Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-605/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh X5 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7 3.600 manat kompensasiya verilməsi müqabilində onun mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən 12 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh onun mərhum oğlunun həyat yoldaşıdır. Cavabdeh 2004-cü ildən etibarən ona məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 12 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Oğlunun vəfatından sonra cavabdeh onunla yola getmir və aralarında olan davamlı narazılıqdan dolayı o, öz evində rahat yaşaya bilmir. O, yaşlı qadındır və hər an qayğıya ehtiyacı vardır. Bu səbəbdən digər övladlarının evində qalmaq məcburiyyətində olmuşdur. Cavabdeh artıq onun ailə üzvü sayılmır və ona məxsus evdə onunla yaşaması mümkün deyildir. Bu baxımdan cavabdehin ona məxsus evdən kompensasiya verilməklə istifadəsinə xitam verilməsi və evdən çıxarılması üçün hüquqi zəmin vardır. Cavabdehə ağlabatan məbləğdə kompensasiya ödənilməsi şərti ilə istifadə hüququnun itirilməsi ilə bağlı təkliflər etmiş, lakin buna razılıq verməmişdir. Bununla bağlı cavabdehə kompensasiya qismində 3.600 manat pul təklif edir. Ağstafa rayonu Dağ Kəsəmən kəndi üçün fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı hazırki bazar şəraitində 80-100 manat arasında dəyişir. Bunu nəzərə alaraq o, hazırki halda cavabdehə həmin məbləği təklif etmiş, lakin qeyd etdiyi kimi cavabdeh razılıq verməmişdir. Onun qanunvericiliyin tələbinə uyğun olaraq kompensasiya verməklə başqa şəxsi mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilmək hüququna malikdir. Bu həm də onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququndan irəli gəlir. Məhkəmə iclasında kompensasiya məbləğinin artılıraq, 5400 manat olmasına etiraz etməmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsi ilə (sədrlik edən Zamiq Rəsulov) iddia ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X7 5.400 (beş min dörd yüz) manat məbləğində kompensasiya ödənilməklə cavabdeh X5 Ağstafa rayonu Dağ Kəsəmən kəndində (iddiaçıya məxsus **********24-10301 reyestr nömrəsi) yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdeh X5 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən çıxarılması, X5 yaşayış evindən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun X3 tutularaq "xxxx" ASC-nin Nərimanov filialı, VÖEN **********, Kod 200093, m/h AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, VÖEN **********, hesab AZ61AİİB******************** saylı hesaba keçirilməsi qət edilmişdir. Cavabdeh X10 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda o və uşaqları həmin evdə qeydiyyatdadırlar. İddiaçı torpaq sahəsinə bələdiyyədən qeyri-qanuni yolla sənəd düzəldərək, onun həyat yoldaşının onlara tikdiyi evi qeyri-qanuni yolla adına keçirmiş və hazırda da onu və uşaqlarını həmin evdən çıxartmaq istəyir. İddiaçının ona təqdim etdiyi kompensasiya ilə 3 ay belə yaşamaq mümkün deyildir. Onun həmin evin tikintisinə çəkdiyi xərcləri hesablayanda bu böyük bir məbləğ edir. Ona təklif edilmiş 5400 manat məbləğində pul yetkinlik yaşına çatmamış uşaqları ilə davamlı surətdə və müəyyən müddət daxilində həmin evə oxşar evdə yaşamağına imkan vermir. Təklif edilən məbləğ çox azdır. Belə ki, hazırda kirayələr 300-350 manat təşkil etdiyi halda məhkəmə bunu nəzərə almamışdır. Ona görə də o, Ağstafa Rayon Məhkəməsində təkrar ekspertiza təyin olunması barədə vəsatət versə də heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasının iclasına teleqram vuraraq, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb, Ağstafa Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi. Sədrlik edənin sualına cavab olaraq isə göstərdi ki, sözügedən həyətdə iki fərdi yaşayış evi vardır. Onun həyat yoldaşı vəfat etmişdir. Hazırki evi qayınatası yarımçıq tiksə də, ev hazır olmamış evi o, anasının maddi vəsaiti hesabına tam təmir etdirmişdir. Həm də, bu ev zəbt torpaqda tikilmişdir. Evin təmirinə 15000 manatdan çox pul xərcləmişdir. Ona təklif edilən kompensasiya məbləği ilə razı deyildir. Belə ki, onun iki azyaşlı uşağı var və başqa yaşayış yeri yoxdur. 10000-15000 manat arası kompensasiya məbləğinə razıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi **********24- 10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 28 sentyabr 2022-ci il tarixli 29 saylı hesabatından görünür ki, İddiaçı məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə kollegiyasına təqdim edilmiş: Ağstafa rayonu Dağ Kəsəmən İcra Nümayəndəliyi tərəfindən 15 oktyabr 2014-cü il tarixdə verilmiş AZ- İ № 654960 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 sentyabr 2014-cü il tarixdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ölmüşdür. Az-İ 033576 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 01 dekabr 2004-cü ildə nikaha daxil olmuşlar. Doğum haqqında AZ-İ 513354 saylı və AZ-İİ 221703 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X4 ataları X12, anaları X8r. Dağ Kəsəmən kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 280/y nömrəli arayışından görünür ki, X1 rayonu, Dağ Kəsəmən kəndində yaşayır və ailə üzvləri xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X2 ibarətdir. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə əldə edilmiş ekspertiza rəyinə əsasən İddiaçı məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin aylıq kirayə haqqı 150 manat təşkil edir. İddiaçı cavabdehə 5.400 (beş min dörd yüz) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə, iddiaçının cavabdehə 5.400 (beş min dörd yüz) manat kompensasiya ödəməklə cavabdehin mübahisəli mənzildə olan istifadə hüquqlarına xitam verilməsini əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarda Plenum hüquqi mövqeyini ifadə edərək, qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prnsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi X7 münasibətdə onu ehtiva edir ki, iddiaçı tərəf cavabdehin Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən evdən istifadə hüququnu qəbul edir və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı, cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə onun istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən X10 bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Digər tərəfdən, Azərbaycan Respublikası Konustitusiyasının 43-cü maddəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünün başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud konpensasiya ilə əhadə edilən müddət bitdikdən sonra önun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin məzmuna görə dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan edir, hətta yaşayış binasının və evlərin tikintisinə rəvac verməklə onların mənzil hüququnu gerçəkləşdirir. Bu baxımdan X5 hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qurtardıqdan sonra onun ümumiyyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Çünki, Cavabdehya 5400 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfındən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ olmadığından, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona təklif edilən 5400 manat məbləğində kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq, dəyişdirilərək ona təklif edilməsi mümkün olmamış, cavabdeh isə 10000-15000 manat arası kompensasiya məbləğinə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X6 və xx.xx.2009-cu il tarixdə doğulmuş X9 anaları X5 himayəsində qaldıqlarından sonuncuya yetərsiz məbləğdə kompensasiya verilərək, istifadə hüququna xitam verildikdən sonra onun uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı olmadığı halda, həmin hal yetkinlik yaşına çatmamış uşaqların da hüquq və mənafelərini pozmuş olacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Uşaq hüquqları haqqında“ BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 385.1.2 və 385.1.4-cü maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və qanunu səhv təfsir etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384- 385, 392, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X7 yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-605/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-605/2023
16.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver