Məhkəmə qərarları › İş №2(104)-49/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-49/2025

22.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-49/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun nümayəndəsi X3, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (atası) X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinə qarşı tikilinin sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-151/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-151/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon X5rşı “tikilinin sökülməsi və yolun açılması” tələbinə dair iddiaları təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti verərək, Bərdə rayon Məhkəməsinin 2(021)-151/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-673/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov - sədrlik edən və məruzəçi, L.S.Süleymanov və A.H.Hüseynzadə), iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3 (nümayəndəsi və vəkili X12) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-673/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3780/2023 saylı qərarı ilə (hakim Z.Əliyev sədrliyi və məruzəsi ilə, hakimlər A.Abbasov və İddiaçı1) kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(104)-511/2021 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 qeyri-qanuni hərəkətlərinə son qoyulması, cavabdehin qanunsuz olaraq tikmiş olduğu tikilinin dayandırılması, sökülməsi və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 qarşı tikilinin sökülməsi və yolun açılması tələbinə dair iddia ərizəsi üzrə işə baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlar Bərdə rayon Yeni Əricə kəndində yaşayırlar. Yeni Əyricə kənd Bələdiyyəsi tərəfindən onların mülkiyyətinə, ümumi istifadəsinə torpaq sahəsi verilmişdir. Lakin Bərdə rayon Yeni Əyricə kənd sakini hazırki iş üzrə Cavabdeh1 uzun müddətdir ki, onların istifadəsində olan torpaq sahəsinin 130 kv.m yolunu zəbt etmiş və hal-hazırda orada qanunsuz tikinti işləri aparır. Cavabdehin ailə üzvlərinin adına 15 sot torpaq sahəsi olmasına baxmayaraq əlavə olaraq da yola aid olan hissənin 130 kv.m hissəsini zəbt etmişdir. Cavabdeh1 onların icazəsi olmadan orada qanunsuz olaraq tikinti işləri aparır. Dəfələrlə belə bir hərəkəti etməməsini bildirsələr də heç bir faydası olmamışdır. Cavabdehin etdiyi hərəkət nəticəsində isə onların gediş-gəliş yolunda maneçilik yaranmışdır. Onlar gediş-gəliş yolundan rahat istifadə edə bilmirlər. Bundan əlavə, yolda suvarma məqsədi ilə istifadə olunan arxın mövcudluğu və torpaq sahəsinin yol kəsişməsində yerləşməsi həmin yolda avtomobillərin, yük maşınlarının, kənd təsərrüfatı texnikalarının və mal-qaralarının təhlükəsiz hərəkətlərinə mane olur. Hər hansı bir hadisə baş verərsə iki avtomobilin hərəkətində maneçilik yaranır. Kənd bələdiyyəsinə isə bu barədə məlumat verdikdə “mənlik heç bir şey yoxdur nə edirsiz özünüz edin” deyə bildirir. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə isə heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən baxılmış, həmin ərazinin ümumi istifadə də olan yola aid olduğu təyin edilmiş, yerli icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qanunsuz zəbt və tikinti faktının aşkarlanması ilə bağlı AKT tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 cavabdeh qismində, Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsi isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində küçə döngələrində görmə imkanı məhdudlaşmışdır. Kənd 1953-cü ildə salınmışdır və kəndin yolları həmişə geniş olmuşdur. Cavabdeh özü də etiraf edir ki, yolda olan su arxı əvvəllər həmin həyətdən keçirdi. Ekspert rəyindən də göründüyü kimi cavabdeh 225 kv.m ərazini zəbt edərək 4,90 metr yola tərəf irəliləmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, cavabdehin mülkiyyətində 0.15 ha torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifadəsində 0.1733 ha torpaq sahəsi mövcuddur, eləcə də tikilinin 4,70 metr hissəsinin də 0.15 ha torpaq sahəsindən kənarda inşa edildiyi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinin məktubundan da müəyyən olunur ki, mübahisəli ərazi ümumi istifadədə olan torpaq sahəsinə aiddir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı X2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh2 nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən gələməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirdi ki, iddiaçılar verdikləri iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ümumi istifadədə olan yolun zəbt edildiyini nəzərdə tutur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X7 (o, eləcə də İddiaçı2 prosessual hüquq varisi X6 qanuni nümayəndəsidir) apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, hazırda Cavabdeh2 mülkiyyətçisi olduğu iddiaçıya məxsus evlə qonşuluqda yerləşir. Cavabdehlə bərabər iddiaçıların da istifadə etdikləri ümumi istifadədə olan kənd yolunun eni əvvəllər 14.3 metr olmuş, Cavabdeh2 hazırda mülkiyyətində olan evi almamışdan əvvəl əvvəlki mülkiyyətçi hasar kimi yol kənarı boyunca kol bitkilər əkmiş, cavabdeh həmin evi aldıqdan sonra onun atası olan digər Cavabdeh1 kol bitkilərini təmizləyərək küçənin bir hissəsini zəbt etməklə daş hasar inşa etdirməyə başlamış, tikinti işini gördürməyə başladığı bir gündən ümumi istifadədə olan yolu zəbt etməməsi ondan xahiş edilmiş, lakin o, məhəl qoymadan tikinti işini davam etdirmiş, nəticədə avtonəqliyyat vasitələri yol daraldığına görə döngədən dönərkən çətinliklə qarşılışır. Odur ki, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinəı dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (atası) X10 da apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis Xəqani Süleymanov bildirmişdir ki, mütəxəssis rəyinin əsaslandırıldığı islahat xəritəsindəki məlumatlarla yolun naturadakı faktiki ölçüləri arasında ziddiyyət vardır. Belə ki, layihəyə əsasən yolun eni 14.30 metr olduğu halda faktiki olaraq 8,70 metrdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, habelə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən halları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-151/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 Hafis qızının tam mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********66-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh2 Hafis qızıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 11 nömrəli 07 fevral 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı1 İsa oğlunun iddia ərizəsində qeyd edilən yol hal-hazırda naturada mövcuddur. Cavabdeh1 mülkiyyətinə **********66-10301 reyestr nömrəli Çıxarışla 0.15 torpaq sahəsi verilsə də, fakt naturada istifadəsində 0.1733 ha torpaq sahəsi vardır. Cavabdeh naturada mübahisəli yolla istifadə etdiyi həyətyanı torpaq sahəsi arasında mövcud olan su arxına tərəfə artıraraq yarımçıq tikili və mişar daşı ilə hasar çəkmişdir. Cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri, koordinatları naturada təyin edilərək Hüquqi subyekt kimi Cavabdeh2 **********66-10301 reyestr nömrəsi ilə adına qeydiyyata alınmış texniki pasportdakı həyətyanı torpaq sahəsinin həndəsi ölçüləri ilə müqayisə edildi. Texniki pasportda koordinat göstəriciləri əks olunmadığından yalnız mübahisələndirilən həyətin faktiki en və uzunluq olçüləri ilə Texniki pasportda göstərilən həyətin en və uzunluq ölçüləri arasında fərqi təyin etmək mümkündür. Belə ki, Texniki pasportda göstərilən həyətin şimali-qərb hissəsi 30.15 m göstərilib, lakin naturada isə həmin həyətin şimali-qərb tərəfinin uzunluğu 35.0 m-dir. Texniki pasportdakı planda göstərilən həyətin cənub-şərq tərəfinin uzunluğu 31.2 m-dir, lakin naturada həmin tərəfin uzunluq ölçüsü 36.10 m-dir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş həmin İdarənin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən torpaq sahəsində tikilən tövlənin 4.70 metr hissəsi, Cavabdeh2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən kənara çıxmışdır. İşdə olan Bərdə rayonu Yeni Əyricə kənd bələdiyyəsinin məktubundan görünür ki, mübahisəli yolun iddiaçıların hərəkətinə maneəçiliyi yoxdur, tikilən tikilinin yola heç bir aidiyyəti yoxdur və tikilinin sökülməsində bələdiyyənin marağı yoxdur. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/7741 nömrəli rəyində aşağıdakılar göstərilir: - Mübahisəli ərazidə yerləşən ümumi istifadəli yol Bakı təsərrüfatı ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən ümumi istifadəli su arxı və gediş-gəliş yolunun ümumilikdə 14.30 metr olduğu müəyyən edilmişdir. - “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq, faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu (TEKUİS) işləri aparılmış və həmin məlumatlar elektron məlumat bazasına yerləşdirilmişdir. Odur ki, TEKUİS məlumat bazasına əsasən mübahisəli hissədə ümumi istifadəli su arxı nəzərə alınmaqla gediş-gəliş yolu ümumilikdə eni 8.70 metr müəyyən edilmişdir. 348 kv.m ölçüdə olan mübahisəli yarımçıq tikilinin 165 kv.m hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-10301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi üzərində, qalan 183 kv.m hissəsi isə Texniki passportda göstərilmiş, mülkiyyətdən artıq qalan, tutulmuş torpağında inşa edilmişdir. 2011-ci il və 2024-cü il ortofoto materillarına əsasən yolun eni mübahisəli ərazidə 8.70 m ölçüsündə olduğu müəyyən edilmişdir. Tikilinin bir hissəsi mülkiyyətdən artıq qalan torpaq sahəsində tikilsə də, yola müdaxilənin olub-olmamasını təyin etmək mümkün olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-10301 reyestr nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətinə 0.15 ha həyətyanı torpaq sahəsi verilmiş, bu texniki pasportda qeyd edilmiş, eyni zamanda torpaq sahəsi sənəd üzrə olduğundan 225 kv.m artıqdır, artıq torpaq sahəsi ştrixlənmişdir və torpaq sahəsinin cənub-qərb sərhəddində yerləşməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı da Cavabdeh2 məxsus torpaq sahəsinin cənub qərb sərhədində eni orta hesabla 4,675 metr (bir tərəfi 4,70 metr, digər tərəfi 4,65 metr), uzunluğu 47.30 metr ümumi istifadədə olan torpaq sahəsinin zəbt edildiyi, torpaq sahəsinin zəbt olunmuş hissələrində müəyyən tikinti işlərinin görüldüyü, bununla da iddaçıların fərdi yaşayış evinə gedən avtomaşın yolunu daraltdığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcələnin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən:

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi bələdiyyənin ümumi istifadədə olan torpaq sahələri alğı-satqı predmeti ola bilməz və həmin torpaq sahələri ümumi istifadədə olduğundan həmin torpaq sahəsindən istifadə hüququ məhdudlaşan hər bir şəxsin məhdudlaşmanın aradan qaldırılması üçün müraciət etməkdə subyektiv hüququ vardır. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən yolda tikili tikməklə həmin yolu daraltmasına, ümumi istifadədə olan torpaq sahəsini (yolu) özbaşına tutmasına əhəmiyyət verməyərək iddia tələbini təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə iş üzrə hərtərəfli araşdırma aparmadan, müvafiq rəy almadan qeyri dəqiq yekun nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh2 məxsus Bərdə rayonu Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsinin cənub qərb sərhədində eni orta hesabla 4,675 metr (bir tərəfi 4,70 metr, digər tərəfi 4,65 metr), uzunluğu 47.30 metr ümumi istifadədə olan torpaq sahəsində inşa edilmiş tikililər sökülməklə ümumi istifadədə olan yol açılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1, 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(021)-151/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Cavabdeh2 məxsus Bərdə rayonu Yeni Əyricə kəndində 0.15 ha torpaq sahəsinin cənub qərb sərhədində eni orta hesabla 4,675 metr (bir tərəfi 4,70 metr, digər tərəfi 4,65 metr), uzunluğu 47.30 metr ümumi istifadədə olan torpaq sahəsində inşa edilmiş tikililər sökülsün və ümumi istifadədə olan yol açılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi Kod 210005, VÖEN 140155071, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab № AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar