Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-610/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh1, onun nümayəndəsi (vəkil) Nümayəndə2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4337/2023 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4337/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən 3000 (üç min) manat kompensasiya verilməklə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlərin nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4337/2023 saylı qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququna tərəfindən 3000 (üç min) manat məbləğində kompensasiya verməyi yolu ilə xitam verilməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Vüsalə onun keçmiş gəlinidir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2002-ci il tarixli, 2-173/2002 saylı qətnaməsi ilə cavabdeh Əliyeva (hazırda Həsənova) Vüsalə Əli qızı azyaşlı (hazırda yetkinlik yaşına çatmış) övladı Nərgizlə birlikdə ünvan 1 ünvandakı mülkə köçürülüb, orada yaşamaq hüququ verilmişdir. Cavabdehlərin ona məxsus evdə qalmalarına görə o ağır xəstə olan oğlunu evinə gətirib ona baxa bilmir. Oğlu 16 ildir ki, ağ ciyər xəstəsidir, ayaqları da artıq tutulub, yeriyə bilmir. Həyat yoldaşı rəhmətə gedib. Cavabdehlərin burada qalmaları mülkiyyətçi kimi onun iradəsinin ziddinədir və mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Ev 1 otaq və 1 yardımçı sahədən ibarətdir, həyətə maşın girmir, çox darısqal və şəraitsiz bir yaşayış sahəsidir. Evin qiyməti də çox ucuzdur. Cavabdehlər əvvəlcə onunla razılaşmışdılar, lakin indi çıxmaq istəmirlər. O, pensiyaçıdır, evi köhnə və çox zəif bir evdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə cavabdehlərdən Cavabdeh2 münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə Cavabdeh2 münasibətdə belə hesab etmişdir ki, o mülkiyətçinin ailə üzvü deyil və Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən onun evdən istifadə hüququ yoxdur. Lakin bununla bağlı qeyd etmişdir ki, Cavabdeh2 24 il bundan əvvəl həmin mənzildə doğulmuş və həmin vaxtdan orda yaşamışdır. Bundan başqa hesab edir ki, məhkəmə kompensasiya məbləğini də müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli mənzil şəhərin mərkəzində yerləşir. Cavabdeh2 nikahı pozulduqdan sonra himayəsində olan azyaşlı uşaqla və onunla birlikdə qeyd edilən ünvanda yaşayır, uşaq azyaşlı olduğu üçün həmin cavabdeh də işləyə bilmir. Kompensasiya qismində təklif edilən 3000 manat onların kirayə ev tutmaları və ya başqa yaşayış sahəsi satın almaları üçün kifayət etmir və edə də bilməz. Məhkəmədə Cavabdeh1 7000 və ya 8000 manat kompensasiya ödəniləcəyi halda iddia ilə razılaşacağını bildirmişdir. Hesab edir ki, həmin məbləğ daha uyğundur. Göründüyü kimi məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi (vəkil) Nümayəndə2 və apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etsələr də, Cavabdeh1 izahatında göstərdi ki, həqiqətən də bir neçə il bundan əvvəl qohumları birləşərək ona başqa ünvanda ev almaq istəyirdilər. Lakin iddiaçı 2000 manat verməyə razı olmadı. Hazırda iddiaçı 5000-6000 manat verərsə qalan hissəni də onlar bir təhər düzəldib ev ala bilərlər. İddiaçının təklif etdiyi 3000 manat kompensasiya ilə evdən çıxmağa razı deyildir. Digər Cavabdeh2 izahatında göstərdi ki, o, ailə qurub mübahisəli ünvandan köçüb getmiş olsa da, hazırda ərindən ayrılmışdır və azyaşlı uşağı ilə mübahisəli ünvandakı evdə yaşayır. Mübahisəli ünvandakı ev təmirsiz və rütubətlidir. Lakin başqa evləri olmadığına görə orada yaşayırlar. İddiaçı 6000 manat kompensasiya ödəyərsə iddianın təmin edilməsinə etiraz etməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayəti ilə qismən razılaşdıqlarını bildirdilər. Həmçinin İddiaçı ərizə təqdim edərək cavabdehlərə 5000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4337/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 816265 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-173/2002 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X4 azyaşlı uşağı Nərgizlə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 22 nömrəli mülkə köçürülüb, orada yaşamaq hüququnun verilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı ümumilikdə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/5143-9/5372 saylı ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17700.0 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin ümumi sahəsi 46.5 kv.m 3 saylı mənzilin və ona oxşar şəraitli evlərin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilmiş ərizədən görünür ki, o, cavabdehlərə 5000 manat kompensasiya ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1982-ci ildən 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Qərarda həmçinin qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsi hazırda qüvvədə olan Mülki Məcəllənin qüvvəyə minməsindən əvvəl, yəni 2000-ci ildən qabaq köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış istifadə hüququna xitam verilməsi üçün həmin Məcəllədə hər hansı norma nəzərdə tutulmadığına görə qeyd olunan münasibətlər davam edən münasibətlər olduğu üçün 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən xitam verilməsinin mümkün olduğunu hesab etmişdir. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən məhkəmənin iddiaçıya məxsus mənzildən Cavabdeh2 istifadə hüququnun olmaması barədə qənaətindən, həmçinin kompensasiya məbləğinin az olmasından narazıdırlar. Birinci instansiya məhkəməsi Cavabdeh2 mənzildən istifadə hüququnun olmamasını belə əsaslandırmışdır ki, 1998-ci ildə doğulmuş Cavabdeh2 həmin dövrdə on dörd yaşına çatmadığı üçün onun yaşayış yeri valideyninin yaşayış yeri sayılan qeyd edilən mənzilə anası ilə birlikdə köçürülməsi qət olunmuşdur. Cavabdeh2 həmin evlə bağlı mülkiyyətçi ilə münasibətləri onun 14 yaşı tamam olduğu 2012-ci ildə yaranmışdır. Ona görə də hesab etmişdir ki, həmin vaxt qüvvədə olan mənzildən istifadə ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası əvvəla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüququ ilə bağlı qeyd edir ki, Cavabdeh1 1997-ci ildə X3 ilə ailə quraraq sonuncunun atasına məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə gəlin köçmüş və onlar arasındakı nikah 1998-ci ildə rəsmiləşdirilmişdir. Onların nikahlarından 1998-ci ildə Cavabdeh2 dünyaya gəlmişdir. Cavabdeh1 göstərilən ünvanda 2001-ci il tarixə kimi yaşamış, daha sonra X3 ilə aralarında olan narazılığa görə mənzildən çıxıb getmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-173/2002 saylı qətnaməsi ilə Cavabdeh1 uşağı Cavabdeh2 ilə qeyd olunan ünvana köçürülmüş və həmin ünvana istifadə hüquqları tanınmışdır. Göründüyü kimi Cavabdeh2 1998-ci ildə dünyaya gəlmişdir. Həmin vaxt onun anası olan Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşamışdır. Cavabdeh2 ilə mülkiyyətçi arasında olan münasibətlər məhz həmin ildə yaranmışdır. Qeyd olunan halı məhkəmə üçün işə baxarkən preyudusial əhəmiyyət daşıyan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-173/2002 saylı qətnaməsi təsdiq edir. Ona görə də kollegiya Gəncə Şəhər Məhkəməsinin qənaəti ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququ ilə bağlı münasibətlər 1998-ci ildə yaranmışdır. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddiaçının tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehlər artıq uzun illərdir ki, iddiaçıya məxsus evdə yaşayırlar. Hazırda iddiaçı özünün xəstə oğlunu baxmaq üçün öz yaşadığı evə köçürmək istəyir. Lakin evin ümumi sahəsi isə 46.5 kv.m. olduğundan cavabdehlərin həmin evdə yaşadığı halda iddiaçının öz oğlunu həmin evə köçürməsi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli evdə yaşamaqla iddiaçının həmin evdən sərbəst istifadəsinə maneçilik yaradır, onun mübahisəli evə sərəncam vermək hüququnu məhdudlaşdırır. Odur ki, kollegiya hesab edir ki, ədalətli kompensasiya müqabilində cavabdehlərin iddiaçıya məxsus mənzildən (evdən) istifadə hüququna xitam verilməlidir. İddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, ekspert rəyində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 22 saylı evin 3 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 17 700.0 manat məbləğində, həmin mənzilin və ona oxşar şəraitli evlərin aylıq icarə haqqının isə orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilmişdir. Digər tərəfdən cavabdehlərin özləri də məhkəmə iclasında verdikləri izahatlarında iddiaçı tərəfindən onlara 5000-6000 manat veriləcəyi halda iddia tələbinin təmin edilməsinə etiraz etməyəcəklərini bildirdilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi üçün ədalətli kompensasiya məbləği ümumi olaraq 5000 manat müəyyən olunmalıdır. İddiaçı da məhkəməyə ərizə verərək 5000 manat kompensasiya verməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1 və 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4337/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, İddiaçı tərəfindən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməli, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4337/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı tərəfindən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Qətnamə 5000 (beş min) manat kompensasiya verilməklə evdən çıxarılması hissələrində eyni vaxtda icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-610/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-610/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver