Məhkəmə qərarları › İş №2(104)-555/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-555/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-555/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin e-2(013)-2169/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X5» MMC ilə Cavabdeh arasında bağlanmış nəqliyyat vasitələrinin alqısatqısına dair xx.xx.2024-cü il tarixli, 052 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən təqdim olunmuş, LEAPMOTOR tərəfindən tərtib edilmiş təmir aktına əsasən, Leap Motor C11 markalı, VİN: LFZ63AL55PD062866, buraxılış ili: 2023, rəngi: ağ dam qara avtonəqliyyat vasitəsi qeyd olunan müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir.

2. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 052 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə gecikdirilən məbləğ 6185 manat təşkil edir, ümumilikdə borc məbləği isə 82476.00 manatdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış müqaviləyə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləsinə əsasən dəyəri ƏDV daxil 82476.00 manat müəyyən edilən Leap Motor C11 markalı ağ, dam qara, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062866) avtonəqliyyat vasitəsi alıcının istifadəsinə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ilkin ödəniş etmədən qalıq borc sayılacaq 82476.00 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 36 ay müddətinə, ayda 2291.00 manat olmaqla ödəməyi öhdəsinə götürməyinə baxmayaraq bu vaxta kimi heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəliklərinizi pomuş, nəticədə İddiaçı MMC-yə ümumilikdə 10018 manat məbləğində borcu yaranmışdır. 5 gün ərzində borcun ödənilməsi barədə xəbərdarlığa baxmayaraq borc ödənilmədiyindən müqaviləyə xitam verilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əldən çıxmış fayda olaraq 6185.00 manat, əsas borca görə 3367.00 manat, cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425.00 manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1502.00 manat olmaqla, cəmi 11479.00 manat və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləsinə əsasən dəyəri ƏDV daxil 82476.00 manat müəyyən edilən Leap Motor C11 markalı ağ, dam qara, buraxılış ili 2023 olan (VİN: LFZ63AL55PD062866) avtonəqliyyat vasitəsi alıcının istifadəsinə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ilkin ödəniş etmədən qalıq borc sayılacaq 82476.00 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 36 ay müddətinə, ayda 2291.00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Edilən xəbərdarlıqlar heç bir fayda verməmiş, xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləyə xitam verilmiş və Leap Motor C11 markalı, ** YX *** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. Bununlada, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər, əldən çıxmış fayda olaraq 6185.00 manat, əsas borca görə 3367.00 manat, cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425.00 manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1502.00 manat olmaqla, cəmi 11479.00 manat təşkil edir.

6. Ağdam Rayon Məhkəməsinin e-2(013)-2169/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 425.00 (dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı «X6» MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 124.44 manat məbləğində dövlət rüsumunun qalan 94.44 manat hissəsi iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC tərəfindən Cavabdeh üzərinə düşən öhdəlikləri lazımca icra etmədiyinə görə əldən çıxmış fayda olaraq 6185.00 manat, əsas borca görə 3367.00 manat, cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 425.00 manat, avtomobilin kasko sığortası üzrə istifadə olunan hissə 1502.00 manat olmaqla, cəmi 11479.00 manat 1139 manat cərimə (dəbbə) pulu hesablasa da, lakin təqdim olunan sənədlərdən də, göründüyü kimi, cavabdeh R.X4 C11 markalı, VİN: LFZ63AL55PD062866, buraxılış ili: 2023, rəngi: ağ dam qara avtonəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində avtonəqliyyat vasitəsinə dəyən zərərin miqdarı 425.00 manat məbləğində müəyyən edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 462.1, 567 və 600-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ağdam Rayon Məhkəməsinin e-2(013)-2169/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 052 nömrəli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı “Leapmotor C11” markalı, **-YX-*** d.q.n.-lı avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə şərtlərinə uyğun olaraq avtomobili cavabdehə təhvil verməsinə baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri – avtomobilin dəyərini öhdəliyin müqavilədə şərtləşdirilmiş icra müddətləri ərzində ödəməmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini, ümumiyyətlə, icra etməmişdir. Eyni zamanda, cavabdehin avtomobili idarə edərkən törətmiş olduğu inzibati xəta ilə əlaqədar avtomobil dövlət yol polisi orqanına məxsus müvafiq duracağa yerləşdirilmiş, cavabdeh isə avtomobilin duracaqdan götürülməsi üçün təşəbbüs göstərməmiş və avtomobil uzun müddət duracaqda qalmışdır. Buna görə də iddiaçı tərəfindən 180 manat məbləğində cərimə ödənilmiş və avtomobil xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən təhvil alınmışdır. Bundan sonra müqavilə münasibətlərinin davam etdirilməsi məqsədilə cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə ödənişlərinin edilməsi, əks halda müqavilənin Şirkət tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə həmin tarixli məktub göndərilmişdir. Müqavilənin bağlandığı vaxtdan – xx.xx.2024-cüil tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 6185 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 3367 manat dəbbə pulu hesablanmışdır. Alğı-satqı müqaviləsinin ləğvi nəticəsində avtomobilə dəymiş zərər, müqavilə üzrə hesablanmış əsas borc və dəbbə pulunun cavabdehdən tutulması tələbinə dair iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmış, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən – tələbin avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə isə təmin edilməmişdir. Hesab etmişlər ki, məhkəmə işə baxarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş bütün sübutlar nəzərə alınmamış, həmçinin iddia tələbinin müqavilə üzrə hesablanmış borc və dəbbə pulunun tutulması hissəsində təmin edilməməsi, ümumiyyətlə, əsaslandırılmamışdır.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, üzrlü səbəbə görə məhkəmə iclasına gələ bilmədiklərini bildirmiş, apellyasiya şikayətlərini müdafiə etdiklərini və təmin edilməsini xaiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı MMCnin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

18. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

19. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin e-2(013)-2169/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləsinə əsasən dəyəri ƏDV daxil 82476.00 manat müəyyən edilən Leap Motor C11 markalı, buraxılış ili 2023 olan avtonəqliyyat vasitəsi alıcının istifadəsinə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh ilkin ödəniş etmədən qalıq borc sayılacaq 82476.00 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 36 ay müddətinə, ayda 2291.00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Müqaviləyə xitam verilmiş və Leap Motor C11 markalı, ** YX *** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı ona vurulmuş zərər, əldən çıxmış fayda, cərimə borcu və real zərər olmaqla, cəmi 11479.00 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında imzalanmış avtomobil alqı-satqısına dair xx.xx.2024-cü il tarixli, 052 saylı müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Müqaviləyə xitam verilmiş, avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. xx.xx.2024cü il tarixli, 052 saylı müqavilənin 3.2.5-ci maddəsinə əsasən, alıcının bu müqaviləni yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlandığı tarixdən etibarən alıcı bu müqavilə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, nəqliyyat vasitəsi, onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Göründüyü kimi, hazırkı müqavilə şərtlərinə görə, bu müqavilə üzrə alıcı müvafiq ödənişləri tam və vaxtında icra etmədiyi halda avtomobili ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satmalı, satışdan əldə edilmiş məbləğ alıcının borcunu ödəmədiyi halda qalan borcu satıcı tələb edə bilər. Mülki Məcəllənin nisyə alqı-satqı münasibətlərini tənzimləyən 600-601-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərində həmin münasibətlər tənzimlənmədikdə mülki məcəllənin normaları ilə tənzimlənir. Lakin iddiaçı müqavilə şərtlərinə uyğun olaraq avtomobilin ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satılması, əldə edilmiş məbləğ və alıcının borcunun qalıb-qalmaması, qalmışdırsa nə qədər qalması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Ağdam Rayon Məhkəməsinin e-2(013)-2169/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin e-2(013)-2169/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar