Məhkəmə qərarları › İş №2(104)-547/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-547/2024

06.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-547/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair DƏDRX-dən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2698/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 və İddiaçı nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci ildə 238 nömrəli akt qeydi ilə Şəmkir Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmış və nikah pozulduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.

2. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 13 sentyabr 2010-cu ildə X3, 25 iyul 2013-cü ildə X4 və 08 mart 2012-ci ildə X6 adlı uşaqları doğulmuşdur.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X2 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payı 1/2 hissədə müəyyən edilməsi qət edilmiş, həmçinin həmin qətnamə ilə X5 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri vəsait hesabına xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsini Düyərli Bələdiyyəsindən satın aldığı, həmin torpaq sahəsinin Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Cavabdeh1 adına qeydə alındığı müəyyən edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2631/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1230/2023 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2631/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. xx.xx.2023-cü il tarixli, 4Ə-528 saylı reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, **********88 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus 0.1095 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-4107/2023 saylı məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsində götərilən **********88 reyestr nömrəli “Çıxarış”da qeyd olunan 0.1095 ha torpaq sahəsini Cavabdeh1, Şəmkir rayonu 1 saylı notariat ofisində bağlanılan xx.xx.2023cü il tarixli, 4Ə-528 saylı bağışlama müqaviləsi ilə Cavabdeh2 bağışlamış və nəticədə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli “Çıxarış” verilmişdir. Bu səbəbdən də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1541/2022 nömrəli qətnaməsinin icrası mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair DƏDRX-dən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsait ilə əldə etdikləri, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmış, Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinin X1 Cavabdeh2 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama myüqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat və **********88 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 keçmiş əri, Cavabdeh2 isə qaynıdır. Cavabdeh1 ilə nikahlarını xx.xx.2009-cu ildə Şəmkir rayonu Düyərli kəndi üzrə İƏD-də 48 saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Gülmira, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə cavabdehlə faktiki olaraq ayrılmışlar. İddiası əsasında nikahları Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2628/2021 saylı qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri, cavabdehin adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair Şəmkir rayon Məhkəməsində iddia qaldırmışdır. Onun iddiası Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsi ilə təmin edilərək, ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarış əsasında Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.11 2022-ci il tarixli 2(104)-2631/2022 saylı qətnaməsi ilə təmin edilməmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2631/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1230/2023 saylı qərarı ilə təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2631/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1230/2023 saylı qərarını icra olunması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həmin qərarı təqim edərkən cavabdehin əməkdaşları Cavabdeh1 tərəfindən həmin həyətyanı torpaq sahəsinin Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, yəni iddiası üzrə mülki işin Şəmkir rayon Məhkəməsinin icraatında olduğu zaman 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsi əsasında qardaşı Cavabdeh2 bağışlamışdır. Nəticədə Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarış əsasında dövlət qeydiyyatına alınmış, Şəmkir rayonun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Deməli, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi üzrə aralarında pay tələbinə dair iddiası üzrə məhkəmə mübahisəsi olduğunu bilməsinə baxmayaraq, həmin torpaq sahəsi üzərində məhkəmə tərəfindən həbsin qoyulmamasından sui-istifadə edərək məlum bağışlama müqaviləsini bağlayaraq torpaq üzərində mülkiyyət hüququnu özgəninkiləşdirməklə, həmin torpaqdan ona çatası paydan onu məhrum etməyə çalışmışdır. Ona görə cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.20238-cü il tarixli ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur. Odur ki, cavabdeh, Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmış, Şəmkir, rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 Cavabdeh2 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2698/2023 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi), iddianın qismən təmin edilməsi, Şəmkir, rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestr nömrəli bağışlama müqaviləsi X2 payına aid hissədə (1/2 hissədə) etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli çıxarış X2 payına aid hissədə (1/2 hissədə) ləğv edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 225.1, 225.6, 337.1, 337.2, 337.3, 666.1 və 667.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 33.1 və 33.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2698/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi heç vaxt qardaşı Məzahirə məxsus olmayıb. Torpaq sahəsi alındığı vaxtdan (artıq 6 ildən çoxdu) onun faktiki istifadəsindədir. Sadəcə olaraq o Rusiya Federasiyasında olduğu üçün Düyərli Bələdiyyəsi ilə aralarında bağlanmış müqavilə qardaşı tərəfindən imzalanıb. Hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunmuş hissəsində məhkəmə qətnaməsindən narazıdır. Mübahisə predmeti olan qətnamənin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını istəyir. Mübahisə predmeti olan əmlakın qeyd etdiyim kimi bizə heç bir aidiyyəti yoxdur və bu qeydiyyat formaldır. Əslində qardaşı Eynurun mülkiyyətidir və həmin torpaq sahəsindən faktiki olaraq o, istifadə edir. Məhkəmə qətnaməsindən də aydın olduğu kimi məhkəmə onların iştiraklarını təmin etməyib. Bu səbəbdən də onların iştirakları olmadan qəbul olunmuş məhkəmə qərarı ədalətli və qanuni hesab oluna bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdehlər nümayəndə və vəkillə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

23. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

33. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

34. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

35. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

36. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

50. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlillərində iddianın təmin edilmiş hissəsi mübahisləndirilmişdir. İddianın təmin edilməyən hissəsi isə cavabdehlərin mənafeyinə toxunmur. Buna görə də qətnamənin əsaslığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

51. Buna baxmayaraq məhkəmə kollegiyası şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2698/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh1 ilə X5 xx.xx.2009-cu il tarixdə nikahlarını Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Gülmira, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqları anadan olmuşdur. X5 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri vəsait hesabına xx.xx.2018-ci il tarixdə Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsini Düyərli Bələdiyyəsindən satın almışlar, həmin torpaq sahəsinin Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh1 adına qeyd edilmişdir. Cavabdeh1 ilə X5 arasında olan nikah 19 oktyabr 2021-ci ildə pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsi ilə Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payı 1/2 hissədə müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1541/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2631/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Alı Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1230/2023 saylı qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 2631/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsini 25 aprel 2023-cü il tarixdə 4Ə-528 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.1095 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahları zamanı birgə vəsaitləri ilə əldə etdikləri xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmış, Şəmkir, rayonun Düyərli kəndinin ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 Cavabdeh2 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə, 4ə-528 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən, 0,1095 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********88 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.

56. Məhkəmə kollegiyası bildirir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

57. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi (bağlanmasının) 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

58. Baxılan iş üzrə İddiaçı mübahisələndirdiyi əqdin predmeti olan daşınmaz əmlakdan ona aid olan hissəsinə cavabdehlərin mülkiyyət hüququnun olmadığına, buna görə də həmin hissədə əmlaka sərəncam vermə səlahiyyəti olmadığına istinad edərək, bağışlama müqavilənin etibarsızlığını və onun əsasında isə verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir.

59. Kollegiya qeyd edir ki, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əmlakın hüquqi müqəddəratının həlli üçün sərəncam vermək səlahiyyəti mülkiyyətçinin hüququdur (MM-in 152.1).

60. Lakin, əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Bu baxımdan nəzərə alınmalıdır ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

61. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.

62. Qeyd edildiyi kimi, qanunverici ər-arvadın birgə əmlakına dair ər-arvaddan biri tərəfindən bağlanan müqavilənin etibarlılıq şərti kimi digərinin buna razılığını nəzərdə tutmuşdur. Hazırkı işin müəyyən olunan halına görə isə, iddiaçının müvafiq müqavilənin bağlanmasına razılığı olmamış, hətta bu “razılığın” olmasına dair ərizənin olub-olmaması müqaviləni təsdiq edən notariat ofisi tərəfindən də yoxlanmamış, bununla da notarius tərəfindən təsdiq edilən əqdin məzmunu qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlanmamışdır.

63. Mülki Məcəllənin 225.6-cı maddəsi daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın), digərinin razılığı olmadan daşınmaz əmlak barədə bağladığı müqaviləyə münasibətdə reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasını istisna edir.

64. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinin 2-ci bəndində görə, notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.

65. Həmin Qanunun 46-cı maddəsinin 2-ci bəndində görə, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

66. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

67. İddiaçı Cavabdeh1 ilə nikah müddətində əldə etdikləri Şəmkir rayon, Düyərli kənd ərazisində yerləşən 0,1095 ha həyətyanı torpaq sahəsi də ər-arvadın birgə mülkiyyəti olduğuna görə, iddiaçı həmin mənzilin ərinə düşən ½ hissəsinə dair sərəncam vermək hüququna malik olmamışdır. Bu hal isə həmin müqavilənin etibarsız sayılması kimi hüquqi nəticə törədir.

68. Kollegiya həmçinin qeyd edir ki, müvafiq müqavilənin görünüş (uydurma əqd), yaxud başqa əqdi pərdələmək (yalan əqd) üçün bağlanıb-bağlanmadığı kontekstində müzakirə aparılmasının hazırkı iş baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki, həmin müqavilənin uydurma, yaxud yalan olub-olmamasından asılı olmayaraq, hazırda qiymət verilən iddia tələbi baxımından onun etibarsızlığı üçün əsas götürülən hal, iddiaçının bu müqavilənin bağlanmasına razılıq verməməsidir.

69. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsızlığı barədə düzgün nəticəyə gəlmişdir.

70. Buna görə də, bağışlama müqaviləsi etibarsız olduğundan birinci instansiya məhkəməsi tərəfindən onun əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilmişdir.

71. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

72. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

73. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

77. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2698/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar