Məhkəmə qərarları › İş №2(104)-491/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-491/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-491/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı mülki iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7000 (yeddi min) manat kompensasiya ödəməklə mülkiyyətində olan Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 həyətyanı torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10.000 (on min) manat kompensasiya ödəməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmənin həmin qətnaməsindən 31 oktyabr 2023-ci il tarixdə apellasiya şikayəti vermişlər. Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı mülki iş üzrə 04 noyabr 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı mülki iş üzrə 21 noyabr 2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işin şikayətə baxılması üçün Gəncə Apellaysiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-2942/2023 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadının qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi və yeni qərardad qəbul edilərək, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işin Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı mülki iş üzrə 28 dekabr 2023cü il tarixli qərardadı ilə məhkəmənin iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişlər. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)- 802/2021 saylı mülki iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinəəsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. İş materiallarından müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 nömrəli qətnaməsi cavabdehlərin ünvanı olan Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanına göndərilmiş və Cavabdeh2 həmin qətnaməni 29 sentyabr 2021-ci il tarixdə rəsmi qaydada almış, qətnamədən apellyasiya şikayətini isə bundan 2 il 1 ay 2 gün sonra-31 oktyabr 2023-cü il tarixdə vermişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə, hər hansı bir mötəbər sübut növü ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı mülki iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadı işin hallarına uyğun və hərtərəfli araşdırılmaqla qəbul edilmişdir. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı mülki iş üzrə 04 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar