Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-484/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “15000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2598/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixdli 294 nömrəli sərəncamına əsasən Sabir küçəsi 26 nömrəli boinada yaşayış sahəsi 63.8 kv.m olan 4 otaqlı 18 nömrəli mənzil X1 bağışlanmış və xx.xx.1993-cü il tarixdə tərəflər arasında bağışlanma müqaviləsi bağlanmışdır. xx.xx.1993-cü il tarixdə bağlanmış müqaviləyə əsasən X2 ona məxsus olan Sabir küçəsi 26 nömrəli boinada yerləşən ümumi sahəsi 82 kv.m, yaşayış sahəsi 632,4 kv.m olan 4 otaqlı 18 nömrəli mənzili iddiaçıya satmış və alıcıya bununla bağlı Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydiyyat vəsiqəsi verimişdir. İddiaçı hüquqların təkrar qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə **********62-05101-093036 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 1994-cü ildə nikaha girmiş və onların nikahlarının pozulması xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və iddiaçıya xx.xx.2016-cı il tarixdə AZ-İ 249800 nömrəli nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m olan mənzilin bazar dəyəri 62000 manat təşkil edir. Tovuz rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 saylı arayışa əsasən, Tovuz şəhəri ərazisində üç otaqlı mənzillərin aylıq kirayə haqqı mənzilin təmir vəziyyətinə uyğun olaraq 200-250 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 15000 manat kompensasiya verilməklə cavabdehlərin onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xx.xx.1987-ci ildən onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair 614 nömrəli qeydiyyat vəsiqəsi mövcuddur. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş arvadı, Cavabdeh2 isə qızıdır. Cavabdeh1 aralarında olan narazılığa görə ayrılmışlar. Nikahları Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin tarixdən cavabdehlər Bakı şəhərində yaşamışlar və mənzil onun sahibliyində olmuşdur. Son dövrdə qızı Fəridə Tovuza gəlib bir müddət qalmaq istədiyini bildirərək mənzilin açarlarını ondan istəmişdir. Qızı ilə razılaşıb mülkiyyətində olan mənzilin açarını ona vermişdir. Sonradan məlum olmuşdur ki, qızı və keçmiş arvadı həmin mənzildə yaşamağa başlamışdır. Özü də gedib orada yaşamaq istəmiş, lakin bunun mümkün olmadığını görmüşdür. Belə ki, cavabdehlər onun barəsində Daxili İşlər Nazirliyi 102 xidmətinə əsassız müraciətlər edirlər. Yəni cavabdehlər ilə bir yerdə yaşamaları mümkün deyildir. Cavabdehlərə mənzili satıb paylarını verməyi tıklif etsə də, onlar mənzildən onun hər hansı payının olmadığını bildirmişlər. Halbuki, mənzil onun mülkiyyətindədir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və nümayəndəsi (vəkil) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2598/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onların İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləği olaraq 15.000 (on beş min) manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi, İddiaçı tərəfindən 15.000 (on beş min) manat məbləğində kompensasiya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənildikdən sonra onlar əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərə kompensasiya verilməsi ilə onların evdən istifadə hüquqlarına xitam verilməsinə nail olmaq istəyir. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Məhkəmə hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təklif etdiyi 15.000 manat məbləğdə kompensasiya cavabdehlərə davamlı surətdə başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin.Məhkəmə hesab edir ki, «müəyyən müddət daxilində» anlayışı onu tələb edir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin edə bilsin və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olsun. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir. Nəzərə alınsa ki, mübahisəli mənzilin dəyəri 62.000 manatdır. Həmin mənzilə oxşar mənzillərin Tovuz şəhəri üzrə isə kirayə haqları 200-250 manat təşkil edir. Bu zaman təklif edilən komepnsasiya məbləği cavabdehlərin uzun müddət oxşar mənzillər ilə özlərinin yaşayışını davam etdirmək imkanının olması barədə nəticəyə gəlməyə əsas verir. Odur ki, iddiaçının cavabdehlərin evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün 15.000 manat məbləğində kompensasiya təklifi yetərlilik baxımından əsaslı və ədalətli hesab edilir.İddiaçı mülkiyyətində olan mənzilə sahiblik və ondan istifadə etməkdə sərbəst olduğundan, habelə, cavabdehlərə təklif edilən kompensasiya məbləği ədalətli hesab edildiyindən iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpa və müdafiəsinin təmin edilməsi baxımından cavabdehlərin əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması qanuni və ədalətli olar. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77, 88, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ona və qızı Cavabdeh2 qarşı iddia qaldıraraq ünvan 3 ünvanında yerləşən evdən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İş üzrə iddia təmin olunaraq 15000 manat məbləğində kompensasiya verilməklə onun və qızının mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Konstitusiya ilə mülkiyyətçinin hüquqları nəzərə alınmaqla iddiaçının iddia tələbi təmin olunmuşdur. Lakin orta bazar qiyməti həmçinin evlərin və kirayənin qiyməti nəzərə alınmaqla qətnamə çıxarılmamışdır. Belə ki, məhkəmə həmin ərazi üzrə evin qiymətinin 62000 manat olmasını qeyd etmişdir. Halbuki Tovuz şəhərinin mərkəzində yerləşən həmin evin dəyəri 75000- 80000 manat təşkil edir. Bundan başqa iddiaçı təqdim etdiyi məhkəmə tərəfindən istinad olunmuş sənədlər də əsassız hesab edilməlidir. Belə ki, mənzilin dəyəri aşağı göstərilmiş və reallığı əks etdirmir. Bundan başqa məhkəmə tərəfindən istinad edilən mübahisəli mənzilə oxşar mənzillərin kirayə haqları 200-250 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmənin gəldiyi qənaət isə belə olmuşdur “bu zaman təklif edilən kompensasiya məbləği cavabdehlərin uzun müddət oxşar mənzillər ilə özlərinin yaşayışını davam etdirmək imkanının olması barədə nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən onun və qızının başqa imkanının, digər qazanc yerinin olmaması və s. hallar nəzərə alınmamışdır. Onun həmin pulla hər hansı bir ev alaraq özünə hər hansı şərait qurmağı reallıqla uzlaşmır. Reallıq isə bundan ibarətdir ki, mənzillərin və kirayələrin həmin ərazidə dəyəri həddindən artıq çoxdur. Həmçinin iki nəfərdirlər. Qətnamənin nəticə hissəsində qeyd olunmuşdur ki, 15000 manat pul qızı Cavabdeh2 və ona ödənildikdən sonra onlar mənzildən istifadə hüququna xitam verilməsi nəzərdə tutulmuşdur. Lakin qətnamənin pulun bizə ayrılıqda və ya müştərək qaydada verilməsi qətnamədə öz əksini tapmamışdır. Qətnamədə ayrıca bir şəxsə münasibətdə 15000 manat pulun alınaraq verilməsi halında (ümumilikdə 30000 manat təşkil edir) qətnamənin daha ədalətli olması demək olardı. Hakim qətnaməsini düzgün tədqiq olunmayan sübutla əsaslandırmışdır. Belə ki, hakim işə formal yanaşaraq ona verilmiş sənədlərin reallığına heç bir fikir verməmişdir. Belə ki, kirayə haqlarının 200-250 manat olması barəsində sübut kimi təqdim edilmiş hər hansı sənədə istinad etməklə sübutun mötəbərliliyini şübhə altına almışdır. Adi bir soruşdurma ilə kirayə haqlarının da Tovuz şəhəri ərazisində yüksək olması və mənzilin dəyərinin isə göstəriləndən daha çox olması görünür. Məhkəməyə təqdim edilmiş həmin sübuta isə reallığı əks etdirməməsinə baxmayaraq sübut növündəistinad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya icraatı zamanı əvvəlki məhkəmə icraatında Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həmin evdə qızı ilə birlikdə yaşayır. Apellyasiya icraatı zamanı əvvəlki məhkəmə icraatında iddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən ev 30 aprel 1987-ci ildən onun xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Sevinc onun keçmiş arvadı, Fəridə isə qızıdır. Aralarında olan narazılığa görə Sevincdən ayrılmışdır. Həmin evdə özü yaşamaq istəsə də bu mümkün olmamışdır, cavabdehlər evin satılıb onlara pay verilməsini istəmişlər, lakin ev onun öz mülkiyyətində olmuşdur. Evi onlar evlənməmişdən əvvəl valideynləri verib. 15 000 manat müəyyən olunan məbləğdən narazıdır. Digər Cavabdeh2 da apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsii xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarı: Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən Qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu ki, Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixdli 294 nömrəli sərəncamına əsasən Sabir küçəsi 26 nömrəli boinada yaşayış sahəsi 63.8 kv.m olan 4 otaqlı 18 nömrəli mənzil X1 bağışlanmış və xx.xx.1993-cü il tarixdə tərəflər arasında bağışlanma müqaviləsi bağlanmışdır. xx.xx.1993-cü il tarixdə bağlanmış müqaviləyə əsasən X2 ona məxsus olan Sabir küçəsi 26 nömrəli boinada yerləşən ümumi sahəsi 82 kv.m, yaşayış sahəsi 632,4 kv.m olan 4 otaqlı 18 nömrəli mənzili iddiaçıya satmış və alıcıya bununla bağlı Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydiyyat vəsiqəsi verimişdir. İddiaçı hüquqların təkrar qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə **********62-05101-093036 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 1994-cü ildə nikaha girmiş və onların nikahlarının pozulması xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və iddiaçıya xx.xx.2016-cı il tarixdə AZ-İ 249800 nömrəli nikahın pozulmasına dair şəhadətnamə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş mənzilin iddiaçının nikahdan öncə mülkiyyətində olması, iddiaçı ilə Cavabdeh1 1994-cü ildə nikaha girməsi, nikahlarının 2016-cı il də pozulması və cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı mülkiyyət hüquqlarından çıxış edərək ona məxsus evdən cavabdehlərin istifadə hüququna 15000 manat kompensasiya verilməsi ilə bağlı iddia irəli sürmüşdür. İşin cavabdeh tərəfindən mübahisələndirilən və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mənzilin dəyərinin 75000-80000 manat təşkil etməsi və kompensasiyanın məbləğinin az olması səbəbindən 15000 manata başqa mənzilin əldə edilməsinin mümkün olmamasından ibarətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışla müəyyən edildiyi kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,4 kv.m olan mənzilin bazar dəyəri 62000 manat təşkil edir. Cavabdeh bu halı mübahisələndirsə də dəlillərinə uyğun hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı mənzilin dəyərinin nə qədər təşkil etməsi əhəmiyyət kəsb etmir. Bu qəbildən olan mübahisələrin həlli zamanı mənzilin dəyəri deyil, həmin mənzilin yerləşdiyi ərazidə oxşar şəraitdə olan mənzilin kirayə haqqının məbləği və bu kirayə haqqının 3-5 il ərzində yetərli olub-olmaması əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı Tovuz rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 saylı arayışla müəyyən edildiyi kimi Tovuz şəhəri ərazisində üç otaqlı mənzillərin aylıq kirayə haqqı mənzilin təmir vəziyyətinə uyğun olaraq 200-250 manat təşkil edir. Belə olan halda cavabdehlərin oxşar şəraitdə olan evə dair mənzilin kirayə haqqı 250 manatdan götürüldükdə 15000 manat (15000 manat / 250 manata = 60 ay x 12 ay = 5 il) 5 il ərzində kirayə haqqının məbləğini təşkil edir. Cavabdeh oxşar ərazidə kirayə haqqının məbləğini də mübahisələndirsə də istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinə oxşar ərazidə və oxşar şəraitdə olan evin kirayə haqqının artıq olmasına dair sübut təqdim etməmişdir. Bunlardan başqa, cavabdeh 15000 manatın hər iki cavabdeh üçün və ya bir nəfər üçün müəyyən edildiyinin aydın olmaması ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdehlər ana və qız olmaqla mübahisəli mənzildə bir yerdə yaşayırlar ki, onların mənzildən çıxdıqdan sonra da bir yerdə yaşamaları mümkündür, kompensasiayanın məbləğinin hər adama görə hesablanması mülkiyyətçinin hüquqlarına ziddir və qanunvericiliyə uyğun deyildir. Bundan başqa cavabdehin 15000 manata ev ala bilmıəyəcəyinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, kompensasiyanın verilməsinin məqsədi istifadə hüquqlarına xitam verilmiş şəxslərə özlərinə yaşayış sahəsinin alınması üçün deyil, bir müddət özlərinə yaşayış yeri əldə edənədək kirayədə qalmaq imkanlarınlarının yaradılmasından ibarətdir. İddiaçının təklif etdiyi 15.000 manat məbləğdə kompensasiya cavabdehlərə davamlı surətdə 5 il ərzində başqa yerdə əvvəlki evdə olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan «müəyyən müddət daxilində» ifadəsinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. “Müəyyən müddət daxilində” anlayışı onu tələb edir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin edə bilsin və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olsun. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda iddiaçı tərəfindən təklif onunan və birinci instansiya məhkəməsinin qiymətləndirdiyi 15 000 manat məbləğ ağlabatan və əsaslıdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-484/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-484/2025
05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver