Məhkəmə qərarları › İş №2(104)-581/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-581/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-581/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(070)-133/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 3500 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi, həmin evdən cavabdehin və onun övladı 26 may 2006-cı il tarixdə anadan olmuş Ayxanın cavabdehə məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, fərdi yaşayış evinə olan istifadə hüququna cavabdehlərin hər birinə ayrı-ayrılıqda 3,500 manat olmaqla cəmi 7,000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməklə cavabdehlərə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ərizə verərək qeyd etmişdir ki, Cavabdeh mülkiyyətdən çıxarmaqla bağlı 10000 manat məbləğində pul verə bilər. Xocalı Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(070)-133/2023 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilərək, Cavabdeh övladı X6 ilə birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 10000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi və onların həmin evdən cavabdehə məxsus əşyalarla birlikdə çıxarılması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 oktyabr 2001-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 11 fevral 2002-ci il tarixdə X4, 26 may 2006-cı il tarixdə isə X6 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah 11 avqust 2020-ci il tarixdə pozulmuşdur. Belə ki, onların birgə nikahlarından doğulan 26 may 2006-cı il təvəllüdlü Ayxan adlı uşağın onun oğlu olmadığı şübhəsi yaranmışdır və bu səbəbdən uşağın atadan mənşəyinin müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Xocalı Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(070)-1/2022 nömrəli qətnaməsi ilə onun 26 may 2006-cı il tarixdə anadan olmuş X2 atası olmadığı müəyyən edilmişdir. Beləliklə, ona məxsus fərdi yaşayış evində cavabdehlə birgə yaşaması mümkün olmamışdır. Bu səbəbdən də cavabdehə kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsini və evdən çıxarılmasını istəyir. Ona məxsus fərdi yaşayış evi bir yaşayış otağından ibarət olmaqla dəyəri 20000 manat təşkil edir. Mülki iş materiallarında olan: Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində “A” litrli tikilidən ibarət yaşayış evi, yaşayış sahəsi 34.2 m2 İddiaçı adına qeydə alınmışdır və 23 nömrə ilə reyestr kitabına yazılmışdır; Xocalı Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(070)-1/2022 saylı, qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı 26 may 2006-cı il təvəllüdlü X2 bioloji atası olmadığı müəyyən edilməsi qət edilmişdir. "xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30 may 2023-cü il tarixli, ƏQ-248/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və və təhlillərə əsasən İddiaçı məxsus Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yerləşən, 41.40 kv.m ümumi sahədən, 34.20 kv.m yaşayış sahəsindən və 7.20 kv.m köməkçi sahədən ibarət, bir mərtəbəli, iki otaqlı, 9 saylı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 120 manat təşkil edir. "xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30 may 2023-cü il tarixli, ƏQ-247/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və və təhlillərə əsasən İddiaçı məxsus Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yerləşən, 41.40 kv.m ümumi sahədən, 34.20 kv.m yaşayış sahəsindən və 7.20 kv.m köməkçi sahədən ibarət, bir mərtəbəli, iki otaqlı, 9 saylı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 21 682 manat təşkil edir. Xocalı Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(070)-153/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Bayramova (Yarməmmədova) Cəmilə Fizuli qızından 2,300 manat, habelə 43 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,343 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir; Xocalı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(070)-33/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 1,000 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,030 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir və iddia qalan hissədə təmin edilməmişdir; Xocalı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(070)-34/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehin oğlu X6 və qızı X4 ilə birlikdə evdən çıxarılmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir; Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Naftalan şəhəri və Goranboy rayonu bölməsinin 27 sentyabr 2023-cü il tarixli, 500 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 2002-ci ildə Azərbaycan Respublikasının müvafiq Fərmanı ilə Goranboy rayonunun, Aşağı Ağcakənd qəsəbəsində qaçqınlar üçün inşa edilmiş qəsəbədə 2 otaqlı yaşayış evi ilə təmin olunmuşdur. Qaçqınlara təmənnasız olaraq verilən evlərə 2003-cü ildə mülkiyyət hüququ verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30 may 2023-cü il tarixli, ƏQ-248/2023 saylı mütəxəssis rəyinə əsasən hesab etmişdir ki, iddiaçının 2 nəfər üçün təklif etdiyi 10000 manat kompensasiya məbləği yetərlidir. Halbuki qeyd edilən məbləğ qanedici deyil. Hər bir halda qeyd edilən evin real bazar dəyərinin və eyni şəraitli evin kirayə haqqının müəyyən edilməsi barədə ekspertiza təyin edilməli idi və evin hazırki dövr üçün real kirayə haqqı müəyyən edilməli idi. Çünki qeyd edilən evin real bazar dəyəri 50000 manat, eyni şəraitli evin kirayə haqqı isə 400-500 manat civarındadır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ancaq iddiaçının təqdim etdiyi sübutlara əsaslanmış və cavabdehlərin evdən çıxarıldıqdan sonra hansı vəziyyətdə, necə yaşayacaqlarını araşdırmamış, eyni zamanda cavabdehin evin altında yerləşən torpaqda paylı mülkiyyətçi olmağı nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X7 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan evin dəyəri 20000 manat olduğu halda cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün 10000 manat kompensasiya məbləği təklif edilmişdir. İddianın təmin edilməsi qnauni əsaslara söykənir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, səhəti ilə əlaqədar iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasının təxirə salınmasına etiraz edərək, onun hər dəfə Goranboy rayonundan Gəncə şəhərinə gəlib-getməyə maddi imkanının olmadığını, cavabdehin teleqramının işin icraatını yubatmaq məqsədi daşıdığını bildirdi və işə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin ünvanladığı teleqrama xəstəliyi ilə əlaqədar sübut əlavə etməməsini və işin baxılma müddətini nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Sonuncu Cavabdeh ilə 12 oktyabr 2001-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. 11 avqust 2020-ci il tarixdə onların aralarında bağlanmış nikah pozulmuşdur. Həmçinin məhkəmə qətnaməsinə əsasən İddiaçı 26 may 2006-cı il təvəllüdlü X2 bioloji atası olmadığı müəyyən edilməsi qət edilmişdir. İddiaçı cavabdehlərin ona məxsus evdə yaşamaqlarını istəmədiyini əsas gətirərək yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi ilə xitam verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müəyyən olunur ki, mübahisə predmeti olan evin bazar dəyəri 21682 manat, aylıq kirayə qiyməti isə 120 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən ibarətdir. İşin müəyyən olunmuş hallarına görə, tərəflər arasında olan gərginliyə görə onların ailə münasibətləri, o cümlədən nikahları pozulmuşdur. İddiaçıya məxsus olan mübahisəli evdə cavabdehlər yaşayır və iddiaçı öz evindən (mülkiyyətindən) istədiyi kimi istifadə edə bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30 may 2023-cü il tarixli, ƏQ-248/2023 saylı mütəxəssis rəyinə görə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin aylıq kirayəsi 120 manat təşkil edir, digər rəylə isə müəyyən olunur ki, sözügedən evin hazırkı bazar dəyəri 21682 manatdır. Kollegiya hesab edir ki, iddiaçının təklif etdiyi 10000 manat kompensasiya məbləği ilə cavabdehlərin başqa yеrdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 7 ilə yaxın müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir, həmçinin həmin məbləğ onun özünə həmin ərazidə oxşar ev almaq üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən evin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafəsi mexanizmlərini dəqiqləşdirir. Kollegiya hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin “Goranboy rayonunda olan oxşar evlərin aylıq kirayə haqqının 300-350 manat və evin dəyərinin 50.000 manat təşkil etməsi ilə bağlı” qeyd edir ki, cavabdehin istinad etdiyi bu dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kompensasiyanın məbləği yaşayış sahəsinin dəyərindən asılı deyildir. Mübahisəli evin aylıq kirayə haqqı barədə mütəxəssis rəyinin şübhə altına alınması və əslində kirayə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki cavabdeh istinad etdiyi halların təsdiqi barədə hər hansı sübut təqdim etməmişdir. Ona görə də, iddiaçı həmin məbləğdə kompensasiya verməklə cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verilməsini və onların həmin evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla hesab edir ki, iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(070)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar