Məhkəmə qərarları › İş №2(104)-556/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-556/2025

01.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-556/2025 01.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh X23 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birinci iş miras əmlakın vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsi, ikinci iş vərəsəlik şəhadətnaməsinin ləğv olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Hər iki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə üçüncü şəxs Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) X32, eləcədə vəkili Vəkil iştirakları ilə, Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsi, ikinci iş üzrə İddiaçı cavabdeh Bərdə regianal “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və üçüncü şəxs Cavabdeh qarşı X28 şəhadətnaməsinin ləğv olunması tələbinə dair mülki işlər üzrə Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(013)-2646/2024 nömrəli və 27 fevral 2025-ci il tarixli, 2(013)-159/2025 nömrəli qətnamələrindən həm birinci, həm də ikinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 sentyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam Rayon Güllücə kənd Sovetliyi tərəfindən verilmiş Vİİİ-JQ seriyalı, № 310536 nömrəli 06 may 1981-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Fuğara oğlu xx xxxx 1964-cü il tarixdə Ağdam rayonunun Suma kəndində anadan olmuşdur, atası X34, anası X13r.

2. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 iyul 2024-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə 15 oktyabr 2021-ci il tarixdə, № 0715 akt qeydi tərtib edilmişdir. Ölümün səbəbi olaraq COVİD-19, ölümün qeydə alındığı yer olaraq, Ağdaş rayon Qeydiyyat Şöbəsi qeyd edilmişdir.

3. Ağdam rayon İHB Güllücə kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş № 194 nömrəli, 24 iyun 2024-cü il tarixli arayışından görünür ki, X26 14 oktyabr 2021-ci il tarixdə vəfat etmiş, qardaşı İddiaçı Fuğara oğlu və bacısı X29 qalmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazinin 09 sentyabr 2024-cü il tarixli № 3-21-3-46/2-4167/2024 nömrəli məktubundan görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanda yerləşən fərdi yaşayış evi 23 noyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon Dövlət Notariat Ofisi tərəfindən X30 ünvanlanmış 02 iyul 2024-cü il tarixli, 131 nömrəli məktubdan görünür ki, 14 oktyabr 2021-ci il tarixdə ölmüş X10 miras qalmış əmlaka X28 şəhadətnamə verilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən imkan xaricindədir.

6. 04 dekabr 2022-ci il tarixli “Qanun üzrə X28 Şəhadətnamə”də göstərilmişdir ki, 04 dekabr 2024-cü il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzində notarial ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş V-999/2022 nömrəli vərəsəlik işində, 14 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X14 vərəsələri: ünvan 2i ünvanda qeydiyyatda olan bacısı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanda yerləşən ümumi sahəsi 69.1 kv/m, yaşayış sahəsi 44.1 kv/m, yardımçı sahəsi 25 kv/m, 3 otaqlı fərdi yaşayış evindən və Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanda yerləşən ümumi sahəsi 0.0406 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd olunan əmlak ipoteka ilə yüklü edilməmişdir, həbs altında deyildir, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.

7. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanda yerləşən ümumi sahəsi 69.10 kv/m fərdi yaşayış evi, 0.0406 ha torpaq sahəsi X18 xüsusi mülkiyyətidir, daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301 nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il qeyd edilmişdir.

8. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanda yerləşən ümumi sahəsi 69.10 kv/m fərdi yaşayış evi, 0.0406 ha torpaq sahəsi X19 xüsusi mülkiyyətidir və daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il.

9. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, 01 iyul 1948-ci il təvəllüdlü X26 14 oktyabr 2021-ci ildə ölmüşdür. tarixdə vəfat etmişdir.

10. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 03 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası vətəndaşı, 01 iyul 1948-ci il tarixdə Ağdam rayonunun Suma kəndində anadan olmuş X14 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 1 iyul 1966-cı ildən 15 oktyabr 2021-ci ilədək “X12” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X12 üzrə yoxlama aparılmış, X14 nikah haqqında akt qeydi aşkar edilməmişdir. X26 15 oktyabr 2021-ci ildə vəfat etmişdir.

11. Elektron notariat” X3 vasitəsilə “X12” AQİS-dən çıxarışdan görünür ki, 01 iyul 1948-ci il təvəllüdlü ünvan 3 sakini X14 nikah haqqında akt qeydi müəyyən edilməmişdir.

12. “Elektron notariat” X3 vasitəsilə “X12” AQİS-dən çıxarışdan görünür ki, 22 may 1967-ci il təvəllüdlü ünvan 3 sakini X24 28 iyul 1967-ci il tarixdə vəfat etmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 12 mart 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına daxil olmuş sorğuya cavab olaraq mərhum X11 əmək pensiyası üzrə alnımamış məbləği 259,81 manat təşkil edir. B.F.Mənafova Prezident təqaüdü, sosial müavinət və ÜDSY alan şəxs kimi qeydiyyatda olmamışdır.

14. "Elektron notariat" X3 vasitəsilə “X12” AQİS-dən çıxarışdan görünür ki, 11 fevral 1988-ci il təvəllüdlü ünvan 3 sakini X5 dəyişdirilərək X7 qeyd edilmişdir.

15. Qanun Üzrə X28 16 aprel 2024-cü il tarixli, V-999 saylı Şəhadətnaməyə əsasən 14 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X14 vərəsələri : ünvan 3i ünvanında qeydiyyatda olan bacısı - Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak alınmamış 259,81 manat pul vəsaitindən ibarətdir.

16. Ağdam Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(013)-882/2022 saylı Qətnaməsinin surətindən görünür ki, 01 iyul 1948-ci il tarixdə Ağdam rayonu, Güllücə İƏD, Suma kəndində anadan olmuş və 14 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X14 ərizəçi Cavabdeh doğma bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.

17. Daşınmaz Əmlakın 14 oktyabr 2024-cü il tarixli Alqı-Satqı Müqaviləsindən görünür ki, hazırda mübahisələndirilən miras əmlak olan ünvan 4 ünvanında 0,406 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh tərəfindən X2.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a)Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə icraat:

18. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, mərhum bacısı X10 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında mərhum bacısı X21 məxsus olmuşdur. Mərhum bacısı X14 14 oktyabr 2021-ci ildə vəfatından sonra o Ağdam Notariat Ofisininə müraciət etmiş vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

20. Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(013)-2646/2024 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə İddiaçı Fuğara oğlunun cavabdeh X23 qarşı mərhum bacısı X9 miras qalmış ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 1133.1, 1134.1, 1159.1, 1243.1, 1243.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

İkinci iş üzrə icraat:

22. İddiaçı cavabdeh Bərdə regianal “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və üçüncü şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək 04 dekabr 2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli Qanun üzrə X28 şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, X27 onun doğma bacısıdır. Bacısı Balış 14 oktyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında 0,406 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi bacısının mülkiyyətində olmuş və bu barədə onun adına 23 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bacısının vəfatından sonra həmin fərdi yaşayış evi miras qalmışdır. Bacısı Balışın övladı olmamışdır. Balışın vəfatından sonra digər bacısı Cavabdeh yeganə vərəsə olduğunu bildirərək 04 dekabr 2022-ci il tarixdə 2V1598 reyestr nömrəli Qanun üzrə X28 şəhadətnamə almışdır. Halbuki, o da vərəsədir və mirasdan imtina etməmişdir. Lakin buna baxmayaraq bacısı Mina mirası tək özü əldə etmiş və adına çıxarış alaraq həmin mənzili başqa şəxsə satmışdır. Mənzili satmasına baxmayaraq hazırda da həmin mənzildə yaşayır. Cavabdeh mirası ələ keçirdiyindən miras əmlakdan pay ala bilmir. Ona görə də 04 dekabr 2022-ci il tarixli, 2V- 1598 reyestr nömrəli X28 şəhadətnamə və onun əsasında verilmiş sənədlər etibarsız hesab olunmalıdır.

24. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək miras əmlakın vərəsələr arasında bölünməsinidə məhkəmədən xahiş etmişdir.

25. Eləcədə, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhv olaraq “X15 qanunsuz olaraq almış olduğu 04 dekabr 2022-ci il tarixli 2V-1598 reyestr nömrəli qanun üzrə X28 şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız olunmasına dair qətnamə çıxarılması kimi” yazıldığını və həmin hissədə “X22 qanunsuz olaraq almış olduğu 04 dekabr 2022-ci il tarixli 2V-1598 reyestr nömrəli qanun üzrə X28 şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız olunmasına dair qətnamə çıxarılması kimi” oxunmasını qeyd etmişdir.

26. Ağdam Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(013)-159/2025 nömrəli (hakim E.Bayramov) qətnaməsi ilə İddiaçı cavabdehlər Bərdə Regional «ASAN xidmət» Mərkəzi Notariat Kontoru, Cavabdeh və 3-cü şəxs qismində X25 qarşı xx.xx.2022-ci il tarixli, 2V-1598 reyestr nömrəli X28 şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsitələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

27. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1159.2, 1243.2, 1246-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.2, 217.4, 216-237-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri Birinci iş üzrə:

28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mərhum bacısı X14 vəfatından sonra Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanında, 0.406 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.1 kv/m, yaşayış sahəsi 44.1 kv/m, yardımçı sahəsi 25 kv/m olan 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Bacısının övladı olmadığı üçün vərəsəsi o və bacısı Mina olmuşdur. Lakin bacısı Cavabdeh yeganə vərəsə olduğunu bildirmiş, bununla bağlı sənədlər əldə edərək 04 dekabr 2022-ci il tarixdə 2V- 1598 reyestr nömrəli qanun üzrə X28 şəhadətnamə almışdır. X6 onun doğma bacısıdır və o da vərəsə hesab olunur. Miras paydan imtina etməmişdir.

İkinci iş üzrə:

30. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, bacısı Balışdan miras qalmış əmlaka digər bacısı Mina 04 dekabr 2022-ci il tarixli 2V-1598 reyestr nömrəli qanun üzrə X28 şəhadətnamə almışdır. Miras əmlak sayılan Bərdə şəhəri, Koroğlu küçəsi, 5/2 ünvanında, 0.406 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.1 kv/m, yaşayış sahəsi 44.1 kv/m, yardımçı sahəsi 25 kv/m olan, 3 otaqlı fərdi yaşayış evinə bacısı Mina çıxarış aldıqdan sonra həmin mənzili satmışdır. Mənzil satılsada bacısı həmin evdə yaşayır. Cavabdeh adına vərəsəlik şəhadətnaməsi verildiyindən, mirasdan pay ala bilmir. Mirasın həlli ilə bağlı notariat orqanı tərəfindən ona məlumat verilməyib. Əgər telefon zəngi və ya məktub gəlsəydi o öz etirazını bildirərdi

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

33. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2025-ci il tarixli, 2(104)-1069/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Kontoruna və Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 2V1598 reyestr nömrəli X28 Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair 2(104)-1069/2025 saylı mülki iş, digər icraatda olan İddiaçı cavabdeh Səfərova (Mənafova) Mina Fuğara qızına qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair 2(104)-556/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi və birləşmiş mülki işə 2(104)-556/2025 nömrə verilməsi qərara alınmışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən hər iki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mirasın qəbulu ilə bağlı ərizədən də göründüyü kimi cavabdeh yalnız özünün vərəsə olmasını qeyd etmişdir. İddiaçı bacısının ölümündən xəbərdar olmuş və yas mərasimində iştirak etmişdir. Lakin hüquqi savadı olmadığından miras əmlakla bağlı notarita müraciət etməmişdir. Mirasla bağlı mübahisə olduğundan Minə əmlakın alqı-satqısını həyata keçirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından hər iki iş üzrə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə üçüncü şəxs Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) X31 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı mərhum bacısı Balışla küsülü olmuşdur. Xalasının övladı olmadığı üçün onlar xalasına baxmışlar, yəni 1993-cü ildən xalası ilə birlikdə həmin evdə yaşamışlar. Xalasının ölümündən sonrada həmin evdə onllar yaşamışdır. Dayısı İsa başqa evdə qalmışdır. Xalasının bütün dəfn mərasimini da onlar çəkmişdir. İddiaçı heç yas mərasimində iştirak etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə üçüncü şəxs Cavabdeh vəkili Vəkil izahatında göstərmişdir ki, iddiaçı bacısının ölümündən məlumatlı olsada, lalkin mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etməmişdir. Mirası yalnız Mina qəbul etmişdir. Vəkil sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

37. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, hər iki üş üzrə İddiaçı, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə üçüncü şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Sonuncular nümayəndə vastəsilə təmsil olunmuşlar. Eləcədə ikinci iş üzrə cavabdeh Bərdə regianal “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

39. Maddə 1133.2. X44 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

40. Maddə 1134.1. X44 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

41. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

42. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

43. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

44. Maddə 1159.1. X44 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1. X44 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar X44 zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına X44 hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar X44 zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

52. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

54. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Apellyasiya şikayətlərində birinci və ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsi xahiş edildyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

58. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən 0,406 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 69,1 kv.m, yaşayış sahəsi 44,1 kv.m, yardımçı sahəsi 25 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi X16 mülkiyyətində olmuşdur. X26 14 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və sonuncunun ölümündən sonra qeyd olunan əmlak miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsəsi olmamışdır. İkinci növbə vərəsələri isə bacısı Cavabdeh və qardaşı İddiaçıdur. 04 dekabr 2022-ci ildə miras əmlaka dair Cavabdeh qanun üzrə X28 şəhadətnamə verilmiş, daha sonra isə sonuncunun adına reyestr nömrəsi **********02-10301 olan, 11 oktyabr 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh həmin əmlakı X4. Miras qoyanın vərəsələrindən hazırkı iş üzrə İddiaçı miras açılarkən notariat orqanına verilmiş ərizədə adının gizlədilməsini əsas gətirərək hazırkı həm birinci, həmdə ikinci iddia tələbi ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə hər iki iddianı rədd etmişdir.

59. Məhkəmə kollegiyası hər iki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamələrdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Hər iki iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərini qətnəmənin ləğvi üçün əsas saymır.

60. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı bu iddiaları qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.

61. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

63. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

64. Bundan əvvəldə qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

65. İkinci iş üzrə qətnamədən verilmiş apellyasiya şikayəti üzrə 29 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 verilmiş suala cavab olaraq bildirmişdir ki, “Balışın ölümündən sonra Bərdə şəhərində miras qalmış evi qəbul etməmişlər”, verilən digər sualara cavabda isə bildirmişdir: “Balışın dəfn mərasimini biz təşkil etmişik, Dördyol qəsəbəsində atam İsa Manafovun yaşadığı 195 saylı evdə 40 gün yas mərasimləri keçirilmişdir”, “Bibim Balış Cavabdeh ilə yaşayıb”, “Balış Mənafovanın ölümündən sonrada həmin evdə Cavabdeh yaşayıb”, “Xeyir biz orada yaşamamışıq”. Göründüyü kimi İddiaçı bacısının 14 oktyabr 2021-ci il tarixdə ölümündən məlumatlı olmuşdur. Lakin buna baxmayaraq sonunci mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun heç bir hərəkət nümayiş etdirməmişdir. Kollegiya qeyd edir ki, əgər İddiaçı bacısının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə (və ya nümayəndəsi vastəsilə) verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə müəyyən olunur ki, mirasın idarə olunmasında İddiaçı iştirak etməmiş və mirası faktiki olaraqda da qəbul etməmişdir. Miras qoyanın ölümündən sonra miras əmlakın faktiki olaraq Cavabdeh tərəfindən qəbul edilməsi isə, hətda yuxarıda da qeyd olunduğu kimi iddiaçının nümayəndəsinin verdiyi izahatlada sübut olunur.

66. Kollegiya bir daha qeyd etməyi zəruri sayır ki, İddiaçı mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etməsi sübuta yetirlmir. Belə olan təqdirdə isə miras əmlaka dair notariat orqanı tərəfindən Cavabdeh adına 04 dekabr 2022-ci il tarixdə verilmiş və 2V- 1598 saylı reyestrlə qeydə alınmış qanun üzrə X28 şəhadətnamənin etibarsızlığı üçün artıq heç bir hüqiqi əsas yaranmır.

67. X28 şəhadətnamənin etibarsızlığı üçün hüquqi əsaslar olmadığından, kollegiya hesab edir ki, onun əsasında verilmiş sənədlərin etibarsız hesab olunması hissələrdə də tələb əsaslı sayıla bilməz və birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissələrdə də iddianı təmin etməmişdir.

68. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, istər birinci, istərsədə ikinci iş üzrə verilmiş apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, hər iki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, hər iki iş üzrə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, istər birinci, istərsədə ikinci iş üzrə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də hər iki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməməli, hər iki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Birinci və ikinci iş üzrə İddiaçı hər iki iş üzrə verilmiş olduğu apellyasiya şikayəti təmin edilməsin. Birinci iş üzrə Ağdam Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(013)- 2646/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İkinci iş üzrə Ağdam Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(013)- 159/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar