Məhkəmə qərarları › İş №2(104)-613/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-613/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-613/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə PAG********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixinədək icbari sığortalanmışdır.

2. Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi - toqquşma xx.xx.2022-ci il tarixində, saat 17:30 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh X6, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən Cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “LEXUS RX 330” minik markalı, ** BJ *** dövlət qeydiyyatlı nişanlı avtomobilin mülkiyyətçisi X7, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X4 olmuşdur. Toqquşma nəticəsində ziyan vurulmuş digər “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X5 olmuşdur.

3. İnzibati xəta haqqında İXP ******* nömrəli protokola və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:30-da “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

4. A-PAG 0357/22 saylı sığorta aktından və cari hesabdan çıxarışdan görünür ki, iddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “LEXUS RX 330” minik markalı, ** BJ *** dövlət qeydiyyatlı nişanlı avtonəqliyyat vasitəsinin sahibi zərərkçəkən X1 plastik kart vasitəsilə 150 manat məbləğində pul vəsaiti ödəmişdir.

5. A-PAG 0358/22 saylı sığorta aktından və cari hesabdan çıxarışdan görünür ki, iddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi zərərçəkən X2 plastik kart vasitəsilə 800 manat məbləğində pul vəsaiti ödəmişdir.

6. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 950 manat sığorta ödənişinin 7 gün müddətində iddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli yekun aktlardan görünür ki, ehtiyat hissələrinin və təmir işlərinin ümumi ƏDV daxil dəyəri müvafiq olaraq “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üçün 800 manat, “LEXUS RX 330” minik markalı, ** BJ *** dövlət qeydiyyatlı nişanlı avtonəqliyyat vasitəsi avtomobil üçün 150 manat müəyyən edilmişdir.

8. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan və iş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" ASC, Cavabdeh 950 manat sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC-də xx.xx.2022-ci il tarixli, PAG********** şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “OPEL ASTRA” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyatlı nişanlı və “LEXUS RX 330” markalı, ** BJ *** dövlət qeydiyyatlı nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 (səkkiz yüz) manat və “LEXUS RX 330” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 (bir yüz əlli) manat olmaqla, iddiaçı tərəfindən ümumillikdə 950 (doqquz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “OPEL ASTRA” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 800 (səkkiz yüz) manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli yekun qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “LEXUS RX 330” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 755/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyatlı nişanlı və “LEXUS RX 330” markalı, ** BJ *** dövlət qeydiyyatlı nişanlı avtomobil vasitələrinə dəymiş zərərlə bağlı ödənilməli olan 950 (doqquz yüz əlli) manat məbləğində pulun iddiaçının hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur.

13. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1 və 936.2-ci maddələrinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinin mənasına görə delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu normalara əsasən zərərvuran başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödənilməsi öhdəliyi daşıdığı müəyyən olunur. Məcəllənin 936-cımaddəsinə əsasən (936.1) Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (936.2) Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (936.5) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasıqanunun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən normalara əsasən, “Vaz 21144” markalı ** RX *** dövlət qeydiyyat nişanlı və “Lexus RX330” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ümumilikdə ödənilmiş 950 (doqquz yüz əlli) manat məbləğində sığorta ödənişinin cavabdehdən tələb edilmişdir. Gəncə şəhər məhkəməsi qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli sübutları tətqiq etməmişdir. Belə ki, iş materiallarında olan Sığorta şəhadətnaməsinə, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş Arayışa (Forma 4), Cəmiyyət tərəfindən tərtib edilmiş sığorta aktına, dəymiş zərərin həcmini müəyyən edən sənədlərə hüquqi qiymət verməmişdir. Belə olduqda işin faktiki hallarını müəyyən edə bilməmiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını qismən araşdırmış və işin hallarına uyğun gəlməyən qanunvericilik normalarına istinad etmişdir. Bu da nəticədə qanuni və əsaslı olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə qətnamə qəbul edərkən Məcəllənin 21-ci, 1096-cı və 1097-cimaddələrini tətbiq etməmişdir.

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

21. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.

22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

25. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;

31. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

32. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, “OPEL ASTRA” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyatlı nişanlı və “LEXUS RX 330” markalı, ** BJ *** dövlət qeydiyyatlı nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21144” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 (səkkiz yüz) manat və “LEXUS RX 330” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 (bir yüz əlli) manat olmaqla, iddiaçı tərəfindən ümumillikdə 950 (doqquz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İXP ******* nömrəli, xx.xx.2022- ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “OPEL ASTRA” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti və subroqasiya hüququnun yaranmasına münasibətdə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materialları müəyən olunur ki, “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh X6, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən Cavabdeh olmuşdur. Avtomobilin sürücüsü Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmişdir. İddiaçı da, tələbini yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, ona qarşı subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də, sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də, bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də, sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də, sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də, qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir.

48. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də, etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

49. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “OPEL ASTRA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, ona qarşı subroqasiya hüququnun yaranmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

50. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6245/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar