Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-594/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi Ərizəçi X oğlunun fakt təsdiqinə barədə ərizəsinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(040)-1135/2022 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi X oğlu ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək onun 04 aprel 1994-cü ildən 10 may 1994-cü ilədək müharibə dövründə hərbi xidmətdə olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(040)-1135/2022 nömrəli qərardadı ilə (hakim Həsən Qəniyev) Ərizəçi X oğlunun 04 aprel 1994-cü ildən 10 may 1994-cü ilədək müharibə dövründə hərbi xidmətdə olması faktının təsdiq edilməsi barədə məhkəmə aktının qəbul edilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı olan Ərizəçi X oğlu şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun hüquqlarını pozmuş və ərizəsini icraata qəbul etməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(040)-1135/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(040)-1135/2022 nömrəli qərardadı və onun əsasında verilmiş 21 dekabr 2022-ci il tarixli 2(040)-1135/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, ona əsaslanmışdır ki, ərizəçinin 04 aprel 1994-cü ildən 10 may 1994-cü ilədək müharibə dövründə hərbi xidmətdə olması faktının təsdiq edilməsi inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə daxildir və ərizədə göstərilən məsələnin həll edilməsi üçün onun birbaşa Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmək hüququ vardır, inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, mülki prosessual qanunvericiliyi rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni geri qaytarmışdır. Belə ki, işin halları ondan ibarətdir ki, ərizəçi 04 aprel 1994-cü ildən 10 may 1994-cü ilədək müharibə dövründə hərbi xidmətdə olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki müharibə dövründə hərbi xidmətdə olmasının təsdiq edilməsi inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlətinə daxildir və ərizədə göstərilən məsələnin həll edilməsi üçün onun birbaşa Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 14-cü bəndində əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospital tərəfindən verilmiş arayışların, bildirişlərini və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçi dəlilini əsaslandıra bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni və ona əlavə olunan sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bu iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(040)- 1135/2022 nömrəli qərardadı və onun əsasında verilmiş 21 dekabr 2022-ci il tarixli 2(040)- 1135/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-594/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-594/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver