Məhkəmə qərarları › İş №2(104)-583/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-583/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-583/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Açar sözlər: iradə ifadəsi; etibarlı əqd; Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(125)-4466/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 noyabr 2021-ci il tarixli, **********29-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur;

2. **********934 nömrəli, 8İ-3934 reyestr nömrəli X2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, X2 birgə nikah dövründə əldə edilmiş əri – İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,015 ha torpaq sahəsinin və üzərindəki 58,90 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin istənilən qiymət və şərtlərlə satılmasına razılıq verir. Gələcəkdə bağlanacaq müqavilələrdə göstərilən müddət ərzində əmlakı boşaltmağı və pasport qeydiyyatından çıxmağı öz üzərinə götürür. Eyni zamanda bəyan edir ki, satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır;

3. Gəncə şəhəri 5 saylı notariat ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli 4Ə-1317 reyestr nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,9 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini – alıcı Cavabdeh1 20000 manata satır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2022 il tarixli, qeydiyyat nömrəsi **********KW78101 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

4. MuğanBank ASC-nin 26 oktyabr 2022-ci il tarixli, 649104 nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı 20000 manat pulu imza edərək notariusun depozit hesabından götürmüşdür;

5. 21 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur.

6. Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, ƏQ342/2024 nömrəli daşınmaz əmlakın qiymətkləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 0,035 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 45,5 kvadratmetr ümumi sahədən ibarət, 1 mərtəbəli fərdi yaşayış evinin, 0,035 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2024-cü il tarixə likvid dəyəri 120640 manat təşkil edir. Real bazar dəyəri 132704 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri Cavabdeh1 ilə ünvan 5 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 58,9 kvadratmetr evin alqı-satqısına dair 26 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 3 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən 58,9 kv.m evi alıcı Cavabdeh2 satmaqla bağlı razılığa gəlmişdir. Alıcı Cavabdeh2 Hüseyqulu oğlu həmin vaxt Gəncə şəhərində fəaliyyət göstərən 2 saylı notariat kontorunun notariusu işləmişdir. Alıcı kimi sənədləşmə Cavabdeh1 adına sənədləşsə də, evin qiyməti, ödənilməsi qaydası, məbləği barədə Cavabdeh2la danışmışlar. Cavabdeh2la sövdələşməyə görə ünvan 4 ünvanda yerləşən mülkü 100000 manata alqı-satqı etməyə razılaşmışdır. Cavabdeh2 ev alqı-satqısı ilə məşğul olduğu vaxtlardan tanımış, etibarlı, dürüst, qanunpərəst insan kimi bilmişdir. Cavabdeh2 ona bildirmişdir ki, evin dəyəri olan 100000 manatı hazırda tam şəkildə ödəmək imkanı yoxdur. Ona görə də evi alqı-satqı edəndə 20000 manata alqı-satqı edək və qalan 80000 manatı isə bir il müddətində ona şəxsən özü verəcək. O, bildirmişdir ki, bu evi 20000 manata heç bir notarius alqı-satqı etməz, çünki qiymət çox aşağıdır. Cavabdeh2 “o iş mənlikdir, mən həll edəcəm”- demişdir. O da cavabdehin hörmətli bir notarius olmasını, onu bir il ərzində 80000 manat pulu ona ödəmək imkanının olmasını, həmçinin Cavabdeh2 etibarlı, sözünə əməl edən şəxs kimi tanıdığından ona inanmış və bir notarius olaraq şəhər ictimaiyyəti arasında nüfuzunun olması səbəbindən alqı-satqı müqaviləsini onun təklif etdiyi şərtlərlə bağlamağa məcbur olmuş, sözünü yerə sala bilməmişdir. Bundan sonra ünvan 4 ünvanda yerləşən mülkü Cavabdeh2 arvadı Cavabdeh1 ilə (etibarnamə üzrə nümayəndəsi X3 təmsilçiliyi ilə) 20000 manata 26 oktyabr 2022-ci ildə AN-İ ******* saylı alqı- satqı müqaviləsi bağlamışlar. Ancaq Cavabdeh2 razılaşmanı pozmuş və ona verilməli olan 80000 manat pulu bir il müddətində, yəni 2023-cü ilin oktyabr ayınadək verməmişdir. Dəfələrlə pulu istəsə də, ona vəd verərək pulu verəcəyini desə də, ödəniş etməmişdir. Əksinə, onu bu tələbdən çəkindirmək, susdurmaq, təzyiq göstərmək məqsədilə cavabdeh hazırkı iş üzrə Cavabdeh2 Gəncə Şəhər Məhkəməsində, qaynı arvadı X1 adından ona qarşı ünvan 6 ünvanda yerləşən, ona satılmış evin (evin əsil sahibi Cavabdeh2dur, iddiaçı həmin evin harada yerləşməsini belə bilmir) “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia qaldırmışdır. Gəncə şəhərində “Butulkalı ev” deyilən evin qonşuluğunda, 0,015 ha torpaq sahəsində (alqısatqıda 3000 manat dəyərləndirilmiş) yerləşən 58,9 kvadratmetr ümumi sahəsi olan evin dəyəri 17000 manat (ümumilikdə 20000 manat) olması inandırıcı və real deyildir. Əgər bu qiymətə bu evi adi sıradan bir vətəndaş alqı-satqı etməyə cəhd etmiş olsa heç bir notarius bu əməliyyatı aparmazdı. O səbəbdən ki, qiymət olduqca aşağıdır və real qiymət hesab edilə bilməz. Ancaq Cavabdeh2 notarius olaraq bu alqı-satqının həyata keçirilməsini nüfuzundan istifadə etməklə həyata keçirmiş, onu isə aldadaraq evin real dəyərindən qalan, razılaşdıqları 80000 manatı verməkdən boyun qaçırır. Əgər Cavabdeh2 onu vəd verərək aldatmasa o, bu evi 20000 manat ona satmazdı. Çünki, evin real dəyəri 20000 manat deyil, 100000 manatdır. Ona görə də o, mübahisəli evin ekspertiza keçirilməklə qiymətləndirilməsi barədə məhkəmədə vəsatət qaldıracaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 4 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən, 58,9 kvadratmetr ümumi sahəsi olan mülkün 26 oktyabr 2022-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsi üzrə razılaşdırılmış pul ona ödənilmədiyi üçün bu müqavilənin onun qanunla qorunan hüquq və mənafeyinə zidd olmaqla ona 80000 manat ziyan vurması, nəticədə onun ağır maddi duruma düşməsi səbəbindən etibarsız hesab edilməsini və evin boşaldılmasını iddia edir.

9. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, özü ev alqı-satqısı ilə məşğuldur. Cavabdeh2 notarius olduğu üçün tanımışdır. O, İddiaçı 50000 manat borc pul istəmiş, lakin Natiq ona ev satdığını və onun pulunu satdığı adamdan alıb verəcəyini bildirmişdir. Natiq ilə birlikdə Nəsibin işlədiyi notariusa gəlmiş, lakin o, özü çöldə gözləmişdir. Natiq və Nəsib arasında olan danışıqların şahidi olmamışdır. Yalnız İddiaçı Cavabdeh2 ona pul borclu olduğunu demişdir. İddiaçı, ümumiyyətlə, ona ünvan 7 ünvanını 100000 manata satdığını bildirmişdir. Lakin, tərəflər arasında alqı-satqının 100000 manat razılaşdırılaraq müqaviləyə 20000 manat yazdırılması barədə danışıqları eşitməmiş və məlumatı yoxdur.

10. Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(125)-4466/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 152.1, 324.1, 324.4, 337.1, 337.4, 339.3, 347.1, 347.2, 347.3, 347.4, 347.5, 347.6, 347.7 və 404.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatda «iddiaçı ilə çox səmimi dostluq münasibətləri olmuşdur və vaxtilə alqısatqı fəaliyyəti ilə məşğul olmasında kömək etmişdir və şərait yaratmışdır, iddiaçı onun vasitəsi ilə tanınmışdır, 2008-ci ildən elektron məlumat bazası yaranmışdır. Həmin bazada yoxlama aparılsa iddiaçı qədər adı notariat hərəkətlərində çəkilən bəlkə dəikincişəxs yoxdur. İddiaçının adına saysız-hesabsızəmlaklar vardır. İddiaçı NatiqƏliyev özü notariat işinin aparılması qaydasını hamıdan yaxşı bilir. Ona görə də iddiaçını aldatmaqmümkün deyildir. Mübahisəli ünvanıalmağı iddiaçıtəklifetmiş, həmin əmlaka baxmış, 20000 manata həmin əmlakı almağa razılaşmış, müqavilənin şərtlərinə uyğun olaraq da həminməbləği iddiaçıya ödəyərək mübahisəliəmlakı almışlar. Mübahisəliəmlakda hal-hazırda yaşayış yoxdur vətamamilə yararsız vəziyyətdədir. İddiaçıilə arasında olan dostluq münasibətinə görə həmin evialmış vəfikirləşmişdir ki, gələcək üçün ev almağın ziyanı yoxdur. İddiaçı ilə 100000 manat məbləğində mübahisəli evi almaq barədə sövdələşmə aparmamış, heç notariat kontoruna özü belə getməmiş, alqı-satqıda oğlu iştirak etmişdir» deyə bildirmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izahatından da görünür ki, iddia ərizəsində göstərilən hallar, yəni iddiaçının Cavabdeh2la etibarlı, qarşılıqlı etimada əsaslanan münasibətlərinin mövcud olması, evin qiymətinin alıcı qismində iştirak edən Cavabdeh1 ilə deyil, məhz Cavabdeh2la razılaşdırıldığı öz təsdiqini tapır. Bundan başqa, Cavabdeh2 qeyd edir ki, İddiaçı notariat işini yaxşı bildiyi üçün onu aldatmaq mümkün deyil. Məhkəmə də gəldiyi qənaətdə ona əsaslanır ki, İddiaçı adına elektron bazada çoxsaylı mənzillər və mənzil alqı-satqısına dair etibarnamələr vardır. Ancaq məhkəmə unudur ki, iddianın mahiyyəti onun alqı-satqı əməliyyatının notariat qaydada həyata keçirilməsində deyil, alqı-satqı d atərəflərin iradə ifadəsində aldadılmasından ibarətdir. Onun Cavabdeh2la birlikdə evin qiymətində olan razılaşmanın birbaşa şahidi olmuş X6 məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verilməsinə, vəsatətin təmin edilməsinə baxmayaraq şahid məhkəmə zalına daxil olduqdan sonra şəxsiyyət vəsiqəsinin əslini deyil kserosurətini təqdim etdiyi üçün məhkəmədə dindirilməmiş, şahid Elmir Verdiyevin şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınması haqda nümayəndə vəsatət verərkən və eyni anda şahid zalı tərk edən zaman Cavabdeh2 şahidə replika atmasından sonra yaranan xırda mübahisəyə əsaslanan məhkəmə şahidi zaldan kənarlaşdırmış və cavabdeh tərəfin vəsatəti əsasında şahidin qərəzli olacağı səbəbindən dindirilməsindən imtina etmişdir. Zalda əyləşən Cavabdeh2 şahid Elmir Verdiyevin həqiqəti məhkəmədə söyləyəcəyini bilərək şahidlə qəsdən sözlə mübahisə edərək vəziyyəti öz xeyrinə dəyişməyə, şahidin ona qarşı qərəzli olması barədə məhkəməyə məlumat verməklə süni mane yaratmağa çalışmış, məhkəmə isə cavabdehə dəstək verərək şahidi dinləmədən onun qərəzli olması əsası ilə dindirilməsindən imtina etmişdir. Bundan başqa məhkəmə iclasında Cavabdeh2 bildirir ki, mübahisəli ev yaşayış üçün tam yararsızdır, həmin evi almaq niyyəti olmamış, ancaq fikirləşmişdir ki, əlavə əmlak almaq ziyan etməz və İddiaçı təklifi ilə evi 20000 manata razılaşmaqla almışdır. Cavabdeh2 bu fikri ilə evin dəyərinin məhz 20000 manat olmasını, evin köhnə, təmirsiz və yaşayışa yararsız olması ilə əlaqələndirmişdir. Evin qiymətinə dair məhkəməyə qiymətləndirmə barədə sənəd təqdim edilmişdir. Həmin sənədə əsasən mübahisəli evin qiyməti 132.704 manat təşkil edir. Məhkəmədə mübahisələndirilən alqı-satqının predmeti olmuş evin dəyərinin 132,704 manat təşkil etməsi barədə sənəd təqdim edilməsi, alqı-satqının isə 20000 manat göstərilməsi təzad yaratsa da, məhkəmə evin dəyərinin qiymətləndirilməsinin 132.704 manat təşkil edib-etməməsinə heç bir hüquqi qiymət verməmiş, bu sənəd barədə susmağa üstünlük vermişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini və üzərində yerləşən evi 100000 manat müqabilində Cavabdeh1 satmağı barədə onunla razılaşmışlar. Cavabdehlər oğulları vasitəsilə ona 20000 manat göndərmişlər. Daha sonra cavabdehlə evin alqı-satqısı barədə müqavilə imzalamış, cavabdehə inandığı üçün müqavilədə evin dəyərinin 20000 manat qeyd edilməsinə razı olmuşdur. Həmin vaxt Cavabdeh2 pulun qalan hissəsini 1 il ərzində ödəyəcəyini bildirmişdir. Lakin, sonra nə qədər tələb etsə də, cavabdeh qalıq 80000 manatı verməmiş, başqa şəxsdən alacağı olduğunu, həmin pulu alanda qaytaracağını bildirmiş, işdən çıxandan sonra ümumiyyətlə ona heç bir məbləğdə borcu olmadığını bildirərək qalan pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məcbur olub hazırkı iddianı qaldırmışdır. Əslində, cavabdehlərlə aralarında nisyə alqı-satqı müqaviləsi bağlanmalı idi, lakin Cavabdeh2 inandığı üçün, ona etbar etdiyi üçün alqı-satqı müqaviləsi bağlamışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əvvəlcə müqavilənin ləğvi ilə bağğlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh2la ortaq tanışları olan şəxs onun iddianı geri götürəcəyi halda həmin pulu veriləcəyini bildirdiyi üçün iddianı geri götürmüşdür. Sonra pulu vermədiklərinə görə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

22. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

24. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

25. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

26. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 18 noyabr 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanındakı ümumi sahəsi 0,015 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ər-arvaddırlar. Sözügedən daşınmaz əmlakın alqı-satqısı barədə tərəflər arasında razılaşma olmuşdur. Gəncə şəhəri 5 saylı notariat ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli 4Ə-1317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,9 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini – alıcı Cavabdeh1 20000 manata satmışdır. "xxxx" ASC-nin 26 oktyabr 2022-ci il tarixli, 649104 nömrəli mədaxil qəbzinə əsasən İddiaçı 20000 manat pulu imza edərək notariusun depozit hesabından götürmüşdür. Həmin alqı-satqı müqaviləsi əsasında da əmlak alıcı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı alqı-satqı zamanı daşınmaz əmlakın dəyərinin 100000 manata razılaşdırıldığını, Cavabdeh2 ona 100000 manatı tam şəkildə ödəmək imkanı olmadığını, bildirdiyini, ona görə də alqı-satqı müqaviləsindən əmlakın dəyərinin 20000 manat göstərildiyini, cavabdeh Nəsib İmnaovun evin dəyəri üçün ödənilməli olan qalıq 80000 manatı bir il müddətdə ödəməyi öhdəsinə götürdüyünü, lakin qalıq 80000 manatın ona ödənilmədiyini, beləliklə, cavabdehlər tərəfindən aldadılmaqla müqavilə bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

40. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

41. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, İddiaçıa məxsus ünvan 1 ünvanındakı ümumi sahəsi 0,015 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kv.m olan fərdi yaşayış evinin alqı-satqısı barədə tərəflər arasında razılaşma olmuşdur. Gəncə şəhəri 5 saylı notariat ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli 4Ə-1317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,9 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini – alıcı Cavabdeh1 20000 manata satmışdır.

42. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan əmlakların alıcısı Cavabdeh1 təmsil edən şəxsin adına hüquqi qüvvədə olmuş etibarnamə verildiyi, o cümlədən mübahisələndirilən əmlak İddiaçılə arvadı M.Əliyevanın birgə nikah dövründə əldə edildiyindən mübahisəli torpaq sahəsinin və üzərində yerləşən evin özgəninkiləşdirilməsinə dair sonuncunun notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı, evin dəyərinin notariat ofisinin depozit hesabından iddiaçı (satıcı) İddiaçı ödənildiyi müəyyən olunur. Bir sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.

43. İddiaçı alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2la əmlakı müqavilədə göstərilən qiymətə, yəni 20000 manata deyil də, 100000 manata alqı-satqı etməyə razılaşdıqlarını əsas gətirərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir.

44. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

45. Mülki Məcəllənin 339.3-cü maddəsində deyilir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

46. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır.

47. Hazırkı iş üzrə işin halları yuxarıda göstərilən hüquq normaları baxımından tədqiq olunduqda görünür ki, iddiaçının cavabdehlər tərəfindən aldadılmaqla müqavilənin bağlannmasına razılıq verdiyi barədə nəticəyə gəlməyə əsas verən hal müəyyən olunmur. İddiaçı könüllü olaraq notarial qaydada mübahisəli əmlaklara dair sərəncam vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçının iradə ifadəsini əks etdirmişdir. Beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından bəhs etmək mümkün deyildir.

48. Kollegiya həmçinin qeyd edir ki, mübahisəsi gedən əmlakların bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından əqdin etibarsızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir.

49. Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

50. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh1 da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.

51. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.

52. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (evin boşaldılması) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

53. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda sadalanan hallarına istinadən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır.

54. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2(125)-4466/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar