Məhkəmə qərarları › İş №2(104)-579/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-579/2025

19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-579/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızı və X29) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X15 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızı və X29) qarşı miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-719/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 10 oktyabr 2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X2 rayonu, Əhmədbəyli kəndində yerləşən əmlakını qızı İddiaçı vəsiyyət etmişdir.

2. Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə “Torpağın Mülkiyyətə verilməsinə” dair JN-179F KOD 50704018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Əhmədbəyli kənd sakinləri X14, X4, Cavabdeh5, X10, Cavabdeh3, X16 və X11 mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir.

3. 18 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X14 vərəsəsi Samux, rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olanlar: arvadı X9, oğlu Cavabdeh1, oğlu Cavabdeh5, qızı İddiaçı miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli 883 nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7na məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.4913 hektar torpaq sahəsində olan torpaq payından, ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli 885 nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7na məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 1.0655 hektar torpaq sahəsində olan torpaq payından, ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli 884 nömrəli arayışa və ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7na məxsus Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.5601 hektar torpaq sahəsində olan torpaq payından ibarətdir.

4. xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0.5601 ha olan torpaq sahəsi İddiaçı, Cavabdeh5, X4 və X14 ümumi birgə mülkiyyət hüququ ilə adlarınadır.

5. 12.08.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0.5601 ha olan torpaq sahəsi 10/16 hissə payı ilə İddiaçı, 5/16 hissə payı ilə Cavabdeh5 və 1/16 hissə payı ilə Cavabdeh1 mülkiyyət hüququ ilə adlarınadır.

6. 18 mart 1964-cü il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X5 nikahları 18 mart 1964-cü il tarixdə bağlanmışdır.

7. 17 iyul 2009-cu il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X5 birgə nikahlarından xx xxxxxx 1976-cı il tarixdə İddiaçı doğulmuşdur.

8. 10 dekabr 1964-cü il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X5 birgə nikahlarından xx xxxxxx 1964-cü il tarixdə X26 doğulmuşdur.

9. 02 avqust 1972-ci il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X4 birgə nikahlarından xx xxxx 1972-ci il tarixdə Cavabdeh5 doğulmuşdur.

10. 22 avqust 1968-ci il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X4 birgə nikahlarından 04 avqust 1968-ci il tarixdə Ağayeva (İmamverdiyeva) Mahnigar Eyvaz qızı doğulmuşdur.

11. 07 avqust 1970-ci il tarixdə Əlibayramov kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X4 birgə nikahlarından xx xxxx 1970-ci il tarixdə Cavabdeh2 doğulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızı və X29) qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, mərhum X8ndan və mərhumə anası X3 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən paylı mülkiyyətin tərkibində olan həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş 127,3 kv.m yaşayış evinin 53,3 kv.m başqa tikililərin qanun və vəsiyyətnamə üzrə vərəsə kimi ona çatası miras əmlak payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X8 ilə mərhumə anası X4 birgə nikahdan 6 övladı anadan olmuşdur xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh3, xx.xx.1968-ci il təvəllüdlü Ağayeva (İmamverdiyeva) Mahnigar Eyvaz qızı, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1976-cı il təvəllüdlü X18. X8 xx.xx.2015-ci il tarixdə və anası X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. X8 öldükdən sonra atasından miras qalmış xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpağına Samux rayonu Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmış və xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mərhum X8na məxsus miras əmlak olan kənd təsərüfatı təyinatlı torpaq sahəsi vərəsələr arasında bölünmüş, lakin tərkibində miras payı olan 0,14 hektar həyətyanı torpaq sahəsi üzrə miras əmlak bölünməmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə 0,14 hektar həyətyanı torpaq sahəsi üçün torpağın mülkiyyətə verilməsinə dair JN-179F KOD 50704018 nömrəli şəhadətnamə verilmiş, həmin 0,14 hektar həyətyanı torpaq sahəsi 7 nəfər şəxsin paylı mülkiyyətidir. Paylı mülkiyyətçilərdən 2 nəfəri, yəni mərhum X21 atası və mərhumə X9 anasıdır. Şəhadətnaməyə əsasən paylı mülkiyyətin tərkibində mərhum atasının 0,02 hektar və mərhumə anasının 0,02 hektar miras əmlak olan həyətyanı torpaq payı vardır. Həmin torpaq üzərində inşa edilmiş yaşayış evinə və digər tikililərdə miras əmlak kimi qalmışdır. O, mərhum X8ndan və anası X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Samux rayon notariat ofisinə müraciət etmişdir. Vərəsələr Samux rayon notariat ofisinə gəlmədikləri üçün notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2024cü il tarixdə 165 nömrəli qərar qəbul edilmişdir. Ona görə də, X8 və anası X3 miras qalmış paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş yaşayış evinin, digər tikililərin vərəsələr arasında məhkəmə qaydasında bölünməsinə zərurət yaranmışdır.

14. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-719/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov), iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində olan payına İddiaçı vəsiyyət üzrə vərəsə, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələr müəyyən edilmələri, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X12 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində olan payına Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 birinci növbə qanun üzrə vərəsələr müəyyən edilmələri, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin 36/140 hissəsinə İddiaçı, 28/140 hissəsinə Cavabdeh5, 28/140 hissəsinə Cavabdeh3, 8/140 hissəsinə Cavabdeh1 miras payı, 20/140 hissəsinə X16 və 20/140 hissəsinə X11 payı müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1145, 1151, 1159.1.1, 1166, 1193, 1196, 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)- 719/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, miras əmlakda vərəsə Cavabdeh4 da, miras payı müəyyən edilməklə, miras paylarının həcminin düzgün hesablanmaqla müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə həmin maddi hüquq normalarını tədbiq etməklə, nəticəyə gəlmişdir ki, guya Cavabdeh4 mirası qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Mahnigar 1987-ci ildə ailə həyatı qurub, evdən çıxıb ər evinə köçdüyünə görə və ata anasından qalmış mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə mübahisəlidir. Mahnigarın ailə qurub ər evinə köçüb ata evində yaşamaması onun mirası qəbul etməməsi kimi qəbul edilə bilməz. Məhkəmə nəzərdən qaçırmışdır ki, Mahnigar ər evinə köçsə də, həmin kənddə yaşamış, ata-anası ilə birlikdə yaşayan qardaşı Könülün ailəsi ilə isti münasibəti olmuş və demək olar ki, daimi valideynləri ilə əlaqə saxlamış, onlara qayğı göstərmişdir. Atasının vəfatından sonra 7 ildən artıq bir müddətdə anasının qulluğunda olmuş, onun təsərrüfatının idarə edilməsində köməklik etmişdir. Ona görə də, o, mirası qəbul etmiş sayılmalıdır. İşin hallarından görünür ki, tərəflərin atası Eyvaz İmamverdiyev 2015-ci ildə vəfat etmiş, onun 1/7 hissədə payına miras açılmışdır. Onun həmin miras payının 6 nəfər övladı ilə birlikdə arvadı Yevgeniya da, qəbul etməklə, onun əmlakdakı payı artmışdır. 2023-cü ildə Yevgeniya İmamverdiyevanın həmin payına miras açılmışdır. Məhkəmə tərəfindən onun miras payı vərəsələr arasında bölünərkən, mirasın kütləsi düzgün hesablanmamışdır. Məhkəmə prosessual pozuntuya yol verərək iddia tələbindən kənara çıxmış və cavabdehlərin də, paylarını müzakirə etmiş və onların payını müəyyən etmişdir. Bundan əlavə məhkəmədə iddiaçı və digər 5 nəfər vərəsənin heç biri vərəsə Cavabdeh4 mirası qəbul edib-etməməsini mübahisələndirməmiş və onun da, payının müəyyən edilməsinə etiraz etməmişlər. Diqqətdən qaçırılmamalıdır ki, vərəsələrdən Mahnigar və Zəminə Allahverdiyevaların mirası qəbul etməmələri və onlara pay verilməmələri ilə bağlı nə iddia tələbində, nə də məhkəmə araşdırmaları zamanı heç bir tələb və etiraz müzakirə edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X30 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

24. İş üzrə Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızı və X29 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

33. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

34. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

35. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

36. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

37. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

38. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı

41. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

43. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

54. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir.

62. Eyni zamanda, birinci instansiya məhkəməsi əsaslı olaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

64. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

65. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

66. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi xx.xx.2015-ci ildə vəfat etmiş X12 və xx.xx.2023-cü ildə vəfat etmiş X3 miras qalmış əmlakdan düşən payların müəyyən olunmasından ibarətdir. Mərhum miras qoyan X9 İddiaçı 0.14 ha həyətyanı torpaq sahəsində öz payına görə vəsiyyətnamə verdiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 payı məcburi pay üzrə müəyyən edilməlidir. X12 miras qalmış 0.14 ha həyətyanı torpaq sahəsinə dair paylar vərəsələr arasında ümumi qaydada müəyyən edilməlidir. Həmçinin miras əmlak olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vərəsələr X14, X4, Cavabdeh5, İddiaçı, Cavabdeh3, X16 və X11 1/7 hissədə payları vardır. Qeyd olunmalıdır ki, miras qoyan X14 miras payı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ilə bərabər paya malik olan şəxslərdir. Bundan başqa X28 və X19 vərəsə olmasalar da onların 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payları olduğundan onların da payı nəzərə alınmalıdır.

68. İş materiallarından görünür ki, X1ndan və X12 qalmış mirası, miras mülkdə qanun üzrə vərəsələr dairəsinə daxil olan birinci növbəli vərəsə olan iddiaçı qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni mübahisəli torpaq sahəsindən miras açılan gündən başlayaraq, təyinatına uyğun qaydada istifadə etməklə faktiki olaraq qəbul etmişdir. Bununla da iddiaçı mirası faktiki qəbul etmişdir. Lakin, qanun üzrə birinci növbəli vərəsə olan cavabdehlər Cavabdeh4 və Cavabdeh2 isə mirası nə faktiki, nə də mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişlər

69. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirası qəbul etmələrinə dair qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməmələrini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmələrini nəzərə alaraq qeyd etmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirasın açıldığını bilmələrinə baxmayaraq, nə qanun üzrə birinci növbəli vərəsə, nə də vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmək niyyətində olmamışlar. Belə ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirası qəbul etmək niyyəti olmamışdır.

70. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

71. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mirası vaxtında qəbul etmədikləri üçün mirasdan pay almaq hüququnu itirmişlər.

72. Eyni zamanda, iddia tələbinin Samux rayonu, Əhmədbəyli kəndində yerləşən paylı mülkiyyətin tərkibində olan həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş 127,3 kv.m yaşayış evinin 53,3 kv.m başqa tikililərdə payların müəyyən edilməsi hisssəsinə qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən həmin tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən miras əmlak hesab edilə bilməz və birinci instansiya məhkəməsi əsaslı olaraq iddia tələbini həmin hissədə təmin etməmişdir.

73. Belə ki, Azərbaycan Respublikasının MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

74. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Samux rayonu, Əhmədbəyli kəndində X17, X6, Cavabdeh5, İddiaçı, Cavabdeh3, X22 və X13 torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. X7 01 iyun 2015-ci il tarixdə və X9 26 oktyabr 2023-cü il tarixdə vəfat etmişlər. xx.xx.2015-ci il tarixdə ölmüş X12 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən miras əmlakına X9, Cavabdeh1, Cavabdeh5 və İddiaçı vərəsə tanınmış və Samux rayonu, Əhmədbəyli kəndində yerləşən ümumi sahəsi 0.5601 ha olan torpaq sahəsi 10/16 hissədə İddiaçı, 5/16 hissədə Cavabdeh5 və 1/16 hissədə Cavabdeh1 payları müəyyən edilmişdir. X1 10 oktyabr 2022-ci il tarixdə öz payını İddiaçı vəsiyyət etmişdir. Bununla da İddiaçı X1nın vəsiyyət üzrə vərəsəsi, Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 X1nın birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələri müəyyən edilmiş, X7nun payı vərəsələr - Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 arasında bərabər olaraq bölünməli, X16 və X11 mübahisəli 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində payları olduğundan onların da payları nəzərə alınmalıdır. Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin 36/140 hissəsinə İddiaçı, 28/140 hissəsinə Cavabdeh5, 28/140 hissəsinə Cavabdeh3, 8/140 hissəsinə Cavabdeh1 miras payı, 20/140 hissəsinə X16 və 20/140 hissəsinə X11 payları müəyyən edilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

75. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

76. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

79. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar