Məhkəmə qərarları › İş №2(104)-605/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-605/2025

31.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-605/2025 31.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bərdə Regional «Asan Xidmət» Mərkəzinin notariat kontoru və Cavabdeh2 qızına qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən işə baxan hakim, eyni zamanda məhkəmənin sədri Elşad Bayramova və Ağdam Rayon Məhkəməsinin bütün hakimlərinə verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bərdə Regional «Asan Xidmət» Mərkəzinin notariat kontoru və Cavabdeh2 qızına qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı işə baxan hakim, eyni zamanda məhkəmənin sədri X1 və Ağdam Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz etmişdir. Hakimə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin əvvəllər Ağdam Rayon Məhkəməsində olan iddiası təmin edilmişdir. Düşünür ki, hazırkı işdə də onun iddia tələbi təmin edilməyəcək, yenə cavabdehlərin xeyrinə qərar qəbul ediləcəkdir. Məhkəmənin üçüncü şəxs kimi Aydın Səfərovu işə cəlb etməsi, notariat orqanının nümayəndəsinin işdə iştirakını təmin etməməsi onda ciddi şübhələr doğurur. Ona görə də Ağdam Rayon Məhkəməsinin hakimi Elşad Bayramovun və məhkəmənin digər hakimlərin işə baxmasına etiraz edir. Ağdam Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(013)-159/2025 nömrəli qərardadı ilə 2(013)-159/2025 saylı mülki iş üzrə işə baxan hakim məhkəmənin sədri X1 İddiaçı tərəfindən verilmiş etirazın həll edilməsi üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək hesab edir ki, İddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinin işə baxan hakimi, eləcə də məhkəmənin sədri X1 verilmiş etiraz təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; O, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; O, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Nəzərə alınmalıdır ki, etiraz institutu prosessual qanunvericilikdə nəzərdə tutulmuş konkret əsasları da aşaraq hakimin və ya məhkəmənin qərəzsizliyi ilə bağlı bütün əsaslı şübhələri aradan qaldırmağa, həqiqi qərəzliliyin olmamasını təmin etməkdən əlavə, qərəzliliyin hər hansı təzahürlərinin aradan qaldırılmasına və bununla da cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə doğurduğu inamın artırılmasına xidmət edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsində mülki məhkəmə icraatının qanunçuluğun və ictimai qaydanın bərqarar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməsi kimi vəzifəsi öz əksini tapmışdır. Bu baxımdan məhkəmənin qərəzli olub-olmadığını və konkret olaraq ərizəçinin qərəzliliklə bağlı qorxularının obyektiv əsasının olub-olmadığını qiymətləndirərkən, işin konkret xüsusiyyətləri də nəzərə alınmalıdır. Qnunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi MPM-in 19-cu maddəsində sadalanan hallar eyni bir hakimin hansı məhkəmə instansiyasında olmasından asılı olmayaraq eyni bir işə heç bir halda ikinci dəfə baxılmamasını ehtiva edir. Hazırkı iş üzrə etirazın əsası kimi Ağdam Rayon Məhkəməsində hazırkı iş üzrə cavabdehin digər mülki iş üzrə xeyrinə qərar qəbul olunmasına istinad edilsə də, lakin qeyd olunmalıdır ki, eyni instansiya məhkəməsində eyni hakimin əvvəllər başqa işə baxması qanunvericilikdə həmin hakimə etiraz etmək üçün əsas kimi nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Ağdam Rayon Məhkəməsinin hakimi, eyni zamanda sədr X2 tərəfindən hazırkı işə baxılmasına yol verilməyən və ona etiraz etmək üçün qanunvericiliklə müəyyən edilən əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin Ağdam Rayon Məhkəməsinin bütün hakimlərinə etirazlabağlı qeyd edir ki, Mülki prosessual qanunvericilikdə işin aidiyyəti üzrə baxılmalı olduğu rayon məhkəməsinə (bütün tərkibə), etiraz edilməsi nəzərdə tutulmamış, yalnız işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə etiraz edilməsi məsələsi öz təsbitini tapmışdır. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi isə məhkəmənin sədri tərəfindən həll edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, etiraz təmin edilməməli və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-nin 21-22, 263-264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı cavabdehlər Bərdə Regional «Asan Xidmət» Mərkəzinin notariat kontoru və Cavabdeh2 qızına qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinin işə baxan hakimi, eyni zamanda məhkəmənin sədri X1 verilmiş etiraz təmin edilməsin və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar