Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-583/2024 12.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ölüm haqqında 22 fevral 2010-cu il tarixli AZ-İ seriyalı 390313 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 20 fevral 2010-cu il tarixdə vəfat etmişdir.
2. Ağstafa rayon Poylu kənd icra nümayəndəliyinin 09 yanvar 2023-cü il tarixli 26/g nömrəli arayışından görünür ki, JN-664A saylı 50209018 Kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədə səhfən göstərilən Ərizəçi qızı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxsdir.
3. Ağstafa rayon Poylu kənd icra nümayəndəliyinin 09 yanvar 2023-cü il tarixli 27/g nömrəli arayışından görünür ki, JN-712 saylı 50209018 Kodlu Torpağın Mülkiyyət Hüququna dair dövlət aktında səhfən göstərilən Ərizəçi qızı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxsdir.
4. Ağstafa rayon Poylu kənd icra nümayəndəliyinin 13 aprel 2023-cü il tarixli 265/g nömrəli arayışından görünür ki, Ağstafa rayonu Poylu kənd İƏD-si üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitablarında X2 adlı şəxs qeydiyyatda yoxdur və nümayəndəliyin ərazisində yaşamır.
5. Torpağın Mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə X4 və ailə üzvləri X13, X3, X5, X10, X6 Ağstafa rayonu Poylu kəndində yerləşən 0,25 ha torpaq sahəsi verilmişdir.
6. Torpağın Mülkiyyət Hüququna dair JN-712, KOD 50209018 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə X11 və ailə üzvləri X13, X3, X5, X10, X6 Ağstafa rayonu Poylu kəndində yerləşən 1,51 ha torpaq sahəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi ilə Ağstafa Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə “X2” adının səhvən yazılması faktının təsdiq edilməsi, sənədin “Ərizəçi qızına” aid hissədə ona, yəni Ərizəçi məxsus olması və Torpağa mülkiyyət hüququna dair JN-712, KOD 50209018 nömrəli dövlət aktında düzəliş edilərək sənədin Ərizəçi aid hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə Ağstafa rayonunun Poylu kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-664A KOD 50209018 nömrəli şəhadətnamə verilmişdir. Həmçinin Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə Ağstafa rayonu Poylu kəndi ərazisində yerləşən 1,51 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-712, KOD 50209018 nömrəli dövlət aktı onlara təqdim edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnaməyə əsasən ailə üzvlərinin siyahısına “X2” adlı şəxs əlavə edilmişdir. Həmçinin həmin şəhadətnamədə “Ərizəçi” kimi deyil “Ərizəçi qızı” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-712, KOD 50209018 nömrəli dövlət aktının sürətindən, Ağstafa rayonu Poylu KİN-də tərtib olunmuş aktdan və Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təqdim etdiyi arayışdan da göründüyü kimi onların ailə üzvlərində “X2” adlı şəxs yoxdur. Eləcədə tərtib edilmiş aktdan da müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında qeyd edilən “Ərizəçi” səhvən “ Ərizəçi qızı” kimi qeyd edilmişdir. Torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasına zərurət yaranmış və buna görə də məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt təsdiq olunmalıdır.
9. Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) ərizə təmin edilərək, “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-712, KOD 50209018 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunması; “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-664A, KOD 50209018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunması; “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə X1 texniki səhv nəticəsində yazılması faktı müəyyən olunması qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 216-220, 233, 234, 305, 307, 308, 307-311, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X12 və X2 hər ikisi ayrı-ayrı mülkiyyətçi kimi qeyd edilmişdir. Məhkəmə texniki səhv nəticəsində yazılması və adın silinməsini nəzərdə tutmuşdur. Həmçinin dövlət aktında göstərilən torpaq sahəsində Ərizəçi adının düzəlməsini qeyd etmiş, lakin həmin torpaq sahəsinə dövlət aktından sonra çıxarış alınmış və texniki səhvi hüquqmüəyyənedici sənəd kimi, çıxarışda düzəlişini nəzərdə tutmalı idi. Torpağın mülkiyyətə verilməsinə dair JN664A, KOD 50209018 nömrəli şəhadətnaməyə əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə X4 və ailə üzvlərinə 0,25 ha həyatyanı torpaq sahəsi və Torpağın mülkiyyətə verilməsinə dair JN712, KOD 50209018 nömrəli Dövlət aktı ilə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə X4 və ailə üzvlərinə 1,51 ha torpaq sahəsi verilmişdir. Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etsədə, birinci instansiya məhkəməsi Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə X1 adının texniki səhv nəticəsində yazılmasını və X2 adının mülkiyyətçilər siyahısından silinməsini nəzərdə tutmuşdur. Halbu ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4- cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Beləliklə, Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə ayrılmış və buna dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə və JN-712, KOD 50209018 nömrəli dövlət aktı tərtib edilmiş və islahatın qərarı əsasında tərtib edilmiş hüquqmüəyyənediçi sənədlərdə subyektlər siyahısında mülkiyyətçilərin adları qeyd olunmuşdur. Aqrar İslahat Komissiyasının qərarı inzibati aktdır və məhkəmə adiyyəti qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X23 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 305.1.1 Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
21. Maddə 306 Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
22. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
23. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
24. Maddə 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
25. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli 2(104)-583/2024 nömrəli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsi “Torpağın Mülkiyyətə Verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə X1 texniki səhv nəticəsində yazılması faktının müəyyən olunması hissədə” ləğv edilmiş və həmin hissədə ərizəyə baxılmasına xitam verilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Hazırkı işin hallarından müəyyən olunur ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə X4 və ailə üzvləri X13, X3, X5, X7 (texniki səhv olaraq qızı yazılıb) və X6 Ağstafa rayonu Poylu kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair sonuncuların adına Torpağın Mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamə verilmişdir. Eləcədə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə X11 və ailə üzvləri X13, X3, X5, X7 (texniki səhv olaraq qızı yazılıb) və X6 Ağstafa rayonu Poylu kəndində yerləşən 1,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-712, KOD 50209018 nömrəli Dövlət aktı verilmişdir. Məmmədov X8 Mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə və Torpağın Mülkiyyət Hüququna dair JN-712, KOD 50209018 nömrəli Dövlət aktında “Ərizəçi” yazılmalı olduğu halda, “Ərizəçi qızı” yazılmasını, eləcədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə ailə üzvü olmayan X1 adının yazılmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə ərizəni təmin etmişdir.
33. Qətnamə mübahisələndirilən digər hissədə, yəni “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-712, KOD 50209018 nömrəli dövlət aktının və “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-664A, KOD 50209018 nömrəli şəhadətnamənin Ərizəçi (payına aid hissədə) məxsus olması faktının müəyyən olunmasına münasibətdə isə kollegiya hesab edir ki, ərizəni təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şıkayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi və üçün əsas deyil.
34. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Torpağın Mülkiyyətə Verilməsinə dair JN-712, KOD 50209018 nömrəli dövlət aktında, eləcədə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-664A, KOD 50209018 nömrəli şəhadətnamədə Ərizəçi yazılmalı olduğu halda, Ərizəçi qızı yazılmışdır. İşin 8-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin surətindən də müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1991-ci ildə Ağstafa rayonu Poylu kəndində anadan olmuşdur. 35 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-712, KOD 50209018 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunması; “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN- 664A, KOD 50209018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən olunması (payına aid) hissədə dəyişdirilmədən saxlanılmaldır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(015)-828/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-712, KOD 50209018 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunması; “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-664A, KOD 50209018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən olunması (payına aid) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.