Məhkəmə qərarları › İş №2(104)-633/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-633/2025

18.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-633/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 14 sentyabr 2014-cü il tarixli 40-2921 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adıma tərtib olunmuş RX ******* saylı, **********31-10301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadı ilə, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, cavabdeh X2 onun oğludur. O ondan ayrı yaşayır və öz ailəsi, evi də vardır. Cavabdeh ona evini və həyətyanı torpaq sahəsini ona verməyi, əvəzində o da onu ölənə kimi saxlamağı öhdəsinə götürmüş, bütün maddi ehtiyaclarını ödəyəcəyini demişdir. O də ona inanmış və bütün əmlaklarını notarial qaydada ona bağışlamışdır. O da ona olan etibarından istifadə edib, onu aldadıb, bütün əmlakını öz adına keçirtmişdir. Sonra isə onu qovmuş, baxmamışdır. Buna görə də o onu məhkəməyə verib, onun adına vermiş olduğu bağışlama müqaviləsinin etibarsız hesab olunmasını və həmin bağışlama əsasında onun adına verilmiş çıxarışın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi məhkəmənin icraatında olanda cavabdeh yenidən onu dilə tutmuş və baxacağına söz vermişdir. O isə qoca və imkansız bir qadındır. Tək yaşaya bilmir. Bu səbəbdən də ərizəni geri götürmüşdür. Hazırda oğlu yenə ona baxmır və o istəyir ki, məhkəmədə iddia qaldırsın. Lakin, hazırkı qərardadın mövcudluğu buna imkan vermir. Ona görə də o qeyd olunan qərardadın ləğv olunmasını istəyir. Şikayəti təmin etməyən məhkəmə əsas olaraq göstərmişdir ki, mülki işə əlavə edilmiş "poçt göndərişinin verilməsi haqqında" qəbzdən görünür ki, o qərardadı poçt vasitəsi ilə əldə etmişdir. Məhkəmənin bu nəticəsi ilə razı deyil və hesab edir ki, həmin qərardad ona təqdim olunmamış və həmin poçt qəbzindəki imza ona məxsus deyildir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin qərardaddan şikayətin vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Bu normadan göründüyü kimi, şikayəti vermə müddəti, qərardadı rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qərardaddan şikayət vermə müddətinin axımı qərardadın surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qərardadın rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266.3-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı poçt vasitəsi ilə İddiaçı yaşadığı ünvana göndərilmiş və həmin qərardad iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bu halda qərardad iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş on günlük müddətin axımı başlanır. Lakin, onun tərəfindən şikayət xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən şikayət 2 ilə yaxın müddət ötürülməklə verilmiş və müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi şikayəti müddətin ötməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Qərardaddan şikayətin dəlili ondan ibarətdir ki, poçt qəbzinin göndərilməsinə dair xəbərnamədə olan imza ona məxsus deyildir. Şikayətçinin bu dəliliilə razılaşmayan məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsinin qərardadı iddiaçının ünvanına gösnrəilmişdir. Poçt göndərişini alan şəxsin iddiaçının özünün olmamasına dair sübutlar mövcud olmamaqla yanaşı iddiaçının yaşayış ünvanı üzrə başqa şəxsin poçt göndərişini qəbul etməsi də təqdim olunma sayılır ki, buda Mülki Prosessual qanunvericiliyin 135.3-cü maddəsinin tələbidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 133, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1274/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar