Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-616/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1, onun vəkili X4, İddiaçı2 nümayəndəsi olan yoldaşı X2, İddiaçı3, Cavabdeh2, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(015)-884/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X15, anaları X1 miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən 325,6 kv.m yaşayış evinin və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin mərhum atalarına və analarına düşən hissəsində vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum ataları X24 06 oktyabr 1996-cı il tarixdə, anası X10 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Mərhum valideynlərindən Ağstafa rayonu Eynallı kəndində 325,6 kv.m yaşayış evin və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin mərhum ataları və analarına düşən hissəsi miras qalmışdır. Onlar vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Ağstafa rayon Notariat ofisinə 16 iyun 2021-ci il tarixdə müraciət etmiş və miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında mübahisə olduğu üçün, onlara imtina məktubu verilmişdir. Onlar mirası qəbul etmişlər və mirası qəbul etməklərini şəksiz nümayiş etdirirlər. Evin yardımçı hissələrində müəyyən tikinti işləri aparmaqda davam edirlər. Həmin miras qalmış olan yaşayış evi mərhum ataları və anlarının sağ olan vaxtında məhz onların qazancı nəticəsində tikilmiş və buna dair əllərində çoxsaylı sübutları da vardır. Həmçinin həmin mübahisə olunan ev barədə mərhum valideynləri tərəfindən tərtib edilmiş olan vəsiyyətnamə var ki, həmin vəsiyyətnamənin icra edilməsi zamanı cavabdehlər də iştirak etmiş və öz razılıqlarını bildirmişlər. Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(015)-884/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əşərəf oğluna qarşı «miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi tələbi» barədə iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(015)- 884/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində qeyd edilən arqumentlərlə əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, 1979-1982-ci illərdə tikilmiş evə ataları Texniki pasport almış və bu günə qədər ataları X18 adınadır. Cavabdeh2 adına verilmiş 0.25 ha torpaq sahəsinin tikilmiş evlə heç bir əlaqəsi yoxdur. Belə ki, Cavabdeh2 öz ailəsi ilə ata evin yarısında yaşayır. Atalarının mərasimini onlar təşkil etmişlər. 1996-1999-cu illər anası Rzayeva Zərqələm ünvan 1 ünvanında yaşamış və orada da vəfat etmişdir. İddiaçılar İddiaçı4, İddiaçı2, Cavabdeh1 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı2 məhkəmə kollegiyasının iclasında nümayəndəsi olan yoldaşı X11 ilə təmsil edilmişdir. Eyni zamanda, İddiaçı4 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə kollegiyasının iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Həmçinin göstərdi ki, iddiaçılardan İddiaçı4 onun böyük qardaşı Rzanın arvadı, Nəriman isə, Rzanın oğludur. O, 1990-cı ildən, digər iddiaçı olan qardaşı Rüstəm 1982-ci ildə, digər iddiaçı olan qardaşı Rəşid isə 1984-cü ildən Bakı şəhərində yaşayırlar. Cavabdeh olan bacısı Səmayə 1977-ci ildən həmin kəndə gəlin köçmüşdür. Miras qalmış ata evini əslində o, atasının sağlığında, yəni 1979-1982-ci illərdə tikdirmişdir. Ev 2 mərtəbəli, 6 otaqlı, 3 otaq birinci mərtəbədə, 3 otaq 2-ci mərtəbədə olmuşdur. Mərhum atasının sağlığında və vəfatından sonra da, evin bir otağı həmişə onun və ailə üzvlərinin istifadəsində və sahibliyində olmuş və heç vaxt mübahisə doğurmamışdır. 2012-2016 və 2020-ci və sonrakı illlərə aid cəmi 19 ədəd mərhum atasının adından azəriqaz ödəmə sənədlərini təqdim edərək, qeyd edir ki, onun tərəfindən edilmiş ödəmə sənədlərinin onda saxlanılan hissəsidir. Bundan başqa, 2017-ci ildən başlamaqla, ata mülkündə yeni ev tikir ki, hələ tikinti başa çatmamış və həmin tikilinin fotoşəkillərini də təqdim edir. Bundan başqa, cavabdehlə aralarında miras evin bölgüsü ilə bağlı imzalanmış razılaşmanı təqdim edərək, qeyd edir ki, əslində onlar miras evin bölgüsü ilə bağlı aralarında razılaşma olmuş, həmin razılaşmanı cavabdeh qardaşı Mürşüd də daxil olmaqla, hamısı imzalamış, lakin son iki ildir ki, yenidən aralarında mübahisə yaranmışdır. Qardaşı Rəşid mərhum atasına aid zəbt torpaq sahəsində təxminən 1994-cü ildə özü üçün ayrıca ev tikdirmiş və kəndə gələndə həmin evdə yaşayır və həmin ev mübahisə edilmir. Miras ata mülkünü isə, yalnız o və qardaşı olan Mürşüd faktiki olaraq qəbul edərək, idarə etmişlər. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(015)-114/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini edilməsini xahiş etdi. İddiaçı1 vəkili X12 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(015)- 114/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 nümayəndəsi olan yoldaşı X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, İddiaçı1 izahatı ilə razılaşır.Həqiqətən həyat yoldaşı olan Rüstəm 1982-ci ildən Bakı şəhərində yaşayır və əslində miras ev əsasən Kamilin vəsaiti ilə tikilmişdir. Mərhumların sağlığında və vəfatından sonra Kamil həmin evin bir hissəsinə sahibliyi və idarəçiliyi həyata keçirmişdir. Hesab edir ki, bütün övladlara vərəsəlik payı verilməlidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(015)-114/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, İddiaçı1 izahatı ilə razılaşır. O, 1984-cü ildən Bakı şəhərində yaşayır. 1994-cü ildə mərhum atasının zəbt torpaq sahəsində yaşayış evi tikdirmiş və kəndə gələndə orada yaşamışdır. Qardaşı Kamil isə atasının sağlığında həmin evi tikdirmiş, həmin vaxt və atasının vəfatından sonra, həmin evin ayrıca bir otağından istifadə etmiş, sahibliyi və idarəçiliyi həyata keçirmişdir ki, bu hal heç vaxt mübahisə doğurmamışdır. Hətta mülkdən istifadə ilə bağlı aralarında razılaşma da olmuşduir ki, hazırda qardaşı Mürşüd həmin razılaşmaya əməl etmir. Hesab edir ki, bütün övladlara vərəsəlik payı verilməlidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(015)-114/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, hazırda miras mülkdə o və ailə üzvləri yaşayır. İddiaçıların hər birinin Bakı şəhərində evləri vardır.Qardaşı İddiaçı3 1994-cü ildə mərhum atasının zəbt torpaq sahəsində yaşayış evi tikdirmiş və kəndə gələndə orada yaşayır ki, həminm evlə bağlı heç bir mübahisəsi yoxdur. Düzdür, iddiaçılarla aralarında miras evin bölgüsü ilə bağlı razılaşmanı imzalamışlar, lakin hazırda həmin razılaşmanı qəbul etmir. Miras mülkü yalnız o, qəbul etmişdir. İddiaçılar yalnız qonaq kimi gəlib-getmişlər. Qardaşı Kamil mübahisə olunan həyətdə yeni ev tikir və həmin evə də heç bir iradı yoxdur. Bununla belə, iddiaçılara miras pay verilməsini istəmir. Belə ki, onun iki oğlu vardır, ikisi də hərbiçidir və hər birinin evə ehtiyacı vardır. Həmçinin evə dair 2022-ci ilə aid 6 ədəd ödəmə sənədləri təqdim edir və onda başqa ödəmə sənədlərinin olmadığınıı qeyd edir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(015)-114/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi X16 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2(015)-114/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(015)-884/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə Namazova (Rzayeva) Ədalət Qərib qızı xx.xx.1978-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq evlənmişlər. Ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X24 06 oktyabr 1996-cı ildə, X10 isə 15 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 15.09. 2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X25, İddiaçı2, İddiaçı1, İddiaçı3 valideynləri, yəni atası X24, anası isə X5r. Torpağın Mülkiyyətə verilməsinə dair JN-283 Kod 50200038 saylı Dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İstehsalat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə X6, Cavabdeh2 Əşərəf oğluna, X13, X17 X14 və X8 təsərrüfatı məhsulları istehsalı üçün 1.95 ha torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-018F Kod 50200038 saylı şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar istehsalat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı2 0.25 ha torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-017F Kod 50200038 saylı şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar istehsalat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh2, X13, X17, X14 və X7 0.25 ha torpaq sahəsi verilmişdir. X18 adına tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun göstəricilərindən görünür ki, həmin ev 2 mərtəbəlidir. İddiaçı1 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 2012-2016 və 2020-ci və sonrakı illərə aid cəmi 19 ədəd mərhum atasının adından azəriqaz ödəmə sənədləri işə əlavə edilmişdir. İddiaçı1 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cavabdehlə aralarında miras evin bölgüsü ilə bağlı imzalanmış razılaşma sənədi və yeni tikdirdiyi evin fotoşəkilləri işə əlavə edilmişdir. Cavabdeh2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş evə dair 2022-ci ilə aid 6 ədəd ödəmə sənədləri işə əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, miras qoyanlar X24 06 oktyabr 1996-cı ildə, X10 isə 15 yanvar 1999-cu il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra 6 nəfər birinci növbə vərəsələri, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X25, Cavabdeh2 və Cavabdeh1 qalmışdır. X25 15.09. 2014-cü ildə vəfat etdiyindən, onun arvadı İddiaçı4 iddiaçı qismində çıxış etmişdir. Mərhumların vəfatından sonra, onların Ağstafa rayonu Eynallı kəndində yerləşən yaşayış evi və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin 2/6 hissəsi miras qalmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri mərhumlar X18 06 oktyabr 1996-cı ildə, X3 isə 15 yanvar 1999-cu il tarixdə vəfat etməsi ilə yarandığından, mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin Məcəllə ilə yanaşı xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq etməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir ki, bu hal da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün əsasdır. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(015)- 884/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyanların ölümündən sonra iddiaçılardan İddiaçı2, İddiaçı3, X25 və Cavabdeh1 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişlər. İşin həmin halı onların izahatları ilə də, təsdiq olunur və onların hər biri valideynlərinin sağlığında daimi olaraq başqa ünvanlara köçərək yaşamışlar və ayrıca yaşayış evləri vardır. İddiaçı1 və Cavabdeh2 isə mirası faktiki (qeyri-formal üsulla) qəbul etmişlər. Belə ki, Cavabdeh2 mirası faktiki qəbul etməsi mübahisələndirilməsə də, İddiaçı1 mirası qəbul etməsi Cavabdeh2 tərəfindən mübahisələndirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 mərhum atasının vəfatından sonra, miras evi faktiki qəbul edib, ayrıca otağına sahiblik etməsi ilə bağlı hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir. Həmçinin miras evdə qaz və işıqdan istifadə ilə bağlı müvafiq ödəmələri etməsi, onun son illərdə həmin yaşayış evinin həyətində fərdi yaşayış evi tikdirməsi, onun mirası qəbul etdiyini nümayiş etdirir. Göründüyü kimi, İddiaçı1 miras qoyan şəxsin evinin ayrıca otağına faktiki cəhətdən sahib dururaraq, miras əmlakı faktiki idarə etməklə, istifadə edib, onu lazımi vəziyyətdə saxlamış və ödəmələri etmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflər arasında miras evin bölgüsü ilə bağlı imzalanmış razılaşma sənədi də mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə işin həmin hallarını nəzərə almamış, iddianı rədd etmişdir ki, bu zaman qətnamədə göstərilmiş nəticə işin hallarına qismən uyğun gəlməmişdir ki, bu isə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(015)-884/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı1 və Cavabdeh2 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməli, X24 və X1 miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən yaşayış evi və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin 2/6 hissəsi üzərində İddiaçı1 və Cavabdeh2 hər birinin ½ hissədə miras payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(015)-884/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı1 və Cavabdeh2 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. X24 və X1 miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən yaşayış evi və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin 2/6 hissəsi üzərində İddiaçı1 və Cavabdeh2 hər birinin ½ hissədə miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-616/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-616/2023
09.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver