Məhkəmə qərarları › İş №2(104)-554/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-554/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-554/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh bir “Lenovo” markalı noutbuku, 2 ədəd “Honor” markalı qulaqcığı və aksesuarı "xxxx" MMC-dən təhvil götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, dəyəri 2422,07 manat olan bir ədəd “Lenovo” markalı noutbuka, 2 ədəd “Honor” markalı qulaqcığa və aksesuara görə aylıq ödəniş 135 manat təşkil etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bir ədəd “Lenovo” markalı noutbuk, 2 ədəd “Honor” markalı qulaqcıq və aksesuar üzrə xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə "xxxx"MMC-yə əsas məbləğ üzrə 2422 manat əsas borc, 726,6 manat cərimə borcu olmaqla, cəmi 3148,6 manat cərimə borcu yaranmışdır. Mülki işin materiallarına Cavabdeh tərəfindən əlavə edilmiş, ********* saylı xx.xx.2022-ci il tarixli müştəri müraciətindən görünür ki, Noutbook Lenovo L3 15 İML05 markalı SPF 329KZC İEMİ kodlu məhsul öz-özünə açılıb batareya yığmaması səbəbi ilə "İrşad MMC-nin Texniki servis mərkəzinə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiаçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 iyun 2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı müqaviləsi üzrə 2422 manat əsas borc, 726,6 manat cərimə borcu olmaqla, cəmi 3148,6 manat kredit borcun və dövlət rüsumu olaraq ödənilmiş 51,49 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh bir ədəd “Lenovo” markalı noutbuk, 2 ədəd “Honor” markalı qulaqcıq və aksesuar 18 ay müddətinə hər ay 2422 manat olmaqla, cəmi 135 manat ödənilməsi şərti ilə satılmışdır. Lakin, Cavabdeh öhdəliklərini yerinə yetirməyərək ümumiyyətlə heç bir ödəniş ödəməyərək alqı-satqı müqaviləsinin tələblərini kobud surətdə pozmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13 iyun 2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı müqaviləsi üzrə 2422 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 2442 manat kredit borcun və dövlət rüsumu olaraq ödənilmiş 51,49 manat dövlət rüsumunun tutulаrаq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə mağazadan 1 ədəd Lenovo markalı komputer almışdır. Müqavilə şərtlərinə görə alınan məhsulda hər hansı problem olduğunda 14 gün ərzində məhsulun geri verilməsi və onun yerinə yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. Aldığı komputerin işləməsində problem olduğundan 12-ci gündə ərizə ilə şirkətə müraciət etmiş və mağaza komputeri ondan alıb servis yoxlanışına göndərmişdir. Lakin, məhsul hazırki vaxta kimi ona qaytarılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatinda göstərdi ki, məktəb direktoru olduğu üçün ona kompüter lazım olmuşdur. Kompüterin dəyərini birdəfəyə ödəmək imkanı olmadığı üçün "xxxx" MMCdən nisyə qaydada kompüter almışdır. Kompüteri aldıqdan sonra onun işləmədiyi məlum olmuşdur. Bu barədə "xxxx" MMC-nin nümayəndəsinə məlumat vermiş, daha sonra- kompüteri aldığının 12-ci günü onu "xxxx" MMC-yə geri qaytarmışdır. Bundan sonra isə ona başqa kompüter verilməmiş və "xxxx" MMC-nin nümayəndəsi onlara qarşı kobud davranmışdır. Ona görə də, hazırda ona kompüter verilməsindən imtina edir. Sonda cavabdeh şikayətin təmin edilməsini və yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin olunmamasını və Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 587.2.1 Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməsli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və irəli sürülən iddia rədd edilməməlidir. Belə ki, işdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh bir ədəd “Lenovo” markalı noutbuk, 2 ədəd “Honor” markalı qulaqcıq və aksesuar 18 ay müddətinə hər ay 2422 manat olmaqla, cəmi 135 manat ödənilməsi şərti ilə satılmışdır. Müqavilənin 3.2.6-cı bəndinə əsasən alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər-hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. Rəsmi səlahiyyətli təmir mərkəzindən kənar heç bir yerdə əmlak üzərində hissə dəyişikliyi, imei dəyişdirilməsi və həmçinin, proqram təminatı dəyişikliyi edə bilməz. İşə apellyasiya instansiyasında baxılarkən müüəyyən edilmişdir ki, alıcının aldığı komputerin işləməsində problem olduğundan o, 08 dekabr 2022-ci ildə, yəni aldığı komputeri aldığı gündən 12 gün sonra müqavilədə nəzərədə tutulmuş qaydada ərizə ilə şirkətə müraciət etmiş və mağaza komputeri ondan alıb servis yoxlanışına göndərmişdir. Lakin, komputer ona geri qaytarılmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya vermədiyindən və komputer hazırda "xxxx" MMC-də qaldığından, hazırki vəziyyətdə apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 3148.6 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3112/2023 saylı mülki iş üzrə 25 avqust 2023cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia rədd edilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar