Məhkəmə qərarları › İş №2(104)-499/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-499/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-499/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: evin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməsi yolu ilə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı evin təmirinə çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(052)-176/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır;

2. xx.xx.2023-cü il tarixli GTKR3020657B156 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 35 ay müddətinə illik 19.4 faiz dərəcəsi ilə 7800 manat kredit verilmişdir;

3. xx.xx.2023-cü il tarixli GTKR4403690B299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 9690 manat məbləğində kredit verilmişdir;

4. xx.xx.2024-cü il tarixli RGRR7600245B156 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 əvvəl bağladığı kredit müqaviləsi üzrə ödəniş şərtləri restrukturizasya edilmiş və yeni ödəniş cədvəli tərtib edilmişdir;

5. "xxxx" ASC tərəfindən Cavabdeh2 verilmiş 18 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 1881.02 manat pul vəsaiti verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 2 ünvanda 0.02 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.6 kv.m olan fərdi yaşayış evindən istifadə etmək hüququnun əvəzində onun tərəfindən cavabdehlərə ümumilikdə 3000 manat pulun ödənilməsi müqabilində evdən istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər və onların azyaşlı uşağının ona məxsus ünvan 3 ünvanda 0.02 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.6 kv.m olan fərdi yaşayış evindən istifadə etmək hüququnun əvəzində onun tərəfindən cavabdehlərə ümumilikdə 3000 manat pulun ödənilməsi müqabilində evdən istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdeh2 da qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı onun evinin təmiri və yenidən qurulması üçün çəkdiyi 13440 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun qaynatası olmuşdur. İlk iddia ərizəsində cavabdeh kimi göstərilən oğlu Cavabdeh1 ilə 22 oktyabr 2013-cü il tarixdə el adəti qaydasında ailə qurmuş, lakin Nicatın təqsirindən nikahlarını rəsmi qeyd etdirməmişlər. O, Cavabdeh1 hər dəfə nikahlarını qeyd etdirməli olduqlarını deyəndə, Nicat müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Birgə yaşadıqları müddətdə 28 yanvar 2017-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. O, gəlin kimi 22 oktyabr 2013-cü il tarixdə İddiaçı məxsus evə gəlmiş və uşaqları Zeynəb də, həmin evdə doğulub-böyümüşdür. 2018-ci ildən isə İddiaçı razılığı ilə özü və qızı Zeynəb həmin evə pasport qeydiyyatına düşmüşlər. Hazırda həmin mübahisəli evdə yaşayırlar. O, yaşadıqları ev təmirsiz olduğu üçün təmir etdirmək qərarına gəlmiş və bu məqsədlə cavabdehin razılığı ilə 2023-cü ilin ayrı-ayrı aylarında "xxxx" ASC-nin Naftalan şəhər filialından ümümilikdə 9087 manat kredit götürmüşdür. Məhkəməyə təqdim etdiyi kredit müqavilələrinin ödəniş cədvəlindən görünür ki, götürdüyü kreditin əvəzində "xxxx" ASC-nin Naftalan filialına ümumilikdə 13440 manat kredit ödəməlidir. O, həmin evə gəlin gələrkən ev 2 otaq və 1 zaldan ibarət olmaqla, təmirsiz vəziyyətdə olmuşdur. Evdə təmir işlərini usta olan atası və qardaşı aparmışlar. Təmir nəticəsində əlavə olaraq bir otaq, mətbəx, hamam-tualet, dəhliz və həyətdə su hovuzu tikdirmiş və bu işlərə görə heç bir usta pulu ödəməmişdir. Yəni ki, atası və qardaşı ona görə bu işləri haqqını almadan görmüşlər. Cavabdeh İddiaçı hazırda məhkəmədə 3000 manat kompensasiya əvəzində onun və formal olaraq guya ki, oğlu Cavabdeh1 evdən çıxarılmaları barədə iddia qaldırmışdır. O, ilk iddianı əsassız hesab etdiyi üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən həmin evin təmirinə və yeni tikililər üçün çəkdiyi 13440 manat pulun alınaraq ona verilməsini istəyir.

10. Naftalan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(052)-176/2024 nömrəli qətnaməsi ilə (hakim Ayaz Səlimov) ilk iddia təmin edilərək, Cavabdeh1 3000 (üç min) manat kompensasiya ödənilməklə onun İddiaçı məxsus Naftlan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, küçə 02, ev 12-də yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları X1 ilə birlikdə həmin evdən çıxarılması; Qarşılıqlı iddianın qismən təmin edilməsi; İddiaçı 1881 (min səkkiz yüz səksən bir) manat pul vəsaiti və ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 18 (on səkkiz) manat dövlət rüsumu alınaraq Cavabdeh2 ödənilməsi; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 157.1, 157.4 və 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, həmçinin Mülki Məcəllənin 157.4, 225.1, 225.3, 324.1, 324.2, 324.3, 385.1, 386.1, 397, 666.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.2 və 1092ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə onun ilkin iddiaçının razılığı ilə mənzildə təmir işləri aparmasını, işlər qurtarandan qısa bir müddət sonra ilkin iddiaçının onu evdən çıxartması barədə iddia qaldırmasını nəzərə almamışdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Təbii ki, belə olan halda onun mülkiyyətçi ilə arasında hər-hansı öhdəlik-hüquq münasibətləri olmamış, sadəcə təmirdən sonra da daimi olaraq həmin evdə yaşayacağını güman etmiş, iddiaçı isə məqsədli şəkildə təmir işlərinin bitməsini gözləyib onu evdən çıxartmışdır. Sözsüz ki. cavabdeh təmir bitən kimi evdən çıxarılmasını bilsəydi, o evdə təmir işləri aparmazdı. İşin həqiqi hallan ondan ibarətdir ki, ilkin iddiaçı onun qaynatası olmuşdur. İlk iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh1 ilə 22 oktyabr 2013-cti il tarixdə el adəti qaydasında ailə qurmuş, lakin Nicatın təqsirindən nikahlarını rəsmi qeyd etdirməmişlər. O, Cavabdeh1 hər dəfə nikahlarını qeyd etdirməli olduqlarını deyəndə, Nicat müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Birgə yaşadıqları müddətdə 28 yanvar 2017-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. O, gəlin kimi 22 oktyabr 2013-cü il tarixdə İddiaçı məxsus həmin evə gəlmiş və uşaqları Zeynəb də həmin evdə doğulubböyümüşdür. 2018-ci ildən isə İddiaçı razılığı ilə özü və qızı Zeynəb həmin evə pasport qeydiyyatına düşmüşlər. Hazırda həmin mübahisəli evdə yaşayırlar. O, yaşadıqları ev təmirsiz olduğu üçün təmir etdirmək qərarına gəlmiş və bu məqsədlə cavabdehin razılığı ilə 2023-cü ilin ayrı-ayrı aylarında "xxxx" ASC-nin Naftalan şəhər filialından ümümilikdə 9087 manat kredit götürmüşdür. Məhkəməyə təqdim etdiyi kredit müqavilələrinin ödəniş cədvəlindən görünür ki, götürdüyü kreditin əvəzində "xxxx" ASC-nin Naftalan filialına ümumilikdə 13440 manat kredit ödəməlidir. O, həmin evə gəlin gələrkən ev 2 otaq və 1 zaldan ibarət olmaqla, təmirsiz vəziyyətdə olmuşdur. Evdə təmir işlərini usta olan atası və qardaşı aparmışlar. Təmir nəticəsində əlavə olaraq bir otaq, mətbəx, hamam-tualet, dəhliz və həyətdə su hovuzu tikdirmiş və bu işlərə görə heç bir usta pulu ödəməmişdir. Yəni ki, atası və qardaşı ona görə bu işləri haqqını almadan görmüşlər. Cavabdeh İddiaçı hazırda məhkəmədə 3000 manat kompensasiya əvəzində onun və formal olaraq guya ki, oğlu Cavabdeh1 evdən çıxarılmaları barədə iddia qaldırmışdır Məhkəmədə iştirak edən İddiaçı da etiraf etmişdi ki, onun tərəfindən 2023-cü ildə evdə əlavə olaraq öz vəsaiti hesabına sanitar qovşaq-hamam, mətbəx, uşaq otağı, kolidorun müəyyən hissələrini və həyətdə əlavə su çəni inşa etdirmiş, ilk olaraq götürdüyü kreditin 7500 manatını ona vermiş, həmin pul ilə alınan materialların və ustaların pulları verilmişdir, lakin təmir zamanı Aysel verdiyi 7500 manatdan 650 manatını özünə lazım olduğu üçün ondan götürmüşdür. Qalan 6850 manatı isə həqiqətən də tam şəkildə təmirə xərcləmişdir. Həmin ifadələrdən də görünür ki, 2023-cü ildə həmin evdə təmir işləri aparılmış, hətta pulun bir hissəsini İddiaçı özü götürüb təmirə xərcləmişdir. Belə olan halda, cavabdeh İddiaçı məqsədyönlü şəkildə ondan pulları götürüb öz evini təmir etdirib, təmir işləri bitən kimi də onu evdən çıxartmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ilkin iddiaçı məhkəmədə iddia qaldırıb onu evdən çıxaracaqdısa, nəyə görə, o, bankdan kredit götürüb evi təmir etdirirdi. Evin təmir işləri 2024-cü ilin mart ayında bitmiş, həmin ilin sentyabr ayında da ilkin iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, mübahisəli evə köçərkən ev yaşayış üçün normal şəraitdə olmamışdır. Evin mülkiyyətçisi olan ilkin iddiaçının razılığı ilə evi təmir etdirmişdir. Çünki, ilkin iddiaçı onlara demişdir ki, «ev sizindir». Hələ 4 il banka hər ay 280 manat kredit ödəyəcək, himayəsində azyaşlı uşağı var. Sədrlik edənin suallarına cavab olaraq qarşılıqlı iddiaçı bildirmişdir ki, 11 ildir mübahisəli evdə yaşayır. Bu müddət ərzində aralarında narazılıq olsa belə, münasibətləri bu həddə çatmamışdır. Bankdan götürdüyü kredit vəsaiti hesabına evi təmir etdirdikdən sonra ilkin iddiaçı «başım səs-küyünüzü götürmür» deyib onları evdən çıxartmaq istəyir. Hazırda evdə yaşasa da, ancaq ev davası etmir. Evin təmirinə sərf etdiyi vəsaiti ilkin iddiaçı ödəsin. Evin təmirinə 7500 manat vəsait sərf etmiş, bundan başqa ilkin iddiaçıya 1881 manat vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlərlə bir ünvanda yaşayırlar. Həyətdə əsas yaşayış sahəsi və köməkçi tikili vardır. Əsas sahədə oğlu və gəlini, köməkçi tikilidə isə özü yaşayır. Oğlu ilə gəlini arasında tez-tez mübahisə yaranır və onların səs-küylərini eşitmək istəmir. Gəlini bankdan kredit götürüb evi təmir etdirmişdir. Mübahisəli evi də oğlu və ya gəlininə vermək fikri yoxdur, ev özünə məxsusdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, evin təmirinə gəlini tərəfindən 6850 manat vəsait sərf edilib. Gəlini evdə əlavə tikinti edib, onu da söksün aparsın, qalan pulu gəlini özü xərcləyib. 6850 manat pul özündə olub və ustalara, o cümlədən evin təmiri ilə bağlı digər məsrəflərə sərf etmişdir. O, 2013-cü ildə gəlini olan Cavabdeh2 onun evinə köçən zaman mübahisəli evi oğlu və gəlini olan cavabdehə verəcəyini demiş, ancaq indi fikrini dəyişib həmin evi onlara bağışlamayacaq. İlkin İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

23. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Yalnız qarşılıqlı iddiaçı Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni ilkin və qarşılıqlı iddiaya aid hissədə mübahisələndirmişdir. Apellyasiya şikayətinin məzmunundan, eləcə də qarşılıqlı iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, qətnamə ilkin iddianın Cavabdeh2 aid hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi» hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməli, cavabdeh İddiaçı 6850 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ilkin İddiaçıla Cavabdeh1 ataoğuldurlar. Cavabdeh1 2013-cü ildə digər Cavabdeh2 ilə faktiki ailə qurmuşdur, lakin nikahları qeydə alınmamışdır. Onların birgə ailə münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü Zeynəb adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 2013-cü ildə Cavabdeh2 ilə ailə münasibətləri qurarkən sonuncu ilkin İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Faktiki ailə münasibətləri davam etdiyi müddətdə onlar sözügedən ünvanda yaşamışlar. Bununla yanaşı müəyyən olunur ki, Cavabdeh2 bankdan götürdüyü kredit vəsaiti hesabına həmin evdə təmir işləri aparmışdır. Evin mülkiyyətçisi İddiaçı oğlu və gəlininin ona məxsus evdə yaşamalarını istəmədiyini əsas gətrərək kompensasiya verilməklə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları bardə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 da evin təmirinə çəkilmiş xərcin ödənilməsi barədə məhkləməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Bu qətnamənin 33-cü bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia ilə bağlı Cavabdeh2 münasibətdə, habelə qarşılıqlı iddianın təmin edilməmiş hissəsində yoxlanılır.

38. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. İlk öncə qeyd edilməlidir ki, iş üzrə iki iddia tələbi mövcuddur. İlkin iddia evdən çıxarılma, qarşılıqlı iddia isə evin təmirinə çəkilmiş xərcin ödənilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə ilkin iddia üzrə (yoxlanılan hissədə) hüquqi dəyərləndirmə aparılmalıdır.

40. Cavabdeh2 2013-cü ildə ilkin iddiaçının oğlu Cavabdeh1la faktiki ailə qurmaqla mübahisəli evə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

42. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

43. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; Cavabdeh2 isə həmin şəxslər dairəsinə aid deyildir və onun mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bundan başqa, Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir ki, bu halda onun evin mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan təqdirdə, məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni Cavabdeh2 istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna edilir. Odur ki, ilkin iddianın yoxlanılan, yəni Cavabdeh2 aid hissədə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

44. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddianın yoxlanılan hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

45. İşin mübahisə olunmayan hallarıdır ki, Cavabdeh1 2013-cü ildə qarşılıqlı iddiaçı Cavabdeh2 ilə faktiki ailə qurmuşdur və sonuncu ilkin İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Faktiki ailə münasibətləri davam etdiyi müddətdə onlar sözügedən ünvanda yaşamışlar.

46. Bununla belə, işin faktiki halları ilə müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh2 bankdan götürdüyü kredit vəsaiti hesabına həmin evdə təmir işləri gördürmüşdür. Belə ki, işdəki sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli GTKR3020657B156 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC-dən 35 ay müddətinə illik 19.4 faiz dərəcəsi ilə 7800 manat kredit götürmüşdür; Mübahisəli evin mülkiyyətçisi olan cavabdeh İddiaçı da apellyasiya baxışı zamanı verdiyi izahatında evin təmirinə gəlini (qarşılıqlı iddiaçı) tərəfindən 6850 manat vəsait sərf edildiyini, 6850 manat pulun özündə olduğunu və ustalara, o cümlədən evin təmiri ilə bağlı digər məsrəflərə sərf etdiyini bildirmişdir (bax bu qətnamənin 16-cı bəndi).

47. Beləliklə, müəyyən edilmişdir ki, həqiqətən də qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən mübahisəli fərdi yaşayış evinin təmirinə 6850 manat vəsait sərf edilmişdir.

48. Qarşılıqlı iddiaçı Cavabdeh2 evin təmirinə 13440 manat vəsait sərf etdiyini iddia etsə də, lakin evin təmirinə onun məhz həmin məbləğdə vəsait sərf etdiyi işin faktiki halları ilə öz təsdiqini tapmamış, habelə qarşılıqlı iddiaçı tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qarşılıqlı iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, bankdan evin təmirinə görə 9087 manat vəsait götürmüşdür. Qarşılıqlı iddiaçı banka qaytarılacaq faiz borclarını da nəzərə alaraq cavabdeh İddiaçı 13440 manat vəsait tələb etməsi əsassızdır. Çünki, qarşılıqlı iddia öz iradə ifadəsi əsasında kredit təşkilatı ilə müqavilə bağlayaraq kredit vəsaitinin verilməsinə görə faiz borcu qaytarılmasına razılaşmış, habelə bu öhdəliyi üzərinə götürmüşdür. Cavabdeh İddiaçı isə kredit borcunun qaytarılmasına görə hər hansı hüquqi məsuliyyət daşımamaqdadır.

49. Beləliklə, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisə predmeti olan evin təmir-tikinti işlərinə 6850 manat vəsait sərf etmişdir.

50. Eyni zamanda, işin faktiki halları ilə müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh2 evdə aparılan təmir-tikinti işlərini cavabdeh İddiaçı zənginləşdirmək (bağışlama) məqsədilə həyata keçirtməmişdir. Çünki, məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı «evi gəlinimə və oğluma verəcəm» barədə vədinə əsaslanaraq təmir işlərinə vəsait sərf etdiyini bildirmişdir. Eyni zaman, evin mülkiyyətçisi olan cavabdeh İddiaçı da qarşılıqlı iddiaçı Cavabdeh2 bu arqumentlərini təsdiq edərək «2013-cü ildə evi gəlinimə və oğluma bağışlayacağım barədə vəd vermişdim, ancaq hazırda fikrimdən daşınmışam» deyə bildirmişdir.

51. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh2 evin gələcəkdə əri və ona veriləcəyi barədə cavabdeh İddiaçı vədinə inanaraq evin təmirinə 6850 manat vəsait sərf etmişdir. Mövcud vəziyyətdə isə, qarşılıqlı iddiaçı Cavabdeh2 evin mülkiyyətçisi olan İddiaçı evdən çıxarılma barədə iddiası əsasında təmirinə 6850 manat vəsait sərf etdiyi evdən məhrum olmuşdur. Buna baxmayaraq, cavabdeh İddiaçı qarşılıqlı iddiaçının məhrum olduğu sözügedən vəsaiti geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır.

52. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin təmirinə görə çəkilmiş 6850 manat xərcin əvəzinin cavabdeh İddiaçı tutulması üçün qanuni əsaslar mövcuddur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh İddiaçı 6850 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilməlidir.

53. Bundan əlavə, 6850 (altı min səkkiz yüz əlli) manat məbləğində qiymətləndirən iddia ərizəsi verilməsinə görə ödənilməli dövlət rüsumu 88,50 (səksən səkkiz manat əlli qəpik) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin vəsait cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(052)-176/2024 nömrəli qətnaməsi «Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi» hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı 6850 (altı min səkkiz yüz əlli) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 88,50 (səksən səkkiz manat əlli qəpik) manat, ümumilikdə 6938,50 (altı min doqquz yüz otuz səkkiz manat əlli qəpik) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar