəli əmlakın mərhum Dursun Rzayevanın miras kütləsinə daxil edilməsi yolverilməzdir. Çünki, hazırda mübahisəli əmlak başqa bir vərəsəlik hüquq münasibəti əsasında cavabdehin adına rəsmiləşdirilmiş və əmlaka dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, habelə çıxarışın verilməsinə əsas kimi hüquqmüəyyənedici sənəd sayılan vərəsəlik şəhadətnaməsi hazırkı məqamda hüquqi qüvvəsini saxlayır.

43. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

44. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(042)-917/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar