Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-482/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqavilələrinin, bağışlama müqaviləsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi) və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin, bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2563/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Düyərli kəndinin ərazisindən 1.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 mülkiyyətinə verilmişdir.
2. xx.xx.2006–cı il tarixli 7e–3747 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı1 JN– 0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında 3 yerdən verilmiş 1,36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə razı olmasını bildirmişdir.
3. DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli arayışından görünür ki, JN–0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda qeyd edilən 13 saylı konturda qeyd edilən 0,2174 ha torpaq sahəsinin Salman İsmayılovun, daha sonra arvadı Pakizə İsmayılovanın adına özgəninkiləşdirilmiş, 13K saylı konturda qeyd edilən 0,2947 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə, 13C saylı konturda qeyd edilən 0,8442 ha torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat yoxdur. JN– 0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda qeyd edilən 1.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə dair İddiaçı1 razılıq ərizəsi mövcuddur.
4. 14.05.2007–ci il tarixli, A 003513 saylı “X34 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 43.733 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə– 672 reyestr nömrəli alqı–satqı müqavilələri və xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X10 adına qeyd edilmişdir.
5. xx.xx.2004–cü il tarixli, 4ə–515 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X2 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 900.000 (köhnə pul vahidi ilə) manata X1.
6. xx.xx.2004–cü il tarixli, 4ə–523 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X6 rayonu, Düyərli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2.500.000 (köhnə pul vahidi ilə) manata X1.
7. xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X3 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3.000.000 (köhnə pul vahidi ilə) manata X1.
8. xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X7 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1.000 manata X1.
9. xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, X4 rayonu, Düyərli kəndində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2.000 manata X1.
10. xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, X5 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X14 bağışlamışdır.
11. xx.xx.2011–ci il tarixli 2v–02–545 reyestr nömrəli vərəsəlik işindən görünür ki, xx.xx.2010–cu il tarixdə vəfat etmiş X10 vərəsəsi X11r və ona xx.xx.2011–ci il tarixli 2v– 01–224 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2011– ci il tarixli 2v–02v545 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verilmişdir.
12. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(076)–2331/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 mərhum X12 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən, JN–0014 saylı Dövlət Aktında göstərilən 0,19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı alqı–satqı müqavilələrinin, bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair JN:0013 №-li (KOD ********), xx.xx.1998-ci il tarixli Dövlət Aktı”nda göstərilən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 13 saylı konturla qeyd edilmiş 0,2174 kv.m torpaq sahəsi üzrə X10 və X9 iştirakları ilə Şəmkir rayonu 1 saylı Notariat Kontorunun bağlanmış bütün əqdləri xx.xx.2004-cü il tarixli 4Ə-5154Ə-523 №-li, xx.xx.2004-cü il tarixli 4Ə-574 №-li, xx.xx.2006cı il tarixli, 4Ə-119 №-li, xx.xx.2006-cı il tarixli 4Ə-672 №-li alqı-satqı müqavilələrini və xx.xx.2007-ci il tarixli 4Ə-257 reyestr №-li bağışlama müqaviləsini, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli vərəsəlik şəhadətnaməsini etibarsız hesab edilməsini, ödədiyi 100 manat dövlət rüsumunu cavabdeh tərəfə aid edilməsini, yuxarıda qeyd edilən xx.xx.2006-cı il tarixli 7E-3747 reyestrli razılıq ərizəsindəki imza üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə, JN–0013 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi 3 hissədən ibarət olmuşdur. Qeyd olunan torpaq sahəsini bir müddət istifadə etdikdən sonra müvəqqəti olaraq dayısı X10 istifadəsinə vermişdir. Hazırda dayısı və onun arvadı vəfat etmişlər. Son zamanlar ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair onun (İddiaçı1) adından razılıq ərizəsi düzəldilmiş, həmin ərizədə guya onun 1,36 ha torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə etirazı olmamışdır. Halbuki, həmin ərizədəki imza ona məxsus deyildir. Habelə qeyd olunan torpaq sahəsi tək onun deyil, bütün ailə üzvlərinin mülkiyyətindədir. Belə olan halda ailə üzvləri olmadan o, ərizə yaza bilməzdi. Hazırda torpaq sahəsindən həmkəndliləri Siyasət və Natiq adlı şəxslər istifadə edirlər. Onlar həmin torpaq sahəsini alqı–satqı müqaviləsi əsasında aldıqlarını bildirmişlər. Bundan sonra DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, oradan verilmiş xx.xx.2023–cü il tarixli məktubda 13 saylı konturda qeyd edilən 0,2174 ha torpaq sahəsinin Salman İsmayılovun, daha sonra arvadı Pakizə İsmayılovanın adına özgəninkiləşdirilməsi, 13K saylı konturda qeyd edilən 0,2947 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə, 13C saylı konturda qeyd edilən 0,2174 ha torpaq sahəsi barədə elektron kadastr bazasında məlumat olmadığı göstərilmişdir. Bundan sonra DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi vəkil soğrusuna cavabdeh verdiyi xx.xx.2023–cü il tarixli arayışında 13C saylı konturdakı 0,8442 ha hissəyə dair elektron kadastr bazasında məlumat olmadığını, 13 saylı konturdakı 0,2174 ha hissənin Salman İsmayılovun adına özgəninkiləşdirilməsini, onun adına ümumilikdə 43733,0 kv.m torpaq sahəsinə dair xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələrinin, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinin, xx.xx.2007–ci il tarixli “X34 və ölçüsü”nün və xx.xx.2011–ci il tarixli ********** nömrəli vərəsəlik şəhadətnaməsinin tərtib edilməsini göstərmişdir. Həmin arayış da yenə də onun razılıq ərizəsinin mövcud olması qeyd edilmişdir. Halbuki, həmin ərizə saxtadır. Həmçinin, 13 saylı konturdakı 0,2174 ha hissə onların məlumatı olmadan satılmış, bununla da onların mülkiyyətinə qəsd edilmişdir. Hesab edirlər ki, onların torpaq sahəsi ilə əlaqədar bütün müqavilələr etibarsızdır. Torpaq sahəsini qanunsuz olaraq ələ keçirmiş Salman İsmayılov və arvadı Pakizə İsmayılova vəfat etmişlər, Cavabdeh1 isə valideynlərinin vərəsəsidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki, JN–0013 saylı Dövlət Aktı əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 13 saylı konturda qeyd edilmiş 0,2174 kv.m hissəsi üzrə Salman İsmayılov və arvadı Pakizə İsmayılovanın iştirakları ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2004–cü il tarixli, 4ə–515, 4ə–523 reyestr nömrəli, xx.xx.2004–cü il tarixli 4ə–574 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–119 reyestr nömrəli, xx.xx.2006–cı il tarixli 4ə–672 reyestr nömrəli alqı–satqı müqavilələrinin, xx.xx.2007–ci il tarixli 4ə–257 reyestr nömrəli bağışlama müqaviləsinin və xx.xx.2011–ci il tarixli ********** nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
15. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2563/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev), iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337, 337.2 və 337.4-cü maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(076)-2563/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, razılıq ərizəsinin X8 tərəfindən verilib-verilməməsi müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməli və həmin imzanın kimə məxsus olması müəyyən edilməli idi. Həmçinin, digər mülkiyyətçilərin torpaq sahəsinin satılmasına və ya digər şəkildə özgəninkiləşdirilməsinə dair razılıqlarının olmaması işə baxılarkən nəzərə alınmamışdır. İşin faktiki hallarından göründüyü kimi, alqı-satqı və bağışlama müqavilələrini əsas götürərək onların tərəflərin iradə ifadəsini əks etdirdiyinə istinad edərək, onların iddiaları əsassız olaraq təmin etməmişdir. Halbuki, həmin müqavilələrin özü qanunun şərtləri pozulmaqla bağlandığına görə özlüyündə etibarsızdır. Belə ki, qeyd edilən razılıq ərizəsi İddiaçı1 tərəfindən imzalanmamış, ümumiyyətlə digər mülkiyyətiçilərin razılığını əks etdirən heç bir razılaşma olmamışdır. Lakin, məhkəmə qeyd olunan halları araşdırmadan iddianı əsassız hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (həmçinin İddiaçı3 nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
23. İş üzrə iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı7 və cavabdeh Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
30. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
33. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
34. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
35. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
36. Maddə 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür
37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
38. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
39. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
40. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
45. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
46. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.
47. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
48. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
56. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
59. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
62. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
64. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2563/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqavilələrinin, bağışlanma müqaviləsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır.
67. Kollegiya göstərir ki, iddia tələblərinə hüquqi qiymət verilərkən ilkin olaraq tələblərin bir-birini tamamlaması və sonrakı tələbə qiymət verilməsi onun əvvəlki tələbin hüquqi nəticəsindən asılı olması nəzərə alınmalıdır. Bu aspektdən çıxış etməklə ilk öncə iddiaçının bağladığı Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4ə-515 və 4ə-523 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli 4ə-574 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli 4ə-119 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli 4ə-672 reyestr nömrəli alqı-satqı müqavilələrinə diqqət yetirilməlidir. Çünki, digər tələblərə hüquqi qiymət verilməsi üçün ilkin olaraq həmin alqı-satqı müqavilələrinin etibarsız olub-olmaması müəyyən edilməlidir.
68. Mülki qanunvericilik müvafiq hüquqi əsaslar olduqda əqdlərin etibarsızlığını da müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
69. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
70. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.
71. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanmısı (340-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).
72. İş materialları ilə müəyyən edilir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Düyərli kəndinin ərazisindən 1.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı7 mülkiyyətinə verilmiş, bu barədə adlarına JN-0013 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. İddiaçı1 xx.xx.2006-cı il tarixdə ərizə ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, JN- 0013 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında 3 yerdən verilmiş 1,36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cəmlənib “Topçu” adlanan sahədən verilməsinə razı olmasını bildirmiş, onun ərizəsi 7e-3747 reyestr nömrədə qeydə alınmışdır. Bundan sonra xx.xx.2004-cü il tarixli, 4ə-515 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 rayonu, Düyərli kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2004-cü il tarixli, 4ə-523 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 rayonu, Düyərli kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2004-cü il tarixli 4ə-574 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2006-cı il tarixli 4ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 rayonu, Düyərli kəndində yerləşən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2006-cı il tarixli 4ə-672 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 rayonu, Düyərli kəndində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1.
73. Lakin iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun sonradan razılıq ərizəsi barədə məlumatı olmuş və torpaq sahəsinin verilməsinə dair razılıq ərizədə olan imzanın ona məxsus olmadığını bildirmişdir.
74. İddiaçı istinadla onun əvəzində saxta imza etməklə razılıq ərizəsinin rəsmiləşdirildiyinə dair tələblə çıxış etsə də, həmin halı təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı razılıq ərizəsinin mətnindən görünür ki, notarius ərizəni iddiaçının şəxsən özünün iştirakı ilə imzaladığını təsdiq etmişdir.
75. Qeyd edilməlidir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə.
76. İmateriallarından göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin satılması barədə verilmiş razılıq ərizəsində imzanın saxta olmasını bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
78. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
79. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər
80. Kollegiya qeyd olunanlardan belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2004-cü il tarixli, 4ə-515 və 4ə-523 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli 4ə-574 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli 4ə-119 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli 4ə-672 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə istinad etdiyi dəlillər hüquqi əsasa malik olmayan, iddianı müdafiə xarakteri daşıyan formal mülahizələrdir.
81. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).
82. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi).
83. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 406.1-ci maddəsi).
84. Mülki Məcəllənin 407.2-ci maddəsində qeyd olunmuşdur ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
85. Mülki Məcəllənin 6.1.2-ci maddəsində mülki hüquq subyektlərinin iradə sərbəsətliyi, 6.1.5-ci maddəsində isə müqavilələr azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən olunmuşdur.
86. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir.
87. İradə sərbəstliyi prinsipi ilə bağlı qeyd olunmalıdır ki, əqdin başlıca əlamətlərindən biri iradə ifadəsidir. Əqdlər həmişə iradəvi olmalıdır. İnsanın daxili iradəsi və iradənin zahiri ifadəsi fərqləndirilir. İradə - insanın müəyyən hüquqi nəticəyə nail olmağa yönələn daxili arzusu, niyyətidir. İradə ifadəsi - iradənin xarici təzahürüdür. İradə ifadəsi subyektin daxili iradəsinə uyğun olmadıqda, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmış müqavilə kimi etibarsız hesab oluna bilər və heç bir hüquqi nəticə törətmir.
88. Göstərilən halları qanunvericliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından qiymətləndirərək kollegiya hesab edir ki, İddiaçı1 yuxarıda qeyd edilən alqısatqı müqavilələrini bağlayan zaman öz iradə ifadəsini nümayiş etdirmiş, müqavilənin məzmunu ona məlum olmuş, müqaviləni imzalamaqla onun bütün şərtlərini qəbul etmişdir.
89. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
90. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
93. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
95. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2563/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.