Məhkəmə qərarları › İş №2(104)-591/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-591/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-591/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-744/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-744/2024 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 15 avqust 2024cü il tarixli , 2(040)-744/2024 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” (minik) markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax rayonlararası qeydiyyat-imtahan və X8 bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada və ya mümkün olmazsa dəyəri olan 9200 (doqquz min iki yüz) manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Sözügedən avtomobili 13 dekabr 2020-ci ildə 9200 (doqquz min iki yüz) manata satın almış və öz adına da sənədləşdirmişdir. Həmin avtomobili idarə etmək üçün oğlu X1 adına baş etibarnamə vermişdir. X7 “Mercedes Benz E 230” markalı 90- ES-041 dövlət qeydiyyat nişanlı avtomobillə avtoqəza törətmiş və avtoqəza nəticəsində avtomobilə maddi zərər dəymişdir. Avtomobilin təmirinə 2000 (iki min) manat lazım olmuş, oğlu Cəmaləddin bu baradə tanışları Nasir adlı şəxsə bildirəndə Nasir onlara bildirmişdir ki, Sevdimalı adlı şəxs tanıyır, istənilən şəxsə faizlə sələmə pul verir. X7 Cavabdehla danışmış, avtomobili təmir etdirmək üçün pul lazım olduğunu bildirərək 2500 (iki min beş yüz) manat sələmə pul istəmişdir. Cavabdeh oğlu Cəmaləddin qarşısında şərt qoymuşdur ki, 2500 (iki min beş yüz) manatı bu şərtlə verir ki, avtomobil Sevdimalının adına keçirilsin, Sevdimalı oğluna sürmək üçün etibarnamə versin, pulu qaytardıqdan sonra avtomobili yenidən oğlunun adına keçirsin. Oğlunun pula ehtiyacı olduğundan cavabdehə inanaraq razılaşmış, Sevdimalıdan 2500 (iki min beş yüz) manat almışdır. Eyni zamanda X7lə Cavabdeh arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” (minik) markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X8 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin vaxt avtomobilin sənədləşdirilməsi üçün oğlu Cəmaləddindən 600 (altı yüz) manat pulu geri almışdır. Pulun 500 (beş yüz) manatını isə Nasir borca istəmiş, Cəmaləddin pulun 500 (beş yüz) manatını Nasirə borc kimi vermişdir. Alğı-satqı edərkən heç bir bank hesabına pul köçürməmişlər. Cavabdeh oğlu Cəmaləddinin adına üç ay müddətinə sürmək üçün etibarnamə vermişdir. Oğlu ilə cavabdeh arasında olan borc razılaşmasına görə, 2500 (iki min beş yüz) manat pula görə hər ay 500 (beş yüz) manat olmaqla Sevdimalıya sələm verməli, 2500 (iki min beş yüz) manat borc isə tam şəkildə ödənildikdən sonra cavabdeh avtomobili oğlunun adına qaytarmalı idi (Bu faktları təsdiq edəcək “VotsApp”da səs yazıları vardır). Oğlu Cəmaləddin iki ay, hər ay üçün 500 (beş yüz) manat sələm, cəmi 1000 (min) manat sələmi vasitəçi olmuş Nəsirin vasitəsi ilə cavabdehə vermişdir. Bir ay sonra isə X7 Cavabdeh 2500 (iki min beş yüz) manatı və 500 (beş yüz) manat faizi bir dəfəyə ödəmək istədiyini bildirmiş və avtomobili geri qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, maşın onun mülkiyyətindədir, maşını icarəyə vermiş, maşını qaytarmayacaq və maşını alacaq. Oğlu avtomobili vermək istəmədikdə Sevdimalı avtomobili polis vasitəsi ilə almışdır. Cavabdeh avtomobili qaytarmaq əvəzinə hələ üstəlik maşına vurulmuş zərəri də oğlundan tələb etmişdir. Belə ki, Cavabdeh X2 qarşı vurulmuş zərər tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldırmışdır. X7 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomaşının qaytarılması tələbinə dair qarşılıqlı iddia təqdim etmişdir. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh X2 qarşı avtomobilə vurulmuş 6415 (altı min dörd yüz on beş) manat zərər tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilərək Cavabdeh ilə X4 arasında 1995ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban nömrəsi: WDV2100371A051397, 90- ES-041 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” (minik) markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texnikí Baxış Şöbəsində aparılmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, avtomobil Cavabdeh alınaraq qanuni sahibinə qaytarılmışdır. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-75/2023 saylı qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə məhkəmədə baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsinə əsasən Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban nömrəsi: WDV2100371A051397, 90-ES- 041 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 230 minik” markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X8 aparılmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qanuni sahibinə qaytarılmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qarşılıqlı iddianın təmin olunmamasına əsas kimi iddiaçı X1 mübahisə predmeti olan **-ES-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 230 minik” markalı avtomobilə dair heç bir mülkiyyət hüququnun qeydə alınmaması olmuşdur. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-75/2023 saylı qətnaməsinin iddiaçı Cavabdeh X2 qarşı avtomaşına vurulmuş 6415 (altı min dörd yüz on beş) manat zərər tələbinə dair iddiasının təmin edilməməsi hissəsi dəyişdirilməmişdir. X4 və Sevdimalıdan səlǝm qaydasında 2500 (iki min beş yüz) manat borc pulun alınıb Cəmaləddinə verilməsində vasitəçilik etmiş Nəsir adlı şəxsin aralarında avtomobillə və pulların ödənilməsii ilə bağlı davamlı yazışmalar aparılmış, həmin yazışmalarda Nəsir adlı şəxs Cəmaləddindən “onun Sevdimalıdan götürdüyü pulların faizlərini ödəməyi” xahiş etmişdir. Həmçinin Cavabdeh iddiasında avtomobilin özünə məxsus olmasını, icarə qaydasında Cəmaləddinə verdiyini göstərsə də, Cavabdeh Cəmaləddin Babayev və sonuncunun bibisi oğlu Elməddinin aralarında aparılan telefon və canlı danışıqların səs yazılarından görünür ki, Cavabdeh həmin danışıqlar zamanı bir dəfə də olsun satın aldığını iddia etdiyi “Mercedes Benz E 230” (minik) markalı avtomobilin özünə məxsus olması, icarəyə verməsi barədə heç bir fikir bildirməmiş, yalnız ondan Cəmaləddinin aldığı pulların qaytarılmasını istəmiş, pulunun veriləcəyi təqdirdə avtomobili sahiblərinə qaytaracağını bildirmişdir. Cavabdehla oğlu Cəmaləddin Əsədov arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Oğlu cavabdehdən sələm qaydasında aldığı 2500 (iki min beş yüz) manat pulun qaytarılmasını təmin etmək üçün bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu ǝqd kimi qiymətləndirilməlidir. Həmin əqd həqiqi alğısatqı niyyəti ilə aparılmamışdır. Tərəflər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış ǝqd əhəmiyyətsizdir. Göründüyü kimi, 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi həqiqətdə heç də avtomobil alğı-satqısı aparmaq niyyəti ilə edilməmiş, tərəflər bir-birlərinə avtomobilin dəyərini ödəməmiş, əslində isə həmin alğı-satqı Sevdimalının Cəmaləddinə verdiyi 2500 (iki min beş yüz) manat pulu pərdələmək məqsədi ilə, Cavabdeh təkidi ilə formal olaraq aparılmışdır. Ona görə də hesab edir ki, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban nömrəsi: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 230" (minik) markalı avtomobillə bağlı Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və X8 bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Mercedes Benz E 230” markalı 90-ES041 dövlət qeydiyyat nişanlı avtomobilin naturada və ya mümkün olmazsa dəyəri olan 9200 (doqquz min iki yüz) manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E 230” markalı minik avtomobili onun mülkiyyətimdə olmuş, 1995-ci il buraxılışlıdır, 9200 manata almışdır. Avtomaşını idarə etmək üçün X7ə baş etibarnamə ilə vermişdir. Cəmaləddin 2 dəfə qəza törədib. 1-ci dəfə avtomaşına 4100 manat pul xərcləmiş, sorna yenə də qəza törətmişdir. Bu səbəbdən də avtomaşının təmiri üçün pul axtarmışlar. Oğlu Cəmaləddinin tanıdığı Nəsir adlı tanışı bildirmişdir ki, Sevdimalı sələmlə hamıya pul verir. Cəmaləddin Sevdimalı ilə danışıb ondan pul istəmişdir. Sevdimalı pul verəcəyini bildirmiş, ancaq demişdir ki, maşını həmin müddətdə onun adına keçirsinlər. Şübhələndikləri üçün Sevdimalı ilə onları tanış edən Nəsirə bildirmişlər, Nəsir onlara demişdir ki, narahat olmasınlar, gələcəkdə problem olarsa özü Sevdimalı ilə problemi yoluna qoyacaq. Buna görə də maşını Sevdimalının adına formal olaraq sənədləşdirmişlər. Heç bir alqı-satqıdan söhbət getməmiş, ortada heç bir pul məbləği olmamışdır. Sevdimalının maşını guya satın alması barədə dediyi ağ yalandır. Əslində isə Cəmaləddin Sevdimalıdan 2500 manat sələmlə pul almışdır. Alqı-satqı zamanı da heç bir bank hesabına pul köçürməmişlər. Razılaşmışlar ki, həmin pulu borc qaytaranda Sevdimalı da maşını qaytaracaq. X5 aldığı 2500 manatın 600 manatını avtomobili ilə bağlı aparılmış 14 sentyabr 2022-i il tarixli alqısatqı müqaviləsi üçün xərcləyib. Cəmaləddin 500 manat da Nəsirə borc kimi verib, ona 1400 manat pul qalıb. Cəmaləddin Sevdimalıya sələm kimi verməli olduğu pulları da Nəsirin kartına atıb, yəni Nəsirin vasitəsilə verib 500 manatdan. Cəmaləddin Sevdimalıya 3-cü ayda 3000 manat verib maşını qaytarmalı idi. Lakin Sevdimalı maşını qaytarmamış, bildirmişdir ki, guya maşın özünündür. Cəmaləddinə icarəyə verib, sonra isə demişdir ki, maşın onundur. Sevdimalıdan belə hərəkət gözləməmişlər. Sevdimalını tanıdan Nəsir isə onlardan gizlənmişdir. Sevdimalı ilə danışmışlar, Sevdimalı 1 ay vaxtı uzadıb Cəmaləddindən 4000 manat pul tələb etmiş, həmin pulu alıb maşını qaytaracağını demişdir. Bərdə polisində də Sevdimalı ilə razılaşmışlar, hətta Sevdimalı demişdir ki, maşına müştəri tapıb satsınlar. Maşını 4500 manata almaq istəyən müştəri tapmışlar, lakin Sevdimalı 4000 manat pulun dərhal ona verilməsini istəmiş, onlarla heç cür razılaşmamış, maşını almaq istəyən müştəri də mübahisə olduğunu görüb çıxıb getmişdir. Sevdimalı ilə oğlunun və sair şəxslərin telefon danışıqları var, yazışmaları var, bu işi bilən şahidlər var. Sevdimalı həmin danışıqlarda, yazışmalarda bir dəfə də olsun maşının ona məxsus olduğunu bildirməyib, həmin danışıqlarda Sevdimalı 2500 manat pulu və onun faizini tələb etmiş, pulu versələr maşını qaytaracağını bildirmişdir. Sevdimalı onlardan 3000-4000 manat pul tələb etmişdir, sonra isə guya 13.000 manata maşın aldığını bildirmişdir. 14 sentyabr 2022-ci il tarixdə bağlanmış müqavilə tamamilə mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh sələm verən şəxsdir, Cəmaləddini aldadıb onu inandırıb maşını pis niyyətlə bağlanmış müqavilə ilə öz adına keçirib, heç bir notariat əməliyyatı aparılmayıb, ortada heç bir pul olmayıb, 2 dəfə qəzaya düşmüş maşını Sevdimalı guya 13.000 manata almasını bildirir, bu necə ola bilər. İşin bu halı da alqı-satqının formal xarakterli olmasına açıq-aşkar dəlalət etdiyi halda məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Sevdimalı maşını guya 13.000 manata almasını bildirir, lakin alqı-satqı müqaviləsində 9000 manat göstərildiyini bildirir, bunlar isə Sevdimalının ilkin iddia ərizəsində göstərdikləri ilə tamamilə ziddiyyətlidir. İlkin iddia ərizəsində Sevdimalı gah maşını aldığını bildirir, gah icarəyə verdiyini bildirir, gah da 13.000 manat ona veriləcəyi təqdirdə maşını Cəmaləddinə qaytaracağını bildirir. Ancaq səs yazılarında Sevdimalı Cəmaləddindən maşının deyil, sələmlə verdiyi pulları tələb edir. Sevdimalı bir dəfə də olsun səs yazılarında maşını icarəyə verməsi barədə, yaxud maşının ona məxsus olması barədə heç bir fikir bildirmir, pullarının veriləcəyi təqdirdə maşını geri qaytaracağını bildirir. Məhkəmə isə işdə olan aşkar sübutlara heç bir hüquqi qiymət verməmiş, heç bir məhkəmə araşdırması aparmamışdır. Onun məhkəmənin hazırlıq iclasından ümumiyyətlə məlumatı olmayıb, məhkəmədə olmamışdır, ona heç bir məlumat gəlməyib, sübutlar təqdim edə bilməmiş, ona belə bir imkan yaradılmayıb, bu barədə heç bir hüquqları izah edilməyib. O, qətnamə çıxarılan 15 avqust 2024-cü il tarixdə məhkəməyə ilk dəfə getmiş, hakim isə ona heç bir imkan və şərait yaratmamışdır. Bundan əvvəl Ağdam rayon məhkəməsində işə baxılarkən məhkəməyə bütün sübutlar təqdim edilib, Sevdimalının səs yazıları, VATSAPP yazıları, şahidlərin ifadələri ilə birmənalı olaraq işin əsl halı bəlli olur. Lakin məhkəmə heç bir araşdırma aparmadan, sübutların təqdim edilməsinə heç bir şərait yaratmadan, hüquqları barədə ona heç bir izah vermədən, sanki Cavabdeh vəkili kimi tələm-tələsik qanunsuz və ən əsası ədalətsiz bir qərar qəbul edib, onun mülkiyyətini sələmçiliklə məşğul olan bir şəxsə verib. Halbuki MPM-nin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Ağdam rayon Məhkəməsinin 2(013)-575/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ilə X4 ilə aralarında 1995-ci il buraxılışlı, MERSEDES BENS E 230 minik markalı avtomobili ilə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X8 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, avtomaşın Cavabdeh alınaraq qanuni sahibinə qaytarılması qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli Qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Ali Məhkəmə tərəfindən 29 noyabr 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin bundan əvvəl qeyd etdiyi qətnaməsi ləğv edilmişdir. Qətnamə yalnız ona görə ləğv edilmişdir ki, qarşıllıqlı iddiaçı Cəmaləddin Babayevin maşın mülkiyyətçisi olmadığı üçün həmin iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Kəlbəcər rayon Məhkəməsinin hakimi Gəncə Apellyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hüquqi halları, mövqeyi nəzərə almadan, heç bir araşdırma aparmadan həmin yuxarı məhkəmənin müəyyən etdiyi hallara açıq-aşkar əks getməklə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, kollegiyanın iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh X2 (qarşılıqlı iddiaçı) qarşı avtomaşına vurulmuş 6415 manat zərər tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh ilə X4 aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” minik markalı avtomobil ilə bağlı Yevlax rayonlararası Qeydiyyat İmtahan və X8 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, avtomaşının Cavabdeh alınaraq qanuni sahibinə qaytarılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasına təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4427/2023 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1445/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh kassasiya şikayətinə baxılaraq kassasiya şikayətinin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1445/2023 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-575/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi qismən-yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə ləğv edilmiş, Cavabdeh ilə X4 aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi: **********2744, ban: WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” (minik) markalı avtomobilinə dair Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X8 aparılmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin Cavabdeh alınaraq qanuni sahibinə qaytarılmasına dair X1 qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məxsus 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” minik markalı avtomobil 9000 (doqquz min) manata Cavabdeh satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş BD273704 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin fotosurətindən görünür ki, “Mercedes Benz E 230 minik” markalı “**- ES-***” dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və həmin avtomaşını verdiyi etibarnaməyə əsasən oğlu X4 idarə etmişdir. X4 həmin avtomaşınla yol-nəqliyyat hadisəsi törətdiyinə görə avtomobilə müəyyən maddi zərər dəymişdir. Avtomobilin təmirinə tələb olunan pul vəsaiti olmadığına görə borc pul axtarmış, əvvəlcədən tanıdığı Nəsir adlı şəxs hazırkı iş üzrə cavabdehin borc pul verdiyini X2 bildirmiş, onlar birlikdə Cavabdeh ilə görüşərək ona 3 ay müddətində qaytarmaq şərti ilə 2500 manat pul lazım olduğunu bildirmiş, sonuncu borc pul verə biləcəyini, lakin şərtinin olduğunu bildirmişdir. Şərti isə ondan ibarət olmuşdur ki, borcun qaytarılmasının təminatı kimi avtomaşını onun adına keçirəcək, lakin avtomaşın onun özündə qalaraq etibarnamə əsasında idarə edəcək və verdiyi 2500 manat borca görə ona hər ay 500 manat əlavə pul ödəyəcəkdir. X4 cavabdehin şərtləri ilə razılaşaraq avtomaşını cavabdehin adına keçirmiş və sonuncunun verdiyi etibarnamə əsasında avtomaşını idarə etməyə başlayaraq razılaşdıqları kimi cavabdehə iki ay hər ay 500 manatdan qaytarmış, üçüncü ay cavabdehə müraciət edərək 3000 manatı verib avtomaşını yenidən iddiaçının adına qaytarılmasını xahiş etmiş olsa da, cavabdeh ondan 4000 manat qaytarmasını istəmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Cavabdeh daha sonra X2 verdiyi etibarnaməni ləğv etdirərək polis orqanına müraciət edib avtomaşını ondan götürmüşdür. Bundan sonra Cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək mübahisəli avtomaşına vurulmuş zərər əvəzi olaraq 6415 manat pulun alınıb ona verilməsini, həmin iş üzrə cavabdeh X4 isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək mübahisəli Mercedes Benz E230” markalı avtomaşının alğı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, işə baxmış birinci instansiya məhkəməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi ilkin iddianı ona görə təmin etməmişdir ki, əslində Mercedes Benz E230” markalı avtomaşının alğı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilə digər əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd olmuşdur. Qaşılıqlı iddia isə həmin tələb buna subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyünə görə son nəticədə rədd edilmişdir. Ona görə də bu kimi iddia ilə, yəni 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 230” minik markalı avtomobilin alğı-satqısına dair Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə İddiaçı müraciət etmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, iddianın dəlilləri məhkəmədə öz təsdiqini tapmamış və iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir-iddianın predmeti olan avtomobilə cavabdehin mülkiyyət hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(104)-591/2024 saylı qətnaməsi ilə müdafiə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən məhkəmə qətnamələri ilə X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi X1 həmin iddianın qadırmağa subyektiv hüququnun olmaması səbəbindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi isə buna nəzər yetirmədən, işin hallarını araşdırmdan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Hazırki halda müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi formal xarakterli olmaqla, İddiaçı adından X7 tərəfindən Cavabdeh aldığı pulun qaytarılmasını təmin etmək üçün razılığa gəlinmişdir. Həmin əqd alqı-satqı niyyəti ilə aparılmamışdır. Belə ki, məhkəmə iclasında araşdırılmış whatsapp yazışmaları və telefon danışıqlarına dair səs yazılarından aşkar görünür ki, Cavabdeh və Cəmaləddin Babayev arasında aparılmış alqı-satqı müqaviləsi avtomaşının alqı-satqısı aparmaq niyyəti ilə edilməmiş, tərəflər bir-birilərinə avtomaşının dəyərini ödəməmiş, əslində isə həmin alqı-satqı Sevdimalının Cəmaləddinə verdiyi 2500 manat borc pulu pərdələmək məqsədi ilə, Cavabdeh təkidi ilə formal olaraq aparılmışdır. Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh ilə X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” (minik) markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax rayonlararası qeydiyyat-imtahan və X8 bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməli, “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada və ya bu mümkün olmazsa dəyəri Cavabdeh alınıb İddiaçı verilməli, İddiaçı razılaşdıqları 3000 manat borcun əvəzi kimi alınıb Cavabdeh verilməli, avtomobilin və pulun verilməsinin eyni vaxtda icra edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Avtomobilin dəyərinə gəldikdə kollegiya iş materiallarına əlavə edilmiş 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” (minik) markalı avtomobilin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində göstərilmiş avtomobilin dəyərinə istinad olunmasını mümkün sayır. Belə ki, həmin müqavilədən görünür ki, müqavilə bağlanarkən tərəflər həmin avtomobilin dəyərinin 9000 (doqquz min) manat olması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-744/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı nümayəndəsi kimi X4 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” (minik) markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax rayonlararası qeydiyyat-imtahan və X8 bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilsin. “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil naturada və ya bu mümkün olmazsa dəyəri 9000 (doqquz min) manat Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı 3000 (üç min) manat borcun əvəzi kimi alınıb Cavabdeh verilsin. Avtomobilin və pulun verilməsi eyni vaxtda icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar