Məhkəmə qərarları › İş №2(104)-537/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-537/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-537/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-1543/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin “Tərtər Pambıq İstehsalı və Emalı Zavodu” filialı ilə Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə 005 saylı, 14 dekabr 2022-ci il tarixli xam pambığın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 15,52 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan ən azı 30 sentnerdən az olmamaqla əldə etdiyi məhsulu “Tərtər Pambıq İstehsalı və Emalı Zavodu”na satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən Cavabdeh 30612,01 manat avans vəsaitlər (nəğd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, eləcədə müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh 21613,83 manat dəyərində pambıq təhvil verməklə götürdüyü avansın dəyərindən qismən ödəniş etmişdir. Nəticədə Cavabdeh 8998 manat əsas borcu yaranmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən yerinə yetirilməyən öhdəlik üzrə xampambığın 1-ci növ qiyməti ilə 20% cərimə məbləği 1799 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir.

2. Cavabdeh 03 noyabr 2024-cü il tarixli ərizə təqdim edərək, iddianı qismən etiraf etmiş, iddiaçıya olan 8998 manat əsas borcu, eləcə də dövlət rüsumuna görə ödənilmiş 123 manat ödəməyə razı olduğunu, cərimə məbləğinin isə azaldılmasını məhkəmədən xahiş etmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2022-ci il tarixli 005 saylı xam pambığın alqı-satqı müqaviləsi üzrə cavabdehdən 8998 manat əsas və 1799 manat cərimə, eləcədə ödənilmiş dövlət rüsumuna görə 123 manat, cəmi 10920 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin “Tərtər Pambıq İstehsalı və Emalı Zavodu” filialı ilə Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə 005 saylı, 14 dekabr 2022-ci il tarixli xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində pambıq əkməyi və hər hektardan ən azı 30 sentnerdən az olmamaqla əldə etdiyi məhsulu cəmiyyətə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 30612,01 manat avans vəsaitlər (nəğd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, eləcədə müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh 21613,83 manat dəyərində pambıq təhvil verməklə götürdüyü avansın dəyərindən qismən ödəmiş, 8998 manat isə ödənilməmiş borcu yaranmışdır. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan xampambığ verilmədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20% cərrimə ödəməlidir ki, bu cərimənun də məbləği 1799 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərilsə də, cavabdeh mübahisənin məhkəmədən kənar qaydada həllinə heç bir təşəbbüs götərməmişdir.

5. Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-1543/2024 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilərək, İddianın cavabdeh tərəfindən qismən etirafı təsdiq edilməsi; Cavabdeh əsas borca görə 8998 manat, cəriməyə görə 890 manat, ödənilmiş dövlət rüsumuna görə 110,60 manat, cəmi 9998,60 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi; Qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 467-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 191.3, 220.4, 462.1, 467-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması bvarədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC-nin “Tərtər Pambıq İstehsalı və Emalı Zavodu” filialı ilə Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə 005 saylı, 14 dekabr 2022-ci il tarixli xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 15,52 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan ən azı 30 sentnerdən az olmamaqla əldə etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə 30612,01 manat məbləğində avans vəsaitlər (nəğd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, eləcədə müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçıya 8998 manat əssas borcu yaranmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçı təşkilata avans məbləğinindən ümumilikdə 21613,83 manat dəyərində pambıq təhvil vermilşdir. Müqavilənin 5.1-ci bəndinə görə isə cavabdeh müqavilədə nəzərdə tutulan xam-pambığ verilmədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xampambığın 1-ci növ qiyməti ilə 20% cərimə ödəməyi öhdəsinə götürmüşdür ki, bu cərimənun də məbləği 1799 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərilsə də, sonuncu borcun ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini əsas borca münasibətdə iddia etiraf edildiyi üçün tam, cərimə hissədə isə qismən təmin etmişdir.

26. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də apellyasiya şikayətinin dəlillərini kollegiya qətnamənin ləğvi üçün əsas saymır.

27. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

28. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh birinci instansiya məhkəməsinə 03 noyabr 2024-cü il tarixli ərizə təqdim edərək, iddianı qismən etiraf etmiş, iddiaçıya olan 8998 manat əsas borcu, eləcə də dövlət rüsumuna görə ödənilmiş 123 manat pulu ödəməyə razı olduğunu bildirmiş, cərimənin isə azaldılmasını məhkəmədən xahiş etmişdir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

30. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

31. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

32. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

33. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

34. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. İddia tələbinin tam və ya qismən etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə, yəni iddia tələbini tam və ya qismən etiraf etdikdə, məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub-olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

35. Kollegiya həmçinin qeyd edir ki, iddianın etiraf edilməsinin qanuna zidd olubolmaması həmin tələbin əsaslı olub-olmamasından da asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Əgər qeyd olunan şərtlərin hər hansı biri (bir neçəsi) və ya hamısı mövcud deyilsə, bu halda iddianın etiraf edilməsinin hər hansı əhəmiyyəti yoxdur və qanuna zidd olduğu üçün qəbul edilə bilməz.

36. Hazırkı iş üzrə cavabdehin iddianı qismən etiraf etməsinin qanuna zidd hesab edilməsi üçün heç bir əsas yoxdur. Çünki, yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanmış 005 saylı, 14 dekabr 2022-ci il tarixli xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 15,52 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan ən azı 30 sentnerdən az olmamaqla əldə etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş və bu məqsədlə iddiaçı tərəf cavabdehə 30612,01 manat avans vəsaitlər (nəğd vəsait, dərman, çiyid, gübrə və s.) vermiş, eləcədə müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçı təşkilata ümumilikdə 21613,83 manat dəyərində pambıq təhvil vermiş və 8998 manat əsas, 1799 manat cərimə borcu yaranmışdır. Cavabdeh da ona qarşı qaldırılan iddianı qismən etiraf edərək tələb olunan 8998 manat əsas borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun əvəzini ödəməyə razılığını bildirmiş, hesablanmış cərimə borcunun isə azaldılmasını məhkəmədən xahiş etmişdir.

37. Cavabdehin iddianı qismən etiraf etməsi iş üzrə tərəflərin, o cümlədən hər hansı digər bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın qismən etirafını qəbul etmiş və iddia etiraf olunan hissədə iddianı təmin etmişdir.

38. Eləcədə kollegiya hesab edir ki, cərimə hissədə iddianın qismən təmin edilməsi hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azalda bilər.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(061)-1543/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar