Məhkəmə qərarları › İş №2(104)-621/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-621/2024

11.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-621/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional "Asan Xidmət" mərkəzindəki notariat ofisinə qarşı mülki iş üzrə Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional “Asan Xidmət” mərkəzindəki notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(061)-1083/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 11 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X31 ilə X37 arasında xx.xx.1956-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir;

2. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 doğum şəhadətnaməsində ata qrafasında atası kim X37, ana qrafasında X32 göstərilmişdir;

3. Yevlax rayon Xaldan kənd Soveti tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X29 arasında xx.xx.1976-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir;

4. Göyçay rayon Qaraməryəm kənd Soveti tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 doğum şəhadətnaməsində ata qrafasında X37, anası qrafasında X32 göstərilmişdir;

5. Yevlax rayon Şilyan kənd Soveti tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə Məhəmməd Şirəliyev arasında xx.xx.1983cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Şirəliyev, arvada Şirəliyeva soyadı verilmişdir;

6. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 doğum şəhadətnaməsində ata qrafasında X37, anası qrafasında X32 göstərilmişdir;

7. Göyçay rayon Qaraməryəm kənd Soveti tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 doğum haqqında arayışda ata qrafasında X37, anası qrafasında X32 göstərilmişdir;

8. Göyçay rayon Qaraməryəm kənd Soveti tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı5 doğum haqqında arayışında ata qrafasında X37, anası qrafasında X32 göstərilmişdir;

9. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 doğum şəhadətnaməsində ata qrafasında atası kim X16, anası qrafasında X32 göstərilmişdir;

10. Yevlax rayon Ərəş kənd Soveti tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Bağrat qızı ilə X20 arasında xx.xx.1995-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir;

11. Tərtər rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixində verilmiş doğum haqqında arayışlardan görünür ki, Cavabdeh2 Bağrat qızı ilə X9 birgə nikahlarından xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur;

12. JN 0034, KOD 90113018 olan Torpağa Mülkiyyət Hüququna dair dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə X16, X32, X20, X21 və Cavabdeh3 mülkiyyətinə Yevlax rayonu Ərəş (Şirvan) kəndi ərazisindən 9.80 ha pay torpaq sahəsi verilmişdir;

13. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında haqqında arayışdan görünür ki, X37 (Fatma Bədəlovanın 1-ci əri) xx.xx.1967-ci ildə ölmüşdür;

14. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 (Fatma Bədəlovanın 2-ci əri) xx.xx.2003-cü ildə ölmüşdür;

15. Yelax rayon Ərəş kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ölüm haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2011ci ildə ölmüşdür;

16. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.2015-ci ildə ölmüşdür;

17. Cavabdeh2 tərəfindən Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış **********870 saylı çap tarixi xx.xx.2022-ci il və **********026 saylı çap tarixi xx.xx.2023-cü il olan ərizələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, o, xx.xx.2011-ci ildə vəfat etmiş qaynanası X13 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş və həmin ərizəsində qaynanasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulan başqa vərəsəsinin olmadığını qeyd etmişdir;

18. Cavabdeh3 tərəfindən Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış **********871 saylı çap tarixi xx.xx.2022-ci il və **********029 saylı çap tarixi xx.xx.2023-cü il olan ərizələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, o, xx.xx.2011-ci ildə vəfat etmiş nənəsi X13 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş və həmin ərizəsində nənəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutuylan başqa vərəsəsinin olmadığını qeyd etmişdir;

19. Cavabdeh2 tərəfindən Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, mərhum X14 məxsus torpaq sahəsinə dair ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir;

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, X16, X32, X23 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli kitabın 40 nömrəli vərəqində Yevlax rayonu Ərəş kəndi ərazisində 1.3796 ha kənd təsərrüfatı təyinatlı torpaq ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır;

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, X16, X32, X23 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli kitabın 42 nömrəli vərəqində Yevlax rayonu Ərəş kəndi ərazisində 1.4471 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır;

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, X16, X32, X23 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli kitabın 73 nömrəli vərəqində Yevlax rayonu Ərəş kəndi ərazisində 6.9771 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır;

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, X16, X32, X23 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli kitabın 64 nömrəli vərəqində Yevlax rayonu Meyvəli kəndi ərazisində 0.09 ha yaşayış məntəqələrinin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır;

24. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1722 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X17 vərəsəsi - oğlu X10 xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar Yevlax rayonu Ərəş kəndi ərazisində yerləşən 1.3796 ha torpaq sahəsinin X24 məxsus olan hissəsi miras olaraq hər biri ½ hissədə pay almaqla X10 vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 keçmişdir;

25. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1720 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X17 vərəsəsi - oğlu X10 xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar Yevlax rayonu Ərəş kəndi ərazisində yerləşən 1.4471 ha torpaq sahəsinin X24 məxsus olan hissəsi miras olaraq hər biri ½ hissədə pay almaqla X10 vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 keçmişdir;

26. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1721 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X17 vərəsəsi - oğlu X10 xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar Yevlax rayonu Ərəş kəndi ərazisində yerləşən 6.9771 ha torpaq sahəsinin X24 məxsus olan hissəsi miras olaraq hər biri ½ hissədə pay almaqla X10 vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 keçmişdir;

27. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-58 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X17 vərəsəsi - oğlu X10 xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar Yevlax rayonu Meyvəli qəsəbəsi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinin X24 məxsus olan hissəsi miras olaraq hər biri ½ hissədə pay almaqla X10 vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 keçmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

28. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional “Asan Xidmət” mərkəzindəki notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə Regional “Asan Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1720, 2V-1721, 2V-1722, 2V-1720 nömrəli və xx.xx.2023-cü il tarixli 2V-58 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

29. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə X16, X32, X20, Quluyeva (Bədəlova) Hakimə Baqrat qızı və Cavabdeh3 Yevlax rayonnun Ərəş (Şirvan) kəndi ərazisindən 9.80 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara JN 0034, KOD 90113018 olan Torpağa Mülkiyyət Hüququna dair dair Dövlət Aktı verilmişdir. X5 birinci arvadından, yəni X25 ilə olan nikahından İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9, ikinci arvadından, yəni X32 ilə olan nikahından X22 doğulmuşdur. X3 birinci ərindən, yəni X37 ilə olan nikahından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 doğulmuşdur. Cavabdehlərdən Hakimə X1 Sərdar Seyfəli oğlunın arvadı, Cavabdeh3 isə onun qızı olmuşdur. X16 xx.xx.2003-cü ildə, X32 xx.xx.2011-ci ildə, X20 isə xx.xx.2015-ci ildə vəfat etmişlər. Onların vəfatından sonra yuxarıda sözügedən torpaq sahəsi (onlara aid hissəsi) miras qalmışdır. Hazırda mübahisə doğuran miras məhz X13 qalan mirasdır. Belə ki, mərhum Fatma Bədəlovanın İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ibarət sağ qalan birinci növbəli vərəsələrinin olmasına baxmayaraq, mərhumdan qalan miras əmlaka hazırkı cavabdehlər Cavabdeh2 (Sərdarın arvadı və qızı Əfsanə) qanunsuz olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Əvvəla ona görə ki, Cavabdeh2 və Cavabdeh3 notariusa yalan ərizə verərək miras qoyan Fatma Bədəlovanın başqa birinci növbəli vərəsəsinin olmadığını göstərmişlər. Halbuki, həmin vaxt Fatma Bədəlovanın İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ibarət sağ qalan birinci növbəli vərəsələri olmuşdur və bu barədə Cavabdeh2 və Cavabdeh3 məlumatları olmuşdur. Digər tərəfdən, notarius tərəfindən də qanunsuzluğa yol verilmişdir. Ona görə ki, notarius lazımı araşdırma aparmadan, vərəsələrin dairəsini dəqiq müəyyənləşdirmədən, vərəsələrin dairəsi barədə kənd icra nümayəndəliyindən deyil, qeydiyyat şöbəsindən yazılı arayış almadan və qanun üzrə bütün birinci növbəli vərəsələri çağırmadan hazırda haqqında mübahisə qaldırılan qanun üzrə vərəsəlik şəhadətnamələrini vermişdir.

30. Tərtər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(061)-1083/2023 nömrəli qərardadı ilə (hakim Tahir Qubadov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər X26, Cavabdeh3 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi” dair iddia ərizəsinin iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 münasibətdə baxılmamış saxlanılması qərara alınmışdır.

31. Tərtər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(061)-1083/2023 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilərək, Bərdə Regional "Asan Xidmət" mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci iltarixli 2V-1720, 2V- 1721, 2V-1722, 2V-1720 nömrəli və xx.xx.2023-cü il tarixli 2V-58 nömrəli “vərəsəlik hüququ haqqında şəhadətnamələr” etibarsız hesab edilməsi; İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.

32. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2 və 1159.1.1-ci maddələrinə, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

33. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

34. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddiaçıların ümumiyyətlə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamalarını araşdırmamışdır. İddiaçılar mübahisə predmeti olan mirası qəbul etməmişlər. Məhz buna görə də iddiaçılar hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik deyillər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisə predmeti olan əmlaklarla bağlı qanun üzrə birinci növbəli vərəsədirlər. Onlar mirası qəbul etmişlər. Əslində, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilə bilməz. Çünki, həmin şəhadətnamələrin verilməsinə əsas olmuş bütün sənədlər dövlət orqanlarından əldə edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat fəaliyyəti ilə məşğul olmağa səlahiyyəti olan şəxs – xüsusi notarius tərəfindən verilmişdir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin icraatında olan iş üzrə müvafiq qərarın qəbul edilməsini gözləməli idi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı5 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehlər Yevlax rayon Ərəş kənd İƏD nümayəndəliyi tərəfindən bir həmkəndli kimi iddiaçıların miras əmlakı faktiki qəbul edərək Cavabdeh2 ilə birgə idarə etdiklərini, X5 30 avqust 2003-cü ildə, yəni X13 8 il əvvəl öldüyünü bildikləri halda Fatma Bədəlovadan miras qalan əmlakı bütövlükdə öz adlarına rəsmiləşdirmişlər. Seyfalı X2 ölüm anında və ondan sonra Rusiya Federasiyasında yaşamış və 2015-ci ildə orada da ölmüş oğlu Sərdar Bədəlovla yaşaması barədə verilmiş 30 noyabr 2022-ci il tarixli 488 nömrəli arayış saxta deyilmi? Vərəsələrinin dairəsi barədə VVAQ şöbələri tərəfindən verilən arayış olduğu halda, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən Bərdə Regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisinə bu arayışı təqdim etməmələri, bunun əvəzinə isə Ərəş kənd İƏD nümayəndəliyi tərəfindən həqiqəti əks etdirməyən 30 noyabr 2022-ci il tarixli 488 nömrəli arayış təqdim etməklə cavabdehlərin xx.xx.2022-ci iltarixli 2V-1720, 2V-1721, 2V-1722, 2V-1720 nömrəli və xx.xx.2023-cü il tarixli 2V-58 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələri mövcud qanunvericiliyin tələblərinə zidd olaraq əldə etmələrinin sübutu deyilmi? İddiaçılar məhkəmədə bildirmişlər ki, həm X16, həm X32, həm də X10 ölümündən sonra onlar miras əmlak olan torpaq sahəsini faktiki olaraq qəbul etmişlər. Bu fakt Meyvəli kənd sakinləri X33, X30 və X12 tərtib etdikləri 27 oktyabr 2023-cü il tarixli akt ilə təsdiqlənir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə əsas olan hal mövcud deyil. Həmin şəhadətnamələr cavabdehlərə notariat ofisi tərəfindən verilmişdir. Cavabdehlər notariat ofosinə hər hansı saxta sənəd təqdim etməmişlər. Bundan başqa, iddiaçılar cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini deyil, etibarsız hesab edilməsini xahiş etmişlər. Digər tərəfdən iddiaçılar miras əmlakı qəbul etməyiblər, ona görə də iddiaçılar hazırkı tələb üzrə subyektiv hüquqa malik deyillər. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

37. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı5 vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların miras əmlakı faktiki qəbul edərək Cavabdeh2 Hakimə qızı ilə birgə idarə etdiklərini, X5 30 avqust 2003cü ildə, yəni X13 8 il əvvəl öldüyünü bildikləri halda cavabdehlər miras qoyan Fatma Bədəlovadan miras qalan əmlakı bütövlükdə öz adlarına rəsmiləşdirmişlər. Halbuki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən artıq 8 il idi ki, mərhum Fatma Bədəlova ölmüşdü. Cavabdeh2 ilə sonuncunun mərhum əri Sərdar Bədəlov arasında olan nikah 2003-cü ildə pozulmuşdur. Buna baxmayaraq, Cavabdeh2 2023-cü ildə əri Sərdar Bədəlovun vərəsəsi kimi sonuncunun mirasından pay alıb. Halbuki, Cavabdeh2 miras əmlakda yaşamayıb. Sədrlik edənin suallarına cavab olaraq Vəkil2 bildirmişdir ki, miras qoyanın oğlu Sərdar Bədəlov 2015-ci ildə vəfat etmişdir. Kənd sakinləri tərəfindən 2023-cü ildə akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, iddiaçılar torpaq sahəsini faktiki olaraq qəbul etmişlər. Cavabdehlər miras əmlakı qəbul etməmişlər, onlar notariat ofisinə saxta sənədlər təqdim edərək adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Nümayəndə həmçinin sədrlik edənin sualına cavab olaraq iddia tələblərini xahiş etdikləri həddə, yəni yuxarıda qeyd olunan vərəsəlik hüquqi haqqında şəhadətnamələrin etibarsız olunması hissədə qiymət verilərək qərar qəbul olunmasını bildirmiş, eyni zamanda sədrlik edənin sualına cavab olaraq hazırkı tələblərində miras əmlakdan payların müəyyən olunmasını xahiş etmədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırkı iş üzrə iddiaçılar miras qoyan Fatma Bədəlovanın qanun üzrə birinci növbəli vərəsələridirlər və bütün vərəsələr mərhum Fatma Bədəlovadan miras qalmış əmlakı faktiki qəbul etmişlər. Buna baxmayaraq, cavabdehlər notariat ofisinə müraciət edərək, anası Fatma Bədəlovadan miras qalmış əmlaka dair öz adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər, həmçinin notariusa saxta sənədlər təqdim edərək bildirmişlər ki, guya miras qoyan Fatma Bədəlovanın başqa qanun üzrə birinci növbəli vərəsəsi yoxdur. Beləliklə, cavabdehlər qanunsuz yolla öz adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar və həmin şəhadətnamələr əsasında miras əmlakı bütövlükdə öz adlarına rəsmiləşdirmişlər. Bunun nəticəsində isə, iddiaçılar miras payından məhrum olmuşlar. Miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi olduqlarına və miras əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etdiklərinə görə cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edirlər. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı5 bildirmişdir ki, Cavabdeh2 ilə mərhum qardaşı Sərdar Bədəlovun nikahları 2003-cü ildə pozulmuşdur. Miras əmlak olan 9.80 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən təzəlikcə başqa şəxsə satılmışdır. Miras qalmış torpaq sahəsi satılanadək iddiaçıların sahiblik və istifadəsində olmuşdur. Cavabdehlər həmin torpaq sahəsindən istifadə etməmişlər. Onlar, yəni iddiaçılar torpaq sahəsindən cavabdehlərin də əvəzinə istifadə etmişlər, bunun müqabilində isə torpaqdan əldə etdikləri gəlirdən cavabdehlərə pul vermişlər. Hazırkı iddianı qaldırmaqda məqsədləri mərhum analarından miras qalmış əmlakdakı paylarına sahib çıxmaqdır. İddiaçı5 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

39. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 da digər İddiaçı5 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

42. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

43. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 71.

44. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

45. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

46. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

47. Maddə 9.3. Notarius öz vəzifələrini yerinə yetirərkən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməlidir.

48. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə X16, X32, X20, Quluyeva (Bədəlova) Hakimə Baqrat qızı və Cavabdeh3 Yevlax rayonu Ərəş (Şirvan) kəndi ərazisində 9.80 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara JN 0034, KOD 90113018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X32 ilə X16 ərarvad olmuşlar və bu onların hər ikisinin ikinci evliliyi olmuşdur. Onların həmin nikahından X20 adlı uşaqları doğulmuşdur. X3 birinci ərindən, yəni X37 ilə olan nikahından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adlı uşaqları doğulmuşdur. Cavabdehlərdən Cavabdeh2 miras qoyan X7 Sərdar Seyfəli oğlunun arvadı, Cavabdeh3 isə miras qoyanın adıçəkilən oğlunun qızı olmuşdur. X16 xx.xx.2003-cü il tarixdə, X32 xx.xx.2011-ci il tarixdə, X20 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra yuxarıda qeyd olunan 9.80 ha pay torpaq sahəsi və 0.09 ha yaşayış məntəqələri torpaqları (onlara aid hissəsi) miras qalmışdır. Hazırda mübahisə doğuran miras məhz X13 qalan mirasdır. Miras qoyan Fatma Bədəlovanın İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ibarət sağ qalan birinci növbəli vərəsələrinin olmasına baxmayaraq, ondan qalan miras əmlaka hazırkı cavabdehlər Cavabdeh2 (miras qoyanın oğlu Sərdarın arvadı və qızı Əfsanə) qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onlara qanun üzrə vərəsəlik şəhadətnamələri verilməsi məqsədi ilə Bərdə Regional “Asan Xidmət” mərkəzindəki notariat ofisinə yazılı ərizə verərkən ərizələrində miras qoyan Fatma Bədəlovanın başqa birinci növbəli vərəsəsinin olmadığını göstərmişlər. Halbuki, həmin vaxt miras qoyan Fatma Bədəlovanın İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ibarət qanun üzrə birinci növbəli vərəsələri olmuşdur. Bərdə Regional “Asan Xidmət” mərkəzindəki notariat ofisinin notariusu isə lazımı araşdırma aparmadan, vərəsələrin dairəsini dəqiq müəyyənləşdirmədən, yəni miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri – hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 vərəsəliyə çağırmadan miras qoyan X24 məxsus olan yuxarıda sözügedən miras əmlaka dair cavabdehlər Cavabdeh2 (miras qoyanın gəlini) və Cavabdeh3 (miras qoyanın nəvəsi) xx.xx.2022-ci il tarixli 2V-1720, 2V-1721, 2V-1722, 2V1720 nömrəli və xx.xx.2023-cü il tarixli 2V-58 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələri vermişdir. İddiaçılar həmin şəhadətnamələri qanunsuz hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

61. İlk növbədə qeyd edilməlidir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya baxışı zamanı verdiyi izahatında hazırkı iddianı qaldırmaqda məqsədlərinin mərhum analarından miras qalmış əmlakda paylarının müəyyən edilməsindən ibarət olduğunu bildirmişlər.

62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələbində miras əmlakın vərəsələr arasında paylara bölünməsi xahiş olunmasa da, lakin iddiaçıların son hüquqi hədəfi pozulduğunu irəli sürdükləri vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onların cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etməkdə əsas hüquqi hədəfləri miras əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarət olmuşdur.

63. Həmçinin iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçılar onların mərhum analarından miras qalmış torpaq sahələrini idarə etməklə mirası faktiki qəbul etdiklərini və beləliklə miras əmlakda onların da payları olduğunu əsas göstərməklə cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunmasını tələb etmişlər.

64. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə iddianın predmeti mərhum Fatma Bədəlovadan miras qalmış əmlakın onun qanun üzrə birinci növbəli vərəsələri arasında paylara bölünməsi olmasa da, lakin iddiaçıların tələblərini faktiki əsaslandırdığı hal mərhum analarından miras qalmış əmlakı qəbul etdikləri və beləliklə miras əmlakda onların da payları olduğu göstərildiyindən işin hallarının bu aspektdə araşdırılması zəruridir.

65. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə (xx.xx.2011-ci il) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

67. X28 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

68. Qərarda xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

69. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

70. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

71. Hazırkı iş üzrə iddia ərizəsi 13 aprel 2023-cü il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mərhum anaları Fatma Bədəlovadan miras qalmış əmlakı qəbul edibetməmələri məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.

72. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan Fatma Bədəlova xx.xx.2011-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci nöbbəvli vərəsələri – uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X20 olmuşlar. Miras qoyan Fatma Bədəlovadan miras qalmış əmlak isə Yevlax rayonunda yerləşən 9.80 ha pay torpaq sahəsi və 0.09 ha yaşayış məntəqələri torpaqlarının miras qoyana aid hissəsi olmuşdur. Adları qeyd olunan vərəsələrdən heç biri anaları Fatma Bədəlovanın mirasından imtina etməmişlər.

73. Bərdə Regional “Asan xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş və hazırda mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən isə görünür ki, həmin şəhadətnamələr əsasında mərhum Fatma Bədəlovadan miras qalmış əmlaka dair yalnız cavabdehlər, yəni miras qoyanın oğlu Sərdar Bədəlovun arvadı Cavabdeh2 və qızı Cavabdeh3 pay verilmişdir. Mərhumun (miras qoyanın) qanun üzrə digər vərəsələrinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə cavabdehlərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bunların nəticəsində isə miras qoyan Fatma Bədəlovanın qanun üzrə birinci növbəli vərəsələri olan iddiaçılar mərhum anaları Fatma Bədəlovanın miras əmlakındakı paylarından məhrum olmuşlar.

74. Qeyd edilməlidir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

75. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

76. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

77. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(061)-1083/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar