Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-48/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya verilməklə evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(062)-1606/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 aprel 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətlərindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 183 kv.m fərdi yaşayış evi İddiaçı, 0,26 ha torpaq sahəsi isə 1/6 hissəsi Mehralıyev Samir Mehman oğlu, 1/6 hissə Mehralıyeva Gülnar Mehman qızı, 1/6 hissəsi Cavabdeh və 3/6 hissə İddiaçı xüsusi mülkiyyətindədir.
2. 15 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsin surətindən görünür ki, Mehralıyev Samir Mehman oğlu və Mehralıyeva Gülnar Mehman qızı Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin hər birinə məxsus 1/6 hissə paylarını Cavabdeh bağışlamışlar.
3. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyən edilməsinə dair arayışın surətindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 183 kv.m fərdi yaşayış evinin 11 aprel 2022-ci il tarixə bazar dəyəri 85000 manatdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehin istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsi, eləcə də cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 sentyabr 1991-ci il tarixdə nikahlarını qeydə aldıraraq ailə qurmuşlar və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan 30 aprel 2018-ci il tarixdə nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(062)-2004/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı və Mehralıyeva Ağca İsmayıl qızının yaşadığı Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Həmin vaxtdan aralarında mübahisələr yaranmış və bu barədə 102 xidmətinə dəfələrlə zənglər olmuşdur. Evdə birgə yaşamaları mümkünsüz olduğundan cavabdehə evdən çıxamsı müqabilində 6000 manat kompensasiya təklif etmiş, lakin sonuncu bununla razılaşmamışdır.
6. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, mülkiyyətində olan Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehin istifadə hüququna 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi, eləcə də cavabdehi əşyaları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(062)-1606/2022 nömrəli (hakim Zaur Hünmətov) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı 8000 (səkkiz min) manat kompensasiya məbləği alınaraq Cavabdeh ödənilməsi; Kompensasiya məbləği Cavabdeh ödənildikdən sonra onun Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi; İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğində kompensasiya ödənildikdən sonra Cavabdeh əşyaları ilə birlikdə İddiaçı məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi, Mənzil Məcəlləsinin 34-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 216-220, 227, 233, 360 maddələrə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belıə ki, fərdi yaşayış evi birgə nikah dövründə əldə olunmuşdur. Həmin evin inşa olunmasına xərc çəkmişdir, Eləcədə oğlu və qızının həmin evdə payları var və öz paylarını ona hədiyyə edəcəklər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli evi iddiaçı ilə birlikdə inşa etmişlər. İddiaçı 20500 manat kompensasiya verəcəyi təqdirdə evdən çıxacaq. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlə bir evdə yaşamaları mümkün süzdür. Demək olar ki, hər gün polisə müraciət edirlər. Cavabdeh ona öz evində rahat yaşamasına imkan vermir. Rahat yaşaması xətrinə cavabdehə 10000 manat kompensasiya ödəməyə razıdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə Tovuz rayonu Əyyublu kəndində yerləşən 183 kv.m fərdi yaşayış evində yaşamışlar. Ailə münasibətləri pozulduğundan tərəflərin nikahı pozulmuşdur. Qeyd olunan fərdi yaşayış evi hazırda İddiaçı, evin yerləşdiyi 0,26 ha torpaq sahəsinin 1/6 hissəsi Mehralıyev Samir Mehman oğlu, 1/6 hissəsi Mehralıyeva Gülnar Mehman qızı, 1/6 hissəsi Cavabdeh və 3/6 hissəsi İddiaçı mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 aprel 2022-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli 2(062)-2004/2019 nömrəli qətnaməsi ilə Cavabdeh Tovuz rayonu Əyyublu kəndində yerləşən və hazırda Mehman Mehrəliyevin mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmüşdür. Tərəflər arasında mütamadi mübahisələr yaradığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə 8000 manat kompensasiya verilməklə Cavabdeh Tovuz rayonu Əyyublu kəndində yerləşən 183 kv.m fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmasını qət etmişdir. Cavabdeh kompensasiya məbləği ilə razılaşmadığından qətnamədən apellyasiya şikayəti vermişdir.
32. Yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və həmin mənzildən cavabdehin çıxarılması ilə bağlı yaranan mübahisədir. Belə olan halda kollegiya hesab edir ki, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə hüquqi qiymət verilməlidir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 12 iyul 2016-cı il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
34. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında kompensasiya məbləğinin iddianın predmetinə daxil olub-olmaması və həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü məsələsinə də aydınlıq gətirərək göstərmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.
36. Həmin qərarlardan biri “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
37. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
38. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.
39. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
42. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
43. Apellyasiya icraatı zamanı iddiaçı tərəf 10000 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir.
44. Həmçinin apellyasiya icraatı zamanı Cavabdeh əmlakın dəyərini mübahisələndirmiş və əmlakın real dəyərinin 150000 manatdan çox olmasını bildirmişdir. Ona görədə Tovuz rayonu Əyyublu kəndində yerləşən 183 kv.m fərdi yaşayış evinin dəyərinin müəyyən olunması üçün məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli 3-16-16/2-10/1296-9/1244 nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 41500 manat müəyyən edilmişdir.
45. Beləliklə apellyasiya icraatı zamanı iddiaçı tərəfin təklif etdiyi 10000 manat kompensasiya məbləği kollegiya işin yuxarıda qeyd olunan hallarına münasibətdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təklif olunan məmləğ cavabdehin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması üçün yetərli hesab edilməlidir.
46. Belə ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının Əyyublu kənd inzibati ərazi dairəsin üzrə nümayəndəliyinin 26 aprel 2022-ci il tarixli 3758 nömrəli arayışından görünür ki, Tovuz rayonu Əyyublu kəndində normal şəraitdə evin aylıq kirayə haqqı 50- 100 manatadək müəyyən olunur. Kirayə haqqı 100 manatdan hesablanarsa, onda bir il üçün kirayə haqqı 1200 manat olur. Bu da onu deməyə əsas verir ki, təklif olunan 10000 manatla təxminən 8 il 3 ay müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar şəraitdə davamlı olaraq kirayədə yaşamaq olar.
47. Həmçinin işdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tətqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(062)-1606/2022 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, Cavabdeh Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 10000 manat kompensasiya verilməklə xitam verilməli, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı, eləcədə qətnamə eyni vaxtda icra edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(062)-1606/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Cavabdeh Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna İddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilsin və o fərdi yaşayış evindən çıxarılsın. Qətnamə eyni vaxtda icra edilsin. Ekspertiza tətqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.