Məhkəmə qərarları › İş №2(104)-487/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-487/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-487/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, «kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və sair» tələbə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1034/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 1.Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)- 3521/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçı X2 məxsus ünvan 1 ünvana olan istifadə hüququ itirilmiş hesab edilmişdir. 2.Daşınmaz əmlakın bağışlanması haqqında 23 dekabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evi X3 tərəfindən İddiaçı bağışlanmışdır. 3.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, 1-ci döngə, 10 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. 4.Gəncə Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(104)-948/2021 nömrəli qərardı ilə iddiaçı X1 Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsinə dair mülki iş üzrə iddiaçı X1 prosessual hüquqi varisi İddiaçı iddiadan imtina etməsi qəbul edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)- 3521/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə icraata xitam verilmişdir. 5.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(104)-1124/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(044)-3227/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(044)-3227/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. 6.Müstəqil ekspert X5 tərəfindən verilmiş 10 may 2022-ci il tarixli rəydən görünür ki, Gəncə şəhərində bir otaqlı təmirli mənzilin bir aylıq kirayə qiyməti 180-200 manat, bir otaqlı təmirsiz mənzilin bir aylıq kirayə qiyməti 110-130 manatdır. 7."xxxx" MMC tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, döngə 1, ev 10 ünvanında yerləşən 50,8 kvadrat metr yaşayış sahəsindən ibarət evin hazırki bazar qiyməti 39.000 manat, likvid dəyəri 35.800 manat, orta aylıq kirayə qiyməti 130-150 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən 7.200 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən pasport qeydiyyatından və cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən 50,8 kvadrat metr sahəsi olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli, 13 dekabr 2018-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzil ona anası X4 tərəfindən 03 dekabr 2018-ci il tarixdə bağışlanmışdır. Onun ögey qardaşı Cavabdeh əvvəllər həmin evdə qeydiyyatda olsa da, mərhum anası Z.Q.Hacıyeva məhkəmədə Cavabdeh qeydiyyatdan çıxarılmasına dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh həmin evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamış və 2019-cu ildə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra Cavabdeh passport və sənəd işləri ilə əlaqədar qeydiyyata düşmənin zəruri olduğunu bildirərək, ondan Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, ev 10 ünvanında yerləşən evinə qeydiyyata düşməsinə icazə verməsini xahiş etmişdir. O, qardaşının sənəd məsələləri ilə əlaqədar qeydiyyata düşməli olduğunu və çətin vəziyyətini nəzərə alaraq, təxminən 2019- cu ilin sonu – 2020-ci ilin əvvəllərində Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, ev 10 ünvanında yerləşən evə qeydiyyata alınmasına razılıq vermişdir. Lakin bu razılıq və Cavabdeh həmin mənzilə qeydiyyata düşməsi formal xarakter daşımışdır. Həmçinin cavabdeh bu razılıqdan sonra onun mülkiyyətində olan mənzilə qeydiyyata alınaraq, 2020-ci ilin fevral ayında özünə passport da almışdır. Həmçinin Cavabdeh Azərbaycan Respublikasına qayıtdıqdan sonra başqa yaşayış yerinin olmadığını bildirdiyindən, o, Cavabdeh həmin ünvanda müvəqqəti yaşamasına icazə vermişdir. Lakin Cavabdeh artıq 2 ildir ki, onun mülkiyyətində olan evdə yaşayır və həmin mənzildən çıxmaq istəmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, məhkəmədə iddia qaldırarkən, Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi və ona qonşu mərkəzi ərazilərdə bir otaqlı təmirli evin kirayə qiymətinin 180-200 manat, şəraiti zəif olan bir otaqlı evin kirayə qiymətinin 110-130 manat arasında dəyişdiyini öyrənmişdir. Qeyd olunan səbəbdən də o, 200 manat məbləğindən hesablamaqla, 3 il müddətinə kirayə mənzildə yaşamaq üçün 7.200 manat məbləğində kompensasiya təklif etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsi, cavabdehin onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən 7.200 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, cavabdehin həmin evdən pasport qeydiyyatından və cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 10.Gəncə şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1034/2022 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən 7.200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdeh əşyaları ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində isə 300 (üç yüz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. 11.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda iddiaçı Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən evin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış sahəsində yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Apelyasiya instansiya məhkəməsində icraat: Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. 12.Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-948/2021 saylı qərardadı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Mübahisəli ev ilə bağlı cavabdehin istifadə hüququ vardır. Məhkəmə bir mənalı şəkildə cavabdehin iddiaçının ailə üzvü olmasını göstərir. Bu isə tərəflər arasında olan mübahisənin məhkəməyə getməmişdən öncə məcburi ilkin mediasiya sessiyasından keçməsini zəruri edir. Mülki iş materiallarında isə iddiaçının ilkin mediasiya sessiyasından keçməsi barədə hər hansı arayış yoxdur. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 1124/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və qətnamə hazırda qüvvədədir. Kompensasiya isə ədalətli olmamışdır. Belə ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə hüququnun adi xitamını deyil, onun elə əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istfadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət deyildir. Apelyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 14.apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. apelyasiya icraatı iştirakçılarının izahatları 15.Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd edilən fərdi yaşayış evində hazırda yaşayır və onun başqa yaşayış yeri yoxdur. Bundan başqa qeyd olunan ev anası tərəfindən bacısı olan iddiaçıya bağışlansa da o həmin evdə yaşamışdır. 16.İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17.26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 18.33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 19.43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 20.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 21.152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 22.152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 23.228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 24.228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı. 25.Xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 26.14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 27.14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 30.372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 31.372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 33.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. 34.Hazırki iddia tələbi üç hissədən: -1. fərdi yaşayış evindən 7.200 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi; 2. cavabdehin həmin evdən pasport qeydiyyatından çıxarılması; 3. cavabdehin özünə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılmasından ibarət olmuşdur. 35.İşin hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 saylı qətnaməsi ilə Cavabdeh ünvan 1 ünvana olan istifadə hüququ itirilmiş hesab edilmiş, fərdi yaşayış evi 23 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 tərəfindən İddiaçı bağışlanmış və İddiaçı həmin evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. 36.Bundan sonra, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-948/2021 saylı qərardadı ilə iddiaçı Z.Hacıyevanın prosessual hüquqi varisi İddiaçı iddiadan imtinaya dair ərizəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 saylı qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. 37.Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi qismən əsaslı hesab edilərək 7.200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə cavabdehin əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. 38.Məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətin, yəni Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, 1-ci döngə, 10 ünvanında yerləşən evə istifadə hüququnun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(044)- 3521/2018 saylı qətnaməsi ilə itirildiyini və 2019-cu ildən sonra İddiaçı razılığı əsasında müvəqqəti olaraq həmin evdə yaşadığını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 39.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. 40.Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 2(044)-3521/2018 saylı qətnaməsində qeyd edilən hazırki tələb üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair nəticəyə gəlsə də digər sübut olaraq əlavə edilən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(104)- 1124/2022 nömrəli qətnaməsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 saylı qətnaməsinin ləğv edilməsinə dair hüquqi nəticənin qeyd olunmasını nəzərə almamışdır. 41.Belə ki, qeyd olunan məhkəmə aktından məlum olur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(044)-3521/2018 saylı qətnaməsi və onun yaratdığı bütün hüquqi nəticələr ləğv edilmişdir. 42.Odur ki, hazırki iş üzrə araşdırılma predmeti cavabdehin mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olub-olmaması və ona təklif edilən kompensasiya məbləğinin adekvatlılığıdır. 43.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququnun istər faktiki, istərsə də hüquqi əsası təkzib edilməzdir. Digər tərəfdən tərəflərin apellyasiya icraatı zamanı məhkəmə iclasında verdikləri izahatlarında da cavabdehin qeyd edilən fərdi yaşayış evində hazırda yaşaması, habelə, onun başqa yaşayış yerinin olması müəyyən edilmişdir. Bundan başqa cavabdehin mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququna xitam verilməsinə dair məhkəmə aktı da artıq hüquqi qüvvəsini itirmişdir. 44.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi və bununla bağlı hüquqi tənzim etmələrə tətbiq ediləcək maddi normanın tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır və hazırki münasibətə Mənzil Məcəlləsinin deyil, Mülki Məcəllənin müvafiq normaları tətbiq olunmalıdır. 45.Belə ki, Cavabdeh ilə İddiaçı bacı-qardaşdırlar, mübahisəli fərdi yaşayış evi onların valideynlərindən qalan mülkiyyət olmaqla cavabdehin həmin evdən istifadə hüququ mövcuddur. 46.Hazırki halda iddiaçı tərəfindən 7200 manat məbləğində kompensasiya təklif edilmiş, birinci instansiya məhkəməsi kompensasiyanın miqdarını kifayət qədər hesab edərək həmin məbləği təmin etmişdir. Ancaq cavabdeh kompensasiyanın miqdarı ilə razı olmamışdır. 47.Apellyasiya icraatı zamanı iddiaçıya kompensasiyanın məbləğinin artırılması ilə bağlı təklif olunmuş, ancaq iddiaçı bundan imtina etmişdir. 48.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 49.“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. 50.Məhkəmənin hüquqi mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. 51.Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. 52.Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsaslanaraq hesab edir ki, təklif edilən kompensasiya məbləği işin hallarına və real bazar qiymətinə uyğun olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1034/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxırılmaqla iddia tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar