Məhkəmə qərarları › İş №2(104)-608/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-608/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-608/2024 23.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Ərizəçi1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2023 saylı qətnaməsindən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsinə icraat: Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-1267A KOD 50112018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli qərarı ilə JN-1267A KOD 50112018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onlara Qazax rayonunun Çaylı kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair X1 adı səhvən qeyd edilmişdir. Onların Alırza adlı ailə üzvü olmamışdır. Ümumiyyətlə Qazax rayonu Çaylı kəndində X5 qeydiyyatda deyil və yaşamır. Həmin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan səhvlik onlara sənədləşmə işləri ilə əlaqədar müəyyən çətinliklər yaradır. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) ərizənin təmin edilərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 verilmiş JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 aid olan hissədə hüquq müəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2023 nömrəli qətnaməsindən narazı qalan maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddia tələbi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədardır. Lakin, məhkəmə qətnamənin nəticə hissəsində hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını qeyd etmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-1267A, KOD 50112018 saylı şəhadətnaməyə əsasə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 saylı qərarı ilə Ərizəçi1 və onun ailə üzvlərinə 0,08 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinin verilməsi nəzərdə tutulan subyektlər siyahısında 5 mülkiyyətçi mövcud olmaqla, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və X3 adı qeyd edilmişdir. Lakin məhkəmə hüquqmüəyyənedici sənədin 4 nəfər mülkiyyətçiyə aid edilməsini qeyd etmişdir. Məhkəmə aidiyyət qaydasından kənara çıxmışdır. Belə ki, AİK qərarı ilə verilmiş torpaq sahəsi və onun əsasında aparılmış dövlət qeydi inzibati məhkəmə mübahisəsidir və inzibati qaydada mübahisələndirilməlidir. Torpağın mülkiyyətə verilməsinə dair X2 Əlyar oğlu ayrı mülkiyyətçi kimi qeyd edilmişdir. Məhkəmə texniki səhv nəticəsində yazılması və adın mülkiyyətçilər siyahısından silinməsini nəzərdə tutur. Ərizəçi1 və digərləri «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair qətnamə çıxarılmasını xahiş etmiş olsa da, Qazax Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(023)-1431/2023-cü il tarixli qətnaməsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1267A KOD 50112018 saylı X1 adının texniki səhv nəticəsində yazılmasını, adın mülkiyyətçilər siyahısından silinməsini nəzərdə tutmur və ya X5 ilə bağlı hər hansı bir faktı müəyyən etməmişdir. Məhkəmə kollegiyası prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə islahatın qərarı əsasında tərtib edilmişdir və hüquqmüəyyənedici sənəddə subyektlər siyahısında mülkiyyətçilərin adları qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə subyektlər siyahısında mülkiyyətçilərlə bağlı hər hansı bir dəyişikliklərin edilməsi qanuna müvafiq olaraq aparılmalıdır. Aqrar islahat Komissiyasının qərarı inzibati aktdır və məhkəmə adiyyəti qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı idi. Göründüyü kimi ərizə mülki mühakimə icraatı qaydasında baxılması mümkün deyildir. İşin hallarından görünür ki, ərizəçilərin hazırkı tələbləri inzibati orqanın (Aqrar İslahat Komissiyasının) hərəkətlərinin qanunsuz hesab etməsi ilə bağlıdır. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və işdə iştiak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi1 iddiasını müdafiə etdiyini, apellyasiya şikyətinin isə əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçilərdən Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlilərini və iş materiallarını araşdırıb hesab edir ki, Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2023 saylı qətnaməsindən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitma verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi qanunun tələbinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilə bilər. Hazırkı iş üzrə isə JN-1267A KOD 50112018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan şəxslərin ərizəçilərin şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməsi ilə bağlı hər hansı bir hal mövcud deyildir. Birinci instansiya məhkəməsi isə JN- 1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilərə aid olan hissədə onlara məxsus olması faktının müəyyən edilməsini qət etmişdir. Hərçənd ki, bu hal ümumiyyətlə mübahisəli hal olmamışdır. Hazırkı iş üzrə mübahisəli hal ərizəçilərin iddiasına əsasən JN-1267A KOD 50112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X5 adlı şəxsin adının səhv qeyd edilməsi ilə bağlı olmuşdur ki, ərizəçinin tələbinin mahiyyəti isə dolayısı ilə X4 münasibətdə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi olmuşdur. Həmin tələbə isə mülki məhkəmə icraatı qaydasında baxılması yol verilən deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəçilər ilk öncə JN-1267A KOD 50112018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adının qeyd olunması əsaslarını müəyyən etməli, yəni müvafiq olaraq Aqrar İslahat Komissiyasının qərarını və subyekt siyahısını əldə etməli, həmin şəxsin adı Aqrar İslahat Komissiyasının qərarına müvafiq olaraq subyekt siyahısında mövcud olduğu təqdirdə, həmin sənədlərə dair inzibati məhkəmə icraatı qaydasında mübahisə açmalıdır. Həmin şəxsin adı Aqrar İslahat Komissiyasının qərarına müvafiq olaraq subyekt siyahısında mövcud olmadığı təqdirdə isə JN-1267A KOD 50112018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə dair X4 münasibətdə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi tələbinə dair inzibati məhkəmə icraatı qaydasında mübahisə açmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakım iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2023 saylı qətnaməsindən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qazax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(023)-1431/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar