Məhkəmə qərarları › İş №2(104)-636/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-636/2025

17.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-636/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Hüseynova Tünzalə Mikayıl qızı və Cavabdeh5 qarşı “vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh5, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 2754/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları: İddiaçı və cavabdehlərin anaları X5 xx.xx.2021-ci ildə, ataları X6 isə xx.xx.2014-cü ildə ölmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. X1 övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. Tovuz şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində (Ə.Cavad küçəsi 22) 0,08 ha torpaq sahəsində mərhum X4 məxsus fərdi yaşayış evindən 2023-cü ilin noyabr ayına kimi İddiaçı tərəfindən istifadə edildiyi göstərilmişdir. “Qərb” X8 və Satışı İdarəsinin Tovuz Elektrik Şəbəkəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində (Ə.Cavad küçəsi 22) 0,08 ha torpaq sahəsində mərhum X4 məxsus fərdi yaşayış evinin işiq pulu 2023-cü ilin noyabr ayına kimi İddiaçı tərəfindən ödənilmişdir. Tovuz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında yerləşən mərhum X2 miras qalmış 0,0726 ha torpaq sahəsinin vergisi oğlu İddiaçı tərəfindən ödənilir. Tovuz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh1 ünvan 2 ünvanında mərhum atası X4 məxsus həyətyanı torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum atasından miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam şəkildə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun qardaş və bacılarıdır. X13 xx.xx.2014-cü ildə, anası Həqiqət Hüseynova isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra miras əmlak olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışda göstərilən 0,00726 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak onun tərəfindən qəbul edilmiş və orada xeyli işlər görülmüşdür. X14, uşaqları Günel və Tunarla birlikdə həmin evdə yaşamışlar. Hazırda cavabdehlər onlara yaşamağa imkan vermir və qanunsuz müdaxilələr edirlər. Hesab edir ki, cavabdehlərin miras əmlakda payları yoxdur. Dəfn xərcini özü çəkmiş, fərdi yaşayış evinə özü və yoldaşı sahiblənmişdir. Yaşadıqları dövrdə evi əsaslı təmir etdirmişdir. Ümumilikdə evə 50.000 manat məbləğdə xərc çəkmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2754/2024 nömrəli qətnaməsi ilə (hakim - F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarış əsasında mərhum X4 məxsus ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən ibarət miras əmlakdan İddiaçı və Cavabdeh1 payları hər birinə münasibətdə ½ hissədə müəyyən edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, miras əmlak yalnız vərəsələrdən İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Belə ki, İddiaçı miras əmlak olan fərdi yaşayış evində atasının ölümündən sonra ailəsi ilə birlikdə yaşamış, orada təmir və tikinti işləri aparmış, bütün kommunal ödənişlər onun tərəfindən edilmişdir. Cavabdeh1 isə atasından miras qalmış 0,0726 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə həmin evdə yaşayır. Lakin digər vərəsələrin miras əmlakı nə formal, nə də qeyri-formal üsulla qəbul etməmişlər. Bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145,1146, 1133, 1151,1159, 1243-cü maddələrinə istinad etmişdir. İddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2754/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə ½ hissədə payı müəyyən olunmuş Cavabdeh1 belə həmin təsərüfatdan mərhumun sağlığında 2010-cu ildə ailəsi ilə birgə digər yaşayış evinə köçmüşdür. Cavabdehlərin özləri də etiraf edirlər ki, atalarının vəfatından sonra həmin evə ancaq gedib-gəlmişlər. Orada hər hansı bir abadlıq quruculuq və s mirasın qorunması üçün hər hansı bir addım atmamışlar. Onların həmin evə gedib-gəlməsi onların bu əmlakı miras olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Buna dair onun özünün etiraf edici izahatı və ərizəsi və arayışları mövcuddur. Digər vərəsə Cavabdeh1 nikahı 2003-cü ili əhatə edir. Həmin digər yaşayış evi mərhum Mikayıl Hüseynovun evi ilə arada hasar hörülmüş, onların giriş çıxışı ayrı olmuş və demək olar ki, evlərin bir biri ilə tamamilə arası və əlaqəsi kəsilmişdir. Həmin torpaq sahəsi Mikayıl Hüseynova belə valideynlərindən keçmişdir. Belə ki, Mikayıl Hüseynov qardaşı ilə 0,15 ha bölmüşlər. Ara sərhədləri dəqiq müəyyən edilməmişdir. Həmçinin Cavabdeh1 evi bələdiyə arayışı ilə müəyyən edilir ki 0,0726 ha torpaq sahəsindədir. Baris Hüeynovun yaşadığı ev həmin torpaq sahəsində olsa belə evin rəsmi qeydiyyatı yoxdur. Torpaqla bağlı kankret mütəxəsis arayışı ya ekspertiza rəyi olmalıdır. Bələdiyyə arayışını hər hansı huquqmüəyyənedici sənəd kimi qəbul olunmazdır. Daşınmaz əmlakla bağlı mirasın kütləsinə rəsmi reyestrdən qeydiyyatdan keçmiş əmlak siyahısı daxildir. Ona görə də iddiaçı sözügedən torpaq sahəsini tam şəkildə iddia edir. Hətta həmin evə mərhumlar sağlığında və iddiaçı lazımı köməkliklərini etmişlər. Əgər fərdi yaşayış evi varsa əvvəlcə mərhumun adına qeydiyyata alınmalıdır. Həmin evin də hal-hazırda hər hansı hüqüqverici sənəd təqdim etməmişdir. İşin bu halına da məhkəmə tərəfindən aydınlıq gətirilmədən hazırda mübahisə etdiyi qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bundan əlavə məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mərhumlarla birgə İddiaçı, onun arvadı X7, azyaşlı uşaqları 10 aprel 2011-ci il təvəllüdlü Günel və 24 may 2014-cü il təvəllüdlü Tunar adlı uşaqları həmin miras mülkdə yaşamışlar. Hətta ora Cəfərova Gülnar 2009-cu ilin əvvəllərində gəlin gəlmişdir. Mərhumlarla birgə yaşamışdır. Gülnar Cəfərova gəlin gəldikdən sonra 15 ilə yaxın dövrdə İddiaçılə birgə həmin evin əsaslı təmiri üçün xərc çəkmişdir. Uşaqlar körpə olan zaman uşaq saxlamış sonra isə müvafiq orqanlarda dövlət işində işləyib ailənin birgə xərcini qarşılamışlar. Ustalara və mərhumlara qulluq etmişdir. Hesab edir ki, ora gəlin gəlmiş Gülnar Cəfərovanın orada yaşayış huquqları və birgə evə çəkilmiş xərc hesabları mövcuddur. X11 cehiz əmlakı ora gəlmiş və hazırdada oradadır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışına əsasən dövlət qeydiyyatına alınmış ünvan 4 ünvanında yerləşən 0,0726 ha həyatyanı torpaq sahəsi və və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv. metr olan fərdi yaşayış evi İddiaçı sahiblik, sərəncam və istifadəsindədir. Bunun subutu kimi ötən il 2023-cü ildə həmin evdə hazırkı cavabdehlərlə dava düşmüş cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclaslarında da cavabdehlər özləri də qeyd edir ki sözügedən evlə bağlı 2023-cü ilə qədər hansı ki həmin evdə dava düşənə qədər həmin evlə bağlı heç bir iddiaları olmayıb. Cavabdehlərin iddialarına dair belə sübut təqdim edə bilməyib. Hazırda da iddiaçını və onun ailəsini evdən qovduqları üçün iddianı iddaçı qaldırmışdır. Cavabdehlər belə qeyd edir ki, İddiaçı mərhumdan qalmış dəmir hasarla qurulmuş çardağı belə söküb satmışdır. Həmin vaxt heç bir narazılıq bildirilməmişdir. Həmçinin cavabdehlərin hazırkı narazılığın əsasını tam fərqli predmetlə əsaslandırılar. Belə ki həmin evdə Mahaləddinin yoldaşı yaşamasın deyirlər. Ona görə də həmin evdən gəlini qovublar. Belə ki Mahaləddinlə yoldaşı arasında ailə münasibətləri zəmində narazılıq olmuş tərəflər arasında mediasiya və məhkəmələri də o cümlədən cehiz tələbi barədə tələbi də olmuşdur. Tovuz Rayon Məhkəməsinin həmin qətnaməsi ilə müəyyən edilir ki həmin evə İddiaçı mülkiyyətçi kimi evə xərc qoymuşdur. Həmin vaxtdan 2023-cü ildən cavabdehlər onların ailəsinə müdaxilələr edir. Sübut kimi həmin ərəfədə kamaz markalı maşın İddiaçı adına ola ola cavabdehlərin adına qeyri qanuni təsir altında rəsmləşmiş lakin sonra İddiaçı ailəsini bərpa etdikdən sonra məhkəmənin müvafiq qərarı ilə kamazı öz adına geri qaytarmışdır. (Tovuz Rayon Məhkəməsinin 2(062)- 3079/2023 və Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-853/2024 saylı qətnamələri). Bu hala da məhkəmə tərəfindən qiymət verilməmişdir. Sözügedən fərdi yaşayış evinə diqqət yetiriləndə görünür ki, (iş materiallarında olan disqə baxış keçirmək kifayət edər) ev həqiqətən yenilənib əsaslı təmir işləri həyata keçirilib. Yeni istilik sistemi “kombi” qoşulub, döşəmə taxtaları, tavan müasir standartlara cavab verən alçipanla düzəldilib, üzərində kosmetik işlər görülüb. Evin içərisi müasir dövrə uyğun divar kağızları ilə bəzədilmişdir. Evin bütün hissələri o cümlədən evin divar və mətbəxi təmir qaydalarına uyğun olaraq kafel metlaxla təmin edilmişdir. Mətbəxt, hamam belə müasir avadanlıqlarla təmin edilmişdir. Yəni evə vizual baxış keçirilərsə görülmüş işlərin mərhumların vəfatından sonra görülməsinin şahidi olunur. Bütün bu hallar məhkəmənin diqqətinə çatdırılsa da bütün bunlara ümumiyyətlə əhəmiyyət verilmədən bu hallar qətnamədə ümumiyyətlə öz əksini tapmamışdır. Cavabdehlərin arqumentlərindən belə görünür ki, guya mübahisə olunan ev elə əvvəlki vaxtdan hazırkı formada olmuşdur. Nəzərə almaq lazımdır ki, ev İddiaçı tərəfindən təmir və bərpa edilmişdir. Belə ki, evin giriş hissəsi pilləkanlarla təmin edilmiş, pilləkanlar tamet və metlaqla bəzədilmiş, pilləkanların kənarları məhəccərlərlə əhatə edilmişdir. Hətta evin dam örtüyü belə Məhaləddin Hüseynov tərəfindən dəyişdirilmişdir. Bu da o deməkdir ki, miras əmlak İddiaçı tərəfindən qəbuledilərək onun tərəfindən mühafizə edilmiş və miras qoyanın iradəsinə uyğun şəkildə qorunaraq idarə edilmişdir. Mikayıl Hüseynova həmin ev atasından belə vərəsəlik qaydasında keçib. Birgə nigaha aid edilmir. Həmçin miras əmlaka dair bütün kammunal ödənişlər və vergilər İddiaçı tərəfindən qarşılanır. Yəni Azərbaycan Resublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Qərb Regional filialının Tovuz Bölməsinin 24 iyun 2024-cü il tarixli 6/167 saylı arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən evə çəkilmiş (***)******* telefon xəttinin aylıq ödənişləri İddiaçı tərəfindən ödənilir. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Qərb” X9 və Satışı İdarəsi Tovuz Elektrik Şəbəkəsinin 18 iyun 2024-cü il tarixli 1/677 saylıarayışı ilə müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən evinin elektrik enerjisindən istifadəyə görə bütün ödənişlərini İddiaçı həyata keçirmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq sənədindən görünür ki, ödənişlərini İddiaçıhəyata keçirmişdir. Cavabdeh1 isə özünə məxsus evin ödənişlərini həyata keçirir. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin 24 iyun 2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, X6 və X5 vəfat etdikləri günə qədər ünvan 4 ünvanında yerləşən evdə yaşamışlar. Onlar vəfat etdikdə onların dəfn xəclərini oğlu İddiaçı çəkmişdir. Həmin xərcin bir qismini dövlət tərəfindən İddiaçı verilmişdir. Yəni bununla da dəfn xərci sübut edilir ki, İddiaçı çəkmişdir. Həmçinin həmin arayışla məlum olur ki, ünvan 4 ünvanında yerləşən mərhum Mikayıl Qoca oğluna məxsus fərdi yaşayış evindən mərhumlardan sonra İddiaçı istifadə etmişdir. Bütün bunlarla yanaşı 2024-cü ilin iyun ayında Tovuz rayon İcra Hakimiyyət Başçısı yanında Tovuz Şəhər üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş aktla tam müəyyən edilir ki, mərhum X6 vəfat etdikdən sonra ona məxsus olan ünvan 4 ünvanında yerləşən evdən oğlu İddiaçı istifadə etmiş və həmin evin bütün kommunal xərclərini (qaz, işıq, su və s.) oğlu İddiaçı ödəmişdir. Həmçinin baş daşınının xərcini belə İddiaçı qarşılamışdır. Yas mərasimini Mahaləddin Hüeynov təşkil etmişdir. (xərc çəkmişdir) Yas mərasimi həmin həyətdə təşkil edilmişdir. Qeyd olunan arayışlar iş materiallarına əlavə edilməklə məhkəmənin qətnaməsində göstərilsə də məhkəmənin gəldiyi nəticədə öz əksini tapmamışdır. Yəni məhkəmə həmin arayışları qətnamədə yazmaqla kifayətlənmişdir. Yəni qeyd olunan arayışlar və işdə olan şahidlər həmin miras əmlakın hazırda İddiaçı sahiblik və istifadəsində olduğunu təsdiq edir. Lakin bunları məhkəmə nəzərə almamışdır və qətnamədə buna heç bir qiymət verilməmişdir. Lakin bu hallar məhkəmə tərəfindən araşdırmamış, cavabdehlər isə bununla bağlı məhkəməyə düzgün məlumat verməmişlər. Mərhumların, Cavabdeh1, İddiaçı və qeyrilərinin adına Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,5124 ha kənd təsərüfat təyinatlı torpaq sahəsi ayrılmışdır. Dövlət torpaq və Xəritəçəkmə komitəsi tərəfindən torpğın mülkiyyətə verilməsinə dair JN-118 saylı dövlət aktı tərtib edilmişdir. Pay torpağına gəldikdə isə mərhumların pay torpağı ilə yanaşı hazırda cavabdehlərin belə pay torpağını İddiaçı idarə etmişdir. Belə ki torpağa görə subsidiya pulunu tam şəkildə iddiaçı almışdır. Kart belə iddiaçıdadır. Arayış da mövcuddur. Cavabdehlər qeyd edir ki həmin torpağı kiməsə icarəyə vermişlər. Torpaq haqqında qanuna əsasən 11 aydan çox verilən daşınmaz əmlakın icarə müqaviləsi natarial qaydada təsdiq olunduqdan sonra rəsmi DƏDRX-də qeydə alınmalıdır. Burada da belə hal mövcud deyil. Həmin torpaq sahəsini iddiaçı özü nəzarət edirdi. (əkib becərirdi) sözügedən miras əmlakı İddiaçı qəbuletmə ilə bağlı real hərəkət və subutlar təqdim edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, həmin evdə ata-anası yaşamış, onların altı uşaqları vardır. Atası öləndə vəsiyyətnamə olmamışdır, həmin evdə də nə iddiaçı həmin vaxt nə də indi yaşamamışdır. Bir həyətdə iki ev vardır, birini cavabdeh tikdirmişdir. Bacılarından ikisi də Rusiya Fedarasiyasında yaşayır. İddiaçı da həmişə Rusiya Federasiyasında yaşamışdır. Atası öləndən sonra qonaq kimi gəlib-gedirdilər. Qardaşının həmin evdə yaşamağına etirazı yoxdur, ancaq arvadının o evdə yaşamağını istəmirlər. Cavabdehlər Cavabdeh5, Cavabdeh4 məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdhlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməçişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni iddia təmin edilməyən hissədə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını şikayət həddində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflərin valideynləri X5 xx.xx.2021-ci ildə, X6 isə xx.xx.2014-cü ildə ölmüş, X1 övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. X2 qalan miras əmlak ünvan 1 ünvanında yerləşən 0,0726 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evidir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində (Ə.Cavad küçəsi 22) 0,08 ha torpaq sahəsində mərhum X4 məxsus fərdi yaşayış evindən 2023-cü ilin noyabr ayına kimi İddiaçı tərəfindən istifadə edilmiş, həmin tarixədək elektrik enerjisinin dəyəri və torpaq sahəsinin vergiləri də məhz iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, iddiaçı miras qalmış əmlakı faktik idarə etməklə mirası faktiki qəbul etmişdir. Eyni zamanda müəyyən edildiyi kimi Tovuz bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, Cavabdeh1 ünvan 2 ünvanında mərhum atası X4 məxsus həyətyanı torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa etdirmiş, miras qalmış torpaq sahəsində tikdiyi evdə yaşayır və atasında qalmış torpaq sahəsinə münasibətdə mirası idarə etməklə mirası faktiki qəbul etmişdir. Miras qoyanın digər övladlarının mirası nə faktiki, nə də notariusa müraciət etmələrinə dair sübutları mövcud olmadığından məhkəmə hesab edir ki, miras qoyanın ölümündən sonra miras əmlak yalnız İddiaçı və Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, mirasın açıldığı tarix kəsiyi 26 dekabr 2023-cü il tarixdən, yəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarının qəbulundan əvvələ aid olduğundan, və hazırki iş qərarın qəbul edildiyi dövrdə məhkəmənin icraatında olmadığından və iddiaçı mirasdan payın müəyyən edilməsinə dair iddia vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən plenum qərarının təsir dairəsinə düşmür. Bu baxımdan hazılrki mübahisənin həllinə dair Mülki Məcəllənin 1243.2-ci maddəsi tətbiq edilməlidir ki, həmin maddənin tələbinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırki halda mirasın qəbuluna dair iki alternativdən faktiki qəbul forması İddiaçı və Cavabdeh1 tərəfindən realizə olunmuşdur. Belə olan halda miras əmlakın mirası faktiki qəbul edən vərəsələr arasında bölünməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2754/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar