Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-590/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-194/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı və X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 01 sentyabr 2015-ci il tarixli AN-l ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 219.2 kvm olan fərdi yaşayış evini etibarnamə üzrə nümayəndəsi X11 35 000 manat pula Cavabdeh satmışdır. 01 sentyabr 2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan ünvanda yerləşən torpaq sahəsini 15 000 manat pula Cavabdeh satmışdır. Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 19 avqust 2015-ci ildə təsdiq edilmiş 7E-8287 saylı etibarnaməyə əsasən X13 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəsissələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzə ona çatası əmlakı, pulu, qiymətli kağızları eləcədə, sənədləri almağı, bütün bank orqanlarında adına hesab açmağı, ona məxsus hesablar üzərində sərəncam verməyi, ona məxsus hesabdan pul götürməyi, pul qoymağı, əvəzindən bütün növ bank əməliyyatlarını etməyi, plastik kartı götürməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, onun adından istənilən məzmunda ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün, hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq iddia tələblərini bütünlükdə və ya qismən etiraf etmək, yaxud onlardan imtina elmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə ica vərəqəsini təqdim etmək hüququna malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hrəkətləri etməyi X8 etibar etmişdir. Qazax Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(023)-553/2022 saylı qətnaməsinə əsasən xx.xx.1977-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısının 30 avqust 2022-ci il tarixli, 9-21/317 nömrəli sərəncamına əsasən X11 xx.xx.19677-ci il təvəllüdlü X6 qəyyum təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı və X11 məhkəmədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Qazax şəhəri Nəsrəddin Tusi küçəsi döngə 3 sahə 2/13-də yerləşən torpaq sahəsinə dair AN-İ ******* saylı 01 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi və X9 ilə Cavabdeh arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla X15 arasında 06 iyul 2015ci il tarixdə Bakı şəhərində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən borc verən X15 ona 30 000 manat borc pul vermişdir. O həmin borcu 06 oktyabr 2015-ci il tarixədək X10 qaytarmalı idi. Kredit müqaviləsində nəzərdə tutulan müddətdə həmin borcu X10 qaytara bilmədiyindən, Vüsal Cəfərovla qaynatası Məhərrəm adlı şəxs və cavabdeh İddiaçıla birləşərək ona məxsus əmlakları əlindən almışlar. Vüsal Cəfərov Cavabdeh xahiş edərək ona məxsus ünvan 2-də yerləşən torpaq sahəsini və X1na məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini dəyərindən qat-qat aşağı qiymətə, yəni 50 000 manat pula alqı-satqı müqaviləsinə əsasən öz adına rəsmiləşdirmişdir. Hansı ki, evin qiyməti 300. 000-350 .000 manat dəyərindədir. Evin içində olan mebellər və əşyalar çox qiymətlidir. Hal-hazırda cavabdeh formal əsaslarla ələ keçirdiyi ona məxsus əmlakları geri qaytarmaq istəmir. Alq-satqı müqaviləsinə əsasən razılaşdırılmış məbləği cavabdehə qaytarmaq istəsə də cavabdeh bununla razılaşmır. X1 ruhi xəstədir. 2013-cü il tarixdən X3 stasionar müalicədə almuşdur. Cavabdeh xəstə qardaşını aldadaraq bacısı X7 adına etibarnamə alaraq X5 adına olan ünvan 1 unvanda yerləşən fərdi yaşayış evini 01 sentyabr 2015-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Onun qardaşı həmin etibarnaməni verən vaxt anlaqlı şəxs olmamışdır. Hazırda Qazax Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən qardaşı Həsənəli Əsgərov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdehin əməlində cinayət tərkibi vardır. Bununla bağlı Qazax rayon Polis şöbəsinə müraciət etmişdir. Qazax rayon Polis şöbəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin Polis şöbəsinə müraciət etməsinə baxmayaraq materiallar tapılmamışdır. İşlərinin çoxluğu ilə bağlı alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbi ilə bağlı hazırkı vaxtadək məhkəməyə müraciət edə bilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)194/2022 saylı qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı və X7 Cavabdeh qarşı alqı-satqı müqavilələrinin ləğvinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların İddiaçı ilə X15 arasında bağlanmış 06 iyul 2015-ci il tarixdə Bakı şəhərində kredit müqaviləsi əsasında İddiaçı V.M.Cəfərova borclu olduğu 30 000 manat məbləğində pulun qaytara bilməməsi səbəbindən özünə məxsus olan, ünvan 2- də yerləşən torpaq sahəsinin və X1na məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin dəyərindən qat-qat aşağı qiymətə, yəni 50 000 manat pula alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına rəsmilaşdirmək məcburiyyətində qalmaları, V.M.Cəfərovun qaynatası Məhərrəm adlı şəxslə və cavabdeh İddiaçıla birləşərək ona məxsus əmlakları əlindən almaları, habelə Cavabdeh xəstə qardaşını aldadaraq bacısı X7 adına etibarnamə alaraq X5 adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 01 sentyabr 2015-ci il tarixdə alqı-satqı yolu ilə alması, X7 həmin etibarnamədən xəbərinin olmaması, qardaşı H.Ə.Əsgərovun həmin etibarnaməni verən vaxt anlaqlı şəxs olmaması barədə göstərdiklərinə tənqidi yanaşaraq belə hesab edir ki, iddiaçıların bu dəlilləri heç bir mötəbər sübuta söykənmədiyindən əsaslı hesab edilə, iddianın təmin edilməsi kimi qiymətləndirilə bilməz. İddiaçılar İddiaçı və X11 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, “göründüyü kimi iddiaçıların iddia tələbi İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Qazax şəhəri, N.Tusi küçəsi, döngə 3, sahə 2/13-də yerləşən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və X9 ilə Cavabdeh arasında bağlanmış. Qazax şəhəri, Ə.Şıxlinski küçəsi, döngə 1, ev 12 fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsindən ibarətdir. Yəni İddiaçı onunla Cavabdeh arasında bağlanmış müqaviləni və iddiaçı X11 isə qəyyumu olduğu X9 ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb ediblər.” Əgər məhkəmə bu iddiaların bir icraatda birləşməsinin düzgün olmamasını görürdüsə, bu zaman həmin iddiaları ayrı icraatda baxa bilərdi, lakin həmin tələblərə hərfi mənada yanaşıb iddiaçının birinin digər tələbə hüququnun olmamasına istinad edə bilməzdi. Çünki iddialar bir icraatda birləşdirilsə də hüquqi mənada hər iddiaçı özünə aid müqavilənin ləğv edilməsini tələb edib. Digər tərəfdən isə Qazax Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(023)-553/2022 saylı qətnaməsinə əsasən xx.xx.1977-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Qazax Rayon İcra Hakimiyyətinin başçısının 30 avqust 2022-ci il tarixli 9-21/317 nömrəli sərəncamına əsasən X2 Həsənəli Əsgər oğluna qəyyum təyin edildiyindən onun X9 tərəfindən bağlanmış müqaviləni mübahisələndirmək, onun adından iddia qaldırmaq hüququ olmuşdur. Belə hesab edilir ki, bu baxımdan hətta iddia ərizəsi forma və məzmunca da düzgün tərtib edilmiş, iddia fəaliyyət qabiliyyəti olmayan X9 adından deyil, onun hüquqlarının müdafiəsi üçün onun qəyyumu adından cavabdehin onların düşdüyü durumdan sui-istifadə edərək qat-qat baha dəyəri olan əmlakları ucuz qiymətə almasından ibarət olmuşdur. Belə ki, tələbin başlıca əsası ondan ibarət olmuşdur ki, ünvan 2-də yerləşən torpaq sahəsinin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumilikdə 300.000-350.000 manat dəyərinin olmasına baxmayaraq, həmin əmlaklar içindəki mebellərlə birlikdə ümumilikdə 50.000 manata satılmışdır. Halbuki, İddiaçı cavabdehə cəmi 30.000 manat borcu olmuş, onun əvəzi olaraq aralarında 50.000 manatlıq alqı-satqı müqaviləsi bağlanması barədə razılığa gəlmişlər. Yəni aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı cavabdehə 50.000 manatı qaytardıqdan sonra, aralarında bağlanmış müqavilələr ləğv ediləcək, əmlaklar onlara qaytarılacaqdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1- ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, iddiaçı X11 hazırkı iddia üzrə tələb hüququna (sübyektiv hüquqa) malik deyildir. Digər İddiaçı xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik olsa da, onun xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini mübahisələndirməyə tələb hüququ (sübyektiv hüququ) yoxdur. Bundan başqa iddiaçılar İddiaçı və X11 iddia ərizəsində qardaşları X4 ruhi xəstə olduğunu və onun öz hərəkətlərinin mənasını başa düşmədiyini qeyd etsələr də, Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 19 avqust 2015-ci ildə təsdiq edilmiş 7E-8287 saylı etibarnamədə qeyd olunur ki, etibarnaməni verən şəxsin özü şəxsən etibarnaməni imzalamış, şəxsiyəti müəyyən edilmiş və fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Eyni zamanda, iddiaçılar X4 mübahisəli alqı-satqı müqavilələrinın bağlandığı zaman fəaliyyət qabiliyyətinin olmamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişlər. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, etibarnamə 7 il müddətinə mübahisələndirilməmiş, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə əlaqədar heç bir mübahisə yaranmamışdır. Məhkəmənin gəldiyi nəticə əsaslıdır. Belə ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin “iddiaçı X7 hazırkı iddia üzrə tələb hüququna (sübyektiv hüquqa) malik olmaması, digər İddiaçı xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik olsa da, onun xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini mübahisələndirməyə tələb hüququ (sübyektiv hüququ) olmaması” ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “müqavilənin ləğvi” barədə tələb müqaviləni bağlamış şəxslərə məxsusdur. Hazırki durumda isə iddiaçı X7 mübahisələndirdiyi alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır ki, hazırda müqavilənin ləğvini tələb edə bilsin. Həmçinin İddiaçı xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsini mübahisələndirmək hüququna malik olsa da, onun xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini mübahisələndirməyə tələb hüququ (sübyektiv hüququ) olmamışdır. İddiaçıların qeyd olunan müqavilələrin tərəfi olmamaları onları hazırki iddia tələbi üzrə subyektiv hüquqdan məhrum edir. Bundan əlavə iddiaçılar İddiaçı və X11 iddia ərizəsində qardaşları X4 ruhi xəstə olduğunu və onun öz hərəkətlərinin mənasını başa düşmədiyini qeyd etmişlər. Lakin, Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 19 avqust 2015-ci ildə təsdiq edilmiş 7E-8287 saylı etibarnamədə qeyd olunur ki, etibarnaməni verən şəxsin özü şəxsən etibarnaməni imzalamış, şəxsiyəti müəyyən edilmiş və fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi iddiaçılar X4 mübahisəli alqı-satqı müqavilələrinin bağlandığı zaman fəaliyyət qabiliyyətinin olmamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişlər. Yəni, tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar və alqı-satqı müqaviləsinin ləğvi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası iddiaçıların İddiaçı ilə X15 arasında bağlanmış 06 iyul 2015-ci il tarixdə Bakı şəhərində kredit müqaviləsi əsasında İddiaçı V.M.Cəfərova borclu olduğu 30 000 manat məbləğində pulun qaytara bilməməsi səbəbindən özünə məxsus olan, ünvan 2-də yerləşən torpaq sahəsinin və X1na məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin dəyərindən qat-qat aşağı qiymətə, yəni 50 000 manat pula alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına rəsmilaşdirmək məcburiyyətində qalmaları, V.M.Cəfərovun qaynatası Məhərrəm adlı şəxslə və cavabdeh İddiaçıla birləşərək ona məxsus əmlakları əlindən almaları, habelə Cavabdeh xəstə qardaşını aldadaraq bacısı X7 adına etibarnamə alaraq X5 adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 01 sentyabr 2015-ci il tarixdə alqı-satqı yolu ilə alması, X7 həmin etibarnamədən xəbərinin olmaması, qardaşı H.Ə.Əsgərovun həmin etibarnaməni verən vaxt anlaqlı şəxs olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq belə hesab edir ki, iddiaçılar bu dəlillərlə bağlı heç bir mötəbər sübuta təqdim etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-194/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-590/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-590/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver