Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-514/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və miras payın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vülqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı3 nümayuəndəsi və vəkili X12, Cavabdeh4 və onun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X3 rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və 0,1199 ha torpaq sahəsininin 1/3 hissəsini arvadı Cavabdeh4 bağışlamışdır.
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 22 iyun 2022-ci il tarixli 121 nömrəli arayışdan görünür ki, Aşağı Öysüzlü kəndi İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 09 nömrəli təsərrüfatbaşına kitabın 849-cu şəxsi hesabında təsərrüfat X7 adınadır. İddiaçı1 X7 qızı olmaqla onun ailə üzvü kimi göstərilmiş, qeydiyyatda Aşağı Öysüzlü kəndində olması göstərilmiş və xx.xx.1977-ci ildə anadan olması qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 22 iyun 2022-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, Aşağı Öysüzlü kəndi İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 09 nömrəli təsərrüfatbaşına kitabın 849-cu şəxsi hesabında təsərrüfat X7 adınadır. İddiaçı3 X7 qızı olmaqla onun ailə üzvü kimi göstərilmiş, qeydiyyatda Aşağı Öysüzlü kəndində olması göstərilmiş və xx.xx.1976-cı ildə anadan olması qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 25 iyul 2022-ci il tarixli 115 nömrəli arxiv arayışından görünür ki, Aşağı Öysüzlü kəndi İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996- 2000-ci il tarixli 13 saylı təsərrüfatbaşına kitabın 1039-cu şəxsi hesabında təsərrüfat X8 adına olmaqla İddiaçı2 X7 qızı olmaqla onun ailə üzvü kimi göstərilmiş, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla xx.xx.1974-cü ildə anadan olması qeyd edilmişdir.
5. AZ-İİ seriyalı 249918 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 15 iyun 2022-ci il tarixdə ölmüşdür.
6. Tovuz Rayon Qeydiyyat Şöbəsinin 23 iyul 2022-ci il tarixli çıxarışdan görünür ki, X16 ilə X5 nikaha girərək ailə qurmuşlar.
7. 23 iyul 2022-ci il tarixli arayışlardan görünür ki, X16 və X9 birgə nikahından xx.xx.1974-cü ildə İddiaçı2, xx.xx.1976-cı ildə İddiaçı3, xx.xx.1977-ci ildə İddiaçı1 anadan olmuşlar.
8. AZ-İ seriyalı 604132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 mart 2005-ci il təvəllüdlü X10 atası X16, anası Cavabdeh4dır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 iyun 2022-ci il tarixli Çıxarışından görünür ki, fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh4 bağışlanmışdır. Torpaq sahəsinin 1/3 hissəsi X10 adına qeydə alınmışdır.
10. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyul 2022-ci il tarixli Qərardan görünür ki, Cavabdeh4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat işi açılmasından ötrü qərarın surəti Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 may 2022-ci il tarixli, 4Ə642 reyestr nömrəli X16 ilə Cavabdeh4 arasında bağlanmış və Tovuz Regional “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində təsdiq olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar X16 ilə X9 birgə nikahlarından anadan olmuşlar. X2 anaları Məhsəti Zeynalovanın ölümündən sonra 29 aprel 2005-ci ildə X5 ilə evlənib ailə qurmuşdur. Zeynalova Məlahət mübahisəli mülkə ərə gəlmişdir. X16 24 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini arvadı Cavabdeh4 bağışlamışdır. X16 vəfat etdikdən sonra onlar atalarının yas mərasimində iştirak etmişlər. Məlahət onları mübahisəli evə buraxmadığından aralarında mübahisə yaranmışdır. Onların atalarına məxsus olmuş evdən məcburi payları vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbinin qismən təmin edilməsi, 24 may 2022-ci il tarixli bağışlama müqaviləsinin fərdi yaşayış evinə dair hissədə qismən, torpaq sahəsinin bağışlanılmasına dair hissədə isə tamamilə etibarsız hesab edilməsi, 03 iyun 2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Cavabdeh4 aid hissədə ləğv edilməsi, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinin 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi torpaq sahəsinin 1/18 hissəsinə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manatının Cavabdeh4 alınaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, miras kütləsinə fərdi yaşayış evi və torpaq sahəsi daxildir. Məhkəmə hesab etmişdir ki, öncə fərdi yaşayış evinə vərəsələrin payları müəyyən edilməlidir. Fərdi yaşayış evi Cavabdeh4 bağışlanarkən Zahid Yolçuyevin digər vərəsələrinin həmin əmlakdan məcburi paya malik olmaları nəzərə alınmamışdır. Məcburi pay hüququ olan şəxslərdən 3 nəfər hazırki iş üzrə iddiaçılardan ibarət olduğundan, digər iki nəfər, Cavabdeh4 və Zülfü Yolçuyev isə qanun üzrə vərəsələr olduğundan onlara qanun üzrə çatacaq payın yarısı qədər hazırki iş üzrə iddiaçılara mirasdan məcburi pay verilməlidir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 667.1, 1134.1, 1160, 1193, 1200, 1243, 1246-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarının müvafiq müddəalarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh4 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, mərhum X16 onur əri olmaqla bağışlama müqaviləsini öz iradə ifadəsi olaraq bağlamışdır. Bəlkə də nərhum əvvəlcədən qızlarının onu evdən qovacaqlarını düşündüyündən həmin müqaviləni bağlamışdır. İddiaçılar mübahisəli olan ata evində yaşamamışlar, uzun illərdir ölkə kənarında yaşamışlar. Atalarının vəfatından 33 gün sonra yas mərasiminə gəlmişlər. Bu zaman mübahisə salaraq onu evdən qovmağa çalışmışlar. Mərhum sağ ikən öz əmlakı barəsində sərəncam hüququnu həyata keçirib bağışlama etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 və onun vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatlarında göstərmişlər ki, iddiaçıların mərhum Zahid Yolçuyevin birinci nikahından olan uşaqlarıdır. Onlar ərə getməklə Rusiya Federasiyasında ailələri ilə birlikdə yaşayırlar və uzunmüddətdir ki, atasının evində yaşamırlar. Mübahisəli evdə Cavabdeh4 və oğlu yaşayır. X26 da sağlığında öz əmlakını həyat yoldaşı Məlahətə bağışlamışdır. Bağışlama müqaviləsi qanuna uyğun və iradə ifadə əsasında bağlanmışdır.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 vəkili X19 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, digər cavadehlərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı3 nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
25. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)- 2023/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işin halları ondan ibarətdir ki, X7 adına Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və paylı mülkiyyətdə 0,1199 ha torpaq sahəsi olmuş, o fərdi yaşayış evini və torpaq sahəsinin 1/3 hissəsini arvadı Cavabdeh4 bağışlamış, bununla da arvadın torpaq sahəsindəki payı ümimi torpaq sahəsinin 2/3 hissəsini təşkil etmişdir. İşdə olan texniki pasportdan göründüyü kimi bağışlanan ev X16 ilə onun birinci arvadı X17 ilə birgə nikah müddətində, yəni 1989-cu ildə tikilmişdir. İşdə olan nikah haqqında arayışdan da görünür ki, X16 ilə X17 1969-cu ildə nikaha girmişlər. X16 15 iyun 2022-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Cavabdeh4, X18, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ibarət vərəsələri qalmışdır.
30. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, miras kütləsinə fərdi yaşayış evi və torpaq sahəsi daxildir. Məhkəmə hesab etmişdir ki, öncə fərdi yaşayış evinə vərəsələrin payları müəyyən edilməlidir. Fərdi yaşayış evi Cavabdeh4 bağışlanarkən Zahid Yolçuyevin digər vərəsələrinin həmin əmlakdan məcburi paya malik olmaları nəzərə alınmamışdır. Məcburi pay hüququ olan şəxslərdən 3 nəfər hazırki iş üzrə iddiaçılardan ibarət olduğundan, digər iki nəfər, Cavabdeh4 və Zülfü Yolçuyev isə qanun üzrə vərəsələr olduğundan onlara qanun üzrə çatacaq payın yarısı qədər hazırki iş üzrə iddiaçılara mirasdan məcburi pay verilməlidir.
31. Həmin qətnamə ilə razılaşmayan cavabdehin dəlili ondan ibarət olmuşdur ki, mərhum həyat yoldaşı əmlakın bir hissəsini ona bağışlayarkən öz iradə ifadəsini nümayiş etdirmiş, heç bir kənar təsirə məruz qalmamışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçılar iddiasının hüquqi əsası kimi, Mülki Məcəllənin 1200-cü maddəsinin dispozitiv şərtlərinin pozulmasını bildirsələr də, həmin maddə bir neçə şərtin məcmu halında mövcüdluğunu şərtləndirir. Bu şərtlərə görə, tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;- əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli;həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi, həmin maddənin rəhbər tutulmasının əsas şərti bağışlama müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində bu vərəsələrin miras əmlakının artmasına səbəb olmalıdır. Hazırki işdə isə iddiaçılar tərəfindən mərhum ataları Zahid Yolçuyevin hər hansı bir mirasının qəbul edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab olunduğu təqdirdə paylarının artacağı görünmür. Onlar sadəcə atalarının sağlığında bağışladığı əmlaka iddia edirlər ki, bu da bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas deyildir.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
34. Baxılan işdə isə iddiaçıların iddia etdiyi əmlak artıq miras aktivini təşkil etməmişdir.
35. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının pozulmasına yol vermiş, tətbiq etdiyi normaları düzgün təfsir etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rusumu iddiaçı tərəfə aid edilməlidir.
37. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.