Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-620/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X21 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: mirasın faktiki qəbulu; mirasın qəbuluna yönələn hərəkətlər; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və cavabdeh X8 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X21, Cavabdeh3, Qazax rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, həmçinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(023)-1378/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 29 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İ-ЖГ 255120 nömrəli X30 və X22 arasında xx.xx.1973-cü ildə nikah bağlanmış və sonra X12 Sarıyeva soyadı verilmişdir;
2. İİ-ЖГ seriyalı 409877 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx xxxxxx 1974-cü ildə Qazaxda anadan olmuş, atası qrafasında X31, ana qrafasında isə X23 qeyd edilmişdir;
3. Vİ-ЖГ serialı 476541 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 və X18 arasında nikah bağlanmış və bu barədə xx.xx.1988-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir;
4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1983-cü ildə ölmüşdür;
5. xx.xx.2005-ci il tarixli vəsiyətnamənin surətindən görünür ki, X23 bütün əmlakını harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq o cümlədən ünvan 1 ünvanıda yerləşən mənzilini X13 vəsiyyət etmişdir;
6. 08 sentyabr 2017-ci il tarixli Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh2 ünvanlanan məktubun surətindən görünür ki, 05 iyul 2005-ci il tarixli vəsiyətnamənin dəyişdirilməsi ləğv edilməsini barədə arxivə məlumat daxil olmamışdır;
7. xx.xx.2017-ci il tarixli Dövlət notariat arxivinin məktubundan görünür ki, xx.xx.2055-ci il tarixli 2V-İ-96 nömrəli vəsiyyətnamənin xx.xx.2017-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır;
8. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 29 iyun 2013-cü ildə ölmüşdür;
9. X21 tərəfindən Cavabdeh1na ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilə vəsiyyətnamə üzrə şəhadətnamə verməyi xahiş etmiş və həmçinin ərizədə MM-in 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa şəxslərin olmadığını vurğulamışdır;
10. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013 tarixdə ölmüş X23 vərəsəsi Cavabdeh2 ünvan 1 və o miras əmlakından tam hisədə pay almalıdır;
11. 12 mart 2017-ci il tarixli arayışdan görünür ki, X9 ölən günə kimi ünvan 1 ünvanıda yaşamışdır. Ölən günə kimi onunla birgə yaşamış və ölümündən sonra yaşamağa davam edən X32 qalmışdır. Arayışda həmin evdə qeydiyyatda olan lakin başqa ünvanda yaşayan övladları və həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladlarının qeyd edilməsi lazım olan qrafa başdur;
12. Hüquqların Dövlət qeyydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX1109019 nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 də yerləşən sahəsi 87.7 kv/m sahəsi olan Cavabdeh2 xüsusi mülkiyyətindədir;
13. Qazax şəhər notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87.7 kv/m yaşayış sahəsi 44.2 kv/m yardımçı sahəsi 43.5kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsinin tam hissəni 87.7 kv/m Cavabdeh3 satmışdır;
14. Çox saylı qəbzlərdən görünür ki, X21 müxtəlif tarixlərdə ünvan 3-də qaz və elektrik energisinin istifadə edilməsi üçün ödənişlər etmişdir;
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Cavabdeh2, X24, Qazax rayon notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisindən cavabdehə verilmiş X3nın mirasından payların müəyyən edilməsi barədə 28 sentyabr 2017-ci il tarixli 2V-195 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə cavabdeh X14 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən və cavabdehlər X21 və Cavabdeh3 arasında ünvan 4 ünvanında yerləşən mənzilin alqısatqısına dair 6 avqust 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsi ilə bağlanmış AN- İN1277208 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış ünvan 5 ünvanında yerləşən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən cavabdeh X14 Qazax rayon notatiat ofisində verilmiş 05 iyul 2005-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Qazax rayon notariat ofisindən cavabdehə verilmiş anaları X9 mirasından payların müəyyən edilməsi barədə 28 sentyabr 2017-ci il tarixli, 2V-195 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə cavabdeh X14 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Cavabdeh3 arasında ünvan 6 ünvanında yerləşən mənzilin alqısatqısına dair 6 avqust 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış Qazax şəhəri, N.Nərimanov küçəsi ev 31 mənzil 2 ünvanında yerləşən mənzildən məcburi vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildə Qazax şəhərində X30 ilə X9 birgə nikahından doğulmuşdur. X3 05 iyul 2005-ci il tarixdə bacısına vəsiyyətnamə vermişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********4- 05101-093002 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri N.Nərmanov küçəsi ev 31-də yerləşən mənzil 2 anasından miras qalmışdır. Anası 2023-cü ildə vəfat etdikdən sonra qanunsuz olaraq ondan miras qalan ünvan 3-də yerləşən evdən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bacısının miras əmlakından pay almaq hüququ tanınmış və vərəsəlik şəhadətnaməsi əsasında həmin evə bacısının adına Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2017-ci il tarixli ********** və **********42310301 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin bu vərəsəlik şəhadətnaməsi verilərkən onun bu əmlaka olan məcburi pay hüququ nəzərə alınmamışdır. Bu hal cavabdehin mirasa tam mülkiyyət hüququ ilə, həmçinin bu mülk üzərində tam olaraq sərəncam vermək hüququnu istisna edir. Buna baxmayaraq bacısı X4 şəhəri N.Nərimanaov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzili Qazax rayon notariat ofisində 06 avqust 2024-cü il tarixdə ******* nömrəl daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Qazax şəhəri Azadlıq küçəsi ev 208 mənzil 47 də qeydiyyatda olan Cavabdeh3 45000 manata satmaqla onun mənzil üzərindəki miras əmlakından məcburi pay hüququnu nəzərə almadan verilən vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, bacısının adına verilmiş çıxarış, cavabdeh - bacısının Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsi məhkəmə tərəfindən ləğv edilməli və Qazax şəhəri N.Nərmanov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzildən miras olaraq payı müəyyən edilməlidir. O, varis olaraq anasından qalan mirası faktiki olaraq qəbul etmişdir. O, mirası faktiki olaraq qəbul edib, mirasdan pay almalı olduğu halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə mirasdan məcburi payı müəyyən edulməmişdir. Cavabdehin nümayəndəsi X2 rayon notariat ofisinə təqdim etdiyi 12 sentyabr 2017-ci il tarixli mirasın qəbulu ərizəsində varis olaraq onun adı göstərilməmişdir. Bundan başqa bir məsələ isə cavabdeh tərəfindən onun nümayəndəsi X5 isə etibarnamə 14 sentyabr 2017-ci il tarixə verilmişdir. Yəni, Qazax rayon notariat ofisi səlahiyyəti olmayan şəxsin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bundan başqa Qazax rayon notariat ofisinə təqdim edilmiş Qazax rayon İcra Hakimiyyəti Mənzil İstismar sahəsinin 12 mart 2017-ci il tarixli arayışında da varis olaraq cavabdeh göstərilmiş və onun adı vərəsələrin dairəsi müəyyən edilərkən gizlədilmişdir. Bunun əsasında Qazax rayon notariat ofisi 28 sentyabr 2027-ci il tarixdə qanunsuz olaraq mirasa dair 2V-195 reyestr nömrəsi ilə cavabdehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anasının vəfatından sonra ondan qalmış mirası idarə etməklə ona sahiblənib. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq onu vərəsələrin dairəsindən gizlətməklə mirasdan tək özü pay almışdır.
18. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X8 qonşusudur. X23 vəfat edən günə kimi Ruhiyyə onunla birlikdə yaşamışdır. X9 vəfatından sonra da X21 ailəsi ilə birlikdə onun evində yaşamışdır. İddiaçı Rəmziyyə isə ümumiyyətlə anasının vəfatına kimi və vəfatından sonra həmin evində yaşamamışdır. X9 vəfatından 3-4 il sonra isə həmin evdə yaşayan Ruhiyyə evi kirayə vermişdir. X9 dəfni ilə bağlı xərcləri Ruhiyyə Sarıyeva çəkmişdir.
19. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X8 qonşusudur. Rəmziyyəni tanımır. X23 vəfat edəndən sonra Ruhiyyə Sarıyeva ailəsi ilə birlikdə onun evində yaşamışdır. Ruhiyyə Sarıyeva həmin evdə təmir işləri aparmışdır.
20. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X8 qonşusudur. Rəmziyyəni tanımır, Ruhiyyə Sarıyevanı isə tanıyır. X9 vəfatından sonra Ruhiyyə Sarıyeva onun evində yaşamışdır. Rəmziyyə yalnız X23 vəfat edəndə gəlmişdir. Hətta həmin evi bir müddət Ruhiyyə Sarıyeva kirayə vermişdir.
21. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində göstərmişdir ki, tərəflər onun baldızı qızlarıdır. Mübahisəli evdə X23 ilə Ruhiyyə Sarıyeva yaşamışdır. X23 xəstələnən vaxt Rəmziyyə də ona baxmışdır. Rəmziyyə anasının yas mərasimində iştirak etmiş, sonra Türkiyə Respublikasına getmişdir. Daha sonra Rəmziyyə Sarıyeva anasının qırx mərasiminə gəlmişdir. X9 vəfatından sonra Rəmziyyə öz qaynanasının Qazax rayon ərazisində olan evində yaşamışdır. X9 vəfatından sonra Rəmziyyə anasına məxsus palaz, kravat və qab-qaşığı öz evinə aparmışdır. Həmin əşyaları qırx mərasimindən sonra aparmışdır. Rəmziyyədə evin açarı olmuşdur və o iki cümə axşamında iştirak etmişdir. Hətta cümə axşamının birini əmisi arvadı vermişdir ki, həmin vaxt Ruhiyyə Tovuz rayonunda işdə olmuşdur və orada iştirak etməmişdir. Həmin cümə axşamında yalnız Rəmziyyə olmuşdur. Rəmziyyə anasının qırx mərasimindən sonra az müddət qalmış və sonradan Türkiyəyə getmişdir.
22. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X27 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərlə bir küçədə yaşasalar da, yaxın münasibətləri olmamışdır. Təxminən on il bundan əvvəl Rəmziyyə Qazax şəhəri Nəriman Nərimanov küçəsində müəyyən əşyaları olduğunu və anasının qırxından sonra həmin əşyaları götürəcəyini ona demişdir. Sonradan onun avtomobili ilə həmin ünvandan kravat, palaz, qazan və qab-qacağı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evə aparmışlar. Həmin vaxt orada Rəmziyyə, Ruhiyyə və bir nəfər başqa şəxs olmuşdur. Tam yadında deyil amma təxminən əşyaları ikinci mərtəbədən götürmüşdülər.
23. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərin yaxın qohumudur. Tərəflərin hər ikisi də analarına qulluq etmişlər. X9 ya qırx, ya da il mərasimində Rəmziyyə iştirak etmişdir. X9 heç bir cümə axşamı mərasimində iştirak etməmişdir. O, Rəmziyyənin anasının bəzi əşyalarını apardığını görməmişdir, sadəcə eşitmişdir. Mübahisəli evdə mərhumun vəfatından sonra Ruhiyyə əri ilə birlikdə yaşamışdır. Rəmziyyə isə Qazax rayonunda yerləşən öz ərinin evində yaşamışdır.
24. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həm qohum, həm də qonşudular. Tərəflərin münasibəti normal olmuşdur. Bütün yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anası vəfat edən günün səhəri gəlmiş və yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anasına məxsus kravat, qab-qaşıq, xalça və başqa əşyaları təxminən qırxdan sonra götürmüşdür. Həmin əşyaları Xıdırın maşını ilə aparmışdır. Evin açarının kimdə olduğu barədə heç bir məlumatı olmamışdır.
25. Qazax Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(023)-1378/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon Notariat Ofisinə və DƏDKR PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı-müqaviləsinin ləğv edilməsi və mənzildən məcburi vərəsəlik payın müəyyən edilməsi» tələbi barədə iddiasının təmin edilməməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
26. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1. 1166, 1170.1, 1176.1, 1193, 1195, 1196, 1201, 1202.2 və 1243.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 12 sentyabr 2017-ci il tarixdə hüququ olmayan şəxs X10 cavabdehin nümayəndəsi qismində Qazax rayon notariat ofisinə mirasın qəbulu ərizəsi ilə müraciət edir və bu ərizədə vərəsə olaraq yalnız cavabdeh göstərilməklə digər vərəsə gizlədilir. Eləcə də bu ərizəyə əlavə olunmuş arayışda da, o, vərəsə olaraq gizlədilir. Bu ərizə əsasında 12 sentyabr 2017-ci il tarixdə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə miras qoyanın adına olan mənzilə dair sənədlərin hazırlanması ilə bağlı məktub verilir. Mülki Məcəllənin 1245- ci maddəsində mirasın nümayəndə vasitəsilə qəbul olunması qeyd edilmişdir. Ancaq iş materiallarından göründüyü kimi, ərizə verilərkən şəxs cavabdehin nümayəndəsi olmamış və yalnız 14 sentyabr 2017-ci il tarixdə etibarnamə verilmişdir. İddiaçının tələblərindən biri mərhum anası tərəfindən cavabdehə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsidir və iddiaçı bu tələbini qeyd edilən normaların tələblərinə əsasən əsaslandıraraq göstərmişdir ki, miras qoyan cavabdehin adına vəsiyyətnamə verərkən və miras açılarkən mübahisəli mənzil onun mülkiyyətində olmamışdır. Bu halı nəzərə alaraq notariat ofisi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verərkən də qanun pozuntusuna yol vermişdir. Bununla bağlı tələbə məhkəmə qətnaməsində münasibət bildirməmiş, bu tələbin təmin edilməməsini əsaslandırmamış və qərarında təmin edilməməsini belə qeyd etməmişdir. İş materiallarında, həmçinin dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilmişdir ki, münahisəli mənzilin açarının biri onda olmuş və iddiaçı anasının 40 mərasimindən sonra mərhumun mənzilində mərhumun mirasına daxil olan əmlaklardan götürərək öz evinə aparmışdır. Bu əmlaklara sahiblənərək onlar bugün də onun sahibliyindədir. Hətta cavabdeh belə etiraf etmişdir ki, mərhum analarına məxsus yataq və digər əşyaları iddiaçı aparmışdır. Bundan da görünür ki, iddiaçı varis olaraq bu əmlaklara sahiblənmişdir. Şahidlərin ifadəsindən də müəyyən olunur ki, iddiaçı anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qab-qacaq və qazanı götürmüşdür. Bu ev əşyaları bu gündə onun sahibliyindədir. Bu hallar da onu göstərir ki, iddiaçı mərhumun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə özünü mirasın sahibi olaraq göstərərək mübahisəli mənzildən mərhumun mirasına daxil olan ev əşyalarını öz evinə gətirmişdir. Bununla da iddiaçı mirasın sahibi kimi hərəkət etməklə mirası qəbul etməsini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cımaddəsi baxımından Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İddiaçı da anasının mirası açıldığı müddətdə mənzildə onda olan açardan istifadə etməklə anasına məxsus olan əşyaları götürməklə miras qalmış maddi dəyərə məxsus əşyalara sahiblənməklə mirası qəbul etdiyini nümayiş etdirmişdir. İddiaçının mərhum anasının mənzilindən mirasın açıldığı müddətdə sahiblənərək götürdüyü əşyalar da mirasın bir hissəsini təşkil edir.
c) Apellyasiya şikayətlinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ata mülkünün aqibətindən, vəsiyyətnamədən və vərəsəlik hüququ haqqında şəhadətnamədən heç bir məlumatı olmamışdır. Ümumiyyətlə, vərəsə kimi notariat ofisindən gizlədilmişdir. Ev satıldıqdan 3 gün sonra qonşu ona evin satıldığını bildirdikdə vəkilə müraciət etmiş və bütün bunlardan vəkil sorğusuna verilmiş cavab əsasında məlumatı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, anası 2013-cü ildə vəfat etmişdir. Onlar ailə iki bacı olmuşlar, miras qalmış evin satılması barədə aralarında hər hansı söhbət olmamışdır. Evin hər ikisi arasında bölünəcəyi barədə razılaşmışlar. 1990-cı ildə ailə həyatı qurub valideynləri ilə birgə yaşamış olduğu (miras qalmış) evdən çıxmışdır. Hazırda da ailəsi ilə birlikdə qaynatasına məxsus evdə yaşayır. Arabir anasına məxsus evə də gedib-gəlmişdir. X34 Gürcüstan vətəndaşı ilə ailə qurub oraya getmişdir. Lakin, bacısının qaynatası onları evdən qovduğu üçün Qazax rayonuna gəlmək məcburiyyətində qalmışlar. Daha sonra bacısıgil Türkiyə Respublikasına köçüb bir müddət orada yaşasalar da, sonradan kəndə geri qayıtmışlar. Bacısı da onun kimi ata evinə gəlib-gedib evdən istifadə etmişdir. Vəsiyyətnamədən məlumatı olmayıb, bacısı maddi cəhətdən çətinlik çəkdiyindən anası öldükdən sonra evi kirayəyə vermişdir. O da buna razılıq vermişdir.
31. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, vəsiyyətnamə verilərkən ev miras qoyanın adına olmamışdır. Ev 2017-ci ildə qeydiyyatda alınıb, yəni vəsiyyətnamə mülkiyyətdə olmayan əmlaka dair verilib. Bundan əlavə, vərəsəlik üçün ərizə də başqa şəxs tərəfindən verilib hansı ki, həmin şəxsin adına etibarnamə olmamışdır. Həmçinin, iddiaçıda miras qalmış evin açarı olmuş, iddiaçı həmin evdən öz evi kimi istifadə etmiş, anasından miras qalmış əmlakdakı öz əşyaları kimi götürmüş, evi öz evi kimi istifadə etmişdir. Miras qalmış ev tərəflərin ata mülkü deyildir, tərəflərin ata evi satıldıqdan sonra hazırkı ev alınmışdır.
32. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 etibarnamə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, miras qoyan tərəfindən 2005-ci ildə vəsiyyətnamə verilmiş və miras qoyan digər vərəsələrə miras əmlak vermək istəməmişdir. Cavabdeh miras qalmış evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Lakin, iddiaçının mirası qəbul etməsi öz təsdiqini tapmır. Evdən əşyaların götürülməsi isə mirası qəbul etmək sayıla bilməz.
33. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum anasının vəfatından sonra miras qalmış evdən xalça, kilim, kravat, ləyənlər, qazan dəstləri aparmışdır. Çünki, mərhum anası hələ sağlığında sözügedən əşyaların ona məxsus olduğunu bildirmişdir. Anasına məxsus əşyaları onun vəfatından sonra götürüb özündə saxlamaqla mirası faktiki qəbul etmişdir. Miras qoyanın övladı kimi miras əmlakdan ona pay verilmir. Halbuki, miras qalmış evin bir açarı da onda olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, miras qoyan miras əmlaka dair 2005-ci ildə vəsiyyətnamə versə də, lakin miras həmin vaxt onun adına qeydə alınmamışdır. Miras onun ölümündən sonra adına qeydə alınmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 etibarnamə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, miras qoyan tərəfindən miras əmlaka dair vəsiyyətnamə verilərkən əmlak sonuncunun adına qeydə alınmamış olsa da, lakin həmin zaman miras qoyanın miras əmlaka qanuni gözlənilən mülkiyyət hüququ olmuşdur. Odur ki, miras əmlaka vəsiyyətnamə verilməsi qanuni əsaslarla həyata keçirilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
38. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
39. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
40. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
41. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
42. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
43. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
44. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.
45. Maddə 1225. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
48. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X30 ilə Əsgərova (nikahdan sonra Sarıyeva) Yasilə Kamal qızı nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı və X21 adlı uşaqları anadan olmuşdur. X30 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Bununla yanaşı müəyyən edilir ki, Qazax rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Qazax şəhəri N.Nərimanov küçəsi bina 31-də yerləşən ümumi sahəsi 87.7 kv/m yaşayış sahəsi 44.2 kv/m yardımçı sahəsi 43.5 kv/m olan 2 nömrəli mənzil X16 məxsus olmuşdur. O, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən 2 nömrəli mənzili övladı X14 vəsiyyət etmişdir. X23 29 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı və X21 olmuşlar. X25 miras qalan əmlak isə Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən 2 nömrəli mənzil olmuşdur. Vəsiyyətnamə və qanun üzrə vərəsə X21 notariat ofisinə müraciət edərək mərhum X3ndan miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, notariat kontoru tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ona miras əmlakdan tam həcmdə pay verilmişdir. Həmin şəhadətnamə əsasında da qanun və vəsiyyət üzrə vərəsə X8 adına əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Daha sonra, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən əmlak Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. İddiaçı miras qoyanın adından tərtib edilmiş vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə zidd olduğunu və miras əmlakın onun tərəfindən qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
60. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
61. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
62. İddiaçı mərhum Yasilə Sarıyevanın miras əmlakına dair vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə zidd olması barədə arqumentlər irəli sürsə də, lakin bu halları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.
63. Bununla belə, mübahisələndirilən vəsiyyətnamənin tərtibində səlahiyyətli subyektlər iştirak etmiş, habelə vəsiyyətnamənin (əqdin) forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Bundan əlavə, notariat qaydasında verilmiş vəsiyyətnamədə ifadə olunan iradənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olması da öz təsdiqini tapmır. Sözügedən vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
64. «Miras qoyan miras əmlaka dair 2005-ci ildə vəsiyyətnamə verdiyi zaman əmlak onun adına qeydə alınmadığından vəsiyyətnamə etibarsız olmuşdur» barədə iddiaçının dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.
65. «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X47 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X7 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X47 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.
67. Mülki Məcəllənin 139-1.1-ci maddəsində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan bəhs edikməklə hansı sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu göstərilir.
68. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə müvafiq olaraq, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
69. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
70. Hazırkı işin hallarından da görünür ki, Qazax rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Qazax şəhəri N.Nərimanov küçəsi bina 31-də yerləşən ümumi sahəsi 87.7 kv/m yaşayış sahəsi 44.2 kv/m yardımçı sahəsi 43.5 kv/m olan 2 nömrəli mənzil X1. Yəni, mərhum Yasilə Sarıyeva tərəfindən mübahisəli əmlaka dair vəsiyyət sərəncamı verilərkən onun həmin əmlaka qanuni əsaslarla gözlənilən mülkiyyət hüququ olmuşdur. Bir sözlə, mərhum Yasilə Sarıyeva tərəfindən əmlaka dair sərəncam hüququ qanuni əsaslarla həyata keçirilmişdir.
71. Qeyd edilməlidir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan Yasilə Sarıyeva 29 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
72. İşin mübahisəsiz hallarıdır ki, X30 ilə Əsgərova (nikahdan sonra Sarıyeva) Yasilə Kamal qızı nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından İddiaçı və X21 adlı uşaqları anadan olmuşdur. X23 xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən 2 nömrəli mənzili övladı X14 vəsiyyət etmişdir. X23 29 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı və X21 olmuşlar. X25 miras qalan əmlak isə Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən 2 nömrəli mənzil olmuşdur. Daha sonra, vəsiyyətnamə və qanun üzrə vərəsə X14 mərhum anasından miras qalmış əmlaka dair notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.
74. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.
75. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
76. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan Yasilə Sarıyevanın vəsiyyətnamə üzrə, habelə qanun üzrə birinci növbəli vərəsəsi (uşağı) Cavabdeh2 mərhum anasının ölümündən sonra mirasa sahiblənməklə mirası faktiki qəbul etmişdir. Bu hal miras qalmış əmlaka dair kommunal ödəniş qəbzləri (miras açıldıqdan sonrakı dövrə aid), habelə birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid4, Şahid1 və Şahid2 ifadəsi ilə öz təsdiqini tapır. Həmin şahid ifadələrinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, adları qeyd olunan şahidlər işin həqiqi halları barədə məlumatı malik şəxslərdir. Çünki, onlar cavabdehin qonşularıdır və miras əmlakın yaxınlığında yaşamışlar. Odur ki, şahidlər miras açıldıqdan sonra miras əmlakda kimin yaşaması, orada təsərrüfatın kim tərəfindən idarə edilməsi və s.məlumatlara malikdirlər. Hansı ki, bu məlumatlar da işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, həmin şahidlər tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyillər ki, mübahisənin tərəflərin birinin lehinə və ya əleyhinə həll edilməsində maraqlı olsunlar. Həmçinin, şahid ifadələrinin obyektivliyinə dair iddiaçı tərəfin də hər hansı arqumenti olmamışdır. Bir sözlə, şahid ifadələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından məhkəmə kollegiyası həmin ifadələri mötəbər sübut olaraq qiymətləndirir.
77. İddiaçı isə mərhum anası Yasilə Sarıyevanın miras əmlakını faktiki qəbul etdiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, o, apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, 1990-cı ildə ailə həyatı qurub valideynləri ilə birgə yaşamış olduğu (miras qalmış) evdən çıxmışdır. Hazırda da ailəsi ilə birlikdə qaynatasına məxsus evdə yaşayır. Arabir anasına məxsus evə gedib-gəlmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsi ilə də iddiaçının mərhum anasından qalmış miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etməsi öz təsdiqini tapmamışdır. Həmin şahid ifadələri ilə də iddiaçının mərhum anasının yas mərasimi ilə əlaqədar miras əmlaka arabir gəlib-getdiyi məlum olmuşdur.
78. «Mərhum anasının vəfatından sonra miras qalmış evdən xalça, kilim, kravat, ləyənlər, qazan dəstləri aparmışdır. Mərhum anası hələ sağlığında sözügedən əşyaların ona (iddiaçıya) məxsus olduğunu bildirmişdir. Anasına məxsus əşyaları onun vəfatından sonra götürüb özündə saxlamaqla mirası faktiki qəbul etmişdir» barədə iddiaçının dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, iddiaçının mərhum anasından miras qalmış evdən qeyd edilən əşyaları götürərək sahiblənməsi öz təsdiqini tapdığı halda belə, lakin nəzərə alınmalıdır ki, həmin əşyalar rəsmi reyestrdə qeydə alınmalı olmayan, habelə ev təsərrüfatında istifadə edilən məişət əşyalarıdır. Başqa sözlə, həmin əşyaların həqiqətən də mərhum Yasilə Sarıyevanın miras kütləsinə aid olması müəyyən edilmir. Digər tərəfdən isə, həmin əşyalar təyinatına uyğun olaraq ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyalardır. İddiaçının mərhum anasından miras qalmış evdən sözügedən əşyaları götürməsinin onun mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz (G.Qəhrəmanovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü cil tarixli Qərardakı hüquqi mövqeyi).
79. Məhkəmə kollegiyası nəzərə alır ki, əgər iddiaçının mirası qəbul etmək kimi niyyəti var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib idi. Lakin, işdən göründüyü kimi iddiaçı bu hərəkəti də yerinə yetirməmişdir. Halbuki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir.
80. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan Yasilə Sarıyevanın vəfatından sonra onun vəsiyyət və qanun üzrə vərəsəsi miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etmişdir. Miras əmlakda məcburi pay hüquqlu vərəsə olan İddiaçı isə nə qanuni, nə də faktiki yolla mirası qəbul etməmişdir. Odur ki, notariat orqanı tərəfindən Cavabdeh2 qanun və vəsiyyət üzrə vərəsəlik payı nəzərə alınmaqla miras əmlakdan tam həcmdə pay verilməsi qanuni əsaslara söykənmişdir.
81. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığından irəli gələn digər tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
82. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(023)-1378/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.