Məhkəmə qərarları › İş №2(104)-587/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-587/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-587/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(040)-593/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 01 iyun 2019-cu il tarixli 00693821 nömrəli müqavilə və əlavədən görünür ki, "xxxx" MMC tərəfindən ümumi dəyəri 3864 manat olan Violetta yumşaq mebel, Alyans dolab, Alyans çarpayı, Alyans tumba və matrası Cavabdeh vermiş, sonuncu həmin əşyaları əldə edərək 24 ay müddətinə hər ay 161 manat olmaqla dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. 29 iyun 2019-cu il tarixli 00750548 nömrəli müqavilə və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC-dən ümumi dəyəri 1056 manat olan Venus Masa və Venetsiya mebeli Cavabdeh əldə edərək 24 ay müddətinə hər ay 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

3. 16 mart 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 63 manat ödənilməmiş əsas, 6 manat cərimə, 01 iyun 2019-cu il tarixli müqavilə üzrə 1620 manat ödənilməmiş əsas, 162 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1851 manat (1683 manat ödənilməmiş hissə və 168 manat cərimə) borcu vardır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 29 iyun 2019cu il tarixli müqavilə üzrə Venus Masa, Venetsiya mebel üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə; 01 iyun 2019-cu il tarixli müqavilə üzrə Violetta yumşaq mebel, Alyans dolab, Alyans çarpayı, Alyans tumba, matras üçün 1620 manat ödənilməmiş hissə, 162 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 1851 manat borc və ödənilmiş 38,51 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2019 və 01 iyun 2019-cu il tarixli müqavilələr üzrə sonuncu cəmiyyətdən Venus Masa, Venetsiya mebel, Violetta yumşaq mebel, Alyans dolab, Alyans çarpayı, Alyans tumba və matras almışdır. Cavabdeh 04 aprel 2021-ci il tarixdə 29 iyun 2019-cu il tarixli müqavilə üzrə Venus Masa, Venetsiya mebeldən imtina etmiş və məhsul 421 manat məbləğində qiymətləndirilib borcundan silinmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 63 manat əsas, 6 manat cərimə, 01 iyun 2019-cu il tarixli müqavilə üzrə 1620 manat əsas, 162 manat cərimə olmaqla, iki müqavilə üzrə cəmi 1851 manat borcu yaranmışdır.

6. Kəlbəcər Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(040)-593/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 29 iyun 2019cu il tarixli müqavilə üzrə 63 manat əsas, 1 manat cərimə, 01 iyun 2019-cu il tarixli müqavilə üzrə 1620 manat əsas,10 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 1694 manat borc, həmçinin ödənilmiş 36,94 manatı dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi; Qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 465.1, 467, 600, 601.1, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 218.3, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 216-220, 284-6.1, 360 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, 01 iyun 2019-cu il tarixli və 29 iyun 2029-cu il tarixli müqavilələr üzrə hər ay ödənişlər etmiş və nəticədə 2021-ci ilin iyun ayından hər iki müqavilə üzrə borcu tam ödənilmişdir.

10. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması nəzərdə tutulsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(104)- 587/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şiakyətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Venus Masa, 6 ədəd oturacaq stol və künc divanı geri qaytarmışdır. Buna baxmayaraq həmin əşyaların dəyəri də ondan tələb olunur. Əslində borcu qalmayıb. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izaha vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh masanı aldıqdan sonra qaytarmışdır. Masa 421 manata qiymətləndirilmiş və borcdan silinmişdir. Künc divanı və 6 ədəd oturacaq stol geri qaytarılmamışdır. X1 məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 00693821 nömrəli müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə hər ay 161 manat ödəmək şərtilə, ümumi dəyəri 3864 manat olan Violetta yumşaq mebel, Alyans dolab, Alyans çarpayı, Alyans tumba, Matras, 29 iyun 2019-cu il tarixli 00750548 nömrəli müqavilə üzrə isə 24 ay müddətinə hər ay 44 manat ödəmək şərtilə ümumi dəyəri 1056 manat olan Venus Masa və Venetsiya mebel verilmişdir. "xxxx" MMC nisyə alqı-satqı müqavilələri üzrə öhdəliyin vaxtında və lazımı qaydada yerinə yetirilməməsi səbəbindən Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1851 manat borcunun yaranmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

34. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

35. Hər iki müqavilə üzrə borcun tam ödənilməsi və bu halın ödəniş qəbzləri ilə sübut olunması barədə apellyasiya şikayətinin dəlillərini, eləcədə 6 ədəd oturacaq stol və künc divanın geri qaytarıldığı halda həmin əşyalarında pulunun tələb olunması barədə apellyasiya icraatı zamanı Cavabdeh vermiş olduğu izahtın dəlillərini kollegiya əsaslı saymır. Belə ki, tərəflərin izahatından, eləcədə işdən müəyyən olunur ki, masa alındıqdan bir müddət sonra geri qaytarmış və 421 manat qiymətləndirilərək borcdan silinmişdir. Cavabdeh künc divanın və 6 ədəd oturacaq stolun geri qaytarılmasını, elələcədə hər iki müqavilə üzrə ödəniş qəbzləri əsasında borcunun qalmadığını bildirsədə, lakin bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(040)-593/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar