Məhkəmə qərarları › İş №2(104)-624/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-624/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-624/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-541/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsi barədə ərizə ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN 342F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özünə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-541/2022 nömrəli qətnaməsi (hakim Səadət Zeynalov) ilə, ərizənin təmin edilməsi, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş 0,12 ha torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-541/2022 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır Belə ki, Azərbaycan Respublikasının MPM-in 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 3.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikasının MPM-in 307.2.6-cı maddəsində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, müəyyən olunması tələb edilən fakt, məhkəmə qaydasında müəyyən oluna bilər. Lakin, Azərbaycan Respublikasının MPM-in 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Analoji qayda Azərbaycan Respublikasının MPM-in 306.4-cü maddəsində də müəyyən edilməklə göstərilmişdir ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 18-ci bəndində göstərilmişdir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olub-olmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. Azərbaycan Respublikasının MPM-in iddia ərizəsinin baxılmamış saxlanması qaydası və nəticələrini tənzimləyən 260.2-ci maddəsinin tələbinə görə, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də ərizə baxılmamış saxlanmaqla yanaşı ərizəçiyə izah olunmalıdır ki, ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 10-1, 259, 260, 263, 264, 372, 384, 385, 391 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-541/2022 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsi barədə barədə ərizəsi baxılmamış saxlanilsın. Ərizəçiyə izah edilsin ki, həmin tələblə ümumi əsaslarla iddia vermək hüququ vardır. Bu qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar