Məhkəmə qərarları › İş №2(104)-606/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-606/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-606/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6541/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Tovuz Regional QİTBŞ-yə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri 25- BX255 dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobusdan, **-EF-*** dövlət nömrə nişanlı, “İzusu Ecobus” markalı avtobusdan, **-BJ-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobusdan və **-BX-*** dövlət nömrə nişanlı, “İzusu Urban” markalı avtobusları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 44 aydan çoxdur ki, özlərində saxladıqlarına və əsassız qazanc, fayda, mənfəət əldə etdiklərinə görə 44 aylıq əldən çıxmış faydanın mühasibatlıq ekspertizası aparılaraq dəyərinin müəyyən edilməsi və həmin pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə, hər üç cavabdehdən süründürməçilik və məhkəmə xərclərinə görə vurduqları 2000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın müştərək qaydada tutularaq ona ödənilməsi barədə, həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6541/2024 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev), İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, əldən çıxmış faydanın müəyyən edilərək ödənilməsi və pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Gəncə Şəhər Məhkəməsində qaldırdığı iddia tələbi əldən çıxmış fayda, maddi və mənəvi ziyan tələbinə dair iddia idi və burada 3 cavabdeh var idi, həm də tələbin bir hissəsi yalnız Cavabdeh1 aid idi. Əgər onun iddia tələbi icraata xitam verilməli iddia tələbi idisə onda hansı səbəbdən Gəncə Şəhər Məhkəməsi sual yaranır ki, bu iddiamı nəyə görə icraata götürülmüşdür və eyni zamanda 2 dəfə hazırlıq iclasını təxirə salmış olurdu. Belə olan halda bu məhkəmə tərəfindən yol verilmiş kobud prosessua pozuntudur və əslində işi icraata xitam verməklə işin daha da uzanmasına və süründürməçiliyə səbəb olma halıdır. Məhkəmə heç bir halda idda həcminin artırılması barədə ərizəsini qəbul etməkdən imtina edə bilməzdi və icraata xitam verə bilməzdi. İddia ərizəsinin dəqiqləşdirilməsi və iddia həcminin artırılması barədə məhkəməyə ərizə verərkən qarşı tərəfin vəkili tərəfindən məhkəməyə qətnamə təqdim edilmişdir ki, əldən çıxmış fayda ilə bağlı iddia tələbi olmuşdur və həmin iddia tələbində məhkəmə qətnamə ilə əldən çıxmış faydaya münasibət bildirmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi əldə çıxma fayda olduğuna görə, qanuni qüvvəyə minmiş qətnamə olduğuna görə icraata xitam verilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-6541/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6541/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə icraata xitam verilməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2117/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və əldən çıxmış fayda qismində 18000 manat pul tələbinə dair İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış xx.xx.2021-ci il tarixli, **- BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtobusa, xx.xx.2021-ci il tarixli **-EF- *** dövlət nömrə nişanlı “İzusu Ecobus” markalı avtobusa, xx.xx.2021-ci il tarixli **-BJ-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtobusa və xx.xx.2021-ci il tarixli **-BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmiş və həmin avtomobillər əvvəlki hüquqi vəziyyətinə qaytarılaraq, İddiaçı və Cavabdeh1 hər birinin **-BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı, **- EF-*** dövlət nömrə nişanlı “İzusu Ecobus” markalı, **-BJ-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı və **-BX-*** dövlət nömrə nişanlı “İzusu Urban” markalı avtomobillərin ½ hissəsinə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 2469/2023 nömrəli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2117/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsasla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə xərclərinə görə 2000 manat maddi zərərin və 2000 manat mənəvi zərərin ödənilməsinə dair məhkəmə qeyd edir ki, məhkəmə xərcləri əvvəlki işə baxılaraq qətnamə qəbul olunarkən həll edilməli olduğundan və mənəvi zərər hazırki iddia üzrə birinci tələblə bağlı olduğundan həmin hissədə də məhkəmədə baxılmalı deyildir. Cehiz əşyalarının və ya onun dəyərinin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, həmin tələb biri-biri ilə əlaqədar olmayan tələb olduğundan hazırki işlə birlikdə baxıla bilməz. Beləliklə, tərəflər arasında hazırki mübahisəyə dair artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq İddiaçı cavabdehlərə qarşı eyni predmet barəsində və eyni əsaslarla təkrar məhkəməyə müraciət etmişdir. İş üzrə icraata xitam verilməsini qərara alan birinci instansiya məhkəməsi haqlı olaraq ona istinad etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsi olduğu halda iddiaçı yenə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-in 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6541/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Hazırki qərardaddan isə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 244, 261.0.2, 263, 264, 364, 372, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6541/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar