Məhkəmə qərarları › İş №2(104)-519/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-519/2025

13.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-519/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı,ç Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış binasından çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qovlar şəhərində yerləşən **********28 saylı çıxarışda göstərilən 0,0677 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X12 xx.xx.2011-ci ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Cavabdeh oğlu ilə evlənən gündən Tovuz Rayonu Qovlar şəhəri S.Vurğun küçəsi ev 5-də yerləşən evə gəlin köçmüşdür. Həmin evdə o, əri Məhərrəm Quliyev və uşaqları yaşayır. Oğlu ilə Təranənin birgə nikahlarından xx.xx.2011ci ildə Ləman, xx.xx.2012-ci ildə Leyla adlı uşaqları onların yaşadıqları evdə anadan olmuş və oğlu ayrıldıqları günə kimi həmin evdə onlarla birgə təsərrüfatda yaşamışlar. Cavabdeh evlənən gündən köçdüyü fərdi yaşayış evi qaynatası X4 məxsus olmuşdur.Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi xx.xx.2024- cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun və ailə üzvlərinin adına qeydə alınmış və həmin torpaq sahəsinə dair adına çıxarış verilmişdir. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olmaqla reyestrdə əri X2, oğlu X7, X5 və o, yəni İddiaçı adına qeydiyyata alınmışdır. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olsa da, həmin torpaq sahəsində ümumi sahəsi 126 kv.m sahəsi olan fərdi yaşayış evini o və əri birgə nikah dövründə inşa etdirmişlər. Mübahisə olunan fərdi yaşayış binası əri ilə onun birgə vəsaiti hesabına inşa olunub. Məhkəmə prosesində işin bu halının təsdiq oluması ilə bağlı ustaları və şahidləri məhkəmə iclasına dəvət edəcəklər. Oğlu və cavadeh həmin evə heç bir xərc çəkməmişlər. Cavabdeh ilə oğlu X12 arasında narazılqlar yaranmış və cavabdeh atası evinə çıxıb getmiş, onların nikahı Tovuz Rayon Məhkəməsinin 31 07. 2023- cü il tarixli qətnaməsi ilə pozulmuşdur. 6 ay bundan qabaq Cavabdeh gecə vaxtı Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,0677 ha torpaq sahəsini tutmuş və həmin torpaq sahəsində yerləşən evin qapısının qıfılını sındırmış və onların icazəsi olmadan qanunsuz olaraq evə daxil olmuşdur. O, onun evə daxil olmasına mane olmaq istəsə də, cavabdeh ona fiziki xəsarət yetirərək evə daxil olmuş, onu isə zorla öz evindən çıxarmışdır. Cavabdeh mübahisə olunan evdə bir gündə olsun belə yaşamamış, zorla evə köçdüyü gündən sonra yaşamağa başlamışdır. Mübahisə olunan torpaq sahəsində və fərdi yaşayış evində cavadehin istifadə etməsi ilə bağlı nə onun, nə də ailə üzvlərinin razılığı olmamışdır. İddia ərizəmə əlavə etdiyi sənədlərlə də müəyyən olnur ki, Təranənin həmin torpaq sahəsindən və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən nə istifadə, nə də sahiblik hüququ var. Belə ki, onunla və ya digər mülkiyyətçilərlə cavabdeh arasında nə torpaq sahəsindən nə də fərdi yaşayış evindən istifadə və ya kirayə müqaviləsi bağlanmamışdır. Yaranmış hüquq münasibətləri 2011-ci ildən yarandığından mübahisələri Mənzil məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir. Həmin normanın tələbinə əsasən onunla oğlu arasında ailə münasibətlərinə xitam verildikdən sonra Təranənin mübahisə olunan evdə istifadə hüququ yaranmır və bundan başqa nə sadə,nə də yazılı formada onların aralarında müqavilə bağlanmayıb və daşınmaz əmlakın dövlət reyestrində belə bir müqavilə qeydiyyata alınmamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-811/2020 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qovlar şəhərində yerləşən **********28 saylı çıxarışda göstərilən 0,0677 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Qətnamədə qeyd edilir ki, mübahisə olunan evin mülkiyyətçısı oğlu X8r. Mübahisə olunan ev dövlət reyestrində qeydə alınmadığından ev kiminsə mülkiyyətində ola bilməz. Bundan başqa qeyd etdiyi kimi, oğlu ilə cavabdehin nikahları məhkəmə qaydasında pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Mübahisə olunan mənzilin mülkiyyətçısi oğlu olsa belə, cavabdehin həmin mənzildə istifadə hüququ yoxdur. Belə ki, oğlu ilə gəlini 2011-ci ildə evləndiyindən, mübahisəli hüquq münasibətləri 2011-ci ildən yarandığı üçün, hazırkı mübahisə 01 oktyabr 2009-cu ildən qanuni qüvvəyə minən Mənzil Məcəlləsi ilə tənzimləməlidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən isə, mənzildə cavabdehin istifadə hüququ yoxdur. Bundan başqa onun iddia tələbinin bir hissəsi torpaq sahəsindən çıxarılmadır. Qətnamədə həmin tələbə ümumiyyətlə toxunulmamışdır. Məhkəmə qətnamə çıxararkən, MM-nin 228-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh ilə oğlu X12 xx.xx.2011-ci ildə rəsmi qaydada evlənib ailə qurmuş və Cavabdeh oğlu ilə evlənən gündən Tovuz Rayonu Qovlar şəhəri S.Vurğun küçəsi ev 5də yerləşən evə gəlin köçmüşdür. Həmin evdə o, əri Məhərrəm Quliyev və uşaqları yaşayır. Oğlu ilə Təranənin birgə nikahlarından xx.xx.2011-ci ildə Ləman, xx.xx.2012-ci ildə Leyla adlı uşaqları onların yaşadıqları evdə anadan olmuşdur. Mübahisə olunan evi o və əri birgə vəsaitləri hesabına tikdirmiş və cavabdeh tərəf 2014-cü ildə əri ilə həmin evə köçmüşlər. Lakin mübahisələri zəminində cavabdeh atası evinə getmiş, təxminən 1 ildən çox atası evində yaşamışdır. Onların nikahı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehözbaşına olaraq gecə vaxtı Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən evin qapısının qıfılını sındırmış və onların icazəsi olmadan qanunsuz olaraq evə daxil olmuşdur. Bununla bağlı mübahisələri olmuş və cavabdeh ona fiziki xəsarət yetirmiişdir. Onların evi iki otaqdan ibarət olmuş və sonradan oğlu artırmalar edərək, əlavə zal, otaq, hamam-mətbəx tikdirmişdir..Cavabdehin ona məxsus olan torpaq sahəsini və fərdi yaşayış evini tərk etməməsi nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 2010-cu ilin mart ayının 15-də iddiaçının oğlu ilə faktiki olaraq, xx.xx.2011-ci ildə isə rəsmi qaydada evlənib ailə quraraq,Tovuz rayonu, Qovlar şəhəri, S.Vurğun küçəsi ev 5-də yerləşən evə gəlin gəlmiş, daha sonra, yəni 2012-ci ildə qayınatasının mübahisəli torpaq sahəsində tikdirdiyi 2 otaqlı evə köçərək, orada yaşamışlar. Həmin evdə yaşayarkən yoldaşı ilə birgə vəsaitləri hesabına 2 otaq, 1 zal və sanitar qovşağı artırılmışlar. Mübahisələri olduğu müddətdə, atası evinə getmiş və təxminən 5 ay atası evində yaşamış, sonea isə mübahisəli evə qayıtmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə olunan evi valideynləri tikdirmiş və 2014-cü ildə cavabdeh ilə həmin evə köçmüşlər. Həmin evə köçəndən sonra, artıemalar etmiş, 2 otaq, 1 zal, mətbəx və sanitar qovşağı tikmişlər. Hesab edir ki, cavabdehin həmin evdə yaşayış hüququ yoxdur, ona görə də, cavabdehin mübahisəli evdən çıxarılmasını istəyir. İddiaçı anasının iddiasını və apellyasiya şikayətini müdafiə edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi DTXK Tovuz Rayon şəbəsinin xx.xx.1997-cii il tarixli JN-3730F şəhadətnaməsi əsasında X11 və başqalarının adlarına tərtib edilmişdir. daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verimiş çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və əmlakın X11, İddiaçı, X14 və X3 ibarət payl mülkiyyətçiləri vardır. Tovuz Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X13 arasındakı nikah 15 mart 2011-ci ildə Tovuz rayon Qeydiyyat Şöbəsində 197 nömrə ilə qeydə alınmışdır. Onların nikahlarından Ləman və Leyla adlı uşaqları doğulmuşdur. Məhkəmənin həmin qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçının oğlu X12 ilə 2010-cu ilin mart ayında faktiki, xx.xx.2011-ci ildə isə rəsmi qaydada evlənib ailə qurmuş və qaynatasının Tovuz Rayonu Qovlar şəhəri S.Vurğun küçəsi ev 5-də yerləşən evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2011-ci ildə Ləman, xx.xx.2012-ci ildə Leyla adlı uşaqları anadan olmuşdur. DTXK Tovuz Rayon şəbəsinin xx.xx.1997-cii il tarixli JN- 3730F şəhadətnaməsi və daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verimiş çıxarışı ilə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X11, İddiaçı, X14 və X6 adlarına payl mülkiyyətçilər kimi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində iddiaçı və onun əri tərəfindən 2 otaqlı fərdi yaşayış evi tikilmiş və iddiaçının oğlu X12 Cavabdeh ilə 2014-cü ildə həmin evə köçərək, orada yaşayaraq, əlavə artırmalar aparmışıar. Tovuz Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X13 arasındakı 15 mart 2011-ci ildə Tovuz rayon Qeydiyyat Şöbəsində 197 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə iddianı rədd edərək, qeyd etmişdir ki, Cavabdeh hansı evə gəlin köçməsinin iş üçün əhəmiyyəti yoxdur. Belə ki, Cavabdeh hazırda X11, İddiaçı, X14 və X6 paylı mülkiyyətin də olan evdə yaşayır. Həmin mülkiyyətçilərdən biri də Cavabdeh əri X9r. X13 arvadı Cavabdeh hansı vaxtdan onun mülkiyyətində olan evdə yaşamasını mübahisələndirməmiş və onun razılığı olmadan Təranəni evə köçürülməsi də ona münasibətdə mübahisə predmeti deyildir. Göründüyü kimi X13 mübahisə mənzilin mülkiyyətçisidir və o mülkiyyətçi kimi öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir. Arvadının isə həmin evdən istifadə hüququnun olub-olmaması keçmiş ər tərəfindən mübahisələndirilməmişdir. Mübahisənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranma vaxtının müəyyən edilməsi əhəmiyyət kəsb edir. Cavabdeh mübahisəli tikiliyə 2014-cü ildə köçdüyündən, tərəflər arasındakı hüquq münasibətləri də həmin vaxtdan yaranmışdır, ona görə də hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. O, 2014-cü ildə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X11, İddiaçı, X14 və X6 paylı mülkiyyətində olduğundan, onların həmin yaşayış evinə gözlənilən mülkiyyət hüquqları vardır. Bu baxımdan, cavabdehin sabiq əri X13 da yaşayış evinə gözlənilən mülkiyyət hüququna malik şəxs olduğundan, məhkəmə kollegiyası onu üçüncü şəxs kimi işə cəlb edərək, qətnamədən verilmiuş apelllyasiya şikaytətinə münasibəti aydınlaşdırılmış və o, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, mübahisə olunan evi valideynləri tikdirmiş və 2014-cü ildə cavabdeh ilə həmin evə köçmüşlər. Hesab edir ki, cavabdehin həmin evdə yaşayış hüququ yoxdur, ona görə də, cavabdehin mübahisəli evdən çıxarılmasını istəyir. İddiaçı anasının iddiasını və apellyasiya şikayətini müdafiə edir. Ona görə də, kollegiya hesab edir ki, iddiaçı cavabdehin mübahisəli evdən çıxarılması tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi isə maddi və prosesual hüquq normalarının pozuntusuna yol verməklə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarından görünür ki, Cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları mövcuddur və onun yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasına zərurət yoxdur. Belə ki, cavabdeh boşanmadan əvvəl və sonra uzun müddət atası evində yaşamış və hazırda da, müəyyən müddətə mübahisəli evdə yaşamağı arzu etmir. Azərbaycan Respubilkasının MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-2987/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh özünə aid əşyaları ilə birlikdə Tovuz rayonu Qovlar şəhərində yerləşən **********28 saylı çıxarışda göstərilən 0,0677 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar